TEATRO

TEATRO

sənət portalı

post-title

Tamilla Əliyeva - Rejissor həqiqəti

 “Rejissor həqiqəti duymalıdır. Çünki bunsuz 
ən düzgün mülahizələrin belə əhəmiyyəti yoxdur”
Georgi Tovstonoqov

İstər Azərbaycan, istərsə də Qərb və Şərq mədəniyyətinin müxtəlif mərhələləri həmin dövrün müasirləri ilə yadda qalıb. XX əsr Azərbaycan teatrı A.İsgəndərov, M.Məmmədov, T.Kazımovun adı ilə yanaşı hallanırsa, XX əsrin sonunda V.İbrahimoğlu, A.P.Nemətov, H.Atakişiyev kimi nəhəng sənətkarlar milli teatrın inkişafında mühüm rol oynayıblar. XXI əsrdə Azərbaycan teatrında bir neçə rejissor var ki, onlarsız bu sütun bəlkə də çökərdi! 

Zamanın dilini və “qanunlarını” gözəl bilən, bugünlə keçmiş arasında sərhəd yaradan, qəhrəmanların milliyyətini deyil, şəxsiyyətini və həyat kredolarını səhnədə bütün təfsilatı ilə açmağı bacaran rejissor - Mehriban Ələkbərzadə!

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə XXI əsr Azərbaycan teatrına öz damğasını vurmuş sənətkar-rejissordur. Onun yaradıcılığı, müraciət etdiyi əsərlərin mövzusu, quruluş verdiyi tamaşaları, düşüncə tərzi, aktyora münasibəti, pyesin üslub və formasını tamamilə yeni rakursdan sərgiləmə qabiliyyəti istər teatr xadimlərini, istərsə də digər mütəxəssisləri mütəəssir edir. 

Mehriban Ələkbərzadə sənətinin sirlərinə bələd bir rejissordur, o, nəyi necə və nə vaxt edəcəyini gözəl bilir. O, istər klassik, istərsə də müasir pyeslərə yalnız dövrün tələblərinə uyğun müraciət edir, bir çox hallarda isə dövründən də irəli getməyi bacarır. 
Mehriban Ələkbərzadə üçün səhnədə bütün terminlər, sözlər, fikirlər teatraldır. O, öz daxili istedadı və uzaqgörənliyi ilə ən adi fikri yüksək məqama ucaltmağı bacarır. Onun qəhrəmanları aciz deyillər, hər bir vəziyyətdən çıxış yolu tapırlar. Rejissorun həyatda bəxti gətirməyən qadın qəhrəmanları da kişi kimi düşdükləri ən ağır vəziyyətlərdən gülə-gülə çıxmağı bacarırlar. Tarixi qəhrəmanlar onun tamaşalarında bizim müasirlərimizə çevrilirlər. 



Mehriban Ələkbərzadə hələ bir neçə il bundan öncə hazırladığı “Qatil” tamaşası ilə Azərbaycan teatr aləmində böyük inqilab etmişdi. Tamaşadakı müəyyən səhnələr təkcə tamaşaçılar üçün deyil, teatr xadimləri üçün də böyük inqilab idi. Tamaşanı izləyənlərin ağıllarına gəlməzdi ki, gənc rejissor səhnədə hadisələri bütün “çılpaqlığı” ilə sərgiləməyə “cürət” edər. Ancaq Mehriban Ələkbərzadə  bu tamaşada çərçivələləri uğurla sındırır. Tamaşanın baş qəhrəmanının öz ehtirasının qurbanına çevrilməsi, sonda isə ehtiraslarını “qurban” etməsi üzərində qurulan hadisələr xətti tamaşa boyu rejissorun özünəməxsus maraqlı tapıntıları ilə inkişaf edir. 

Mehriban Ələkbərzadənin tamaşalarında zaman-məkan-cəmiyyət-hakimiyyət-varlı-kasıb – bütün təbəqələr bərabərləşir, haqlının haqsıza üsyan etdiyi bir mənzərə meydana gəlir. Rejissor üçün zaman məhfumu bu gün və gələcəkdən ibarətdir. O, bu gün səhnələşdirdiyi tamaşalarda cəmiyyətin inkişafına və düşüncə tərzinin düzgün formalaşmasına çalışaraq, bütün işlərində insanların maariflənməsi istiqamətində addım atır. 

M.Ələkbərzadə zamanın nəbzini düzgün tuta bilən rejissordur. O, günümüzün aktual problemlərini tamaşalarında lakonik, dəqiq və məntiqli şəkildə ifadə edir. Təəssüflə qeyd etmək lazımdır ki, bugünkü cəmiyyətdə ailə, qadın-kişi münasibətləri heç də ürəkaçan vəziyyətdə deyil. Rejissor quruluş verdiyi “Cəza” monotamaşasında Qadının diliylə bir çox ailələrin vəziyyətini təsvir etməyə müvəffəq olur. Ərinin, övladlarının qayğısına qalmaq qadın üçün “işgəncə və dərdə” çevrildiyindən, o da kişi kimi azad, sərbəst yaşamaq istəyir, lakin bu istiqamətdə atdığı bütün addımlar onu uçuruma sürükləyir. Zahirən belə bir təəssürat yarana bilər ki, bu Qadın “ayağısürüşkən”liyə meyilli biridir, lakin getdikcə görürük ki, əslində, qadının təhsil almaması, vaxtında cəmiyyətdə müəyyən mövqe tutmaması, daima dörd divar arasında ərinə və övladlarına “xidmət etməsi”, azadlığa çıxarkən onu çaşbaş qoyur. O, azadlıqla mənəvi çürüklüyün yerini səhv salaraq, özünü “çirkabın ağuşuna atır” və nəticədə əlində olan bütün sərvətini, ailəsini, övladlarını, nəhayətdə ömrünü “bada verir”. “Cəza” monotamaşası rejissorun cəmiyyətin çürük düşüncəli insanlarına qarşı üsyanıdır, azadlıqla əxlaqsızlığı səhv salan insanlara qarşı üsyandır, qadın mənəviyyatının ölümə gətirib çıxaracaq səviyyəyə çatmasına qarşı üsyandır, ailələri ucbatından intihara əl atan cəmiyyətə qarşı üsyandır. Kəmalə Müzəffərin oyununda biz Mehriban Ələkbərzadənin özünü görürük. Aktrisanın oyunu rejissorun daxili dünyasını tamaşanın hər addımında gözlərimiz önündə sərgiləyir.  Rejissorun aktyorla iş prinsipinin mükəmməliyi tamaşanın hər dəqiqəsində müfəssəl və aydın şəkildə hiss edilir.

“Cəza” tamaşasında rejissor şərti elementlərdən istifadə edib (V.Meyerhold “Biomexanika və ya simvolizm”). Tamaşa boyu aktrisa şərti elementlərin köməyi ilə hadisələri nəql edir. Səhnədə istifadə olunan sadə kətil müxtəlif alətləri əvəz edir, rejissorun fikir və istəklərinin düzgün ifadə edilməsində mühüm rol oynayır. 



Mehriban Ələkbərzadə Nəsiminin 650 illiyi münasibətilə hazırladığı “Mənəm, mən...” tamaşasında Nəsiminin diliylə bütün dövrlərin haqsız hakimlərinə, dövlət rəhbərlərinə, haqqı tapdanmış insanların başlarına gətirilmiş müsibətlərə üsyan edir. 1964-cü ildə Tofiq Kazımov “Sən həmişə mənimləsən” lirik-psixoloji tamaşasında inqilab edərək baş rolu gənc tələbə Amaliya Pənahovaya tapşırır. Bu zaman teatrın qocaman sənətkarları rejissorun fikrindən daşındırmaq istəsələr də, o, öz fikrində israr edərək, gənc, istedadlı aktrisanı baş rolda səhnəyə çıxarır. Uzun illər sonra Mehriban Ələkbərzadə həmin hadisəni “Mənəm, mən...” tamaşasının hazırlanması zamanı yaşayır. Rejissorun baş rolu gənc tələbə Ziya Ağaya verməsi, truppada narazılığa səbəb olur, lakin M.Ələkbərzadə təzyiqlərə baxmayaraq, öz məqsədini həyata keçirir. Qeyd etmək lazımdır ki, rejissorun haqlı israrı, düzgün qərarı, uzaqgörənliyi, sənətin sirlərinə vaqif olması mühüm amildir və biz buna M.Ələkbərzadənin simasında hər dəfə əyani şəkildə şahid oluruq. Ziyanın ifasındakı Nəsimi vaxtilə Rasim Balayevin yaratdığı Nəsimi obrazıyla oxşarlıq təşkil edir. Ziya Ağa həm zahirən, həm də daxilən böyük sənətkarın filmdəki obrazını teatrda özünəməxsus şəkildə ifa edir. Ziya Ağanın ifasındakı bütün rollar bizi rejissorun bu gənc “tapıntısı”nın teatrın gələcək inkişafında misilsiz rol oynayacağına daha çox inandırır. 

Onun Nəsimisi öz dövründən bugünə elə bir yolla addımlayır ki, o yolu bugünkü Azərbaycan teatr aləmində məhz Mehriban Ələkbərzadə bu qədər dəqiq, incə, düşünülmüş ştrixlərlə verə bilərdi. 



Mehriban Ələkbərzadənin Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “İSGƏNDƏRə yeni NAMƏ” (İlqar Fəhmi) adlı tamaşası son dövrlərin ən uğurlu tamaşalarından biridir. O, İlqar Fəhminin N.Gəncəvinin “İsgəndərnamə” poeması əsasında qələmə aldığı xəyali sequelini unikal rejissor tapıntısı ilə səhnələşdirib. Tamaşa dəqiq düşünülmüş aktyor oyunu, düzgün musiqi seçimi, mizan və dekorasiya, əlbəsə və qrim, işıq və rənglər – bir sözlə bütün xırdalıqlarına kimi yerli-yerində hazırlanmışdı. Bu tamaşa Mehriban Ələkbərzadənin rejissor təxəyyülünün və uzaqgörənliyinin zirvəsi hesab edilə bilər. Azərbaycan səhnəsində “İSGƏNDƏRə yeni NAMƏ” az sayda tamaşalardandır ki, səhnədəki mizan, dekorasiya, işıqlar, rənglər aktyor geyimləri ilə üst-üstə düşür və bir tamaşada bir neçə teatrın aktyorları bərabər səhnəyə çıxır. 

“İSGƏNDƏRə yeni NAMƏ” tamaşasından saatlarla danışmaq olar, çünki bu tamaşadakı bütün məqamlar, detallar, mizanlar, aktyorların oyunu – hər biri ayrılıqda və geniş təhlilə ehtiyac duyur. Rejissor ifaçların tamamilə yeni rakursdan görünməsinə şərait yaradıb. Müxtəlif tamaşalarda illərlə gördüyümüz aktyorlar bu tamaşada rejissor düşüncəsindən çıxış edərək, yeni və tamamilə fərqli oyun sərgiləyirlər. Tamaşada baş rolu Ziya Ağa ifa edir. M.Ələkbərzadə aktyoru başdan-ayağa dəyişərək, onun simasında tarixdən bizə məlum olan İsgəndəri səhnəyə gətirməyə müvəffəq olur. Aktyorun tamaşa boyu simasında gülüş və qəzəb bir-birinə elə qarışır ki, onun nə zaman güldüyünü, nə zaman qəzəbləndiyini müəyyən etmək mümkün olmur. Ziya Ağa rejissorun bütün tapşırıqlarını, oynadığı obrazın kimliyini tamaşa boyu düzgün ifa edir. 

Tamaşada imperator sarayı və sarayın içində böyük hovuz təsəvvür edilir. Əvvəlcə həmin su saf, təmiz, pak idi, çünki İsgəndər o dövrdə hələ bu qədər qan tökməmişdi, tamaşanın sonunda isə onun tökdüyü qanlar hovuzun suyunun rəngini dəyişir. Səhnədə yerə dağıdılmış daş parçaları, həmin daşları yığıb təmizləməyə çalışan imperatorun xidmətçiləri və bu anda onların apardıqları mübarizə.... bütün bu səhnələrin sətiraltı mənaları, müəllif fikri və onun rejissor tərəfindən düzgün həlli, tamaşanın kökündə yatan məna... bu mənaları olduğu kimi dərk etməyi bacaran insan beyni.... 

Mehriban Ələkbərzadə bu tamaşada Xalq artisti Nurəddin Mehdixanlını tamamilə fərqli oyun tərzi ilə səhnəyə çıxarır. İllərlə gördüyümüz aktyor oyunundan onda əsər-əlamət görünmür. Bu tamaşa ilə bir daha əmin oluruq ki, rejissor təxəyyülü, üslubu və özünəməxsusluğu aktyor oyununa necə sirayət edir!  Bir vaxtlar “aktyor rejissorun əlində plastilinə bənzəyir, rejissor həmin plastilindən necə istəsə, o cür istifadə edə bilər” deyirdilər. Məhz bu tamaşada bir daha gördük ki, aktyor rejissorun səhnədə danışan dili, döyünən ürəyidir! 

Tamaşada İsgəndərin yoldaşı Rövşənək obrazının gəncliyini Fəridə Şahbazova, yaşlı dövrünü isə Kəmalə Müzəffər ifa edirlər. Mehriban Ələkbərzadənin quruluşlarında Kəmalə Müzəffər hər tamaşada fərqli obraz yaratmağa müvəffəq olur. Aktrisanın səhnədə duruşu, baxışı, yerişi, jest və mimikaları – bütün vücudu rejissor fikrinə xidmət edir. Tamaşa boyu onun öz oğlu və nəvəsi ilə İsgəndərə ölüm arzulaması, əslində, həmin dövrün insanlarının hər birinin imperatora olan nifrətindən və ölüm diləmələrindən xəbər verirsə, yerişindəki, duruşundakı vüqar, baxışlarındakı nifrət onun qəhrəmanının daxili zənginliyini üzə çıxarır. 

“İSGƏNDƏRə yeni NAMƏ” tamaşasında hakimlərin, dövlət başçılarının xalqa etdiyi zülmlər ön plana çəkilir. Qəddar hakimlər hər dövrdə bir-birilərinin hərəkətlərini davam etdirirlərsə, məzlum cəmiyyət də eynən həmin hadisələri fərqli zamanda və məkanda, lakin eyni formada yaşayır. 

Mehriban Ələkbərzadənin bütün tamaşalarında cəmiyyətdəki aktual problemlər ön plana çəkilir. Rejissor öz isteadadı, intellekti və uzaqgörənliyi ilə bütün tamaşalarında özəməxsus baxış bucağı sərgiəyə bilir. 

Load Time (S) : 0.003653