TEATRO

TEATRO

sənət portalı

post-title

“Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, TeatrO.az sənət portalı və müstəqil dOM teatrının əməkdaşlığı ilə “Sayt-spesifik teatr” mövzusunda seminar keçiriləcək.  Seminarın spikeri dOM Teatrının bədii rəhbəri Tərlan Rəsulovdur. O, dünya teatr məkanında geniş yayılmış ”sayt-spesifik” teatr haqqında geniş məruzə ilə çıxış edəcək. Seminar çərçivəsində “Sayt-spesifik teatr” anlayışı ilə ümumi tanışlıq, onun dünya teatr məkanındakı yeri, Azərbaycan teatr gerçəkliyində tətbiqi və inkişaf perspektivləri müzakirə olunacaq. Müzakirələr spikerlə resipientlər arasında dialoq, sual-cavab şəklində gerçəkləşəcək. 5 aprel saat 15.00-da ADMİU-nun böyük səhnəsində baş tutacaq seminarda predmetə dair videomateriallar nümayiş olunacaq və sayt-spesifik teatrın konkret təzahürləri haqqında məlumat veriləcək. 

“Site-spesifik” termini 1980-ci illərin əvvəllərindən yaransa da, 2000-ci illərdən sonra daha tez-tez işlənib. Rejissorlar tamaşa qoymaq üçün alternativ məkanlar, qeyri-teatral yerlər axtarırdılar. Teatrın qara qutuya bənzəyən səhnəsindən fərqli olaraq bu məkanların öz əhval-ruhiyyəsi, öz yaddaşı var. Onların yaddaşında müxtəlif əhvalatlar-tarixçələr var, rejissorlar tamaşa ilə bu əhvalatları canlandırmağa çalışırlar. Tədbirin məruzəçisi Tərlan Rəsulov kaspi qəzetinə verdiyi açıqlamada deyib: 

“Site-spesifik teatr” tərcüməyə o qədər də uyğun gəlməyən bir termindir. Tətbiqi dram kimi bu anlayışın da xüsusi təyinata ehtiyacı var. Bir çox mütəxəssislərin ümumi fikrinə görə, sayt-spesifik termini qeyri-teatr məkanlarında nümayiş olunan tamaşalara aid edilir və belə məkanların seçimi ifaçı-seyrçi münasibətinə yenilik gətirməklə yanaşı, teatrın funksional vəzifəsinin tamamilə yeni anlamı yaradır. Sayt-spesifik təkcə qeyri-teatral məkanın təyini deyil, daha çox tamaşanın quruluşunda xüsusi yanaşma, ənənəvi teatr səhnəsinin hüdudlarından çıxmağı nəzərdə tutmalıdır. 

Sayt-spesifik bir sıra interaktiv teatr növlərini özündə cəmləmişdir. Bunlara küçə teatrından savayı, İmmersiv Teatr (Immersive Theatre), Gəzinti Teatrı (Promenade Theatre), Mühit Teatrı (Environmental Theatre), Muzey Teatrı da daxildir. Çox zaman bu növləri bir-biri ilə qarışıq salırlar, bəzən eyni tamaşanı müxtəlif növlərə aid edirlər. Problem təkcə Xüsusi Məkan Teatr növlərinin deyil, bütün İnteraktiv Teatr növlərinin təsnifatında qeyri-müəyyənliyin olması, daha dəqiq desək, ümumiyyətlə, belə bir təsnifatın olmamasındadır.

Load Time (S) : 0.005285