TEATRO

TEATRO

sənət portalı

post-title

Tağilə Mehdiyeva - Altımış dörd şəkilli drama

Əhli məclis:

Həsən-övlad

Həsən Turabov-tələbə

Turab-aktyor

Həsənağa Turabov -Teatr rəhbəri

  

 Pərdələr açılır. Bakı, Zərgərpalan məhəlləsi. 24 mart 1938-ci il. Səhnədən sevinc, gülüş səsləri və dualar eşidilir...

Turabovlar ailəsində övlad sevinci yaşanır. Səttar kişinin neçə ildən sonra övladı dünyaya gəlib. Düzdür, Səttar kişinin Həsəndən əvvəl altı uşağı doğulub, amma heç biri həyatda qalmayıb. Həsən isə bu həyatı yaşamaqda qərarlıydı və yaşadı da.

Günəş yer üzünə doğandan sonra biz onun şəfəqlərini görürük: Turabovların nur üzlü Həsəni məktəb yaşına çatır. Məktəbi bitirdikdən sonra isə həyat dənizinin coşqun dalğaları Həsəni İncəsənət İnstitutunun “sahil”inə gətirir.

“Sən çox istedadlı aktyor olacaqsan, ancaq komik yox, dramatik rollar yaratmalısan”. Bu sözləri Adil İsgəndərov Həsənağa Turabova İncəsənət İnstitutunda hazırlanmış “Hacı Qara” tamaşasında canlandırdığı obrazdan sonra demişdi və bu tövsiyə Həsənağa Turabovun sonrakı yaradıcılıq yoluna bir şam kimi işıq saçmışdı. Çünki bu tövsiyənin təsiri ilə biz Turabovun yaradıcılığında istər kino sahəsində, istərsə də teatrda daha çox dramatik rollar görəcəyik.

Turab sənəti öyrənmək üçün institutu yetərli saymır və Akademik Milli Dram Teatrında “canlı məktəb”lərlə – Leyla Bədirbəyli, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova və neçə-neçə sənətkarla tanış olur və onlardan öyrənməyə çalışır. O, hələ tələbə olarkən Akademik Milli Dram Teatrında epizodik rollarda çıxış edir. Coşqun teatr həyatı ilə qaynayıb-qarışır, yavaş-yavaş teatrın bir hissəsinə, parçasına çevrilməyə başlayır.

                                 Pərdə bağlanır. Pauza.

Növbəti pərdə. Bakı şəhəri. 1960-1980-ci illər. Akademik Milli Dram Teatrının səhnəsi.

Həsən Turabov və ya Həsənağa Turabov, ya da Tofiq Kazımovun diliylə desək: Turab. Obrazlarının dramatikliyi həyatı ilə oxşar olan aktyor, teatr rəhbəri, ailə başçısı, rejissor, təşkilatçı.

Azərbaycan teatrının tarixi səhifələrində üç məşhur rejissor var ki, onlarsız milli teatrı təsəvvür etmək mümkün deyil: Adil İsgəndərov,  Mehdi Məmmədov və Tofiq Kazımov. Onlar yaradıcılıqları, özünəməxsus üslubları, xarakterləri ilə Azərbaycan teatrında iz buraxmağı bacarmışlar. Öz lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov bu sənətkarların hər üçü ilə Akademik Milli Dram Teatrında işləmişdi.

Həsənağa Turabov: “Adil İsgəndərovda böyük bir ustad-şagird münasibəti mühüm yer tuturdu. Hiss edirdim ki, bu ustad şagirdinə teatrın əlifbasından tutmuş sonunadək hər şeyi öyrətməyə səy göstərir. M.Məmmədov isə aktyorun idrak tərəfinə maraq göstərir, təfəkkür tamaşası yaradırdı. Tofiq Kazımov çevikliyi, səhnədə emosionallığı xoşlayırdı”.

Bunları bildikcə, öyrəndikcə anlayırsan ki, Həsənağa Turabov fenomeni necə bir mühitdə püxtələşib, zirvəyə qalxıb. Onun xəmiri teatrda bu rejissorlar tərəfindən elə yoğrulub ki, bu çörək heç vaxt dadsız-duzsuz ola bilməzdi...

Həsənağa Turabov ömrünün sonuna kimi Akademik Milli Dram Teatrında çalışdı. Əvvəllər ikinci, üçüncü dərəcəli obrazları canlandıran Həsən çox keçmir ki, Dram teatrının səhnəsində öz aktyor üslubu, obrazlara toxuduğu xarakteri ilə səhnədə “nəhəngləşdi”, bir ustaya çevrildi, baş rolların ifaçısı oldu. O, Azərbaycan səhnəsinə xarizmatik, güclü, düzgün səsi və diksiyası ilə sadəlik, təbiilik gətirdi. Güclü pafosu, yersiz deklamasiyanı səhnədə “məğlub etdi”. Milli teatrın səhnəsinə təbiilik toxumlarını səpdi. Bu toxumlar onun hər bir rolunda böyüdü-böyüdü, qol-budaq açıb Azərbaycan səhnəsini bəzədi.

Günəş şüaları dənizin üzərində necə parıldayırsa, Turabın canlandırdığı obrazlar da sənət aləmində parlamağa başladı.

Onun “Kəndçi qızı”ında Vahid, “Yaxşı adam”da Azər,  “Hamlet”də Hamlet, “Orleanlı qız”da Lionel, “Ölülər”də İsgəndər, Xəyyam”da Xəyyam, “İblis”də İblis, “Mahnı dağlarda qaldı”da Kamran və başqa rolları öz bütövlüyü, sadələyi, şuxluğu ilə seçildi və sevildi...

...Gözlərimi yumuram, beynimdə təsəvvür mexanizmini işə salıram: burnuma içki qoxusu gəlir... yox, dayan! Bu, təkcə içki qoxusu deyil, buradan həm də kitab qoxusu gəlir. Bilik qoxusu, mövhumat qoxusu və içki qoxusu bir-birinə qarışıb. Aaaa. Dayanın, bilirəm bu hansı əsərdir, Mirzə Cəlilin məşhur “Ölülər”idir bu. Bəs, bu kimdir? Əlində içki şüşəsi, beynində yaşadığı cahil mühitin fikirlərinə etirazı olan, amma heç bir şey edə bilməyən İsgəndər. Bu ki, mənim oxuduğum İsgəndərdən qat-qat güclüdür. Bu, Həsənağa Turabovun İsgəndəridir. O, ağ kağızdan çıxıb Həsənin ruhuna hopub səhnədə canlanır.

Cəfər Cəfərov: “H.Turabov rejissorun fikrinə müvafiq olaraq, öz obrazının tamaşada nə qədər mühüm mövqe tutduğunu yaxşı duyur: tamaşada diqqət mərkəzindədir, mətn və hərəkətcə əslində olduğundan daha geniş düşünülmüşdür. Dərdli İsgəndər bizə daha fəal, daha diri, daha mətin görünür... Onun faciəsi ağlın, sağlam şüurun, böyük idealın faciəsidir, buna görə də çox ibrətlidir”.

Yenidən gözlərimi yumuram. Bu dəfə deyəsən işim çətindir. Danimarkanı təsəvvür etməliyəm. Elə bu vaxt bir səs eşidilir:  “Olum ya Ölüm?” Bu kimin səsidir? Gözlərimi açıram, Dram Teatrının səhnəsində Həsənağa Turabov var. Yox, dayan. Burada həm də Hamlet var. Məşhur Hamlet. Dahi Şeksprin əvəzsiz qəhrəmanı. Sanki Danimarka şahzadəsi Hamlet Həsənağa Turabovun vücudunda zühur edir.

Həsənağa Turabov indi də səhnədə Hüseyn Cavid irsindən olan Xəyyamı “dirildir”, ona “nəfəs verib” Akademik Milli Dram Teatrında yaşadır. Həsənağa Turabovun - Xəyyamın Alp Arslanla dialoqu daha maraqlıdır. Xəyyamın fəlsəfəsinə yiyələnən aktyor cəlbedici, həzin və güclü diksiyası ilə Alp Arslanı yumşalda bilir:

“Minlərcə şəhər, ya qala almaqdan, əmin ol

Bir sadə çoban könlünü almaq daha məqbul!”

İndi bir də bu misraları Həsənin dilindən eşitdiyinizi düşünün. Xəyyamın xarakteri ilə öz xarakterini, imkanlarını yoğuran Həsənin dilindən...

Elə Hüseyn Cavid irsindən olan obrazla davam edək. Sıra İblisdədir. İndi Turabın üzərinə daha ağır bir iş düşür:  O, səndən, məndən , keçmişdəki və gələcəkdəki insanlardan bir parçanı canlandırır. O indi səhnədə hamıdır.

Həsən Turabov (İblis):

- İblis nədir?

- Cümlə xəyanətlərə bais...

- Ya hər kəsə xain olan insan nədir?

-İblis!..

                                       Pərdə bağlanır. Pauza.

           Növbəti pərdə. Elə həmin məkan. 1987-2001-ci illər.

 Altmış dörd xanalı şahmat taxtasında bütün xanaları bir-bir gəzdi Həsənağa Turabov.

Və bu xanəgahın şahı oldu bir gün: Məlik Dadaşovla rəhbərlik uğrunda “mübarizə”sində Həsənağa Turabov kollektivin rəğbətini qazanaraq teatrın seçki yolu ilə seçilmiş ilk rəhbəri oldu.

Həsənağa Turabov: “Biz teatrı əsaslı təmirə saxladıq. Səhnəni böyütdük. Texniki imkanlar baxımından işıqları dəyişdik, kompüterləşdirdik. Səs idarəetməsini də kompüterləşdirməyi unutmadıq”.

Teatrı öz evi kimi sevən sənət fədaisinin bəzi aktyorlarla arasında anlaşılmazlıqlar da oldu. Amaliya Pənahova, Fuad Poladov, Şəfiqə Məmmədova və bundan əlavə bir neçə aktyor onu qəbul etməyib, başqa teatrlara getdilər. Amma öz xarakteri və bütöv şəxsiyyəti ilə seçilən direktoru teatrda sevənlər də az deyildi.

                                      Pərdə bağlanır. Pauza.

        Növbəti pərdə. Bakı şəhəri. Həsənağa Turabovun portreti asılmış evi. 2000-2003-cü illər.

Öncə səmada buludlar görünür, sonra bu buludlar Günəşə yaxınlaşaraq onu öz ağuşuna alır və Günəş yavaş-yavaş qüruba enməyə başlayır. Amma bu Günəşin şəfəqləri heç vaxt yer üzündən silinib getmir. Özü olmasa da, işıqları daima Günəşi bizə xatırladır.

Bu dəmdə Səməd Vurğunun “Vaqif” pyesindən yadıma bu misralar düşür:

                            “Günəşi örtsə də qara buludlar,

                             Yenə Günəş adlı bir qüdrəti var”.

                                        

                                         Pərdə bağlanır.

Load Time (S) : 0.006052