TEATRO

TEATRO

sənət portalı

post-title

Samirə Behudqızı – O, Seymurun Rüstəm olduğunu “duyub-anlamışdı”

Şəhər nəsri

Anar şəhər nəsrinin, konkret olaraq, Bakı və bakılılar, şəhərlilər, paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir. Bu nəsrdə Bakı və bakılıların, yaxud şəhərlilərin, paytaxt sakinlərinin vəsfi, tərənnümü, və ya tənqidi, qınağı yoxdur. Əvəzində mühitin son dərəcə canlı ab-havası, oxucunun özünü fiziki dərəcədə o mühitdə hiss etməyinə imkan yaradan mənəvi mənzərəsi var. Anarın əsərlərində təsvirlər lakonikdir, az sözlə çox mətləb açmaq xüsusiyyəti çox güclüdür. Bu cəhət hekayə janrı üçün əvəzsiz keyfiyyətdir. Anar qəhrəmanlarını real həyatdakı insanlar kimi danışdırır. Və ən əsası oxucu bunun tam üzvi şəkildə baş verdiyini, ədibin bundan ötrü hər hansı əlavə səy göstərmədiyini dərhal duyub hiss edir; bütün daxili monoloqlar, dialoqlar, replikalar sanki dost-tanışlarımızın səsi ilə, dili ilə cizgilənir.

Görünən səs

"Mən, sən, o və telefon" hekayəsi qələmə alındığı vaxtdan bəri yazıldığı dildə Azərbaycan Dövlət Radiosunda Amaliya Pənahova və Həsənağa Turabovun iştirakilə radio-tamaşa və Azərbaycan Dövlət Televiziyasında Əminə Yusifqızı və Həsən Əbluçun iştirakilə Ramiz Həsənoğlunun quruluşunda “Telefon gecələri” adlı teletamaşa olaraq hazırlanıb. Kinorejissorlarımız nədənsə bu hekayəyə ekran həyatı verməyi hələ də qərarlaşdırmayıblar. Təəssüf ki, Azərbaycan Televiziyasının tamaşasını izləmək şansım olmayıb. Amma gözəl sənətkarlarımızın yaratdığı bu versiyanı təsəvvür etmək çətin deyil. Radiotamaşanın, hekayədən iqtibas olaraq desək, bütün "qammaları, təyyarə uğultusu, bənövşə ətirli pauzaları" indiyədək qulaqlarımdadır - son dərəcə yaddaqalan tərzdə hazırlanmışdı. Mədinə demişkən, "efir evimin içi kimidir". O radiotamaşa evimizin içində vaqe olurdu, sanki. Radiotamaşa məhz bu təsir, təəssürat və effektdə idi. Və radiotamaşanı bir dəfə dinləyən şəxs hekayəni oxumayıbsa, mütləq mütaliə edib, radiotamaşanın yaratdığı təəssürat isə anım saxlancında ömürlük qalıb və zövqünün cilalanmasına, münasibət qurmaq mədəniyyətinin təkmilləşməsinə xidmət edib. Bu nə qədər subyektiv qənaət olsa da, həqiqəti əks etdirməsi də danılmazdır.

Çoxdilli telefon

Yarımbaşlığa gözü sataşan müasir oxucu mobil telefonların, yaxud daha dəqiq desək, smartfonların proqramındakı dil baqajından bəhs ediləcəyini düşünə bilər. Əslində isə çoxdilli olan əlimizdən düşmək bilməyən smatfonların xələfi - diskli-dəstəkli  telefonlardan, daha doğrusu, o telefonla ünsiyyət quranlardandı söhbət. "Mən, sən, o və telefon" okeanlar “adlayaraq” dünyanın bir çox oxucuları tərəfindən nəinki mütaliə edilib, hekayə hətta tamaşaya qoyulub, süjeti ekran dilinə çevrilib. Beləliklə, bəşəriyyət hekayənin əsas obrazlarından biri olan telefona öz məhəbbət və ehtiramını ifadə edib. Hekayə ilk dəfə 1967-ci ildə Moskvanın “Nedelya” həftəlik nəşrində dərc ediləndən sonra Mərkəzi Televiziya baş rollarda İrina Kartaşova və Vadim Beroyev olmaqla onun süjeti üzrə tamaşa hazırlayıb. Həmçinin o illərdə hekayəyə Qahirə, Leninqrad, Xarkov, Krım, Bolqarıstan televiziyalarında da teletamaşa kimi quruluş verilib.

1969-cu ildə "Mosfilm"də "Hər axşam on birdə" filmi çəkilib (ssenari müəllifi Edvard Radzinski, quruluşçu rejissor Samson Samsonov, bəstəkar Eduard Artemyev, baş rollarda Marqarita Volodina və Mixail Nojkin) – bu filmdə Mədinə Lyudmilaya Seymur-Rüstəm Stanislava çevrilmişdi. 2007-ci ildə türkiyəli kinematoqrafçılar bu hekayə əsasında “Və telefon” adlı bədii film çəkiblər. 

Fars-oyunun daha bir qatı

Piterli həmyerlimiz və soydaşımız Ərşad Ələkbərovun Akademik Rus Dram Teatrının səhnəsinə gətirdiyi "Mən, sən, o və telefon" tamaşası fars janrında qurulub. Bu məqam hekayənin yeni qatını kəşf etməyə imkan verir. Bu qat və ya təəssürat indiyədək necə olubsa, sezilməyib, tapmacanın içində bulmaca kimi qalıb. "Mən, sən, o və telefon" hekayəsində Anar çox xəfif bir yolağa işlədib: kişi-qadın münasibətlərinin hərəkətverici və həyat bəxşedici qüvvəsi bir-birinə marağın yaşarılığıdır. Təbii ki, kişidə bu maraq nə qədər güclü olursa, daha doğrusu, qadın hər zaman maraqlı olmağı bacarırsa, münasibətə zaval yoxdur. Və bir də "kişi başdırsa, qadın boyundur" məsəli.  Bu hekayədə Rüstəmlə Mədinənin tanışlığından sonra Anar müəllifliyi Mədinəyə verir. O mənada ki, gənc yaşında sevimli ərini itirmiş bu nərmənazik qadın situasiyanın idarəedicisinə çevrilir; düşünülmüş, planlı, məqsədli şəkildə yox, sadəcə əsl qadın olduğuna görə - yeni tanış olduğu əks cinsin nümayəndəsinə özü haqqında anket məlumatı doldururmuş kimi danışmır, həyatı və şəxsiyyəti ilə bağlı elə bilgilər verir ki, onda davam və tamamlama imkanı yaransın. Bu onun təbiətindən irəli gələn çox doğru bir davranış tərzidir.

Oyun varsa, oyunçular da var

Kəşf etdiyim qat da elə burdadır: Mədinə Seymurla Rüstəmin eyni adam olduğunu anlayıb duymuşdur. Qadın fəhmi ilə. Qadın intuisiyası ilə. Bu qatın kodu hekayədə verilib - zərurətdən doğan təsadüf sayəsində Seymur Mədinənin çalışdığı idarədə şöbə müdiri vəzifəsində işə başladığı gün makinaçı Mədinə Vəlizadənin onun Mədinəsi olduğunu aşkarlayır, səbirsizliklə axşamın düşməyini gözləyir ki, bu "nağıla bənzər" yeniliyi  ona bildirsin, Rüstəm maskasını çıxarsın, amma Mədinənin Seymur müəllim haqqında təkəbbürlü şəxs kimi danışması onu fikrindən döndərir: "Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram...", "Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi". Əlbəttə, de-fakto Mədinə hər şeydən bixəbərdir, lakin özünə belə etiraf etmədiyi dərəcədə belə demək mümkünsə, de-intuitiv bixəbər deyildir.

Hekayənin intriqası burdadır - oyun birtərəfli başlaya bilər, amma heç vədə birtərəfli davam edə bilməz; oyun davam edirsə, deməli oyunçular var. Tam mənada, əsl farsın, oyunun iştirakçıları, oyunçular Seymur-Rüstəmlə Mədinə qadın-kişi münasibətlərinin başlaması, qurulması və davam etməsinin keyfiyyət göstəricisi kimi qavranılırlar. 1967-ci ildən bu personajlar mütaliə etməyi sevən oxucular, radio dinləməyi xoşlayan dinləyicilər, televiziya tamaşalarına baxmaq həvəskarı olan teletamaşaçılar, kinofilm izləməkdən vaz keçə bilməyən kinomanlar və nəhayət, teatr quruluşlarına biganə qalmayan teatrallar, ən nəhayət, bütün bu sıralamada təsadüfi şəxslər olanlar arasında "Mən, sən, o və telefon" əhvalatına biganə qalmayanların sayı qətiyyən azalmayıb. Buna əmin olmaqdan ötrü artıq ikinci mövsümdür ki repertuarda olan Rus Dram Teatrına gedib eyniadlı tamaşaya baxmaq kifayətdir. Ərşad Ələkbərov bu quruluşunda da əsərin ruhunu canlandıra, ab-havasını görümlü-duyumlu etməyi bacarıb. Bu, son illərin əksər tamaşalarında (eləcə də filmlərində) axtardığımız, amma tapmadığımız cəhətdir. Və təbii ki, burda əsas şərt dekorasiya deyil, rejissorun peşəkarlığı və məsuliyyətidir. Deyəcəksiniz ki, Ərşad Ələkbərov dünyanın ən teatral məmləkətlərindən biri olan Rusiyanın mədəniyyət paytaxtında təhsil alıb və fəaliyyət göstərir, gəl bir bunu da bacarmasın!. Lakin  insanın daxili potensialı olmadan kənar amillərin nəyəsə qadir olmadığına aid o qədər misallar var ki...

Ərşad Ələkbərovun "Mən, sən, o və telefon" tamaşasında baş rolları canlandıran aktyorlar (Natəvan Hacıyeva və İbrahim Çingiz) personajlarla demək olar ki, yaşıddırlar. Cildlərinə girdikləri obrazlar valideynlərinin gənclik yaşında olan insanlardır. Bəlkə də onların valideynləri də Mədnə ilə Seymur kimi telefonla tanış olub evləniblər. Seymurla Mədinənin evlənməyəcəyi isə onların ilk söhbətlərindən bəlli olur. Mədinə özünü ona Rüstəm kimi təqdim edən Seymura radionun qəribə şey olmağından, elə bil bütün dünyanın, dünyanın gecəsinin, göyünün, melodiyalarının, dramlarının, təyyarələrinin otağına sığışmağından danışanda, radio ilə təyyarələrin səmadan qohum olduğunu deyəndə - o, bütün mənəvi varlığı ilə təyyarə qəzasında həlak olmuş pilot ərinin yanındadır. Lakin gənc, yaraşıqlı, cazibəli qadındır. Yeni bir münasibətə zahirən açıqdır. Daxilən isə qapalıdır. Hekayənin son sətirlərinin birində bu eyham açıq-aşkar nəticə şəklini alır: "...O, susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır (Seymurun Mədinəyə evlənmək təklifinə cavab-red.). Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik".

Aktyorların ifası peşəkar, səliqəli, məsuliyyətli, inandırıcı olmaqdan, cütlük xassəli tərəf-müqabili anımından savayı həm də yekrənglikdən uzaqdır - aktyorlar eyni zamanda həm ifaçıdırlar, oyunçudurlar, həm də ifa etdikləri, oynadıqları, canlandırdıqları personaj, obrazdırlar. Bu, çox maraqlı və dəyərli detaldır. Tamaşaçı əhvalatın, süjetin ab-havasına, ovqatına tam qərq olur, Mədinə də anlayıb sevir, Rüstəm-Seymuru da, amma həm də teatr tamaşasını seyr etdiyini də dolğun və aydın hiss edir. Bir sözlə, fars janrında hazırlanmış səhnə əsərinin tələblərinə tam cavab verən bir tamaşa.

Personajlar, obrazlar, qəhrəmanlar ərsəyə gəldikləri dövrün, zamanın təzahürləridir. Mədinə ilə Seymur XX əsrin İntibah dövrü adlandırılan 1960-cı illərin insanlarıdır. Əsərin 2023-cü ildə də maraq, sevgi, hörmət, anlayışla qavranmasının daha bir səbəbi də təbii ki budur...  

"Ədəbiyyat qəzeti"nə istinadən

Load Time (S) : 0.004434