TEATRO

TEATRO

sənət portalı

post-title

Səbuhi Ağabəy - İBLİS – cümlə xəyanətlərə bais, yoxsa...?

İBLİS – İnsanın iç dünyasındakı qarmaqarışıqlığı və təzadları anlamaq baxımından, ideal bir simgədir. 

İblisin bir-birindən ayrı, lakin bütünləşmiş üç məqsədi mövcuddur. İblis Tanrıya və kainatın düzəninə qarşı baş qaldırmışdır. İnsanlığın sürükləyici düşmənidır və çox önəmli bir əmri yerinə yetirmədiyi üçün, Tanrının onun əməllərini xoş qəbul etməyəcəyini bilir. Lakin İblis Tanrıyla işbirliyi içindədir. İblis, bir ateist deyildir. Tanrını görmüşdür və onun ilahi gücünün əmrində olduğunu bilir. Tanrı həm Şeytanı, həm də neqativliyi, qurtuluş üçün gərəkli olan işləmləri həyata keçirsinlər deyə insanlar üzərindən istifadə edir. İblis olmadan, pozitivlik və neqativlik arasındakı gərginlik olmadan, şeir, incəsənət, fəlsəfə və dövlət idarəçiliyi mümkün olmazdı. 

İblis, insanın iç dünyasının qarışıqlığını, təlatüm və təzadlarını anlamlandırma və simvola çevirmə arayışlarına ən çox yardım edən simgələrdən biridir. İblis obrazı o qədər güclü və təsirlidir ki, insanların düşünüb də dilə gətirə bilmədiklərini, içlərindən keçənləri üzlərinə yansıdır. Məsələn, qızını itirdiyi üçün Allahı məzəmmət edən İxtiyarı, İblis mükəmməl bir üsyana sürükləyər: 

 

Fəzlə, həp fəzlə bütün qəhrü niyaz, 

Üzülüb durma, o hiç aldırmaz. 

Bir çocuqdur ki, o pək bipərva, 

Bir oyuncaqdır onunçin dünya; 

Həm yapar, həm də qırar əylənərək, 

(qəhqəhə) 

Bu da bir başqa məraq olsa gərək... 

 

Adının haqqını yetərincə ödəyən Hüseyn Cavidin “İblis” əsəri, başdan sona kimi bütün fəlakətlərə insanların özlərinin və Allahın səbəb olduğu haqqında baxış açıları ilə doludur. “İblis” faciəsi tam olaraq bu məsələ üzərində qurulmuşdur. Bəs, şeir, insanın genetik kodundanmı gəlir, yoxsa daha sonra xaricdənmi qazanılır? Ədəbi tənqid sahəsində bu məsələ həmişə müzakirə mövzusu olub. 

Həyatda insanlar arasında xainlər çoxdu, fəqət yer üzündə bir nəfər belə olsa iblisə uymamış, saf, təmiz qəlbli insan tapmaq mümkündürsə, “insan” ümumunu iblisliklə damğalamaq olmaz. Bu fikrə hərkəs qatıla bilər. Lakin “İblis insanın içindədir” deyimi bütün insanların içində şər və pisliyin hökümran olduğu anlamına gəlməz. Məsələyə bir də bu yöndən baxaq. İblis, məcbur edə bilməz, yalnızca “İnsanın içinə bəzi düşüncələr atmaq surətiylə təlqin edər”. Buna görə də İblis, insanların içindəki toxumların cücərib gün üzünə çıxmasına vəsilə olur. Onu dinləyib dinləməmək isə insanın əlindədir. Bəli, Quranı-Kərimdə bu məsələ çox aydın şəkildə işıqlandırılır və göstərilir ki, iblis əlbətdə, insanların qəlbinə yol tapa bilir, amma yalnız o insanların ki, onların qəlbində müqəddəslik duyğusu, Allah sevgi yoxdur. Allah sevgisi olan yerə iblis yaxın dura bilməz. Quran, şeytana xitabən belə deyir: “Şübhəsiz, qullarım üzərində sənin heçbir hakimiyyətin olmayacaqdır. Vəkil olaraq Rəbbin yetər!” Gerçək budur ki, iblisin, inanan və yalnız Rəbblərinə təvəkkül edən kimsələr üzərində heç bir hakimiyyəti yoxdur. 

Bir də məsələyə digər yöndən baxaq. “İblis” əsərindəki Arifi başlanğıcda necə tanıyırıq? Bütün yaxşı yönləriylə birlikdə Allaha üsyan edir Arif. Daha uşaqkən evləri yanmış, ailəsi ölmüş, kiçik qardaşı itmiş, qanlı savaş, xəyanətlər, məğlubiyyətlər, dünya qan çanağına dönmüşdü. Bütün bu səbəblər, söz yerindəysə, “Allahın işinə qarışmaq” xəstəliyinə düçar edir Arifi. Ona qalası olsa, böyük kütlə özəlliklə savaş zamanı bu “xəta”ya düşüb. Asan həyatda imanlı olmaq da asandır, əsl imtahan çətin günlər üçündür. Məhz İblis də filosof Arifin imanının bu əksik qalan tərəfindən istifadə edir. Bu xəstəlik insana hardasa başqa bir qaynaqdan yoluxmuşdur düşüncəsində olanlara məntiqli cavabım belədir ki, “yoluxucu xəstəlik”, özü üçün uyğun şərait tapdığı zaman yoluxa bilir. İblis də Mələk də insanın içində daim mübarizə aparırlar.  İblisə uyan Arif, bütün orqanların ehtiras üçün giriş qapıları olduğunu unudur, halbuki Qul, bunların hamısını qorumaqda məsuldur. Quran belə deyir: “Nəfsə və onu düzgün bir biçimdə şəkilləndirib, ona pislik duyğusunu və təqvasını ilham edənə andolsun ki, nəfsini təmizləyən qurtuluşa çatmışdır”. Mübarizə bunun üçündür. Çünki Quran, “Əgər şeytandan bir şirnikləndirmə səni qıcıqlandırarsa, o an Allaha sığın. Şübhəsiz O, haqqıyla eşidəndir, haqqıyla biləndir”.

Arifə görə, etdiyi bütün cinayətlərin səbəbi İblisdir, halbuki Cavid, günahları nəfs və ehtirasının əsiri olan insanlarda axtarır. Kainatdakı hər şey Allah tərəfindən yaradıldığına görə pislik də Onun məxluqudur. Daha açıqcası, neqativlik Allahın kosmik planının önəmli bir parçası olaraq yaradılmış və Quranda da İblis və Şeytan deyə adlandırılmışdır. İnsan təkamülündə xəbərdaredici bir faktor olan Şər, insanın özünübilmə və tanıma funksiyasını gerçəkləşdirməsinə və insan kimi qalabilməsinə imkan verir. İblisdəki Arif, dövrünün vəhşilikləri və şeytanları içərisindən keçib Tanrıya qovuşmağın yolunu tapa bilmir. Çünkü Allaha gedən yol İblislə mübarizədən keçir. 

Buna görə də Arifin əsl məhvinə səbəb olan nüans zəiflik və mübarizəsizlikdir. Çünki İblis dünyaya insanların mübarizə aparıb özlərini isbatlaması üçün göndərilmişdir. 

Hüseyin Cavidin “İblis”i bədii qüdrətinə görə, Lucifer, Demon, Mefistofel kimi iblis tiplərinin yanında yer alır. Lermontovun Demonunundan sonra Cavidin İblisi demonizm şeir sənətində sonuncu qüvvətli iblisdir.  Hötenin “Faust” əsərini oxuyan insan hər dəfə orada özünə aid dərin-məhrəm bir şeylər kəşf edə bilər və bu xüsusi duyğular, dünyadakı şər və haqsızlığa fəlsəfi yöndən baxmağa, bir şəkildə yaşamağa davam etməyə, bəzən isə üsyan etməyə və savaşmağa imkan verər. Bu fikrin eynisini “İblis” əsəri haqqında da deyə bilərik.

İnsanın içində həm nur həm alov, həm xeyir, həm də şər toxumları var, hansı toxumu bəsləsən o böyüyər, pöhrələnər və qol-budaq atar, hansını bəsləməsən o çürüyər və yox olar. İblisin yalnızca təhrik etmə gücü vardır, məcbur etmək gücü yoxdur. Allah, iblisi, yəni şəri dünyada insanın tərəqqisi və kamilləşməsi üçün var edir. Qiyamət gününə qədər bu belə davam edəcəkdir. İnsanın günahı qurtuluşa gedən yolu bağlayır. İnsan dünyaya qarşı çıxdığı zaman İblisə yaxınlaşmış olur. Həyatın mənasını ağıl ilə dərk etmək Arifləri iblisləşdirir. Hissiyatla dərk etmək Muhəmədləri peyğəmbərləşdirirr. Dünyanın çarxı, yaradılışdan bəri xeyir və şərin mübarizəsi üstündə dövr etməkdədir. İnsanın vəzifəsi mübarizə aparmaqdır. Allaha gedən yol, bilgi ve mənəviyyat mütənəsabini qoruyaraq İblislə mübarizədə qalib olmaqdan keçir. Hüseyin Cavidin “İblis” faciəsinin dini-fəlsəfi ideyası budur. 

Dünya hələ də fırlanırsa, şərə qarşı mübarizə edəbiləcək güc olduğu üçündür. Bəli, İblislər bugün də var, gələcəkdə də olacaq. İnsanın içindəki və xaricindəki İblislə mübarizə həmişə davam edəcək. Bu səbəbdən də Cavidin “İblis”i hər zaman diri olacaq. Hüseyin Cavidin teatr üçün mənzum şəkildə qələmə aldığı bu tragediya, dini-fəlsəfi ağırlığının altında əzilmədən bədii-estetik dəyərini  yüksək səviyyədə tutmağı bacarmışdır. “İblis” faciəsinin əsil möhtəşəmliyi, yazıçının şəri canlandıraraq insanların doğruya yönəlməsini, dini-fəlsəfi duyğularının inkişafını təmin etməsi və ən əsası, bütün bunları didaktik yolla deyil, hissiyata təsir etmək yolu ilə verməsidir. Hüseyin Cavid, öz təsəvvüf hikməti, fəlsəfi bilgəliyi və ədəbi qüdrəti ilə əsərdəki İblis təlqininin arxasından parlayan bir nur kimi oxucunun və izləyicinin “məna” gözlərini açıq tutmağa çalışmışdır.

 

Load Time (S) : 0.000294