TEATRO

TEATRO

sənət portalı

post-title

Samirə Behbudqızı - “Solğun çiçəklər”ə solmayan yanaşma

Məqaləyə əsərin bədniyyətli, şəxsi mənafeyindən savayı gözünə heç nə görünməyən bir obrazın özünəməxsus ustalıqla təqdimatının yaratdığı parlaq təəssüratla başlamaq istəyirəm. Söhbət Dövlət Milli Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərən “Art-studiya” studiyasının Cəfər Cabbarlının (1899-1934) eyniadlı pyesi əsasında hazırladığı “Solğun çiçəklər” (1915) tamaşasında canlandırılan Gülnisə obrazından gedir. Səhnə əsərini Gülnisə rolunun ifaçısı Leyli Vəliyevanın benefisi də hesab etmək olar. Hazırda təəssüf ki, artıq mövcud olmayan keçmiş Bakı Kamera Teatrının aparıcı aktrisalarından biri, o teatrın kollektivi Milli Gənc Tamaşaçılar Teatrının heyəti ilə birləşdiriləndən sonra ADMGT-nin truppa üzvü olan Əməkdar artist Leyli Vəliyevanın Gülnisəsi aktrisanın ayrı bir təqdirəlayiq ustalıqla edilmiş makiyaj-qrimitək bərq vurdu, Leyli Vəliyeva Bakı Kamera Teatrının, Dövlət Milli Gənc Tamaşaçılar Teatrının, klassik Azərbaycan aktyor məktəbinin ənənələrindən güc, zəmin, rişə alaraq çox üzvi, çox harmonik ifadə vasitələri ilə öz Gülnisəsini yaratdı – tamaşanın  aktyor heyətindən xəbərsiz olsanız, bu rolda məhz hansı aktrisanın çıxış etdiyini təxmin edə bilməyəcək dərəcədə inandırıcı bir Gülnisə. “Vicdan”anlayışını unutduğuna görə hər cür allahsızlıq etməkdən belə çəkinməyən bu qadının niyə bu cür olması kimi çətin suala cavab tapmaq istəyən quruluşçu rejissor Səbinə Məmmədzadə (tamaşanın bədii rəhbəri Əməkdar artist Nicat Kazımovdur) süjetə belə bir əlavə edib: Gülnisə qəfildən uşaqlıq xatirələrini danışmağa başlayır, bu xatırələrdə onun nə vaxtsa son dərəcə, dəqiqi, ifrat formada “rəhmdil” olduğunu görürük - balaca qızcığaz ikən çox bağlandığı dördayaqlı canlını atası bir gün kəsdiyi üçün ona qarğış edən ("yaşım çox az idi, nə bilirdim alqış nədi, qarğış nədi...") Gülnisəni də görürük. Bütün bu fərqli Gülnisələr tamaşaçının qavrayışını silkələyir. Bu əlavə ilə Səbinə Məmmədzadə Gülnisənin şüurlu həyatı boyunca törətdiyi yamanlıqları anlamağa, onun uşaq ikən təlim-tərbiyəsində yol verilən boşluqlara “işıq salmağa” çalışır  və həm də Gülnisənin dünyaya daha bir bəla kimi gəldiyini vurğulayır – hər hansı heyvanı, quşu öz həmcinsin olan insandan, xüsusən valideyndən üstün tutmaq həmin şəxsin xasiyyətində qəribə bir zalımlığın gizləndiyindən xəbər verir. Gülnisənin xislətindəki bu gizli zalımlığın sonrakı nəticələri isə bəllidir...   

Əlbəttə, böyük, geniş mənada Gülnisə şəxsləşmiş surət deyil: bir çox əsərlərdə özünü qəlbini, ruhunu iblisə satmış kimi aparan, hər şeyi öz istəyinə tabe etmək, öz mənafeyini güdmək yolunda bütün addımları məqbul bilən belə personajlar var. Onlar hesab edirlər ki, pullarını, varidatlarını ələ keçirdikləri kəslərin hisslərinə, duyğularına da sahib ola bilərlər. Xüsusən əgər həmin kəs dayanıqsız mənəviyyat, keyfiyyətsiz düşüncə sahibi olan biridirsə. Məsələn, Bəhram kimi. Bu pyesdə Cabbarlının əsas qəhrəmanı Bəhramdır. Ağlı kəsəndən bəri əmisi qızı Saraya onu sevdiyini deyən, qızın ürəyini ələ alan, sözlərini əmələ çevirmək vaxtı gəlib-çatanda isə maddi dayanıqlığı vicdanlı, ləyaqətli, dürüst olmaqdan üstün tutan sevimli Bəhram. O, həm Saranın sevimlisidir, həm də Saranın atabir bacısı Pərinin. Bəhramın zahiri yaraşığı və xoş rəftarlı olması Gülnisə ilə qızı Pərinin sahib olmaq istədikləri özünəməxsus bir varidatdır. Lakin hadisələrin gedişatı göstərir ki, Bəhram sən demə, özündən başqa heç kimi sevmirmiş, bu isə o deməkdir ki, o, sevilməyə layiq biri deyildir - əvvəl Saranı sevdiyini deyir, Saranın ailədəki mövqeyi zəifləyən kimi qızın ögey  anası Gülnisənin çaldığı havaya oynamağın sərf etdiyini qərarlaşdırır və Gülnisənin qızı Pərini sevdiyinə özünü inandırıb onunla evlənir.

Sara evdən qovulub maddi və mənəvi qarətə məruz qaldığı üçün vərəmləyib vəfat edəndən sonra onun ruhu Bəhramın vicdanını rahat buraxmır və ilk nakam sevgisi olan Saranın intiqamını almaq məramı ilə "vicdan" anlayışından xəbərsiz Pərini boğub öldürür. Başqa sözlə, Bəhram nataraz bir şəxsdir, qənaətləri, qavrayışları tamamilə zahiri amillərdən asılıdır, külək hansı səmtə əsirsə, o da o səmtə yön alır, sonadək nə romantik aşiq olmağı bacarır, nə də maddiyyatı mənəviyyatdan üstün tutan soyuqqanlı biri kimi formalaşır, hər iki halda yarım-yarımçıqdır, bir sözlə, ikrahdan başqa heç bir hiss doğurmayan rəzil.  Bəhramın bütün bu çevrilmələrini idarə edən "pulta" ehtiyacı var. "Pult" kimin əlindədirsə Bəhram da onun yanındadır. Əgər daha əvvəl Bəhramın davranışının, düşüncəsinin, hissinin, duyğusunun məzmununu varlı əmisinin qızı, saf təbiətli Sara təşkil edirdisə, əmisinin ikinci arvadı Gülnisə Saranı evdən qovub öz qızı Pərini Bəhrama ərə vermək planını həyata keçirməyə başlayanda Bəhramın davranışı, düşüncəsi, hissi, duyğusu şəraitə uyğun məzmunla dolmağa başlayır.

Bu mənada Leyli Vəliyevaya ən layiqli tərəf-müqabili kimi Bəhram rolunun ifaçısı Ümman Budaqovun işi mütləq qeyd edilməlidir. Cabbarlının xüsusi səylə, məxsusi koloritlə yaratdığı bu ziddiyyətli obrazı Ümman Budaqov sevərək və anlayaraq, hətta zənn etmək olar ki, tamamilə Cabbarlının təsəvvür etdiyi kimi canlandırdı – Saraya vurğun, bağlı Bəhram nə qədər inandırıcıdırsa, ürəyinin səsi ilə Gülnisənin diktəsi arasında tərəddüd edən Bəhram da bir o qədər təbiidir. Saranın həyatın zərbələrinə davam gətirməyib vəfat etməsindən sonra təsəllisini “onun özü kimi gözəl güllərində tapan” Bəhram o dərəcədə zəif iradəli biridir ki, vicdan əzabından qurtulmaq üçün özünü deyil, Pərini öldürür...

Quruluşçu rejissor Səbinə Məmmədzadə aktrisalıqdan rejissorluğa keçidində debüt işi olaraq məhz Cabbarlının əsərini seçməsi, seçimini realist zaman konsepsiyası üzərində qurulan “Solğun çiçəklər” pyesi üzərində saxlaması ən doğru qərarlardan, ən sərrast seçimlərdən biridir. Cəfər Cabbarlı XX əsr maarifçi-realist Azərbaycan dramaturgiyasının ən parlaq simalarından biridir. Biz bu fikri hər dəfə böyük məmnunluq və sonsuz qürur hissi ilə qeyd edirik. Çünki Cabbarlının şəxsiyyətinin parlaqlığı, qələminin dahiliyi hansısa müəyyən bir zamana sığınıb qalan parlaqlıq və dahilik deyil.

Dairəvi qurulmuş məkan, tən ortada tavandan sallanan tor, Gülnisənin tamaşanın əksər xronometrajı boyunca məhz bu orbitdə olması, vaxtaşırı torda yeni halqa hörməsi yaradıcı heyətin minimum ifadə vasitələri ilə maksimum mətləb çatdırmaq bacarığını üzə çıxarır. Əlbəttə, tamaşada iştirak edən aktyorların heç də hamısı eyni dərəcədə ustalıq nümayiş etdirə bilmədilər. Tamaşada Sara və Pəri rollarını Aygün Fətullayeva oynayır. Gənc akrtisa Pərinin mürəkkəb, çətin obraz olmasına ciddi-cəhdlə diqqət ayırdığından onun tamamilə romantik əhvala köklənmiş personaj olan Sarası Pərisindən daha az inandırıcı alınıb...    

Tamaşanın bəstəkarı Emil Elmanoğlunun səhnə əsərinə verdiyi musiqi həlli və quruluşçu rəssamlar Elmira Üzeyirova ilə Tamilla Sadıqovanın səhnə tərtibatı, hər personajın əlbisəsində bu və ya digər dərəcədə yer alan kələğayı elementi məhz cabbarlısayaq modernliklə ənənəviliyin vəhdəti təsirini qədərində qabartmış oldu.

Uğurlu, yaxşı tamaşalar və aktyor oyunları müxtəlif cür olur. Bəziləri tamaşaçıda elə təəssürat doğurur ki, elə bil aktyorlar rol oynamırlar, obraz canlandırmırlar, personaj təqdim etmirlər, səhnədə izlədiklərimiz onların təbii halıdır, bu nə quruluşçu rejissorun qoyduğu tamaşadır, nə də artistlərin rola girməyidir – tamaşaçı qismində müşahidə etdiklərimiz gerçək situasiyanın, real vəziyyətin, doğruçu halın bir fraqmentidir. Amma elə də olur ki, səhnədə gördüklərimizin məhz tamaşa, yaxud rejissor-aktyor işbirliyinin mükəmməl varolmasını özlüyümüzdə heyranlıqla, məmnunluqla təqdir qeyd edirik. Çünki bu halda da birinci halda olduğu kimi sünilikdən əsər-əlamət olmur. MGTT-nin “Art-studiya”sının “Solğun çiçəklər” kamera tamaşası məhz ikinci halda bəhs edilən xassələrdən “yoğrulub”.

 

Mənbə: “Ədəbiyyat” qəzeti

 

Load Time (S) : 0.028360