Yazıya heç bir başlıq tapa bilməsəm də, yazmaya bilmədim.
25-30 noyabr 2022-ci il tarixində Bakıda keçirilən II “4.4 Qısa Tamaşalar Festivalı”nda bir neçə tamaşa izləmək mənə də qismət oldu.
Bu festivalda 12 teatr rejissorunun (5-i Bakı, 5-i rayon, 2-si müstəqil teatrlar) hazırladığı tamaşalar tamaşaçılara və festival iştirakçılarına təqdim edildi.
Açığını deyim ki, uzun illər müxtəlif teatrlarda ayrı-ayrı rejissorların quruluşlarında fərqli üslub və formada kifayət qədər “çeynənmiş”, “ətə-qana gəlməmiş”, “kal” tamaşalar izləməyə adət etmiş biri kimi yenə də yeni nəsə izləyəcəyimə ümid etmirdim.
Mən müsabiqəyə təqdim edilən tamaşalardan danışmaq istəmirəm. Festival müddətində mənim diqqətimi çəkən Gürcüstanın K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının (müsabiqədənkənar) Lev Tolstoyun eyniadlı povesti əsasında hazırladıqları “Kreyser sonatası” adlı tamaşası oldu.
“Kreyser sonatası” tamaşasının rejissorları Levan Tsuladze və Temo Kupravadır. Bu rejissorların quruluş verdiyi bu tamaşada rejissor dəsti-xətti, forma özəlliyi tamaşa boyu hiss edildi. Onların tamaşada istifadə etdikləri mizanlar, əlbəsələr, geyim və dekorasiyalar – hər şey dəqiq, düşünülmüş və yerində idi.
Əvvəlcə əsərin (tamaşa variantının) süjet xəttinə qısa nəzər salaq: Əsərdə olduğu kimi, tamaşada da hadisələr elə vaqonda başlayır. Bir nəfər yaşlı kişi sevgi, ailə münasibətləri haqqında qarşısında oturan qadınlara öz köhnə fikirlərini “sırımağa” çalışarkən, başqa bir kişi sevgi münasibətlərindəki qeyri-səmimiliyi və çirkinliyi isbat etmək üçün arvadını necə öldürməsindən və onun ərinə etdiyi xəyanətdən bəhs edir.
Kişi yol boyu qadın ilə ilk tanışlığından onu öldürdüyü son günədək hər şeyi bir-bir, bəzən həyəcanlı, qəzəbli, əsəbi, bəzənsə sakit, xoşbəxt, sevgiylə yada salır.
İlk dəfə “Kreyser sonatası” tamaşasında tanış olduğum aktyor kollektivi, doğrusu, məndə böyük heyranlıq doğurdu. Onları bir-bir şəxsən tanımıram, düzünə qalsa, adlarını belə bilmirəm. Ancaq buna baxmayaraq, tamaşanın süjet xəttinə və digər məsələlərə toxunmaq məqsədilə bu yazını yazmaq qərarına gəldim. Nədir bu məsələlər? Bu məsələləri ön plana çəkməyə nə hacət?
Açığı mən tamaşanı “ağzı açıq” izlədim. Əgər dediyim ifadəni başqa sözlə əvəz etmək lazımdırsa, o zaman “görməmişcəsinə” tamaşanı içimə “çəkə-çəkə”, lap belə “ağzımın suyu axa-axa” izlədim. Mən demirəm ki, bu tamaşadan yaxşısı yoxdur... amma və lakin... bəzi teatrlarda bəsit, ucuz, məntiqsiz, üslubsuz, formasız tamaşa izləmiş biri kimi Gürcüstan teatrının hazırladığı tamaşanı izləməkdən zövq aldım, düzü.
Gürcüstan teatrının aktyorlarının səhnəyə ilk gəlişlərindən düz tamaşanın sonunadək (2 saat ərzində) onların səhnədəki performansları, plastikaları, diksiyaları, elastik ifaları, ifadəli oyun tərzləri, tərəf müqabilinə münasibətləri, hadisələri bütün səmimiyyəti ilə inandırıcı, cazibəli, həyəcanlı, dinamik, cəld, vaxtında və dəqiq ifa etmələri məni bütün varlığımla məftun etdi.
Gürcüstan teatrının aktyorları (təəssüflər olsun ki, adlarını bilmədiyim üçün hər dəfə bu sözü işlətməyə məcbur qalıram) səhnəyə sözün hər mənasında gözəllik qatırdılar. Onların xarici fakturaları, danışıq mədəniyyətləri, dillərini başa düşməsəm də (tamaşa gürcü dilində oynanılırdı, ekranda ana dilimizə və ingilis dilinə sinxron tərcümə edilirdi), onların necə səlis, aydın, ucadan danışmaları, səhnədəki geyim mədəniyyətləri, hər vəziyyətdən ustalıqla çıxmaları (səhnədə kişinin arvadını oynayan aktrisa iki dəfə yıxılsa da, tamaşaçı bunu hadisələrin gediş xətti üçün adi mizan kimi qəbul etdi) məni heyran etdi.
Düzdür “Kreyser sonatası” tamaşasında müəyyən xırda-para qüsurlar var idi. Məsələn musiqi tonunun gözlənilmədən yüksəyə qaldırılması (hərçənd bu da tamaşanın süjet xəttinə xidmət edirdi), diqqəti aktyorun üzərinə çəkmək üçün işıqlarla birlikdə “donq” səsinin ucadan verilməsi, tamaşanın vaxtının bəzi məqamlarda yersiz uzadılması.
Amma qalan hər şey tamaşada yerində idi. Aktyorlar rolu olduqca təbii, məlahətli, emosional, ifadəli, məzmunlu və səmimi oynayırdılar. Onların hər vəziyyət üçün istifadə etdikləri geyimlər, başlarına taxdıqları pariklər, səhnədəki əşyalar – bir sözlə, ən xırda detal belə tamaşanın inkişaf xəttində mühüm rol oynayırdı.
Gürcülərin monitordan istifadə etmək mədəniyyətləri isə mənə ayrı bir zövq verdi. Səhnədə üç iri monitor var idi ki, bu hər şeyi üçtərəfli şəkildə tamaşaçılara təqdim etməyə xidmət edirdi. Monitordan düzgün və dəqiq istifadə etmək, ekranda yağan yağış damcılarının həzin musiqi sədaları altında verilməsi, qatar gedərkən monitorda yol qırağındakı ağacların təsviri, qatarın səsi – bütün bunlar tamaşaçıya inanılmaz zövq verirdi.
Tamaşadakı aktyor oyununun ayrıca və geniş təhlilə ehtiyacı var. Baş rolu oynayan aktyorun hadisələri həyəcanla, qəzəblə, kinlə və qərəzli danışması, yoldaşına olan sevgisini – eyni zamanda nifrətini hiss etdirməsi, dostuna olan nifrəti hətta addımları ilə tamaşaçıya çatdırması - əlindəki çamadanı nifrətlə yellətməsi – vaqonda yol gedərkən əsəbdən yolu necə getdiyini anlamaması – möhtəşəm idi. Onun yoldaşını öldürəcək səviyyəyə pillə-pillə gəlib çatması tamaşaçıların gözü önündə olduqca real və inandırıcı baş verirdi. Aktyorun bəzən özündən çıxaraq bağırması, yoldaşına olan nifrət qarışıq sevgidən hər kəsə ağız dolusu danışması, bəzən ağlamsınaraq etdiklərinə anlam verə bilməməsi necə də ifadəli və məzmunlu idi. Aktyor arvadı haqqında qəzəblə danışarkən səsin tonu yüksəlir, həyəcandan əli ayağı əsir, dili əsəbdən topuq vurur, yoldaşına nəvaziş göstərərkən isə səmimi, yumşaq qəlbli, mülayim ailə başçısına çevrilirdi.
Kişinin arvadı rolunda səhnəyə çıxan aktrisanın xarici fakturası, sadə gözəlliyi, sənətkarlara xas ifa tərzi, məlahətli səsi, duruşu, diksiyası, ifadəli və məlahətli oyunu tamaşaçıya, həqiqətən də, belə qadını “qısqanmağa dəyər” mesajını verirdi. Qadının əriylə nəvazişli rəftarı, eyni anda da onunla bağıraraq mübahisə etməsi, hər vəziyyətə uyğun geyimdə səhnədə sağa-sola vurnuxması rejissorun ustalığından, aktrisanın istedadından xəbər verirdi.
Səhnədə digər rolları ifa edən aktyor və aktrisalar da eyni ilə rola qol-qanad verib, onu cana gətirdilər. Onların kişinin əhvalatına münasibətləri, hər dəfə onunla bir həyəcanla ora-bura qaçmaları, hadisələrin inkişaf xəttini dəyişməyə cəhd göstərmələri, bəzən hay-küylə, bəzənsə barmaqlarının ucunda səhnədə dolaşmaları, qatilin üzündəki qəzəbdən hürkmələri, kişi qışqırarkən qorxudan “aradan çıxmaları”, hər vəziyyətə uyğun plastik ifa tərzi, nitq mədəniyyətləri, baxışları, duruşları, elastik, estetik, ifadəli, məzmunlu, zərif oyun tərzləri - mükəmməl idi.
Səhnədə diqqətimi çəkən məqamları aşağıdakı kimi sıralamaq məncə daha məqsədəuyğun olar:
-mükəmməl kollektiv işbirliyi;
-uğurlu rejissor üslubu;
-maraqlı aktyor ifası;
-düzgün seçilmiş geyimlər;
-hadisələrə canlılıq bəxş edən musiqi parçaları və s....
Sıranı daha da uzatmaq olar. Yenə də deyirəm tamaşada müəyyən məqamlar var idi ki, onlar tamaşanın gedişatını bəzi məqamlarda zəiflədirdi. Buna baxmayaraq, ümumilikdə tamaşanın rejissor həlli, aktyor ifası mükəmməl idi.
Bu əsnada təəssüflə qeyd etmək istərdim ki, son dövrlərdə bəzi teatrlarda o qədər ucuz, bəsit, kassa xatirinə hər şeyə əl atan tamaşalar hazırlanır ki, xəcalət çəkirəm... Amma və lakin, mən xırda bir babayam sözümü kimdir dinləyən?!
PS: Bu yerdə mən hələ demirəm ki, səhnəyə çıxan sənətkarlarımızın əksəriyyətinin xarici görünüşləri tamaşaçıları nə qədər qıcıqlandırıb, insanda onlara qarşı ikrah doğurur. Onu da demirəm ki, aktrisaların əksəriyyəti plastik əməliyyat etməkdən cilddən-cildə düşüblər. Heç onu da demirəm ki, əksər teatrlarda səhnədə aktyor oyunundan, rejissor üslubundan əsər-əlamət belə yoxdur. Hətta bəzi aktyorlar səhnədə danışarkən ağızlarından sanki “horra” tökülür, dediklərini heç cürə başa da düşmək olmur. Bunları demək zənnimcə lüzumsuz və yersizdir... Bu yerdə rəhmətlik Nəsibə Zeynalova yadıma düşür: “nə işimə qalıb, kim-kiminlə hingildəşir, kim-kiminlə dingildəşir”...
Tamilla Əliyeva
teatrşünas
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusun...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
1 mart-"Qarabağnamə"-"İ.Əfəndiyev"-12:00
1 mart-"Ah bu uzun Sevda yolu"-"Ə.Əmirli"-19:00
2 mart-"Bir qalanın sirri"-"Ə.Təhmasib"-...
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə mətbuata onun ailə üzvləri məlumat verib.
Qeyd ed...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu davam edir və 01 mart 2025-...
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
1 fevral şənbə "İblis və..." H. Cavid 19. 00
2 fevral bazar "Şükriyyə" C.Zeynallı 19.00
3 fevral bazar ertəsi "Ağ-Qara" İ.Soltan Mingəçevir D&o...
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Ort...
“Dramla müqayisədə üstünlük nəyə görə şeirə və nəsrə verilir? Məhsulun bolluğuna və tirajın (oxucunun) çoxluğuna görəmi?” sualı 1984-cü ildə “Azərbaycan” jurnalınd...
Bu gün 20 Yanvar hadisələrinin 35-ci il dönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təqdimatında "VƏTƏN" kompozisiya-tamaşası Mingəçevirdə nümay...
Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Art House Xəmsə teatrı yanvarın 18-də 2025-ci ilin ilk premyerasını tamaşaçılara təqdim edib.Əlamətdardır ki, teatr yeni ildə tamaşaçılarını ilk dəf...