TEATRO

TEATRO

sənət portalı

post-title

Tamilla Əliyeva - “Uşaqlığ”ın qəzəbindən doğan “Pələng”

Uzun müddətdən sonra nəhayət, teatrlar fəaliyyətə başladı. 53-cü mövsümünü açıq elan edən Sumqayıt Dövlət Dram Teatrının kollektivi bu dəfə dramaturq Ülviyyə Heydərovanın “Uşaqlıq” və “Pələng” monotamaşaları ilə tamaşaçıların qarşısına çıxdı.    
16-17 oktyabrda Sumqayıt Dövlət Dram Teatrı baş rejissor, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Ülviyyə Heydərovanın “Uşaqlıq”, gənc rejissor Ümid Abbas Nihaninin quruluşunda isə “Pələng” mono tamaşalarını seyrçilərə təqdim etdi. Hər iki tamaşada rejissorlar maraqlı eksperiment apararaq, tamaşaçıları səhnədə əyləşdirmiş, tamaşanı isə onların əhatəsində, səhnənin mərkəzində qurmuşdular. Bir neçə il bundan öncə gürcü rejissor Robert Sturua Azərbaycana səfəri zamanı təqdim etdiyi tamaşada məhz bu üsuldan ustalıqla istifadə etmişdi. Bəzi rejissorlar adətən, mono tamaşalarda bu metoda müraciət edirlər. Xalq artisti Firudin Məhərrəmov da belə hesab edir ki, mono tamaşalar zamanı bu cür üslubdan bəhrələnmək səhnə əsərinin uğurlu həlli üçün məqsədəuyğundur. 

Əvvəla, “Uşaqlıq” tamaşasından danışaq. Qaranlıq, soyuq, tükürpədən səhnə. Tamaşaçılar bu axşam səhnədə öz yalqızlığı, məsumcasına uşaqlığı ilə gəncliyi arasında körpü quran gənc bir qızın dərdinə şərik çıxır. Aktrisa İlahə Səfərovanın ifasındakı məsum qız göz yaşları ilə qəhqəhə çəkərək səhnədə “peyda olur”. Kimliyi bəlli olmayan, ancaq yaşamağa “məcbur” olan alçaldılmış qızcığazın ağır, məşəqqətli həyatı səhnədə rejissorun özünəməxsus üslubu ilə daha da dərin məna kəsb edir. Rejissor səhnədə dekorasiyadan, demək olar ki, istifadə etmir. Səhnədə klounların uşaqları əyləndirmək üçün istifadə etdikləri – şar, halqa, kukla və balaca bir kətil var. Firudin Məhərrəmovun qızın taleyini bütün dərinliyi ilə təsvir etmək üçün seçdiyi musiqi isə (Lisa Qerrarın musiqisi) tamaşaçıları səhnədən uzaqlara – yetimlər evinə aparır. Əslində, “yetim” sözünün özü insan taleyinin nə qədər ağır və ürək dağlayan olmasını təsdiq edir. Bu sözün altında yatan körpə həyatı, bu sözün atasızlığa, anasızlığa məhkum etdiyi – insan ömrü... 

Qara parçanın arasından səhnəyə varid olan Qız gözünü uşaq evində açıb. Bəlkə də elə həmin “parçayla” bir vaxtlar uşaq evinə “atılıb”. O, anasının-atasının kim olduğunu bilməsə də, həmişə onları görməyi arzulayıb. Elə buna görə də özünə parçadan iki kukla – “ana”sını və “ata”sını tikib. Barı özünə “ana-ata” hesab etdiyi kuklanı əlindən almasınlar deyə tez-tez onları torpağa basdırır. Bütün bu hadisələri danışa-danışa qız gah aglayır, gah da qəzəbindən şir kimi nərə çəkir. Uşaq evini tərk edərək kirayədə qalan qız, aktyorluq təhsili alsa da, kloun kimi orda-burda işləyib özünü saxlayır. 

Bu qədər dərd bəs deyilmiş kimi, indi, növbəti dəfə həyatda aldadılıb. Sevdiyi kişi onu hamilə qoyaraq, tərk edib. Altı həftəlik hamilə olduğunu yenicə öyrənən Qız çaşqınlıq içində dörd divar arasında vurnuxur... dözə bilmir... o, yenə atılıb... həyat onu yenə yerdən-yerə vurub. Bir vaxtlar ata-anasıyla sınanmışdısa, bu gün özü ana olaraq sınanır... Evli kişidən hamilə qalan Qız başını itirib. Qəhqəhə çəkərək gülür, səhnədəki şarları partladır, halqanı belinə alaraq, dəli kimi fırlanır. Sanki taleyinə üsyan edərək halqanın içində taleyinin ağır yükündən qurtulmağa çalışır. Qız bətnindəki körpəsiylə danışır, bir anlıq özünü, öz taleyini unutmağa çalışır, ancaq bacarmır. Özünü yerə çırpıb hönkür-hönkür ağlayır. Övladına həyatın nə qədər ağır, vəfasız olduğunu söyləyir, eyni anda da dediklərindən özü peşman olaraq, bətnindəki övladına ürək-dirək verir. 

Qız bir anlıq hər şeydən usanaraq pilləkənlərlə yuxarı qalxıb, şir kimi nərə çəkir, canavar kimi ulayır, bəzənsə çarəsiz quzu balası kimi, az qala, “mələyirdi”. Dərdi-səri azmış kimi, övlad dərdi yükünü bir az da ağırlaşdırmışdı. Kirayə pulunu verə bilmədiyi üçün tez-tez ev dəyişdirən Qız, yalnız klounluqla özünü dolandırırdı. Əgər övladını dünyaya gətirərsə, bu işini itirmək, küçələrə atılmaq, az-susuz qalmaq kimi ağılasığmaz gerçəkliklərlə üzləşəcəkdi. 

Bütün həyatını qeyri-müəyyənlik içində yaşayan, kimlərdən “əmələ gəldiyini” bilməyən bu Qız bir də atasız övlad böyütmək yükünün altına girməkdən qorxur. Qorxusunu həzm edərsə, əlində olanları itirər, həzm etməzsə, “analığı”nı. Qız sonuncunu seçərək, “azad nəfəs almaq” istəyir. Tamaşanın sonunda aşağı endirilmiş pərdədə anayla-ata övladlarının əlindən tutaraq, uzaqlara gedirdilər.

İlahə Səfərovanın ifasındakı Qız olduqca məsum, çarəsiz, məzlum olsa da, bir anda həmin məsumluğun içindən şirə bənzər nərə çəkir, üsyan sədaları səhnəni bürüyürdü. İlahə-Qız var gücüylə bağıraraq, taleyinin ağırlığına üsyan edir, eyni zamanda, həmin üsyandan doğan qəhqəhələrlə öz aqibətinə gülürdü. “Göz yaşları içində gülüş” – İlahə bu gün tamaşaçılara öz taleyinə üsyan edib nalə çəkdiyi halda, qəhqəhəylə gülməyi bacarmağı öyrədirdi. Aktrisa hər iki halı bir anda olduqca professional və dəqiq şəkildə icra edirdi. Tamaşa boyu onun nə edəcəyini tapmaq mümkün deyildi - hər addımında o, qəhrəmanının acı taleyini, müsibətli ömür yollarını, böyük ustalıqla, gah gülərək, gah ağlayaraq, gah nalə çəkərək, gah da özünü yerlərdən-yerlərə çırparaq yaddaşlara həkk etdirirdi. Nə qədər gənc olsa da, İlahə Səfərova tamaşa boyu boynubüküklərin, atasız-anasızların çəkdikləri iztirabları emosinal, həzin şəkildə tamaşaçılara təqdim edə bilirdi. Tamaşanın sonunda çıxış edənlərdən biri “bütün dünyanın yetimçiliyini bu axşam yaşadım” deyərək, səhnəni tərk elədi. 

Firudin Məhərrəmovun rejissor yozumu, İlahə Səfərovanın aktrisalıq məharəti, Ülviyyə Heydərovanın dərin-fəlsəfi anlam kəsb edən əsəri bu axşam Sumqayıt tamaşaçılarını teatrı boynubükük tərk etməyə “vadar etdi”. 

Ümid Abbas Nihanin quruluşunda Ülviyyə Heydərovanın “Pələng” əsəri mövzu etibarı ilə “Uşaqlıq”la səsləşir. Əgər “Uşaqlıq”da uşaq evində böyüyən Qız öz ağır, faciəli həyatının müəyyən məqamlarını tamaşaçılara çatdırırdısa, “Pələng”də öz sahibi tərəfindən küçəyə atılmış “Pələng” təxəllüslü it başına gələnləri yenə eyni üsyan, qəzəb nalə ilə ətrafındakılara danışır. 

Gənc rejissor Ümid Abbas səhnədə cəmi iki dekorasiya elementindən istifadə etmişdi – zəncirlərdən sallanan papaqlar və taxta dekor. Həmin taxta dekor tamaşa boyu gah it yuvasına, gah hasara, gah qəbir daşına, gah itin oyun mərkəzinə çevrilirdi. Şərti teatr elementlərindən istifadə edilmiş tamaşada gənc aktyor Kamran Muradovun ifasında İt tamaşanın əvvəlində saf, məsum, çarəsiz, əsərin sonunda isə qeyrəti tapdanmış sahibinin papağını parça-parça edərək yerə çırpan qəddar “Pələng” olmuşdu. 

Körpə vaxtı sahibinin xanımına aldığı kiçik it balasına “Pələng” adı verilir. Ev sahibəsinin ərinə olan xəyanətini gördükdən sonra ona verilən adın mahiyyətini dərk etməyən İtin içindəki “pələng” üzə çıxır. Xanımın öz ərini sevgilisi ilə birgə öldürməsi İtin qüruruna toxunur. Vaxtilə ona nəvaziş göstərən sahibinin xəyanətə qurban getməsi İtin içindəki “Pələng”i oyadır. Xanımla yeni “sevgilisi”ndən intiqam almaq üçün it onlara hücum edir və nəticədə evdən qovulur. Ac-susuz küçələrdə sərgərdan qalan İt özünü sahibinin məzarı başında “tapır”. Qəbrin başında o çarəsiz it kimi dayansa da, sahibinə olunan xəyanətə canavar kimi “ulayaraq”, onun papağını dişləriylə parçalayıb, səhnəni tərk edir.

 Rəvayətlərdən birində canavar itə demişdi: “Mən insanların uşaqlarını öldürür, qoyun-quzularını parçalayır, onlara dəfələrlə vəfasızlıq edirəm, onlar mənə “qəhrəman” gözüylə baxırlar. Sən it isə bu qədər vəfalı və sədaqətli olduğun halda sənə yenə “it” deyirlər. İnsanoğlu öz “cəlladını” ucaldıb ona qulluq edən, lakin ona vəfalı olanı alçaldıb, aşağılayandır” deyir. Bu əsərdə biz bir daha canavarın sözlərindəki həqiqətin şahidi olduq. 

Kamranın ifasındakı İt bəzi məqamlarda qəddar, bəzənsə qorxaqdır (ilk dəfə ov zamanı silah səsini eşidəndə qorxudan maşında gizlənir). İt ona verilən “Pələng” adının haqqını tamaşanın sonunda verir. Sahibinə xəyanət edən qadınla “sevgilisini” dişləriylə, caynağıyla parçalamağa çalışır. İt də olsa, xəyanəti bağışlamır.  

Kamran tamaşa boyu it kimi qulağını pəncələriylə döyəcləyir, əlini-üzünü diliylə təmizləyir. Gənc aktyor tamaşa boyu İtlə yanaşı digər üç obraza da həyat verir. Biri-birindən fərqli dörd obrazla səhnədə çıxış edən Kamran özünü tamaşaçılara və teatr xadimlərinə fərqli rakursdan təqdim etməyi bacarır. O, tamaşada Kişinin, Qadının və onun “sevgilisinin” obrazlarını da ustalıqla canlandırır. Qadını incə, nazlı şəkildə canlandıran aktyor Kişi və Sevgilini fərqli şəkildə tamaşaçılara təqdim edir. 

Tamaşanı səhnədə oturaraq izləmək tamaşaçıyla ifaçını daha da yaxınlaşdırırdı. Tamaşa boyu aktyorun – İtin yaşadıqlarından tükənən xırıltılı səsi, alnından axan tər damcıları, qəzəbdən qızaran göz bəbəkləri, dəhşət saçan baxışları və nəhayət, həyata olan nifrəti, əsən əlləri, büdrəyən ayaqları – bütün bunlar tamaşaçıların bir addımlığında baş verirdi. Səhnəylə zalı bir arada cəmləşdirən rejissor təxəyyülü bu dəfə bütün təfərrüatları kənara ataraq, bir aktyorun ifasında uğura imza atdı.

Load Time (S) : 0.005143