Salam, İsrafil müəllim!
Əvvəlcə bu məktubu yazma səbəbimin tarixçəsindən başlayım. Ötən ilin dekabrında bir əlyazmanızı kompüterdə yığmaq üçün mənə verdiniz. Məktub idi. Müəlliminizə - Tofiq Kazımova yazdığınız yeddinci məktub. Həmin məktubu oxuyanda başa düşdüm ki, müəlliminizin vəfatından sonra ona sağlığında deyə bilmədiklərinizi məktublara yazırsınız və bu məktublar bir gün hamının oxuyacağı kitaba çevriləcək. Həmin məktubu kompüterdə yığarkən çox kövrəlmişdim və elə həmin gün qərara gəlmişdim ki, sizin hər doğum gününüzdə mən də məktub yazım. Bu, birinci məktubdur. Niyə məktub? Axı burada yazdıqlarımı üzbəüz də deyə bilərəm. Necə olmasa, sizin kursunuzda təhsil almaq, sizinlə ünsiyyətdə olmaq kimi bir xoşbəxtliyə sahibəm. Amma bunun da səbəbləri var. Birincisi, mən xoş söz demək məsələsində bir az naşıyam, yazıda alınacağına ümid edirəm. İkincisi də, lap deməyə cəhd göstərsəm də, siz buna həmişəki cavabınızla imkan vermirsiniz: “siz axı mənim tanıdığım adamları görməmisiniz, tanımırsınız, ona görə sizə elə gəlir ki, mən böyük adamam”.
Əminəm ki, sizin böyük hesab etdiyiniz şəxsiyyətlər də barələrində məhz belə düşünüblər. Ona görə də bu məsələyə görə mübahisə etməyəcəyəm.
Hə, məktub yazmağımın bir səbəbi də elə indi ağlıma gəldi. Sizin əl yazılarınızda hansısa sözü başa düşməyəndə zarafatla dediyiniz “sənə çoxlu məktub yazacağam ki, xəttimi başa düşəsən” vədinizə hələ ki əməl etməmisiniz. Əl yazısı ilə olmasa da, ilk məktubu mən yazıram.
Bilirsiniz, bu günlərdə müəllimlərimizdən biri “adam inana bilmir ki, İsrafil müəllimin 75 yaşı tamam olur” deyəndə heç təəccüblənmədim. Bu mövzuda təəccüblənməyi elə ilk dərslərimizdə bir kənara atmışam. Tələbəniz, mənim qrup yoldaşım Əlinin (18 yaşı iki ay əvvəl tamam olub) hələ dərs ilinin əvvəlində mühazirənizdən sonra heyranlıqla dediyi “Şəbnəm, xəbərin var ki, müəllim səndən də, məndən də cavandır” fikri ilə çoxdan razılaşmışam. (Bu yerdə səsinizi eşidirəm, “bəs “maşallah” deməyəcəksən”.)
Cavanlıq-qocalıq mövzusuna dediyiniz və artıq dilimin əzbərinə çevrilmiş cümlə ilə yekun vurum: “Qocalmaq qorxulu deyil. Qorxulu olan köhnəlməkdir. Bu isə istənilən yaşda, lap gənclik illərində də ola bilər”. Bilirəm ki, sizi heç vaxt belə təhlükə gözləmir. Çünki yeniliklərdən, müasir həyatdan bir an da geri qalmırsınız. Kafedraya nə zaman gəlsək, başınızın üstünə yığılmış nə qədər gənc müəllim, tələbə (əksəriyyətinin heç rəsmi olaraq müəllimi olmasanız da, əksini iddia edirlər), universitetdə oxumayan, artıq məzun olmuş yaradıcı şəxslər görürük. Hamı sizdən öyrənməyə, bəhrələnməyə, məsləhət almağa gəlir. Belə mühitdə nə köhnəlmək, nə də qocalmaq olar!
Məncə, cavan qalmaq məsələsində bir sirr də var. Onu elə ilk mühazirənizdə bizimlə bölüşmüsünüz. İlk mühazirənizdən bir az ətraflı yazmaq istəyirəm. Bu təhsilimdən əvvəl 6 illik tələbə həyatım olduğu üçün şəxsi arxivimdə qalaq-qalaq mühazirə dəftərləri var. Məcburiyyətdən, müəllimlər tələb etdiyi üçün yazılan mühazirə dəftərləri. Amma az qala hər gün dərs keçsəniz də, sizin fənninizlə (Rejissor sənəti) bağlı bircə dənə də belə dəftərim yoxdur. Səbəbi deyəsən elə ilk cümlələrinizlə demişdiniz: “Mən mühazirəni nağıl kimi, yuxu kimi danışıram ki, hamıya aydın olsun”. 90 dəqiqə çoxdan bitmişdi. Biz isə sehrli nağıla qulaq asırmış kimi tilsimlənib qalmışdıq. Bu mühazirədə hər şey var idi: dərs, tövsiyə, ibrət, məsləhət, keçmişə səyahət, gələcəklə bağlı arzular, zarafatlar... Bunu necə yazasan, həmin an yazmaq haqqında necə düşünəsən? Dərs bitəndə qarşımdakı dəftərin vərəqlərinin bomboş olduğunu görüb təşvişə düşmüşdüm. Niyə heç nə yazmamışam? Birdən indi danışılanlar yadımdan çıxsa? Birdən bu söhbətləri bir də heç vaxt eşitməsəm? Həyəcanla qrup yoldaşım Əlidən mühazirədən qeydlər götürüb-götürmədiyini soruşmuşdum. O isə telefonunun qeyd yerini açıb göstərmişdi: “Cəmi bir cümlə yazdım: “Sevgi haqqında çox düşünün!”
Bəli, belə də demişdiniz: “Sevgi haqqında çox düşünün”. Hələ həmin an bu fikrə təəccüb də etmişdim. Axı “sevmək” və “düşünmək” bir çox dünyagörüşlərində qarşı-qarşıya qoyulan, gah birinə, gah da digərinə üstünlük verilən anlayışlardır. Siz bu ikili – hissi və idraki proses arasında balansı tapmısınız. Sirr də elə bundadır. Sevməkdə və düşünməkdə!
Mənə elə gəlir ki, sizinlə ünsiyyətdə olanların hamısı özünü xüsusi hiss edir. Danlananlar da, təriflənənlər də (bu nadir hallarda baş versə də). Danlasanız da, sonda həmsöhbətinizin ürəyini almaqla, bir xoş zarafatla yola salmağınız var axı. Yeri gəlmişkən, Əli sizi parodiya edəndə bu detalı yaxşı göstərir. Qoy, bir sirr açım, hərdən Əlidən sizi parodiya etməyini xahiş edirik. Deyəsən o da ən çox sondakı zarafatlarınızı yadda saxladığı üçün Bakı ləhcəsi ilə deyir: “Bi dağa diyan, bi dənə anekdot danışım, sora gedərsən”. Parodiyanın dozasını aşan kimi ərklə “Hey, stop, mənim müəllimim elə danışmır” deyib dayandırıram. O da “elə bil, o mənim də müəllimimdir” deyib etiraz edəndə cavabında “yox, ən çox mənim müəllimimdir” deyirəm. Bir dəfə belə mübahisələrimizdən birinə keçmiş tələbələrinizdən biri də qatıldı: “Mən daha əvvəl onun tələbəsi olmuşam, deməli İsrafil müəllim ən çox mənim müəllimimdir”. Mübahisə sübutlar məqamına çatanda Əli Nəsiminin, Füzulinin, Seyid Əzimin, Vahidin qəzəllərini sizinlə təhlil etməyindən danışdı, mən yazmaq istədiyim süjetləri, ssenarinin detallarını sizinlə bölüşməyimi əlimdə əsas tutdum. Həmin məzun isə daha tutarlı sübut gətirdi: “Həyatda heç kimə, heç anama da demədiyim sirrimi yalnız müəllimimlə bölüşmüşəm və əminəm ki, o bu sirri heç kimə verməz”.
Amma yenə də iddia edirəm: Siz ən çox mənim müəllimimsiniz! Artıq bir il olacaq ki, bütün işlərimdə sizi özüm üçün ölçü götürmüşəm. Yazmaq istədiyim mövzuları, işdəki çətinlikləri, dostlarımla münasibətləri, gələcək planları sizinlə bölüşməsəm belə, sizin fikirlərinizlə ölçməyə çalışıram. Müəllim buna nə deyər, bunu dəstəkləyərmi, etiraz etməz ki?! Tərəddüd etdiyim məqamlarda sizin ərklə dediyiniz “ay müsəlman, bunu belə eləməzlər axı”, “ay redaktor, bu cümlə belə yazılmır axı”, “ay dramaturq, sən də belə yazandan sonra...” cümlələr qulaqlarımda səslənir.
Müəllimi, ustadı, yolgöstərəni olmaq necə xoşbəxtlik imiş! Həm də sizin kimi!
Çox tez-tez sizi bu qədər gec tanıdığım üçün təəssüflənirəm. Amma həm də “hər şeyin bir səbəbi, bir “nə üçün”ü var” fikri ilə özümə təsəlli verirəm. Bu “nə üçün” məsələsini gündəlik işlərimizdən gələcək rejissor fəaliyyətimizə qədər hər şeyə tətbiq etməyimizi istəyirsiniz. Əgər bir işi nə üçün gördüyünü bilmirsənsə, o işlə məşğul olmamağı məsləhət görürsünüz.
İndi bu cümlələri yaza-yaza sizin “ay Şəbnəm, axı bunları nə üçün yazmısan” sualını verdiyinizi eşidirəm. Düşünürəm və cavabı sizin öz fikrinizlə verirəm: “Hər şeyin bir səbəbi var, bir “nə üçün”ü var. Bəlkə bircə sevgi istisnadır”.
Sizə hər doğum gününüzdə yazacağım məktubların hesabını itirməyim arzusu ilə: Tələbəniz Şəbnəm Xeyrulla
Müəllifin digər yazıları
CHARACTERS Müasir Dramaturgiya Festivalı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyes müsabiqəsini elan edir.
Layihənin məqsədi – m&uum...
YUĞ Teatrı Meksikada
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Respubliaksı Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 10-19 oktyabr tarixlərində Meksika Birləşmiş Ştatlarının Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil edilən 35-ci Kimera Beynə...
Azərbaycan Dövlət mükafatı laureatı, Xalq rəssamı, professor Nazim Bəykişiyev dəzgah boyakarlığı və teatr rəssamlığı sahəsindəki möhtəşəm əsərləri ilə Azərbaycan incəsənət tarixinə daxil olmuş görkəmli sənətkardır. Əsərləri ABŞ, İ...
Əgər “Albalı bağı” yalnız qəhrəmanların taleyindən bəhs etsəydi, çoxdan unudulmuşdu. Çexovun dramaturgiyası qəhrəmanlardan deyil, zamandan doğulur. Onun personajları artıq fərd kimi yaşamır, onlar zamanın fraqmentləri, ke&cc...
Azərbaycan teatr tarixində ilk yubiley təntənəsi (mətbuatda yomi ali yazılırdı) Cahangir Zeynalov üçün keçirilib. Yubileyin təşkilati işlərini və maddi xərcləri “Nicat” cəmiyyəti öz öhdəsinə gö...
Bu yaxınlarda mətbuat səhifələrində olduqca maraqlı, eyni zamanda həyəcanlı düşüncələr yaradan bir yazı dərc edilmişdir. Bu yazıda MDB ölkələrində 2024-ci il üzrə te...
Bakı Uşaq və Gənclər Teatrı yeni layihə həyata keçirməyi planlaşdırır. “Addım-addım Vətəndə” adlanan layihə çərçivəsində kollektiv ayda bir gün Azərbaycanın müxtəlif bölgələrində fəali...
Qazaxıstanın mədəniyyət paytaxtlarından biri sayılan Taldıkorqan şəhəri 12–17 sentyabr 2025-ci il tarixlərində böyük bir mədəniyyət hadisəsinə - 3-cü “BİKENFEST” Beynəlxalq Teatr Festivalına ev sahibliyi edib. Qazaxıs...
26 sentyabrda Bakı Uşaq və Gənclər Teatrında 24-cü teatr mövsümünün açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Vətənimizin b...
Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası baş tutub.
Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf ed...