TEATRO

TEATRO

sənət portalı

post-title

ŞƏHƏRİN YAY GÜNLƏRİ...

Rejissor Racu Şıxlı ilə müsahibə

Əziz oxucular!

Əvvəla… bu isti yay günündə hər birinizi salamlayıram. Uzun müddətdən sonra sizlərin görüşünə gəlmək mənim üçün xoş oldu. Millət olaraq qonaq getdiyimiz yerə qonaq aparmasaq, işlərimiz düz gəlməz. Elə bu məsəli bir az götür-qoydan sonra, tək gəlməyim doğru olmaz deyə, bugün sizlərin görüşünə Racu Şıxlı ilə gəldim. Müsahibim söhbət zamanı həm sənətdə qazandığı uğurlardan, həm də şəxsi həyatı ilə bağlı önəmli faktlardan söz açdı. Ümid edirəm ki, söhbətimiz sizin üçün maraqlı olacaq.

İsti yay günlərindən biri, Günorta saat 15:00 radələri.., müsahibə üçün əvvəlcədən danışıb, müəyyənləşdirdiyimiz məkan.., boş skamyalar…. Nəhayət, Racu bəy gəldi və biz sakit bir guşədə əyləşib müsahibəyə başladıq. Doğrusu, nə qədər sakit bir guşə..? Ramiz Rövşən demişkən, “hələ o şütüyən maşınlara bax”... Racu bəyə ilk sualımı ünvanladım.

Ə.M.: Düşünürəm ki, oxucu müsahibimin yaradıcılığından əvvəl onun şəxsi həyatı ilə tanış olmalıdır. Ona görə də ilk sualıb belədir: Racu Şıxlı kimdir?

R.Ş.: Mən, Racu Şıxlı Gözəlov Əli oğlu 1985-ci ildə Ağdam rayonunun Şıxlar kəndində (indiki Şıxbabalı) anadan olmuşam. İbtidai təhsilimi Bakının Əmircan kəndində yerləşən 79 nömrəli orta məktəbdə aldıqdan sonra, 5-11-ci sinifləri Bakıda yerləşən Xocavənd rayonunun Nərimanlı orta məktəbində davam etdirmişəm. Həmin məktəbi isə fərqlənmə attestatı ilə bitirmişəm.

Ə.M.: Bəs, təhsil aldığınız illərdə yaradıcılığa, incəsənətə marağınız olub, yoxsa bu sonradan formalaşıb?

R.Ş: Əslində, mən də elə bu məqama toxunmaq istəyirdim. Yaradıcılığa hələ orta məktəbdə oxuyarkən başlamışam. 9-cu sinifdə mən artıq məktəbin dram dərnəyinin rəhbəri kimi fəaliyyət göstərirdim.

Ə.M.: Demək olar ki, o illərdən gələcək planlarınızı yaradıcılıq üzərində qurmuşdunuz?

R.Ş: Bəli, elədir. Mən o illərdən öz gələcəyimi yaradıcılıqda, incəsənətdə görürdüm və tale elə gətirdi ki, bu sahədə fəaliyyətimi davam etdirdim. Hətta 6-cı sinifdən başlayaraq Azərbaycan mətbuatında müxtəlif uşaq qəzet və jurnallarında kiçikhəcmli hekayə, esse və oçerklərim dərc olunub. Hekayələrim, oyun-tamaşalar üçün yazdığım ssenarilər “Savalan” qəzetində, “Göyərçin” və “Kirpi” jurnallarında mütəmadi dərc edilib. Daha irihəcmli hekayə və esselərim isə “Ədəbiyyat”, “Tələbə press”, “Kredo”, “Haqqın səsi”, “Oxu məni” və digər qəzetlərdə çap olunub.

Ə.M.:  Məktəb illərindən sonra nə ilə məşğul oldunuz?

R.Ş.: 2004-cü ildə həqiqi hərbi xidmətə yollandım. Elə alındı ki, yaradıcılıq fəaliyyətimi xidmət etdiyim hərbi hissədə də davam etdirdim. Hərbi hissənin klubunda vətənpərvərlik mövzusunda tamaşalar hazırlayırdım, həm də qərargahın divar qəzetinin redaktoru idim.

Ə.M.:  Bu, həqiqətən, maraqlıdır. Adətən, hərbi xidmətdə insanlar öz sahələrindən uzaqlaşır və başqa istiqamətlərə yönəlirlər. Siz isə yaradıcılığınızı orada da davam etdirmisiniz.

R.Ş.: Mən elə hesab edirəm ki, maneələri yalnız öz beynimizdə böyüdürük. Mübarizə aparanda görürük ki, əslində, onların həlli düşündüyümüz qədər çətin deyil.

Ə.M.: Maraqlıdır, niyə 15 il gözlədiniz? Hərbi xidməti başa vurduqdan sonra niyə rejissorluq ixtisasında təhsil almadınız?

R.Ş.: Hərbi xidmətdə ikən anamı, daha sonra xəstə atamı itirdim. Valideynlərdən sonra bacı-qardaşımın bütün məsuliyyəti üzərimə düşdü və bu çətinlikləri yalnız Allaha və yaxın dostlarıma güvənərək aşdım. Sənətə olan marağım məni Əbilov adına Mədəniyyət Mərkəzinə, Ə.Ələkbərov adına Xalq Teatrına gətirdi, burada həvəskar rejissor kimi fəaliyyət göstərdim və daha sonra “Mədəniyyət inciləri” uşaq teatr studiyasını təsis etdim. Hesab edirəm ki, bu hadisələr mənim sənət yolumda dönüş nöqtəsi idi. Bu sahədə özümü daha da inkişaf etdirməli olduğumu tez-tez düşünürdüm. Buna görə də 2020-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum və 2024-cü ildə universiteti dram rejissoru ixtisası üzrə bitirdim. Mən çox şanslıyam ki, Azərbaycan və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanovun kursunda oxudum və ondan bu sənətin sirrlərini öyrəndim.

Ə.M.:  Racu bəy, bu məqamda qeyd etmək istərdim ki, mən də bu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini teatrşünaslıq ixtisası üzrə bakalavr səviyyəsini başa vurub, magistraturaya qəbul olunmuşam.

R.Ş.: Çox gözəl! Təhsil həyatında sənə uğurlar arzulayıram.

Ə.M.:  Çox sağ olun, minnətdaram. Tələbəlik illəriniz necə keçib?

R.Ş.: Çox maraqlı və zəngin keçib. Tələbəlik illərində təhsildə fərqləndiyim üçün və ictimai fəallığıma görə Elm və Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olunmuşam. Təhsil aldığım fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişəm. Bu illərdə Kənd Təsərrüfatı Nazirliyinin sifarişi və “Aqrar İnkişaf Könüllüləri” təşkilatının dəstəyi ilə M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah” komediyasına quruluş vermişəm və diplomla təltif edilmişəm. 2023-cü ildə isə yüksək qiymət göstəricilərimə görə Azərbaycan Azad Həmkarlar İttifaqı tərəfindən birdəfəlik təqaüdə layiq görülmüşdüm.

Ə.M.:  Demək olar ki, tələbəlik illəriniz çox məhsuldar keçib.

R.Ş.: Bu mövzuda təvazökar olmayacağam, bəli, mən, həqiqətən, çalışqan tələbə olmuşam.

Ə.M.: Söhbətimizin əvvəlində qeyd etdiniz ki, məktəb illərindən etibarən kiçikhəcmli hekayələriniz müxtəlif qəzet və jurnallarda çap olunub. Bəs, sonradan bu fəaliyyətinizi davam etdirdinizmi?

R.Ş.: Ədəbi yaradıcılığa 2000-ci illərdə başlamışam. İlk kitabım isə 2005-ci ildə “Qarabağ çağırır məni” adı ilə oxuculara təqdim olunub. Kitabda kiçikhəcmli hekayələr, sərbəst vəzndə şeirlər, bioqrafik məqalələr və “Nicat ulduzu” adlı bir poema toplanıb. İkinci kitabım “Qırmızı yuxu” isə artıq nəşrə tam hazırdır. Bu kitabda daha yetkin, dərin fəlsəfi düşüncələri özündə ehtiva edən, reallıqla absurdun qovuşduğu, həqiqi həyat hadisələrinə əsaslanan, bədii təzadlarla zəngin irihəcmli hekayələr, esselər, məqalələr və sərbəst vəznli şeirlər yer alıb. Bu günə qədər 120-dən çox hekayə, 20-yə yaxın məqalə və 50-dən artıq esse yazmışam. “Auksion”, “Bir nağıldır dünyamız”, “Məftun və Gilas”, “Zümrüd şəhərinin xilası”, “Ucalıqda qovuşacağıq”, “Biz Molla Nəsrəddinçilərik”, “Düymə”, “Nicat ulduzu” (poema) və “Şəhidlərin şahidi” kimi uşaq pyeslərim bir neçə dəfə mədəniyyət mərkəzlərinin səhnəsində tamaşaya qoyulub. Dövlət tədbirləri üçün ssenarilər yazmışam.

Ə.M.: Racu bəy, yaradıcılığınızın ən parlaq dövrü hansı illərə təsadüf edir?

R.Ş.: Bu sual bir qədər çətin olsa da, hesab edirəm ki, yaradıcılığımın ən parlaq dövrü 2009-cu ilə – “Uşaq ili” elan olunmuş zamana təsadüf edir. Həmin ildə quruluş verdiyim bir neçə uşaq tamaşasında maarifçilik, elm sevgisi və vətənpərvərlik motivlərini ön plana çıxarmış, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə, estetik zövqünün formalaşmasına çalışmışam. Bunun nəticəsi olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşam. Mənim üçün önəmli olan bir nüansı da vurğulamaq istərdim.

Ə.M.: Buyurun.

R.Ş.: 2024-cü il, 23 dekabr tarixində “Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun təşkil etdiyi Mirzə İbrahimov adına I Beynəlxalq Gənclər Müsabiqəsində “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı esseyə görə “Ən yaxşı esse” nominasiyasında I yerə layiq görüldüm. Bu münasibətlə fondun təsis etdiyi I dərəcəli diplom və Mirzə İbrahimov döş nişanı ilə təltif olundum. Sözügedən esse “Gələcək gün” Beynəlxalq Elmi-Nəzəri jurnalında dərc edilib. Azərbaycan Yazıçılar Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüyəm.

Ə.M.: Qeyd etdiyiniz faktlar doğrudan da çox maraqlıdır. Bəs, teatr fəaliyyətiniz nə vaxt başlayıb?

R.Ş.: Teatr fəaliyyətim – ssenarist və rejissor kimi – 2007-ci ildən başlayıb. Əbilov adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərdiyim illərdə “Mədəniyyət inciləri” uşaq teatr məktəbini təsis etdim. Bu məktəbin yetirmələri hazırda teatr və televiziya sahəsində peşəkar kadrlar kimi fəaliyyət göstərirlər.

Ə.M.: Bəs, hazırda fəaliyyətinizi harada davam etdirirsiniz?

R.Ş.: 2024-cü ilin oktyabrından Ağdam Dövlət Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıram. Burada P.de Flipponun “Trombonçu”, İ.Əfəndiyevin “Apardı sellər Saranı” tamaşalarına quruluş vermişəm. Bundan əlavə, məktəblilər üçün hazırlanmış “Möcüzəli pərdələr” adlı uşaq-tədbir konsertinin ssenari müəllifi olmuşam.

Ə.M.: Racu bəy, siz həm aktyor, həm rejissor, həm də senarist kimi fəaliyyət göstərirsiniz. Bu müxtəliflik sizi yormurmu?

R.Ş.: Əksinə, bu üç sahə mənim üçün stimul və motivasiya mənbəyidir. Azərbaycan Radiosunun Uşaq Verilişləri redaksiyası üçün bir neçə senari yazmışam, dublyaj sahəsində də fəaliyyət göstərmişəm. Rejissorluqla yanaşı, aktyorluq fəaliyyətim də olub. M.F.Axundzadənin “Hekayəti Mərdi-xəsis” əsərində Hacı Qara, “Hekayəti Xırs quldurbasan”da Divanbəyi, Ü.Hacıbəylinin “O olmasın, bu olsun” əsərində Məşədi İbad, S.Vurğunun “Vaqif” dramında Qacar, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsərində Hacı Mehdi, S.Sədaqətoğlunun “Azadlıq həzzi” əsərində isə Məhbus obrazlarını canlandırmışam.

Xüsusilə, hər il keçirilən 18 Sentyabr – Milli Musiqi Günündə R.Behbudov adına Mahnı Teatrında və Əbilov adına Mədəniyyət Mərkəzində 2008–2013-cü illərdə ifa etdiyim Məşədi İbad rolu mənə tamaşaçı sevgisi qazandırıb. Dəfələrlə Ü.Hacıbəylinin Ev Muzeyinin rəhbərliyi tərəfindən təşəkkürnamə və fəxri fərmanlarla təltif olunmuşam. 2010-cu ildə isə M.K.Atatürk adına Anadolu Türk Liseyində “Çanakkale basılmaz” adlı tamaşanın müəllifi və quruluşçu rejissoru olmuş, lisey rəhbərliyi və Türkiyə səfirliyi tərəfindən diplom və təşəkkürnamələrlə mükafatlandırılmışam. Həmin il, Gənc Tamaşaçılar Teatrında keçirilən Dilarə Nağıyevanın 70 illik yubiley tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru kimi Milli Dəyərlərin Qorunması İctimai Birliyinin diplomu ilə də təltif edilmişəm.

Ə.M.: Ümumiyyətlə, quruluş verdiyiniz diğər tamaşalardan hansılarını misal göstərə bilərsiniz?

R.Ş.: Müxtəlif illərdə bir çox əsərlərə quruluş vermişəm. Məsələn: Aristofanın “Atlılar”, V.Şekspirin “Otello”, O.Balzakın “Qorio ata”, J.B.Molyerin “Xəsis”, E.Zolyanın “Dəyirmanın mühasirəsi”, O.Henrinin “Son yarpaq”, A.Volkovun “Zümrüd şəhərinin sehirbazı”, H.Andersenin “Düyməcik”, E.Köseoğlunun “Qəzəbli padişah”, T.Cücenoğlunun “Dalan”, M.F.Axundzadənin “Hacı Qara”, “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli şah”, Ü.Hacıbəylinin “Ər və arvad”, “O olmasın, bu olsun”, S.Vurğunun “Vaqif”, A.Şaiqin “Çoban”, “Tülkü həccə gedir”, C.Məmmədquluzadənin “Lal”, “Anamın kitabı”, R.Əlizadənin “Laləli düzən”, Z.Yaqubun “Göyçə dərdi”, S.Sədaqətoğlunun “Azadlıq həzzi”, P.Nurəliyevanın “Dəcəl keçi”, A.Babayevin “Yeni il möcüzəsi”, A.Çexovun “Qu quşunun nəğməsi”, E.Nurinin “Göyqurşağında Novruz macərası”, P.de Flipponun “Don Rafael Trombonçu”, İ.Əfəndiyevin “Apardı sellər Saranı” əsərlərinin adını çəkə bilərəm.

Ə.M.: Qurduğunuz tamaşalarda hansı əsas ideyanı önə çəkməyə üstünlük verirsiniz? Bəzən deyilir ki, müasir tamaşalar sadə dilə və təkrarlanan repertuar siyasətinə əsaslanır, bu isə tamaşaçıda maraq oyatmır. Siz bu fikirlə razısınızmı? Tamaşalarda dərin fəlsəfi məqamların və estetik ideyaların qabardılmasını vacib hesab edirsinizmi?

R.Ş.: Tamaşa qurarkən əvvəlcə əsəri təkrar-təkrar oxuyub, öz konsepsiyamı qururam. Əsas olaraq personajlara uyğun aktyor seçirəm və stolüstü məşqlərdə onları obraza inandırıram. Məncə bu çox önəmlidir, aktyor oynayacağı rola inanmalıdır. Bu bir az da Stanislavski sisteminin əsas sütunu olan aktyorun rol üzərindəki işi ilə bağlıdır. Çalışıram ki, məşqlərdə hadisələrin ardıcıllığı, konfliktin inkişafı və mizanların quruluşu sistemli olsun. Hazırda Ağdam Dövlət Dram Teatrında İlqar Fəhminin “Şuşanı al bizimçün” əsəri üzərində çalışıram. Pyes müharibə dövründə bir ailənin psixoloji gərginliyini və qələbə ruhunu əks etdirir. Mənim üçün yaxşı teatr tamaşasının əsası güclü dramaturgiyadır. Fəlsəfi ideyalar və simvolika tamaşaya dərinlik qatır. Bu baxımdan gənc dramaturqların pyeslərinin səhnə yozumunu yüksək qiymətləndirirəm.

Ə.M.: Teatr sənətində sizin üçün sənət idealı kimdir? Hansı teatr rejissorlarından, onların sənət nəzəriyyələrindən ilham almısınız?

R.Ş.: Mənim sənət idealım ustadım Bəhram Osmanovdur. Onun üslubu, rejissor yozumu və davranış tərzi məni hər zaman heyrətləndirib və bu heyrət bu gün də davam edir. Çox şanslıyam ki, Bəhram Osmanovun tələbəsi olmuşam və hələ də ondan öyrənəcəyim çox sənət sirri var. Bugünkü gündə, milli teatrımızda barmaqla sayılası rejissorlar var və onlardan bir neçəsinin adını çəkə bilərəm. Məsələn, Mehriban Ələkbərzadə, Mikayıl Mikayılov, Nicat Kazımov, Vüsal Mehrəliyev və Mirbala Səlimli. Adını çəkdiyim rejissorlar mənim üçün ilham mənbəyidir və hər zaman onların qurduğu tamaşalara həvəslə baxmışam. Sənətin nəzəriyyəsi mənim üçün praktikanın önündə dayanır. Mən hesab edirəm ki, rejissor və aktyor, ilk növbədə, nəzəriyyəni mənimsəməli, sonra bu bilikləri praktikada tətbiq etməlidir. K.S.Stanislavskinin prinsipləri dəyərli olsa da, mən B.Brextin “Epik teatr” və A.Artonun “Qəddarlıq teatrı” nəzəriyyələrini daha çox bəyənir və səhnədə tətbiq etməyə çalışıram.

Tamaşaçı mövqeyini nəzərə alsam, olur ki, hər hansı mizan və yaxud da aktyor oyunu tamaşaçıya tam çatmır, onu aydın təhlil edə bilmir. Məqsədim nəzəri prinsipləri hər kəsin başa düşə biləcəyi şəkildə təcəssüm etdirməkdir. Mənim üçün tamaşa təkcə aktyorun yaradıcılığı deyil, tamaşaçının da hiss etdiyi və yaşadığı bir prosesdir. Hər tamaşada çalışıram ki, tamaşaçı səhnədəki hadisələrin bir parçası olsun və həzz alsın, əzab çəksin və s.  Teatr tamaşalarında ali məqsədim tamaşaçını “oyaq” saxlamaq və onun səhnə ilə emosional əlaqəsini gücləndirməkdir. Bu baxımdan görkəmli rejissorumuz T.Kazımovun yaradıcılığı və rejissor məktəbi də mənim üçün çox önəmlidir. Onun psixoloji dərinlik, daxili dinamika, milli estetik və sosial-mənəvi yanaşmaları, rejissor-aktyor münasibətləri, minimalizm və səhnə həlləri mənim sənət yolumda əhəmiyyətli rol oynayır.

Ə.M.: Racu bəy, düşünürəm ki, belə isti havada müsahibəni çox uzatmaq düzgün olmaz. Düşünürəm ki, rəngarəng yaradıcılığınız, qazandığınız uğurlar və həyat yolunuzla bağlı verdiyiniz bu məlumatlar oxucular üçün maraqlı olacaq. Sizə müsahibəyə görə təşəkkür edir və yaradıcılığınızda uğurlar arzulayıram.

R.Ş.: Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.

 

Müsahibəni apardı: Əhməd Mehdiyev

 

Load Time (S) : 0.000442