TEATRO

TEATRO

sənət portalı

post-title

Samirə Behbudqızı - Səhnədən hərb meydanına, yaxud

Nəhayət!... Teatrsevərlər, teatr yazarları üçün postpandemiya dövründə bundan gözəl sürprizi təsəvvür belə etmək mümkün deyil - oktyabrın 1-də 2 il 6 aylıq karantin fasiləsindən sonra teatrlar pərdələrini açdılar. Noyabrın 1-də, 8 Noyabr - Zəfər Günü ərəfəsində isə paytaxtımızda teatr festivalı başladı. Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə baş tutan teatr bayramı - “4.4” Qısa Tamaşalar Festivalı (QTF) özündə belə demək mümkünsə, kamera teatrı, film-tamaşa ab-havasını, estetikasını ehtiva edirdi. Xalqımızın ötən il sentyabrın 27-dən dekabrın 8-dək davam edən 44 günlük Vətən müharibəsində qazandığı qələbə və onun  təməlinin qoyulduğu Aprel döyüşlərini simvolizə edərək zəfər sevincini bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən festival müharibə mövzusuna həsr olunmuşdu. Akademik Musiqili Teatrın Kiçik zalında keçirilən teatr bayramının hər günü qələbələlik, anşlaq şəraitində keçdi. Pandemiya dövrünün karantin qaydaları səbəbindən canlı deyil, videoyazı formatında təqdim edilən və bundan başqa, əksəriyyəti teatr səhnəsində yox, açıq havada, pavilyonda oynanılan tamaşaların elə təkcə varlığı şübhəsiz ki, sevindirici haldır. Festivalı ərsəyə gətirən komanda və münsiflər heyəti üzvlərinin adlarını çəkmək kifgayətdir ki, teatr sahəsi ilə maraqlanan, teatr ictimaiyyəti ilə tanışlığı olan kəslər “4.4” Qısa Tamaşalar Festivalının necə bir məsuliyyətlə təşkil edildiyindən əmin ola bilərlər - festivalın layihə rəhbəri teatrşünas, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vidadi Qafarov,  festivalın direktoru teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri  Elçin Cəfərov, festivalın art-direktoru gənc teatrşünas Emin Əliyev, festivalın əlaqələndiricisi gənc teatrşünas Razimə İsmayılova və münsiflər heyəti - teatrşünas, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov (münsiflər heyətinin sədri), teatrşünas, tənqidçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri, professor, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Aydın Talıbzadə, yazıçı, ssenariçi, dramaturq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor, Azərbaycanın əməkdar incəsənət xadimi Əli Əmirli, televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mehriban Ələkbərzadə və tanınmış pantomim aktyoru, Azərbaycan Respublikasının xalq artisti Pərviz Məmmədrzayev.

Festivalın proqramı Bakı ilə yanaşı, ölkəmizin 8 şəhərində fəaliyyət göstərən 11 dövlət, 6 özəl teatr, 5 müstəqil sənətçi tərəfindən təqdim olunmuş 22 tamaşadan ibarət idi. Xronometrajı 15 dəqiqədən çox olmayan qısa tamaşaların videoformatda nümayişindən sonra hər gün peşəkar münsiflərin və yaradıcı heyətin iştirakı ilə keçirilən tamaşaların müzakirələri şəffaflığı, obyektivliyi, lakonikliyi və müfəssəlliyi ilə ustad-dərsi təəssüratı kimi yaddaqalan oldu. Bu müzakirələrə Pərviz Məmmədrzayevin “Bədən dili” vörkşopunu, İ.İsrafilov, A.Talıbzadə və M.Ələkbərzadənin iştirakilə “Müharibə və teatr” panel-müzakirəsini, Əli Əmirlinin “Pyes necə yazılmalıdır?” vörkşopunu əlavə edəndə festivalın teatr bayramı ilə paralel həm də sürətləndirilmiş teatr sənəti kursu olduğunu görmək çətin deyil. 

Açılış mərasimində Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalovanın dediyi kimi belə festivalların təşkil olunmasını mədəniyyətimizdə canlanmaya səbəb olacaq fəaliyyət kimi dəyərləndirmək olar. 

Beləliklə, noyabrın 1-dən 5-dək baş tutan “4.4” Qısa Tamaşalar Festivalı müəllif və rejissor Zaur Əliyevin “44” tamaşası ilə açılaraq teatrsevərlərə “İki əsgər” (Müəllif Günay Arda, rejissor Sevda Məmmədova), Müharibənin qadın üzü yoxdur” (Akademik Milli Dram Teatrı. Müəllif Svetlana Aleksiyeviç, rejissor Emil Əsgərov), “Missiya” (Sumqayıt Dövlət Musiqili Teatrı. Müəllif Hafiz Ataxanlı, rejissor Firudin Məhərrəmov), “Qoruq” (”Teatral” studiyası. Müəllif Səbinə Məmmədova, Mirvüqar Nəsirov, rejissor Tural Baxış), “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissorlar  Elvin Rüstəmzadə və Abdulla Elşadlı), “Zəfər yolu” (müəllif və rejissor İsa Əsədov), “Bir nəfəs qədər” (müəllif və rejissor Samir Qulamov), Füzuli Dövlət Dram Teatrının “Dönüş” (müəllif və rejissor Nicat Mirzəzadə), “Ocaq” (müəllif və rejissor Ruslan Adıgözəlov), Gəncə Dövlət Dram Teatrının “Şuşa, sən azadsan” (müəllifi  Həsən Cəfərov, rejissoru Elşad Əhmədov), “Bir Səhnə” özəl teatrının “Biz böyüdük” (müəllifi Xəqani Əliyev, rejissoru Şəhriyar Camalbəyli), Şamaxı Mədəniyyət Mərkəzinin  “Savaş” (müəllifi və rejissoru Əbdül Məcidili),  Şəki Dövlət Dram Teatrının “Xain” (müəllifi və rejissoru Orxan Həmidli), Lənkəran Dövlət Dram Teatrının “Sonuncu görüş” (müəllifi və rejissoru Tərlan Abdullayev), Qusar Dövlət Ləzgi  Dram Teatrının “Xarı Bülbül” (müəllifi Ramiz Duyğun, rejissoru Faiq Qardaşov), Bakı Uşaq və Gənclər Teatrının “Son nəfəsə qədər” (müəllif və rejissor  Könül Şahbazova-Qasımova), Lənkəran Dövlət Dram Teatrının “Ana” (müəllif Oruc Qurbanov, Ağaddin Babayev; rejissor Oruc Qurbanov), müəllif və rejissor Cavid İmamverdiyev olan “Döyüşən tar”, Mingəçevir Dövlət Dram Teatrının “Bazar günü” (müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), Gəncə Dövlət Kukla Teatrının “Xarı bülbül əfsanəsi” (müəllif və rejissor Zülfiyyə Əliyeva), "Əsa" Teatrının “Qonşu” (müəllif və rejissor Nihad Qulamzadə) tamaşalarını təqdim etdi.  

Teatr meydanının qalibləri

Müzakirələr zamanı münsiflər heyəti üzvlərinin fikri ilə teatrdan yazan publisistlərin fikri əsasən üst-üstə düşürdü. Buna görə də noyabrın 5-də festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrının "Sonuncu görüş" tamaşasının üçüncü, müstəqil layihə kimi təqdim edilən “44” tamaşasının ikinci və “ƏSA” teatrının “Qonşu” tamaşasının birrinci yerə layiq görülməsi heç kimdə təəccüb doğurmadı.  

“Sonuncu görüş”də bəzi texniki sapınmalara yol verilsə də, televiziya tamaşası estetikasına yaxın tərzdə hazırlanmış bu tamaşa doğurduğu təəssürat və buraxdığı təsirə görə vizual sənətin vacib keyfiyyəti olan xəfiflik cəhətini tam dolğunluğu ilə tamaşaçıya ötürə bildi - hər gün qaçış meydançasında görüşüb birlikdə idman qaçışı ilə məşğul olan gənc qızla gənc hərbçi oğlanın qısa, lakin aydın mətləbli replikalardan ibarət dialoqları və sözsüz səhnələr arxa planda təqdim edilən müharibənin insan talelərinə necə dağıdıcı zərbələr vurduğunu ustalıqla çatdırdı.

Rəqs-balet-pantomim tərzində qurulmuş “44” tamaşası ilk dəqiqələrdən müəllifin zövqündən və işinə səliqə ilə yanaşmanı mütləq saymağından xəbər verir. Səhnədə iki simmetrik quruluşlu stul və ya miz, o stullardan birinin xanım, digərinin bəy kimi canlandırılması, stullarda gəlib oturan xanımla bəyin xoşbəxt görüşlərini müharibənin darmadağın etməsi, sonda stulların göyə ucalması, başqa sözlə, sevən qəlblərin göylərdə qovuşması yerli-yerində düşünülüb tərtib edilmiş səhnə əsəri təəssüratını silinməz edir. Final səhnədə stulların 44 rəqəmini andırması və ya bu rəqəmə çevrilməsi də gurultulu pafosdan uzaq, səmimi bir metaforadır. 

“Qonşu” tamaşası haqqında danışanda ilk növbədə enerji anlamı ağla gəlir. Müəllif və rejissorun real hadisələrə əsasən ustalıqla qələmə aldığı və bacarıqla qurduğu bu səhnə əsərində 30 il əvvəl qonşu olmuş azərbaycanlı ailəsi ilə erməni ailəsinin ötən ilki görüşü canlandırılır. Əvvəl azərbaycanlı valideynlərin ruhları, sonra isə onların az qala möcüzə sayəsində sağ qalmış müzəffər ordumuzun əsgəri olan oğlu ilə erməni ailəsinin görüşündə kimin kim olduğu tamamilə üzvi şəkildə tamaşaçıya çatdırılır. Səhnə əsəri təbiiliyi, reallığı, səmimiliyi ilə tamaşaçını biganə qoymur. 

Hər üç tamaşa istənilən ölkənin tamaşaçısına həm böyük mənada müharibənin, həm də ayrıca olaraq erməni xislətinin nə demək olduğunu reallığı artırıb-azaltmadan göstərməsi ilə fərqlənir. 

Bağlanış mərasimində çıxış edən Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev teatr sənətinin mədəniyyətimizdə xüsusi yerə malik olduğunu vurğuladı və festivalın ənənəvi olaraq keçirilməsini arzu etdiyini bildirdi. Bu son dərəcə ümidverici sözlərdir. Yaşasın Teatr!

Gerçək obrazlar

Bu dəfə “Səhnədən hərb meydanına” layihəmizin məzmunu paralel olaraq iki mətləbə, iki məzmuna, iki gerçəkliyə malik oldu. 

Festivalın iştirakçılarından 1993-cü il təvəllüdlü Məmmədov Şahmar Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin məzunudur. Akademik milli dram teatrının nəzdində studiyada çalışıb. Universiteti bitirəndən sonra  hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu vaxtlarda aprel döyüşlərində iştirak edib. 2016 cı ildə hərbi xidməti başa vurduqdan sonra Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.  Atv kanalında yayımlanan “Yuxu kimi” serialında Elnur obrazında çəkilib. 2020 ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayandan N saylı hərbi hissədə Füzuli, Cəbrayıl, Qubadlı, Laçın rayonu istiqamətlərində döyüşüb. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Cəbrayılın, Qubadlının Laçının azad olunmasına görə medalları ilə təltif edilib. Hal hazırda da Gəncə Dövlət Dram Teatrında bir sıra tamaşalarda həm aktyor kimi, həm də rejissor kimi fəaliyyət göstərməkdədir.

Cəfərov Həsən də 44 günlük Vətən Müharibəsində istirak edib. Rütbəsi əsgər, vəzifəsi isə baş atıcı olub. 3-cü qrup Vətən Müharibəsi Qazisidir. Döyüş istiqaməti Füzuli və Xocavənd bölgələrindən keçib. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə "Füzuli uğrunda", "Xocavənd uğrunda" və "Cəsur Döyüşcü" medalları ilə təltif olunub. Hal-hazırda Gəncə Dövlət Dram Teatrında yaradıcı fəaliyyətini davam etdirir. Ali təhsilini Mədəniyyət və İncəsənət Universitetində almaq niyyətindədir. Həsən özünü dramaturq kimi də sınayıb - “Millətəm” adlı pyes qələmə alıb. 

Vətən müharibəsi qazisi “ƏSA” teatrının aktyoru Elvin Şahmərdan Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Şuşa və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. 

Zəfər nə qədər şirin, fərəhli olsa da, o zəfəri başa gətirən ağrı, itki bir o qədər acı, qüssəlidir. “4.4” Qısa Tamaşalar Festivalının tamaşaları bunu bir daha bəlirtdi. Ümid edək ki, qalib tamaşaların və digər nisbətən uğurlu işlərin, maraqlı tapıntıların, qeyri-standart yanaşmaların ayağı sayalı olacaq - yurdumuz bir daha savaş görməyərək yalnız nəfis sənət axtarışları olan festivallara ev sahibliyi edəcək.      

Load Time (S) : 0.003172