Teatr - insan ruhunun, düşüncələrinin və hisslərinin canlı şəkildə səhnədə ifadə olunduğu sənət növüdür. O sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda cəmiyyətin güzgüsüdür. Teatr insanları düşündürməyə, empatiya qurmağa, dünyaya fərqli prizmadan baxmağa vadar edir. Teatr bizi biz edən duyğuların, qorxuların, arzuların səhnədə əksidir.
İnsan özünü cəmiyyətə fərqli obrazlarla təqdim edir. Evdə bir insan, dostlarımızın yanında başqa biri, bizə tanış olmayan insanların yanında isə fərqli obrazlarda oluruq. Beləliklə, bir ailə üzvü, bir tələbə, dost, tanış və ya cəmiyyətin bir fərdi kimi müəyyən gözləntilərlə qarşılaşırıq. Ancaq biz səhnədəki o faciə qəhrəmanı deyilik ki, məqsədimizə hər cürə çataq, mənən ölsək də cismən yaşayaq, arxamızdan pis danışılmasın və ya iki günə unudulmayaq. Həyatdakı mübarizəmiz isə bəzən bir teatr pyesi qədər qısa olmur. Bəzi insanlar axıra qədər mübarizə aparır, bəziləri isə baş qəhrəman kimi iradəli ola bilmir. Teatr və həyat bir-birinə bənzəsə də onları ayıran əsas cəhətlərdən biri budur ki, səhnədə hər şey əvvəlcədən yazılmış olur, həyatda isə ssenari daim yenidən yazılır. İnsan yaşadıqca özünün həyatdakı yerini, düşüncələrini, həyat yolunu dəyişə bilər. Tamaşada baş qəhrəmanın taleyi rejissorun əlindədir. Ancaq insan həyatı yaradanın əlindədir və orada möcüzələr mümkündür. Teatrda hər tamaşanın bir finalı var, amma həyatda bu finallar həmişə açıq qalır.
İnsan doğulduğu andan etibarən öz hekayəsinin həm aktyoru, həm də ssenari müəllifi ola bilər. Lakin bu, həmişə belə olmur. Əgər həyatımızın ssenarisini başqaları yazırsa, biz həqiqətən yaşamırıq – sadəcə bizə öyrədilmiş bir rolu ifa edirik. Bu məqamda İbsenin “Kuklalar evi” əsərini xatırlasaq, Noranın hekayəsi buna bariz nümunədir. O, öz həyatının baş rolunda olsa da əslində başqalarının gözləntilərinə uyğun hazırlanmış kukladan başqa bir şey deyildi.
Teatr Aristotelin “Poetika”sında qeyd etdiyi kimi təqlid üzərində qurulur. Burada məqsəd gerçəyi olduğu kimi göstərmək yox, onu yeni bir formada təqdim edərək düşündürmək və hisslər oyatmaqdır. Bəzən real həyatda görmədiklərimizi, dərk etmədiklərimizi teatr vasitəsilə anlayırıq. Elə teatrın gücü də bundadır ki, o təqlid edərək gerçəkliyi insanın üzünə vura bilir. Real həyatda təqlid isə fərqli məqsəd daşıyır. İnsan sosial varlıqdır və uşaq yaşlarından etibarən başqalarını müşahidə edərək müxtəlif davranışları öyrənir. Bu təqlid həmişə müsbət olmur. Bəzən təqlid insanın gerçək kimliyini tapmasına mane olur. Piter Brukun sözləri ilə desək: “Teatr yalandan istifadə edərək həqiqətə çata bilir, amma həyat bəzən həqiqəti gizlətmək üçün yalan danışır”.
Hər hansı bir aktyor səhnədə rolunu oynayarkən düşünür: “Görəsən, rolu yaxşı canlandırdım? Tamaşaçını buna inandıra bildim?” İnsan da bəzən gündəlik həyatda bir başqası ilə ünsiyyətdə olarkən eyni qeyri-müəyyənlik içindədir. O düşünür: “Görəsən, gözlərimdəki kədəri gördü? Dediyim sözlərlə gerçək hisslərimin üst-üstə düşmədiyini anladı?” Beləliklə, aktyor seyrçini, insan isə qarşısındakını inandırmağa çalışır.
Teatr sənətində aktyorlar hər hansı başqa bir rolu – uydurmanı oynayırlar. Həyatda da bəzi insanlar belədir: onlar özlərini olduğu kimi yox, başqa cür göstərərək ayrı bir rola bürünür, digərlərini aldadır, bəlkə də həmin yalanlara özləri də inanırlar. Burada fərq ondadır ki, yaxşı rol oynayan aktyoru “peşəkar”, insanı isə “yalançı” adlandırırıq. Çünki teatrda uydurma sənətə çevrilir, həyatda isə aldatmağa. Vilyam Şekspirin dediyi kimi: ”Bütün dünya bir səhnədir və qadınlar da, kişilər də aktyorlardır”.
Tamaşada aktyor eyni rolu dəfələrlə oynaya bilər, hər dəfə onu təkmilləşdirib yeni çalarlar qata bilər. Lakin insan üçün hər an təkrarsızdır – bir dəfə yaşanır və geridə qalır. Aktyor zamanla roluna alışır, onu mənimsəyir, amma insan qarşılaşdığı hadisələrin təsirindən bəzən uzun müddət çıxa bilmir. Səhnədə hər şey nəzarət altındadır, həyatda isə hisslərimizi və reaksiyalarımızı əvvəlcədən məşq etməyə fürsət olmur.
Tamaşa sona çatanda aktyor rolundan çıxaraq reallığa qayıdır. Bəlkə də teatr bizə göstərir ki, xəyal aləmi olmadan həyat ruhsuzdur. Xəyal aləminin aktyorun psixologiyasına da güclü təsiri olur. Belə ki, bəzən artist roldan çıxa bilmir, öz rolu ilə real həyatı qarışdırır. İnsan bəzən xəyalı gerçəkləşdirmək üçün reallığın sərtliyinə dözməli olur. O, hər gün səhnəyə çıxır və rolunu ifa edir. Rollar həyatın bir hissəsidir, amma insan həqiqətən xoşbəxt olmaq istəyirsə, özünü olduğu kimi qəbul etməli və maskalarını çıxarmağa özündə cəsarət tapmalıdır.
Müəllifin digər yazıları
12 mart tarixində Azərbaycan Dövlət YUĞ Teatrının “Birinci akt” tamaşasının premyerası baş tutub. A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” YUĞ teatrının banisi, Əməkdar incəsən...
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi, Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “Teatr 2.0: Ruh və kod” mövzusunda beynəlxalq tələbə elmi konf...
10 mart – Milli Teatr Günündə CHARACTERS Müasir Dram Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə keçiri...
CHARACTERS Teatrı və Fluxus Space incəsənət qalereyası İsmayıl İmanın eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Omid, sonuncu ağ durna” tamaşasını təqdim edirlər.
Tamaşa ağ durnaların qərb populyasiyasının son nümayəndəsi olan Omidi...
Şair xalq! Bu sözü bizə kənardanmı deyiblər, yoxsa özümüzmü söyləmişik bilmirəm. Ancaq onu bilirəm ki, bu sözdə böyük həqiqət payı var. Biz hamımız əlimizə qələm alı...
CHARACTERS Müasir Dramaturgiya Hərəkatı EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində Azərbaycan dilində yazılmış pyeslər üzrə müsabiqənin ilkin nəticələrini açıqlayı...
Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavlovi&...
28 fevral 2026-cı il tarixində Şuşa Dövlət Musiqi Dram Teatrında Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü və “EMEDİA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə inklüziv və autizm spektrli uşaqların iştirakı i...
Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan İncəsənət Məktəbi MMC-nin təşəbbüsü və "EMEDİA GROUP" Media Təşkilatının təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq həssas kateqoriyalı gəncin ifasında sürreal...
Yorğun adamın sayıqlamaları
“İçimizdəki köləni damla-damla sıxıb çıxarmaq lazımdır”
Anton Çexov
Planlı yaşamaqdan yorulmuşam – demək istədim, xatırladım ki, heç vaxt planlı yaşamam...