Azərbaycan peşəkar teatrının meydana gəlməsində və formalaşmasında xalq-meydan teatrı ənənələrinin əhəmiyyətli rolu olmuşdur. Özündə bu ənənələri ehtiva edən Azərbaycan dünyəvi teatr sənətinin təməli ilk dəfə 1873-cü il martın 10-da oynanılan Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” tamaşası ilə qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda teatr tamaşaları oynanılmağa başlansa da peşəkar aktyor və rejissorlar yox idi. İlk əvvəl bu tamaşalar müxtəlif maarifpərvər ziyalılar, dramaturqlar və həvəskar aktyorlar tərəfindən hazırlanır və bəzən, aktyor çatışmadığından, dramaturqlar və maarif xadimləri də müxtəlif rollarda səhnəyə şıxırdılar. Məhz belə fədakarların sayəsində teatra maraq getdikcə artmağa və Azərbaycanın müxtəlif şəhərlərində də tamaşalar hazırlanmağa başlanır.
Sözsüz ki, milli teatrın ən yüksək inkişafı neft bumu yaşayan və artıq ölkənin iqtisadi-mədəni mərkəzinə çevrilən Bakıda baş verirdi. Bakının teatr həyatında 1880-ci illərin axırlarına doğru müşahidə olunan canlanma teatr xadimlərinin təşkilatlanması ilə nəticələndi. 1897-ci ildə Bakıda yaranan teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirdilər.
Lakin hələ də milli teatrda peşəkar rejissor kadrları yetişməmişdi. Rejissor funksiyasını yenə də dramaturq və aktyorlar – Ə.Haqverdiyev, H.Mahmudbəyov, S.M.Qənizadə, Ə.Vəli, H.Ərəblinski, A.Şərifzadə, H.Sarabski, S.Ruhulla və b. yerinə yetirirdilər.
1920-ci illərdən etibarən rusiyalı peşəkar rejissorlar Azərbaycan teatrına cəlb olunmağa başlanır. Onların arasında ən böyük xidmət Aleksandr Tuqanovun payına düşür. 1924-cü ildə Azərbaycan Dövlət Dram Teatrına baş rejissor kimi dəvət edilən A.Tuqanovun fəaliyyətinin əvvəlki dövrü Tiflis Azərbaycan teatrı ilə bağlı olub. O, bu illərdə Tiflis teatrının baş rejissoru olaraq, reperuarın əsasını təşkil edin C.Cabbarlının "Aydın", "Oqtay Eloğlu", H.Cavidin "Şeyda", "Uçurum", "İblis", U.Şekspirin "Otello", F.Şillerin "Qaçaqlar" əsərlərini tamaşaya hazırlayıb. A.Tuqanov Bakıda səhnəyə qoyduğu M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (1924), "Hacı Qara" (1925, 1928, 1930), H.Cavidin "Şeyx Sənan" (1924, 1926), "Uçurum" (1924), "İblis" (1925, 1926), "Topal Teymur" (1926), "Knyaz" (1930), Fitrətin "Hind ixtilaçıları" (1924), N.Qoqolun "Müfəttiş" (1924, 1929), J.B.Molyerin "Jorj Danden" (1924), "Don Juan" (1926), A.Dümanın "Qanlı qala" ("Nel qülləsinin sirri". 1924), C.Cabbarlının "Aydın" (1924, 1926), "Oqtay Eloğlu" (1926, 1927), "Sevil" (1928), "Od gəlini" (1928, 1930), "Almaz" (1931, 1935), Ə.Haqverdiyevin "Pəri cadu" (1924, 1926), "Ağa Məhəmməd şah Qacar" (1927), C.Məmmədquluzadənin "Ölülər" (1924, 1926, 1928), F.Şillerin "Qaçaqlar" (1924, 1928) və s. kimi onlarla maraqlı tamaşası ilə Azərbaycanda rejissor sənətinin inkişafında, eləcə də repertuarın zənginləşməsində böyük xidmətlər göstərib.
Daha sonra milli kadrların - M.Kirmanşahlı, Y.Yulduz, Ə.Rzayev, Ə.Ağayev, A.Dadaşov və b. Moskva və Leninqradda ali rejissor təhsili alıb qayıtması ilə Azərbaycanda rejissor sənəti yeni, peşəkar mərhələyə qədəm qoyur. Azərbaycan teatrında rejissor sənətindən danışarkən, Adil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımovun adlarını xüsusi qeyd etmək lazımdır. Çünki bu rejissorların hər biri Azərbaycan teatrına yeni nəfəs, fərdi üslub, fərqli estetika gətirərək milli teatr sənətinin formalaşmasında və inkişafında müstəsna rol oynayıblar. Adil İsgəndərov monumental-romantik rejissurası ilə, Mehdi Məmmədov öz romantik-fəlsəfi rejissor baxışı ilə, Tofiq Kazımov isə lirik-psixoloji üslubu ilə Azərbaycan teatr tarixində dərin iz qoyublar.
Monumental-romantik rejissuranın formalaşması Azərbaycan teatrında görkəmli rejissor Adil İsgəndərovun adı ilə bağlıdır. O, Moskvada ali təhsilini başa vurduqdan sonra 1937-ci ildə Milli Dram Teatrında işə başlamış, 1938-ci ildən isə baş rejissor və direktor kimi fəaliyyətini davam etdirmişdir. 1961-ci ilə kimi bu teatra rəhbərlik edən A.İsgəndərov S.Vurğunun "Vaqıf", "Xanlar", "Fərhad və Şirin", C.Cabbarlının "Aydın", M.İbrahimovun "Həyat", "Məhəbbət", R.Rzanın "Vəfa", U.Şekspirin "Otello", N.Hikmətin "Türkiyədə" və s. onlarla əsərə quruluş vermişdir. O, öz yaradıcılığı ilə təkcə repertuarı zənginləşdirməklə kifayətlənməmiş, eyni zamanda, truppanın formalaşmasına və yeni aktyorların üzə çıxmasına da xüsusi diqqət yetirmişdir.
Mehdi Məmmədov Moskva Ali Teatr Sənəti İnstitutunu bitirdikdən (1940) sonra 1945-ci ilədək Gəncə Dövlət Dram Tetarında işləmiş, daha sonra Akademik Dram Teatrında fəaliyyət göstərmişdir. Akademik Milli Dram Teatrında ilk işi Şekspirin "On ikinci gecə" komediyası (1946) olan Mehdi Məmmədov daha sonra bu teatrda C.Cabbarlının "Yaşar", A.Fadeyevin "Gənc qvardiya", S.Rəhmanın "Aydınlıq", "Əliqulu evlənir", L.Veqanın "Rəqs müəllimi", Ə.Haqverdiyevin "Dağılan tifaq" (1950), N.Qoqolun "Müfəttiş", K.Haldoninin "Mehmanxana sahibəsi", N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", V. Rozovun "Şadlıq sorağında", M.Hüseynin "Alov", M.İbrahimovun "Kəndçi qızı", L.Tolstoyun "Canlı meyit", H.Cavidin "Xəyyam" və "İblis", S.Vurğunun "İnsan", M.Qorkinin "Meşşanlar", C.Məmmədquluzadənin "Dəli yığıncağı" və s. kimi müxtəlif mövzulu və janrlı əsərlərə səhnə həyatı vermişdir. Mehdi Məmmədov hazırladığı tamaşalarda ustalıqla ictimai motivlərə fəlsəfi dərinlik verərək tamaşanın məzmun və forma vəhdətini yarada bilmiş, özünü romantik-fəlsəfi üsluba malik rejissor kimi təstiq etmişdir.
Görkəmli rejissor Tofiq Kazımov Azərbaycan teatrında lirik-psixoloji üslubu formalaşdırmışdır. 1964-cü ildə Akademik Milli Teatra baş rejissor təyin olunan T.Kazımov özünü novator sənətkar kimi göstərmiş, teatrın həm repertuarında, həm də truppasında kəskin yeniliklər etmişdir. O, İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri ilə milli teatrımızda lirik-psixoloji üslubun təməlini qoymuş, quruluş verdiyi U.Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, M.F.Axundzadənin "Lənkəran xanın vəziri", "Müsyo Jordan və Dərviş Məstəli şah", C.Məmmədquluzadə "Ölülər", Ə.Haqverdiyev "Pəri cadu", A.Vampilovun “Övlad” və s. kimi əsərlərlə teatrın reperuarını zənginləşdirmişdir. Öz quruluşlarında əsas diqqəti aktyora yönəldən Tofiq Kazımov, eyni zamanda neçə-neçə gənc istedadlı aktyoru üzə çıxarmış (H.Turabov, F.Poladov, A.Pənahova, V.Fətullayeva, H.Xanızadə, Y.Nuri və b.), onların formalaşmasında xüsusi rol oynamışdır.
Şəfa Həsənova
ADMİU-nun magistrı
Müəllifin digər yazıları
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən 8-ci Beynəlxalq Teatr Festivalında iştirak edib. Teatrın kollektivi festivalda görkəmli dramaturq Hüseyn Cavidin “A...
2001-ci ildə yaradılmış və 30 dil komitəsindən təxminən 300 mütəxəssisi birləşdirən EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi tərcümə vasitəsilə Avropa, Mərkəzi Asiya və Aralıq dənizi regionundan olan yeni pyeslərin ...
Yaşar Qarayev dramla bağlı araşdırmalara faciə janrından, bu janrla bağlı araşdırmaya isə “Nə üçün Şərq ədəbiyyatında faciə janrı gec meydana çıxır?” sualından yol alır. Bu suala cavab axtararkən ilk istinad nö...
19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dost...
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...