TEATRO

TEATRO

sənət portalı

post-title

Səbuhi Ağabəy – Dostoyevski: cəhənnəmi bu dünyada yaşayan dahi 

Lev Tolstoy aydın və zamansız əsərlər müəllifi Dostoyevskidən danışarkən onu rus ədəbiyyatının kult əsərlərinin yazarı və dövrünün ən seçkin qələm sahibi kimi tanınan Puşkinlə müqayisə edib. Tolstoyun Dostoyevskini Puşkindən üstün tutması hər zaman Dostoyevski üçün bir qürur mənbəyi olub. 

Dostoyevski həyata Tolstoy kimi bir düha olaraq gəlməmiş, ya da heç bir zaman Turgenev kimi zəngin yaşamamış, Puşkin qədər şanslı olmamış və ədəbi nəşləri onun qədər mükəmməl hazırlaya bilməmişdir.
 
Dostoyevski, sözün əsl mənasında, cəhənnəmi bu dünyada yaşayanlardan idi. Elə əsərləri də cəhənnəm kimidir. Şöhrəti və hörməti ölümünə bir il qalmış əldə edən Dostoyevsinin həyat hekayəsi, o qədər enişli-yoxuşlu idi ki, sadəcə, həyatından cildlərcə roman mövzusu çıxardı. 

Tam adı Fyodor Mixayloviç Dostoyevskidir. 11 noyabr 1821-ci ildə Rusiya Çarlığı dövründə dünyaya gəlmiş və 9 fevral 1881-ci ildə həyata gözlərini yummuşdur. Bu dünyada 60 il gəzmiş, ağlamış, gülmüş, nəfəs almışdır... 

Dostoyevskinin atası Mixail hərbi həkim idi. Cərrahlıq edirdi və vəzifəsindən istefa verdikdən sonra Fyodorun da doğulacağı, Moskvada yerləşən Marinskı xəstəxanasında könüllü olaraq işləməyə başlamışdı. Mixail nə çox varlı, nə də çox kasıb bir adam idi. Təxminən min nəfər təhkimlinin ağalığını etdiyi bir kəndi var idi. Amma özü Moskvada yaşamağı üstün tuturdu. Beş uşaq atası idi və özəlliklə Fyodorun da dediklərinə nəzər yetirilərsə, sinirli, aşırı intizamlı, sərxoş və sevgisiz bir adamdı. Amma eyni zamanda uşaqlarının təhsilinə önəm verirdi. Hər axşam yeməyindən əvvəl uşaqlarına bir şeir, ya da romandan bir parça oxutması, övladlarına özünün latın dilindən dərs keçməsi və Fransızca öyrənmələri üçün çox yaxşı bir müəllim tutması təqdirəlayiq idi. 

Dostoyevskinin anası Mariyanın, əldə edilən qaynaqların bir çoxunda tacir qızı olması, amma eyni zamanda atasının anasını bəlli bir ücrət qarşılığında satın alması da qeyd edilir. Dostoyevskinin anasının evdə passiv, həmişə xəstə və ciddi mənada, uşaqlarına xoşbəxtlik verə bilməyəcək qədər kədərli olması bunun nəticəsi ola bilərdi. Dostoyevskiyə ailəsindən gələn ən böyük dəstəyi qardaşı Mixail verdi. Beş qardaşdan Mixail və Fyodorun münasibətinin çox fərqli olduğunu yazıçının böyük qardaşından həmişə sevgiylə bəhs etməsindən anlaya bilərik. Dostoyevski tez-tez atasının könüllü olaraq çalışdığı xəstəxanaya gedib, oradakı xəstələrlə həmsöhbət olurdu. Elə ilk dərin müşahidəsini də Moskvada keçirmişdi. İnsanların, xüsusilə yoxsul insanların həyatlarını dinləmək, Dostoyevskinin, zənnimcə, ilk lənəti idi. Universitetə qəbul olacağı dövrdə vərəm xəstəliyi üzündən anasını itirdi. Həyat yoldaşının ölümündən sonra içkiyə qurşanan atası da ağalıq etdiyi kənddə məskunlaşdı. Fyodor Peterburq Mühəndislik Məktəbi kimi, sərt idarəetmə sistemli məktəbə göndərildi. 

O, atasının ölüm xəbərini bu məktəbdə oxuyarkən, qardaşı Mixaildən aldığı məktubdan öyrənir. Bəzi mənbələrdə yazıldığına görə, atası o qədər qəddar bir adam idi ki, əmri altında olan nökərlər və kəndlilər tərəfindən fəci bir şəkildə öldürülmüşdü. Bəzi qaynaqlarda isə ürək tutmasından öldüyü bildirilir. Hər nə olursa olsun, Dostoyevski hələ 18 yaşındaykən atasının ölüm xəbərini alaraq ilk ciddi epilepsiya şokunu keçirmiş olur. Həm də səbəbsiz bir şəkildə atasının ölümündə özünü günahkar görürdü; onun ölməsini istədiyi üçün öldüyünə inanırdı və depressiya ilə ilk tanışlığı da bu düşüncə üzündən olmuşdu.  

Dostoyevski məktəbi bitirdikdən sonra, peşəsi üzrə çalışmaq üçün gizir olaraq təyin edilsə də, istəmədiyi bu peşəyə ancaq bir il dözə bildi. Çünki həm əsgərliyə nifrət edir, həm də mühəndis olmağı heç zaman istəmirdi...

O, yazıçı olmaq istəyirdi, əsgər ya da mühəndis yox... Bu baxımdan yazıçı olmaq qərarından sonrakı həyatı, ədəbi dünyası ilə iç-içə olacaqdı.

Dostoyevski 25 yaşında, 1846-cı ildə ilk romanını yazdı: “Bədbəxt insanlar”. Bu əsərini yazdığı zaman çap etmək istəməmişdi. Ədəbiyyat dərnəklərində bu hadisənin nəfəs kəsən bir hekayəsi vardır: “Bədbəxt insanlar” əsərinin qaralamaları olan kağızlar, dövrün məşhur şairlərindən Nekrasova verilir. Axşam verilən “Bədbəxt insanlar”ın qaralamalarını, eyni gecə Nekrasov, ağlamaqdan şişmis gözləri ilə Dostoyevskinin evinə gətirir. Ona bu əsərin möhtəşəm olduğunu, bu əsəri mütləq Belinskinin görməsi gərəkdiyini söyləyir. İndiki süni kitab bazarlarından öncə, yazıçılar ya da yazıçı, şair olmaq istəyənlər, qatı bir tənqidçi nəzarətindən keçərdilər. Tənqidçi bəyənmədiyi, ya da ədəbiyyat dünyasında olmasını istəmədiyi bir yazıçını-şairi və onun əsərini elə tənqid edərdi ki, o şair, ya da yazıçı bir daha tək bir kəlmə belə yaza bilməzdi. Bir əsəri həm nəşriyyat sahibi, həm də tənqidçilər bəyənməli idi. Onsuz da nəşr evləri tənqidçilərin sevmədiyi, ya da baxmadığı romanları, şeirləri, hekayələri çap etməzdilər. İndiki kimi iki sətir qaralayan hər kəs yazıçı deyildi. Belinski də Rusiyanın ən güclü tənqidçisi idi. Onun bəyənməsi hər kəsin bəyənməsi demək idi. Səhər gün doğanda Nekrasov ilə Dostoyevski Belinskinin qapısını döyür və Nekrasov “Bədbəxt insanlar” əsərini ona təqdim edərkən “Yeni bir Qoqol doğulur” deyir. Qoqol o zamana qədərki ən önəmli və ən böyük yazıçı idi. Bu sözə çox əsəbləşən Belinski: “Onsuz da sizə qalsa, Qoqollar göbələk kimi yerdən bitər” deyir, amma “Bədbəxt insanlar”  romanını oxuyandan sonra bu sözünü geri götürür. 
Dostoyevski gələcək vəd edirdi. “Bədbəxt insanlar” romanında yazdığı yetim qız - yaşlı adam sevgisi və bu eşqin ətrafında cərəyan edən yoxsul və əzilən xalq münasibətləri cəmiyyət tərəfindən çox sevilirdi. Tənqidçilərdən çox müsbət rəylər alır və haqqında tərif dolu sözlər deyilirdi. 

Dostoyevski hər il bir povest yazaraq ard-arda yayımlayır: “Növbəti” (1846), “Ev sahibəsi” (1847), “Bəyaz gecələr” (1848). “Növbəti” adlı povestində dəyişkən xarakterli bir məmurun özü xaric, digər insanlardan qurtulmaq istəyindən bəhs edilərkən, “Ev sahibəsi” adlı Qoqol tərzində yazdığı uzun hekayəsində Ordinov adlı personajın insanlardan uzaq və elmə həsr edilən ömründə eşqi kəşf etməsindən danışılır. “Bəyaz gecələr” adlı romanında isə həddən ziyadə xəyalpərəst bir adamın dörd günlük eşqindən bəhs edilir. Bu üç roman heç vaxt “İnsancıqlar” romanına olan etimadı qazanmamışdır. Hətta “İnsancıqlar” romanını tərifləyə-tərifləyə bitirə bilməyən Belinski bu üç romanı çox qatı şəkildə tənqid etmişdir. Onsuz da kövrək və həssas bir qəlbə sahib olan Dostoyevski bu tənqidlərə dözə bilməmiş və uzun sürən depressiyaya düşmüşdür. Hətta bu səbəbdən xəstə olmuş, amma yenə də ən böyük tutqusu olan yazmaqdan usanmamış və heç vaxt qələmini əlindən yerə qoymamışdır. 

Dostoyevski 1848-ci ildə qələmə aldığı “Bəyaz gecələr” povestindən bir az sonra “İncə qəlb” adlı uzun hekayəsini yazdı. Bu hekayənin də mövzusu işinə və müdirinə həddən ziyadə bağlı bir adamın, nişanlandıqdan sonra işini və müdirini yaddan çıxardığı düşüncəsindən bəhs edir. Bu hekayəsi ilə tənqidin etibarını bir az da olsa, yenidən qazanan Dostoyevski yenə də “Bədbəxt insanlar” romanı ilə qazandığı nailiyyəti bərpa edə bilmədi. Sonda ədəbiyyatdan uzaqlaşmaq niyyətinə düşdü və çıxış yolu olaraq siyasəti gördü. 

Birinci Nikolayın dövründə, 1849-cu ildə Dostoyevski Çarlıq idarə sisteminə qarşı olan liberal gənclərin toplaşdığı “Petraşevski” dərnəyinə qatılmışdı və siyasi şeirlər qələmə almağa başlamışdı... O, qatı bir rus milliyətçisi idi və Hz. İsanın bir rus olduğunu düşünəcək dərəcədə bu vəziyyəti problemə çevirmişdi. Xarakter olaraq hər olayı kəskin şəkildə yaşayan adam idi. Dostoyevskinin, onsuz da, belə bir məsələdə məntiqli və orta yol tutmuş bir düşüncə tərzinə sahib olması gözlənilmirdi. Həmin ilin 23 aprel gecəsi, qapısı əsgərlər tərəfindən döyülən Dostoyevskinin bütün yazıları bir anda toplanır və özü də tələm-tələsik saraya aparılaraq, qaranlıq bir hücrəyə qapadılır. Tam dörd ay müddətində heç kim ona niyə bu hücrədə olduğunu söyləmir. Səhhəti problemli və xarakteri qəliz bir adam olaraq Dostoyevski, onsuz da dörd ay müddətində ruhən çökmüşdü. Tam dörd ay sonra əsgərlər ona niyə bu hücrədə olduğunu dedilər: Çarı tənqid edən şeirlər qələmə aldığı üçün dustaq edilmişdi. Günahı bağışlanmaz olan yazıçının, cəzası edam idi! Dostoyevski yazdığı siyasi şeirlər ucbatında güllələnərək öldürüləcəkdi... Üstəlik yalnız da deyildi, çox sevdiyi qardaşı və 8 dostu da var idi onunla bərabər. Üç nəfərlik qruplar halında edam səhpasının qarşısına çıxarılan Dostoyevski, tam edam öncəsi çarın onu əfv etməsindən dolayı edamdan qurtulmuşdu. Amma cəzası 4 il bel (kürək) məhkumluğuna, 6 il məcburi əsgərliyə və bir daha Sankt-Peterburq ilə Moskvaya girə bilməmək cəzası ilə əvəzlənmişdi. 

Sürgün həyatı bitəndən sonra Dostoyevski, 1859-cu ildə qardaşı və dostları N.N.Strasov ilə birlikdə “Zaman” və “Dönəm” adlı jurnalları çap etməyə başlayırlar. Bu jurnallar ilk yazdıqları yazıları kimi müxalif deyildi, əksinə, slavyançı düşüncəni dəstəkləyən jurnallar idi. Jurnallar sayəsində Dostoyevskinin maddi durumu düzəlmişdi. Davamlı olaraq çarı tərifləyən yazılar qələmə alırdı. Bu dövrdə mövzusu köləlik olan “Ölü evindən qeydlər” adlı povestini və “Alçaldılmış və təhqir olunmuşlar” romanını yazır. “Alçaldılmış və təhqir olunmuşlar” romanı, Dostoyevskinin ən uğurlu romanlarından biri sayılır. Romanın qəhrəmanı Vanya yoxsul olsa da, uğur qazanmağı qarşısına məqsəd qoymuş gənc bir yazıçıdır. Vanya ilə Dostoyevskinin xarakteri olduqca bənzərdir. Romanda Vanyanın Nataşa ilə münasibətindən bəhs edilir. Bu sevgi münasibətində xəyanət və xəyal qırıqlığı vardır. Dostoyevski, “Alçaldılmış və təhqir olunmuşlar” romanı ilə yenidən yazıçı olaraq öz mövqeyinə qayıdır. Dostoyevski uzun bir zaman nəşr evlərinin verdikləri vəsaitlər hesabına dolanır, amma nəşr evləri onu o qədər çox sıxışdırır ki, tam 29 gündə “Qumarbaz” adlı əsərini qələmə alır. Bundan bir il öncə məşhur “Cinayət və Cəza” adlı romanını qələmə almışdı. Ardından, onu ədəbiyyat dünyasında əfsanə edəcək romanlarını yazır. “İdiot” (1868), “Cinlər” (1872) və “Yeniyetmə” (1875). Bu arada, işlərini daha da inkişaf etdirmək və daha sürətli yazmaq üçün 20 yaşındaki katibəsi Anna Qriqoriyevna Snitkinanı işə götürür. O zamanlar 45 yaşında olan Dostoyevski gənc Anna ilə evlənir. Bu evliliklərindən bir qızları olsa da, qızları doğulduqdan bir neçə ay sonra ölür. 

Dostoyevski ölümündən bir il öncə Puşkinin heykəlinin açılışında Turgenev və Tolstoyun olduğu bir kütlənin önündə elə təsirli bir nitq söyləyir ki, həyatı boyunca heç bir məktubuna cavab verməyən Turgenev belə nitqin sonunda ona sarılaraq ağlayır. Xalq onu, bir növ, peyğəmbər olaraq görür. Bircə ildə o, çox istədiyi şöhrəti əldə edir, şah əsəri “Karmazov qardaşları” romanını yazır və bu əsəri bitirməsindən 3 ay sonra 9 fevral 1881-ci ildə 60 yaşında həyata gözlərini yumur. 

Dostoyevskinin əsərlərindən ən çox tanınanları və tərifə layiq görülənləri: “Ölü evindən qeydlər”, “Cinayət və Cəza”, “Qumarbaz”, “İdiot”, “Cinlər”, “Yeniyetmə”, “Karmazov qardaşları” və “Alçaldılmış və təhqir olunmuşlar” idi. Bu əsərlərində Dostoyevskinin ən çox ilham aldığı şəxs yenə də özüdür. “Qumarbaz” romanında qumarı böyük bir tutqu ilə izah etməsinin səbəbi özünün də qumarbaz olması idi. “Karamazov qardaşları” romanındakı ata personajı öz atasından başqası deyildi. “Cinayət və Cəza” romanında Raskolnikovun keçirdiyi epilepsiya tutmalarını bu qədər gerçəkçi danışmasının ən önəmli səbəbi özünün çox şiddətli epilepsiya xəstəsi olması idi. Zəif qadınları, kişilər tərəfindən döyülən və ya da əzilən qadınları bu qədər yaxşı təsvir etməsinin ən önəmli səbəbi anasının belə bir qadın olmasıdır. Qısacası, Dostoyevski doğuşdan möhtəşəm bir təhkiyəçi ola bilər, yazmaqda bacarıqlı ola bilər, amma onun haqqında ən önəmli detal, yazdıqlarının çoxunu yaşamış bir adam olması idi.

Tematik yöndən baxsaq, Dostoyevskini ədəbiyyata nə gətirmişdir? - deyə sual verməliyik. Dostoyevski romanlarında hər hansısa bir qəhrəmanına daha çox önəm verməmiş, hər bir qəhrəmanını bərabərhüquqlu hesab etmişdir. Bəli, əsərlərində bir baş qəhrəman var idi, amma ən az baş qəhrəman qədər güclü olan digər qəhrəmanlar da var idi. Dostoyevski həyata mütləq acı, ya da mütləq hüzn olaraq baxmırdı. Heç bir qəhrəmanına da o gözlə baxdırmazdı. Əksinə, duyğu partlayışı yaşadardı. Bəzi ədəbiyyatçılar, məsələn Baxtin buna çoxsəsli roman deyir. Əgər elə bir termin varsa, bunun ən gözəl nümunələrini Dostoyevski yaratmışdır, zənnimcə. Dostoyevskinin yazdığı mövzularda sevgi, xəyanət, çılğınlıq, qumar, köləlik, ailə munasibətləri var. Müraciət etdiyi mövzular gerçəkçi izahı ilə birləşərək möhtəşəm bir roman ortaya çıxır. Həyatı cəhənnəm kimi olan bir ədəbiyyatçının cəhənnəmdən yazması oxucunu idarə edilə bilən bir xaosa sürükləyir. Tolstoy hər nə qədər dərin və səlist bir yazıçıdırsa, Dostoyevski o qədər bağımsız və macərapərəstdir.
 

Load Time (S) : 0.006533