TEATRO

TEATRO

sənət portalı

post-title

SƏNƏTİ ÖZÜNDƏ yaxud ÖZÜNÜ SƏNƏTDƏ SEVƏNLƏR...

İncəsənətin bütün növlərində olduğu kimi teatr sənəti də insanlar ücün maraqlı həmsöhbət, dost olmalıdır, insan gördüyü, eşitdiyi əsəri bir də görmək, eşitmək istəməlidir. Yalnız belə olduqda insan dinləyici, tamaşaçı olur və o öz qəlbində gəzdirdiyi məxfi düşüncələrə, duyğulara cavabları öz həmsöhbətindən, dostundan eşitmək istəyir. Bu sualların əhatə dairəsi isə çox geniş olur - ən adi məişət problemlərindən tutmuş dərin psixoloj sarsıntılara, mənəviyyat, fəlsəfi dərinliklərə qədər. O burada öz qəlbinin duyğular aləmini, bütövlükdə həyatı anlamağa, dərk etməyə çalışır.

Əlbəttə, bu sualların cavablarını hər bir insan fərdi şəkildə incəsənətin başqa növlərində, bədii ədəbiyyatda da ala bilər, lakin yalnız teatrda canlı ünsiyyət formasında, başqa insanlarla birlikdə aldığı təəssurat daha təsirli olur və bu canlı ünsiyyəti heç bir texnologiya, kino, televiziya əvəz edə bilməz, canlı musiqini, canlı ifanı əvəz edə bilmədiyi kimi.

Amma tamaşaçı teatrda öz qəlbində, düşüncəsində gəzdirdiyi suallara cavab ala bilmirsə, insan, onun həyatı, yaşadığı problemləri görmürsə, əvəzində məzmunsuz, bəsit, lağlağa xarakterli şou görürsə, rejissorun və aktyorların özününümayişlə məşqul olduğunu seyr edirsə, o halda onda teatra qarşı maraq sönür və o tamaşaçı titulundan tədriclə imtina etmiş olur.

Bəs niyə belə xoşagəlməz vəziyyət yaranır, bunun səbəbi nədədir?

Hər bir tamaşa öz tamaşaçılarına deyiliş formasından, üslubundan asılı olmayaraq, ilk növbədə NƏ dediyini, NƏ ÜÇÜN dediyini, sonra isə NECƏ dediyini dəqiq bilməlidir. Təəssüf ki, bir çox tamaşalarda birinci və ikinci suallar öz cavabını tapmır, kölgədə qalır, yalnız üçüncü sual diqqət mərkəzinə, ön plana çıxır. Belə olduqda bu suallar arasındakl əlaqə pozulur, halbuki NECƏ bir forma olaraq bütövlüklə NƏ və ÜÇÜNdən, yəni tamaşanın məzmun və Ali məqsədindən asılı olmalıdır, onların mahiyyətini açmağa qulluq etməlidir. Belə olmadıqda tamaşaçı hər çür səhnə effektləri, qeyri-adiliklər, özününümayişlər görür, lakin teatrdan onu düşündürən heç bir fikir, qəlbini oyadan duyqular almamış olur. Xüsusilə nəzərə alınsa ki, istifadə edilmiş səhnə effektləri, görüntüləri əksər hallarda plaqiatdır, başqa dünya teatrlarından oğurlanmış nümunələrdir. Bu bəla da yeni bir bəlanın yaranmasına aparıb çıxarır, bunun da adı - əyalətçilikdir, özünü görkəmli sənətkarlara, teatrlara dənzətmək istəyi...

Aktyorun, rejissorun yaradıcılıq həyatında istedadla yanaşı onun şəxsiyyəti, insani məzmunu, dünyagörüşü mühüm əhəmiyyət kəsb edir. Bu məzmun özünü aktyorun yaratdığı obrazda, rejissorun qurduğu tamaşada aydın şəkildə ğöstərir, bunun yoxluğunu heç bir səhnə effektləri, ğörüntüləri arxasında gizlətmək mümkün deyil. Tamaşaçı bütün bu görüntülər, effektlər arxasında aktyorun, rejissorun insani boşluğunu, səthiliyini aydın şəkildə görür və belə olduğu halda tamaşaçının həmin aktyora, rejissora inamı, hörməti itirilmlş olur və bu işdə sənətkarı heç bir fəxri adlar, yüksək titullar xilas edə bilmir.

Teatrla tamaşaçı arasında ünsiyyətin alınıb alinmamasının məsuliyyəti, şübhəsiz, ilk növbədə rejissorun üzərinə düşür. Dramaturq, aktyor və tamaşaçı – teatr sənətinin əsasını təşkil edən bu üçlüyün görüşünü, ünsiyyətini təşkil edən və bu ünsiyyətin maraqlı, faydalı olmasını, yaddaşlarda, qəlblərdə uzun müddət yaşamasını təmin edən şəxs məhz rejissordur. Bunun üçün rejissor dramaturji əsərin-pyesin məzmununu düzgün, dolğun açmalı, əsərin cəmiyyət üçün aktuallığını təyin etməli, yüksək professional səviyyədə aktyor oyunu qurmalı, tamaşanın ifadəli formasını tapmalı və bütün bunları bədii bütövlük şəklində tamaşaçıya təqdim etməlidir. Bu baxımdan demək olar ki, teatrın simasını, səviyyəsini müəyyənləşdirən şəxs məhz rejissordur, ona görə də onun məsuliyyəti, habelə hüquqları hamıdan artıqdır, ona görə də deyə bilərik ki, teatrın nə səviyyədə olması biləvasitə rejissuranın səviyyəsindən asılıdır.  

Rejissordan sonra ən böyük məsuliyyət aktyorun üzərinə düşür, çünki o tamaşa üzərində çalışan böyük kollektivin səlahiyyətli nümayəndəsi kimi birbaşa tamaşaçı ilə canlı ünsiyyətə çıxır və o öz oyunu ilə səhnədə canlı insan xarakteri yaradaraq tamaşaçının qəlbinə, şüuruna nüfuz etmək imkanına malik olur. Bəllidir ki, aktyor səhnə obrazını özünün insani psixo-fiziki varlığı əsasında yaradır, o həm alətdir, həm materialdır, həm də yaradıcı şəxsdir. Ona görə də bu material dolğun, geniş diapazonlu imkanlara, həssas qəlbə və zəngin intellektə malik olmalıdır. Yalnız bunlara əsaslanaraq aktyor oynadığı obrazın xarakterini, əqidəsini, dünyagörüşünü, qəlbinin həssas duyğularını üzə çıxarıb tamaşaçıya çatdıra bilər və bunun əsasıda səhnə obrazı yaranmış olur. Bu meyarlara cavab verməyən aktyorlar obrazın yalnız görüntü tərəfini, üst qatını nümayiş etdirməklə kifayətlənirlər, tamaşaçı rəğbətini, alqışlarını qazanmaq üçün hər cür effektlərə, obraza bəzən heç çür aidiyatı olmayan hərəkətlərə əl atırlar, nəticədə aktyorların, üstəlik rejissorun da özünü nümayiş etdirmək istəkləri ön plana çıxır, beləliklə də səhnədə böyük ingilis yazıçısı U.Tekkereyin təbirincə desək ...Şöhrətpərəstlik yarmarkası bütün parlaqlığı ilə peyda olur. Tamaşa bitəndən sonra isə son illər geniş vüsət almış, böyük təmtəraqla kecirilən səhnə poklonları /təzimləri/, alqışlar, güllər...

Bütün bu qüsurların əsasında rejissorun, aktyorların özünə məftunluğu durur, onun da adı Narsisizm xəstəliyidir – MƏN, Mənim istedadım...

Amma bu xəstəliyə düçar olanlar unutmasınlar ki, tamaşaçı-insan belələrini heç vaxt sevə bilməyəcək, qəlbinin qapısı onlar üçün bağlı olacaq...

Respublikamızda teatr sənətinə marağın, tamaşaçı sayının azalmasının əsas səbəblərindən biri məhz bundadır.   

Fikrət Sultanov

Əməkdar incəsənət xadimi, professor