Hələ İkinci dünya müharibəsindən öncə, 1931-ci ildə Yaponiya Çinin şimal-şərqi əyaləti olan Mancuriyaya qarşı hərbi təcavüzə başlamaqla dünya ölkələrinin qəzəbinə tuş gəldi. 1932-ci ilin fevral ayında Yaponiyanın arasıkəsilməz hücumlarının qarşısında aciz qalan Çin, artıq Mancuriyanı yaponlara təslim etməyə məcbur oldu. Daha sonra Böyük Çin səddini keçməyə müvəffəq olan yaponlar, Çin qoşunlarını məğlub edərək, getdikcə daha da böyük ərazilər ələ keçirdilər. Yapon hərbi xadimlərinin Müqəddəs Müharibə adlandırdıqları bu hərbi əməliyyatlar, tarixdə Sakit Okeanda İkinci Dünya Müharibəsi olaraq xatırlanır.
1931-ci ildə Yaponiya müharibəyə başladıqda, Kabuki teatrı bütünlüklə ölkənin Çinin şimal-şərqində qazandığı hərbi uğuru coşğu ilə qarşıladı. Kabuki şərəfli bir sənət növü idi və bu teatrdan ölkənin müharibədəki səylərini dəstəkləməsi gözlənilirdi. Kabukinin müharibədəki “iştirakı” yeni tipli pyeslərin yazılması və onların səhnəyə qoyulmasından başlamış, dövlət qonaqları üçün nəzərdə tutulan xüsusi performans proqramlarının hazırlanması, yüksək vətənpərvərlik ruhlu tamaşaların turlarının təşkil olunmasınadək, geniş bədii-təşkilati işləri əhatə edirdi.
Kabuki və sanskrit teatrları üzrə mütəxəssis, amerikalı akademik-professor Brendon Rocer Ceyms özünün “Kabukinin Unudulmuş Müharibəsi: 1931-1945” kitabında 15 illik Müqəddəs Müharibə dövründə Kabukinin səhnəsində oynanılan, lakin sonradan geniş miqyasda müzakirə olunmayan həmin tamaşaların rolundan bəhs edir. Yaponların bu məsələ ətrafında danışmaq istəməmələrinin səbəbi isə onların bugünə kimi üzləşmək istəmədiyi o dəhşətli dövrün utancverici və ağrılı nəticələridir.
Qeyd etmək lazımdır ki, Brendon kitabında həmin dövrdə Kabukinin öz tamaşaları ilə müharibədə iştirakını pisləmir. Əksinə, o, diqqəti Kabukinin beynəlxalq aləmdə populyarlığını teatrın Yaponiyanın müharibə sonrası məğlubiyyəti ilə əlaqləndirməsinə yönəldir:“Kabukinin müharibədən sonrakı beynəlxalq qələbəsi, Yaponiyanın müharibə dövründəki milli məğlubiyyətindən doğdu”.
Müəllif bu nəticəyə Kabukinin müharibə illərindəki unudulmuş və ya repressiyaya məruz qalmış fəaliyyətini addım-addım təhlil edərək gəlir. Yuxarıda qeyd etdiyim kimi, müharibəyə qədər Kabuki sosial cəhətdən olduqca vacib bir dram idi və ictimai həyatda mühim yer tuturdu. Müharibə dövründə isə Kabukinin ictimaiyyət arasındakı təsirini görən bir çox nazir və dövlət adamları təbliğat yolu ilə əyləncə sektorunda istədikləri ideyaları yaymaqdan ötəri bu teatra nəzarəti ələ keçirməyə çalışırdılar. Bu cəhdlər özünü müəlliflərin səhnədə cəsur, sadiq və mənəviyyatlı arxetiplər yaratmağa çalışdığı “yeni tarixi” pyeslərində daha qabarıq göstərirdi - baxmayaraq ki, pyeslərin özü tarixi həqiqətlərə tamamilə zidd idi. Məqsəd isə 1930-cu illərin tamaşaçısını dövlətə sadiqlik kimi keyfiyyətlər aşılayan ruhlandırıcı tamaşalarla təmin etmək idi. Bununla Brendon kitabında qeyd edir ki, “Kabuki dünyası milli müharibə cəhdində ürəkdən iştirak etmişdi”.
Lakin Kabuki bu iştirakda tək deyildi. Bir çox sənət mərkəzləri, aktyor, yazar və başqa sənətin nümayəndələri hökümətin ideyalarını təbliğ edir, ona dəstəyini nümayiş etdirirdi. Yalnız bir neçə istisnalar ya tamailə qaranlığa çəkilib, ümumiyyətlə sənətlə məşğul olmur, ya da Cuniçiro Tanzaki kimi müharibədən üz döndərərək bir köşəyə çəkilib tərcümə ilə məşğul olurdu (Tanzaki müharibə illərində “Genci haqqında nağıl”ı tərcümə etməklə məşğul idi). Təbii ki, Kabukinin keçdiyi tarixi yolu gözümüzün qarşısında canlandırdıqda bu teatrı fəaliyyətsizlikdə günahlandırmaq çətindir, ta o zamana kimi ki, teatrın yaradıcılığı hökümət tərəfindən durdurulmayıb.
Müharibə illərində isə Kabukinin varlığını, onun canlı teatr kimi uzun müddətə qazandığı nüfüz və insanlar arasındakı populyarlığını görən hökümət, bu fürsəti əldən vermək istəmədi. Beləliklə, yeni pyeslərin yazılması tapşırıldı və bütün tamaşalar dövlət tərəfindən senzuraya məruz qaldı. Kabuki daxil olmaqla, bir çox sənət növləri hökümətin müharibə ideologiyasının təsiri altında idi. “Hamlet” kimi bir sıra məşhur faciələr “dövlətə qarşı üsyan” və “sui qəsdə təşviq” səbəbləri ilə qadağan edildi.
Müəyyən vaxtdan sonra müharibənin gedişatında əyləncə və sənət mərkəzlərinin ləğv edilməsi ilə Kabuki-ca teatrı da iqtisadi səbəblərdən (Kabukinin dəbdəbəli olması hər kəsə aşkar idi) 1944-cü ildə bağlandı. Hadisələrin gedişatında diqqət çəkən maraqlı bir məqam isə Kabuki aktyoru Nakamura Kiçiyemonun şəxsi gündəliyində qeyd etdiyi “imperiyanı qurtarmaq üçün lazım gələrsə, Kabukinin tamamilə dayandırılmasını qəbul etməyə hazır olduğunu” qeyd etməsidir.
Yaponiyanın Müqəddəs Müharibədəki məğlubiyyəti ölkənin Müttəfiq Güclər tərəfindən 1945-ci ildən 1952-ci ilə kimi hərbi işğalı ilə nəticələndi. Xüsusi ilə amerikalıların rəhbərlik etdiyi Müttəfiq Güclərin gəlişi feodalizmi özündə göstərən hər bir nəsnənin onlar tərəfindən senzuraya məruz qalması ilə başladıldı. 1947-ci ildə rəsmi elan edilmiş yeni demokratik konstitusiya Meyci konstitusiyanı əvəz etdi.
Kabuki tamaşasından bir səhnə: “Moritsunanın Düşərgəsi” - General Moritsuna balaca qardaşı oğlu Koşiroya onun atasına olan sədaqətini göstərməsi üçün onu intihar etməyə (seppuku) cəsarətləndirir. Şəkil amerikalı müttəfiqlər tərəfindən çəkilib. Bu tamaşa təbliğ olunan yeni demokratik Yaponiyaya uyğun hesab edilmirdi. Aprel, 1947.
Tarixə çox varmadan diqqəti J.R Brendonun yuxarıda qeyd etdiyim “Kabukinin müharibədən sonrakı beynəlxalq qələbəsi”nə yönləndirmək istəyirəm. Onunla başlaya bilərik ki, Kabuki teatrı yalnız müharibənin bitməsindən sonra “klassik” olaraq qəbul olunmağa başladı. Çünki, Müttəfiq Güclər feodalizm və militarizmi tamamilə ortadan qaldıran, fərdi azadlığı ön plana çəkən demokratiya siyasətini təbliğ edirdi. Bu yeni demokratik siyasət isə yapon mədəniyyəti üçün tamamilə yeni “alien” anlayış idi.
Kabuki teatrının himayəçisi Şoçiku isə belə bir çətin zamanda təhlükə ilə üz-üzə olan yapon mədəniyyətinə - xüsusi ilə teatrına - kömək etmək istəyirdi. Çünki, Müttəfiq Güclərin bu ambisiyalı planı yalnız son on beş il ərzində Yaponiyanın müharibədəki fəaliyyəti və qələbəsinə həsr olunmuş yeni tipli pyeslərin aradan qaldırılmasını deyil, həmçinin ötən əsrlərdə yazılmış, özündə feodal ənənələrini əks etdirən pyeslərin qadağan olunmasını əhatə edirdi.
Müttəfiq Güclər isə kabukinin himayəçisi Şoçikunu səhnəni “yaxşı” - yəni demokratik mövzulu - yeni pyeslərə yer vermək üçün boşaltmağa məcbur etmək istəyirdi. Lakin Şoçikunun bütün bunlara qarşı müqavimət göstərməyə səbəbi var idi. O düşünürdü ki, əgər Kabuki klassik olaraq qəbul edilərsə, o zaman feodal mövzulu pyeslər yeni formalaşan demokratik Yaponiyada zərərsiz şəkildə səhnəyə qoyula bilərlər. Həqiqətən, elə indiyə kimi də kabuki çox nadir hallarda çağdaş drama müraciət edir və deyə bilərik ki, heç bir zaman birbaşa sosial mesaj və ya şərh vermir.
Lakin, Müttəfiq Güclərin işğalı ərəfəsində Kabuki nə dərəcədə təhlükədə idi? Bunu heç də asanlıqla söyləyə bilmərik.
1944-cü ildə işğal dövründə Amerikadan Yaponiyaya burada səhnəyə qoyulan pyeslərin senzura proqramına rəhbərlik etmək üçün Öl Enst gəlir. Xidmətdə olduğu üç il ərzində Enst, Kabuki başda olmaqla bütünlükdə Yapon teatrına heyran olur. Onun bu heyranlığı 1947-ci ildə Birləşmiş Ştatlara qayıtdıqdan sonra Havai-Manoa Universitetində yapon teatrı üzrə geniş tədqiqatlar apararaq populyarlıq qazanması ilə nəticələnir. Beləliklə, Öl Enst Asiya teatrını rəsmi şəkildə təhsil sahəsi kimi Amerika Birləşmiş Ştatlarında işləyən ilk şəxs olur. Demək olar ki, Asiya teatrının tədqiqi ilə bağlı “ilk” addımlar onun adı ilə bağlıdır. Asiya pyeslərini “orijinal” formada və ingiliscə tərcümədə ilk dəfə səhnəyə məhz Enst qoyur.
Enstin Yaponiyadan gedişindən sonra onu əvəzləyən Fabiyon Bauz, real təhlükəni hiss edirdi. Məhz Bauz “Kabukini xilas edən kişi” kimi tarixə düşdü. Fabiyon Bauz 1940-cı ildə İndoneziyaya yola düşərkən, Tokionun Kabuki-ca teatrnı ziyarət edir. O, burada məhşur “Kandehon Çuşinqara” tamaşasını izləyir. Kabuki teatrının estetikasından dərin təsirlənən Bauz, dörd il sonra Yaponiyaya Müttəfiq Güclərin işğalı ərəfəsində ali baş komandir Duqlas Makarturun katibi kimi qayıdır. Ali baş komandir düşünürdü ki, kabuki teatrı feodal dəyərləri yansıtdığı üçün qadağan olunmalıdır. Bauz qəti şəkildə bunun əleyhinə çıxır və bildirir ki, “kabuki yalnız yapon deyil, bütün dünya mədəniyyətidir və gələcək üçün qorunmalıdır”. Beləliklə, 1947-ci ildə Öl Enstin vəzifəsini əvəz edən Fabiyon Bauz Kabuki teatrının gələcək nəsillər üçün qorunmasında həlledici rol oynayır.
Düzdür, Kabuki teatrı müharibə və işğal ərəfəsində ona heyran qalan şəxslərin səylərinin nəticəsində xilas oluna bildi. Lakin müharibə çox şeyi dəyişdi. Xüsusi ilə Kabuki-ca teatrının 1945-ci il may ayındakı bomba nəticəsində dağılması Kabukinin məhvi kimi simvollaşdırılırdı və “Kabuki yenidən həyata gələcəkmi?” tipli suallar ətrafında düşünənlər meydana gəldi. Bu illər ərzində isə bütün çətinliklərə və dəyişikliklərə baxmayaraq Kabuki yenidən canlana bildi.
Amma, müharibə bütün ənənəvi Kabuki nümunələrini, ələlxüsus, Kabuki “ailəvi istirahət mərkəzi” kimi anlayışı silib atdı. İndi artıq səhnədə göstərilənlər müharibədən sonrakı yeni Kabukidir.
Bugün isə Kabuki teatrı klassik dram muzeyi kimi qəbul edilir və bugünün tamaşaçısı çağdaş dramı Kabuki səhnəsində nə görə, nə də təsəvvür edə bilir.
Mayor Fabiyon Bauz Amerikanın Yaponiyadakı səfirliyində kabuki aktyorlarının qonaq olduğu ziyafət təşkil edir. Şəkil kabuki aktyorlarını Öl Enstə təqdim etmək məqsədi ilə çəkilib. Tokio, 1946.
Ədəbiyyat:
Japanese invade Manchuria, History Central.
James.R. Brandon. Kabuki’s Forgotten War: 1931-1945.
Kabuki rescued by national defeat – The Japan Times.
World War II lessons go unlearned – The Japan Times.
Earle S. Ernst by James R. Brandon – Asian Theatre Journal.
Myth and Reality: A story of “Kabuki” during American Censorship, 1945-1949.
The Kabuki Theatre of Japan by A. C. Scott.
Sara Kərimli
ADMİU-nun magistrı
Müəllifin digər yazıları
Martın 12-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Teatr sənəti fakültəsi Teatrşünaslıq kafedrasının təşkilatçılığı ilə “İncəsənətdə postmodernizm dövrü və sonrası” mövzusun...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti “Pillə 3” Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edir.
2025-ci il 26-30 may tarixlərində baş tutacaq festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət...
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
1 mart-"Qarabağnamə"-"İ.Əfəndiyev"-12:00
1 mart-"Ah bu uzun Sevda yolu"-"Ə.Əmirli"-19:00
2 mart-"Bir qalanın sirri"-"Ə.Təhmasib"-...
Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib.
Bu barədə mətbuata onun ailə üzvləri məlumat verib.
Qeyd ed...
CHARACTERS Müasir Dramaturgiya Festivalı və EURODRAM – Avropanın dram əsərlərinin tərcümə şəbəkəsi müasir pyeslərin (1950-ci ildən sonra yazılmış pyeslərin) Azərbaycan dilinə tərcümələrinin qəbulu davam edir və 01 mart 2025-...
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI
1 fevral şənbə "İblis və..." H. Cavid 19. 00
2 fevral bazar "Şükriyyə" C.Zeynallı 19.00
3 fevral bazar ertəsi "Ağ-Qara" İ.Soltan Mingəçevir D&o...
Orta əsrlər müsəlman ölkələrinin poeziyası sirlərlə dolu bir kosmosdur, harada ki hər beyt bir ulduza bənzər; onu mütləq kəşf etmək gərək.
Ort...
“Dramla müqayisədə üstünlük nəyə görə şeirə və nəsrə verilir? Məhsulun bolluğuna və tirajın (oxucunun) çoxluğuna görəmi?” sualı 1984-cü ildə “Azərbaycan” jurnalınd...
Bu gün 20 Yanvar hadisələrinin 35-ci il dönümü ilə əlaqədar Bakı Uşaq və Gənclər Teatrı və Mingəçevir Dövlət Dram Teatrının birgə təqdimatında "VƏTƏN" kompozisiya-tamaşası Mingəçevirdə nümay...
Özbəkistanın paytaxtı Daşkənd şəhərində fəaliyyət göstərən Art House Xəmsə teatrı yanvarın 18-də 2025-ci ilin ilk premyerasını tamaşaçılara təqdim edib.Əlamətdardır ki, teatr yeni ildə tamaşaçılarını ilk dəf...