Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərini anlamadan sevinci, xoşbəxtliyi həyatından sürətlə qovur. Geriyə dönüb baxdıqda isə ötüb keçən saatların melodiyasını dinləyir. Və artıq hər şey üçün çox gec olur. Eyni ilə Akademik Dövlət Musiqili Teatrın səhnəsindəki “Qadınım” kimi.
Əsərləri 32 dilə tərcümə olunan Tuncer Cücenoğlunun bu dəfə “Matruşka” pyesi 1994-cü ildən bəri yeni bir nəfəs alır. İradə Gözəlovanın quruluşunda “Qadınım” adı altında və lirik-psixoloji melodram janrında.
Yaxşı bəs nədir bu Matruşka?
Rusiya folkloruna aid, bir növ əl işi olan oyuncaqdır. Oyuncağın adı “Matryona” sözündən götürülüb, mənası isə “ailənin anası” deməkdir. İlk matruşka 1890-cı illərdə Rusiyada meydana gəlib, lakin onların kökləri Yaponiyanın “nesuke” kuklalarına qədər uzanır. İç-içə yerləşən, taxtadan hazırlanmış kuklalar maraqlı quruluşa malikdir. Bir kukla digər kuklanın daha kiçik versiyasını özündə qapsayır.
Matruşka, insanın içindəki fərqli şəxsiyyətləri, həqiqətləri gizlətməyi, insanın müxtəlif tərəflərini göstərir. İnsan matruşka kimidir. İçindəki mürəkkəb qatların açılması və anlaşılması onun tam və mükəmməl bir şəxsiyyət olmasına kömək edir.
Kiçik masa, üzərində sadə bir külqabı və türk retro musiqisi ilə açılan səhnə.
“Eşyalar toplanmış seninle birlikte, anılar saçılmış odaya her yere, sevdiğim o koku yok artık bu evde … ”Qadınım” …
“Sevgi” yalan və xəyanətin əks olunduğu tamaşada rolları Əmrah Dadaşov və Gültac Əlili paylaşır.
Tamaşanın adı ilə pyes arasında açıq bir əlaqə olsa da, Gözəlovanın məqsədi bu əsəri daha müasir, daha emosional və daha mübahisəli bir kontekstdə təqdim etməkdir. İradə Gözəlova, yalnız iki iştirakçı ilə geniş səhnə məkanını ustalıqla idarə edir. Kişi (Əmrah Dadaşov) orta yaşlıdır, aktivdir, enerji ilə doludur, ssenarilər yazır, qadınlara meyilli biridir. Həmçinin, intellekt sahibidir, lakin bu bacarığı ilə hər zaman ideal bir kişi fiquru kimi görünməyə cəhd edir. Qadına bir ov kimi baxır, ona ehtiras və arzu ilə yanaşır. Səhnədə dediyi yalanlardan bir “maska” qismində istifadə edərək tamaşa boyu həmin sözlərlə yığılmış maskanın ardında gizlənir. Onun daim qayıtmalı olduğu bir məkan var: Qızını dünyaya gətirən, amma yanında heç vaxt real bir sevgi hiss etməyən qadının yanı (Nigar Şahmuradova). Ssenarist haradasa Anton Çexovun “Qağayı” pyesindəki Triqorin obrazını xatırladır. Həmçinin, İrina Arkadina ilə Qadın. Hər ikisi də şəxsi həyatlarında xoşbəxt deyillər. Qayıdaq mövzumuza.
Hər birimizə aydındır ki, kişi və qadın münasibətləri ilk insan yarandığı andan etibarən həyatın ən maraqlı mövzularından biridir. Onların bir-birinə olan sevgisi yağışdan sonra açılan göy qurşağı kimidir. Hər bir rəng emosiya ilə doludur.
Bəs səhnədəki kişi-qadın münasibəti necə?
Mənim gördüyüm: aralarında saf, məsum, pak sevgidən əsər-əlamət belə yoxdur. Onlar səhnədə atmacalarla bir birini yaralayır, əqrəb kimi hər an bir-birini sancırlar.
T.Cücenoğlunun orijinal pyesi, dərin və mürəkkəb duyğularla dolu olsa da, Gözəlovanın təqdimatında bu hisslərin bir çoxu sanki ələkdən keçir.
Səhnədə telefon zəngləri, interaktiv dialoqlar və ssenaristlə qadın arasında yaranan emosional gərginlik vasitəsi ilə rejissor İradə Gözəlova, hadisələri canlı şəkildə təqdim edərək, tamaşaçıları yalnız izləyici deyil, eyni zamanda iştirakçı roluna gətirir. Gözəlova quruluş verdiyi “Qadınım” tamaşasında nizamlı, son dərəcə sistemli və bənzərsiz bir rejissura işi sərgiləyir. Bu tamaşada, türk retro musiqilərinin sehrli ritmləri ilə dolu bir mühit yaradılır. Hər bir rəqs, hər bir səs tamaşanı daha da canlı edir. Həqiqətən, belə bir yaradıcı atmosferə və türk retro musiqiləri ilə dolu bir tamaşaya başqa bir teatrın səhnəsində rast gəlməmişdim.
Düşünürəm ki, bunu qeyd etməsəydim günah olardı...
Tamaşanın mövzusu, günümüzdə hər iki fərdin əsas problemlərindən biridir.
Səhnədə iki qadın arasında qalmış kişi ilə ikinci qadın olmağı çox çətinliklə də olsa qəbul edən qadını izləyirik. Onların bir teatr səhnəsində görüşməsinin, bir-birini tanımasının, dedikləri yalanların, etiraf edə bilmədikləri həqiqətlərin şahidi oluruq. Kişi, altşüurunun sıxışdırılmış istəkləri ilə, Qadın isə öz gələcəyini axdarmaqla mübarizə apararkən labirintə düşür və doğru yolu tapmaq istəyərkən labirintdə fırlanmağa məcbur qalır. Rejissor, pyesin dərin simvolizmini qoruyaraq, insan münasibətlərinin mürəkkəbliyini daha müasir bir kontekstdə təqdim edir. Matruşka oyuncağı ilə bənzərsiz bir metafora təqdim edərək, müasir cəmiyyətin çətinliklərinə bir pəncərə açır.
Düşünürəm ki, tamaşada olan obrazlardan biri də, məhz, matruşkadır.
Səhnədə, işıq oyuncağın üzərində cəmləşdiyi an etibarı ilə o, seyirçi ilə səmimi ünsiyyətə keçid edir. Səhnədən tamaşaçılara olduqca dərin fəlsəfi məna daşıyan mesajlar ötürür. O bir güzgü kimi tamaşaçıları özündə əks etdirir.
Səhnədə, daim ideal sevgi axtarışında olan obrazlar üzərində işləmək və tamaşa boyu türk retro musiqilərinin canlı ifası aktyorlar üçün heç də asan olmayıb. Amma ifaçılar bunun ohtəsindən yaxşı gəlirlər.
İradə Gözəlovanın təqdim ettiyi Kişi obrazı, öz zövqləri üçün başqalarının hisslərini istifadə edir. Öz maraqları üçün qadınları yönləndirmə qabiliyyətinə malikdir. Bu və bu tərz xüsusiyyətlərinə görə Gözəlovann səhnədə təqdim etdiyi Kişi obrazı, Choderlos de Laclosun Vikont de Valmont obrazının bir nümunəsidir.
Kişi daim qayınları tərəfindən təqib olunur. Odur ki, hər zaman qayınlarına xoşbəxt və mehriban ailə həyatı olduğunu göstərməyə çalışır. Tamaşaçılar bunu səhnənin arxasındakı videogörüntülərdən (Murad Həsənov) izləyir. Ümumiyyətlə, cəmiyyətə xoşbəxt bir ailə, xoşbəxt bir insan kimi görünmək cəhdi, insan mənəviyyatının ən böyük uçurumudur.
Səhnə, paralel şəkildə iki hissəyə ayrılıb və bu, yalanlar və həqiqətlər arasında baş verən döyüşü açıq şəkildə ifadə edir. Tamaşaçılardan sol tərəf qadına, sağ tərəf isə kişiyə aiddir. Tamaşanın açılışında, səhnədəki əşyalar, sanki ruhu oxşayan bir simfoniyanın melodiyası kimi, diqqətimizi çəkir və vizual olaraq tamaşaçıları yormur. Rejissor, pərdələr əvəzinə tüllər vasitəsilə səhnədə həyəcan və gərginliyi artırır. Vüsal Rəhimin rəssam işi, tamaşanın vizual tərtibatında müsbət bir rol oynayır. İşıqlandırma və videolar, tamaşanın dramatik kontekstini qorumaq üçün gözəl bir atmosfer yaradır. Tamaşada iştirak edən xor heyəti müvafiq olaraq tamaşanın zənginliyini artırır, rəqslər isə tamaşaya rəng qatır. Rejissorun musiqi seçimi izləyiciyə nostalji dolu anlar yaşadır. Sadəcə, "Ay Nurcanım" kimi bəzi şablon mahnılar, tamaşaçıları həmin o nostalji dolu aləmdən qoparır.
Qeyd edim ki, "Qadınım" sadəcə bir sevgi hekayəsi üzərində qurulan tamaşa deyil, eyni zamanda, insan münasibətlərinin intriqalarından, hüzur anlayışının ciddiliyindən bəhs edir. İ.Gözəlovanın yaradıcılığı, bədii ifadə tərzi, bizə həyatın özünün teatr kimi olduğu mesajını verir. "Qadınım" həyatın və teatrın iç-içə olduğu bir dünyada, sevdiklərimizə qarşı sadiq olmağımızın, kim olduğumuzun vacibliyini vurğulayır.
Səhnədəki qadın, (Gültac Əlili) ikinci qadın olmağı qəbul etdiyi an məğlub oldu. Həyata məğlub oldu. Hisslərinin əsiri oldu… Və sonda onun üçün hər şey Məhəmmədhüseyn Şəhriyar demiş: “Keçdi-getdi, itti-batdı, dağıldı”…
Sevinc Zərbalıyeva
tələbə-teatrşünas
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...