TEATRO

TEATRO

sənət portalı

post-title

Samirə Behbudqızı - Nəticəli “Axtarış”

Bu teatrı ilk dəfə 2021-ci ildə 1-ci 4.4 Qısa Tamaşalar Festivalında kəşf etmişdim. Pandemiya dövrü idi deyə, tamaşalar karantin rejiminə uyğun olaraq videoyazı formatında təqdim edilirdi. İştirakçılar arasında “ƏSA” teatrı da var idi. Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk inklüziv teatrının.adı həm yerimək problemi olan insanların istifadə etdikləri əl ağacından, həm də əngəlsizsərhədsizazad sözlərinin baş hərflərindən yaranıb."ƏSA" teatrı festivalda "Qonşu" mistik tündrealizm janrında qoyulmuş tamaşası ilə (müəllif və quruluşçu rejissor teatrın yaradıcısı Nihad Qulamzadə) iştirak edirdi. Vaxtilə Qarabağda qonşu olmuş, məlum münaqişəni törədib azərbaycanlıların ata-baba yurduna, azərbaycanlı qonşusunun yaşadığı evə sahiblənmiş erməni ailəsinin 44 günlük Vətən müharibəsi zamanı nacinsliyinin daha bir tərəfini göstərməsindən bəhs edən kəskin süjetli və həm də duyğusal bir quruluş olan bu tamaşa videoyazı təsvirlərinin o üzündən bu üzdəki canlı tamaşaçı auditoriyasına nüfuz etməyi bir az daha artıq bacardığı üçün münsiflərin yekdil qərarı ilə  birinci yerə layiq görülmüşdü. Sonrakı dövrdə teatrdan N.Qulamzadənin J.P.Sartrın “Bağlı qapı arxasında” əsəri əsasında qoyduğu  "Çıxışa yoxdur" tamaşasına dəvət aldım. Düşündüm ki, videoyazı ilə energetika ötürməyi bacaran yaradıcı heyət canlı tamaşada daha böyük təsir gücünə malik olar. Amma aşkar oldu ki, məsələ tamaşanın formatında yox, uğurlu və ya alınmasındadır  - subyektiv qənaətimə görə "Çıxışa doğru" bir dəfəyə ürəyi boşaltmaq cəhdidir, amma təəssüf ki, nə ürəyi boşatmaq alınıb, nə də eşidilib, dinlənilib anlanılmaq. 

Yenicə başa çatmış növbəti teatr mövsümünün sonunda isə "ƏSA"nın yaradıcısı və baş rejissoru Nihad Qulamzadə özünün müəllifi və quruluşçu rejissoru olduğu "Axtarış"ın xüsusi premyerasına dəvət etdi. "Axtarış" Fəridəddin Əttarın (1146-1221) "Uçmağın məntiqi” (orijinalda “Məntiqüt-teyr” olan  əsərin adının məhz bu şəkildə tərcümə edilməsinin tərəfdarıyam) epik-fəlsəfi poeması və Alber Kamyunun (1913-1960) "Anlaşılmazlıq" absurd pyesinin süjetlərinin bir-birilə çulğaşmasını özündə ehtiva edən “Axtarış” quşların Simurq quşuna - nurlu mükəmməlliyə, insanların günəşli diyarlara - işıqlı həyata can atmaq, bu yolda fiziki və mənəvi sədləri aşmaq şövqünün əlaqəli və müqayisəli təsvirini, təhlilni, yaşantısını təqdimatıdır. Tamaşanın məsləhətçiləri F.Əttar yaradıcılığı və irfan fəlsəfəsinin tədqiqatçıları Şəhram Oromi, Hədiyyə Əhmədidir – məhz bu iki ədəbiyyatşünas “Məntiqüt-teyr” poemasını ilk dəfə Azərbaycan dilinə tərcümə ediblər.

İki əsərin vahid quruluşda vaqe olan tamaşası "Uçmağın məntiqi" ilə başlayır. Quşlar bəxtiyarlıq yolçuluğuna çıxırlar. Bu yolda müxtəlif  hikmət vadilərinə yetib, onları dəf etdikcə (yaxud bütün bunların zənnində bulunduqca) başçıları, quş karvanının sarvanı, dünyanın altından, üstündən də hali olan quş Hüdhüd (Elşən Əsgərov) onlara absurdizmə xas situasiyaya istehza etmək, ironiya ilə yanaşmaq tərzində adlandırılmış A.Kamyunun "Anlaşılmazlıq" əsərində baş verən tükürpədici və ibrətamiz hadisəni danışır. Hər iki hekayədə bir nəfər başbilən öz həmcinslərinə firavanlıq yolunu göstərir. Hər biri öz ağlı kəsən tərzdə. Və belə məlum olur ki, quş-başbilənin ağlının kəsdiyi insan-başbilənin ağlının kəsdiyindən daha mütərəqqi imiş, çünki insan-başbilən qismində təqdim edilən şimal ölkəsinin bir ailə başçısının dənizi, günəşi olan ölkələrdən birinə köçüb-gedib insan kmi yaşamaq imkanına nail olmaqdan ötrü sahib olduğu mehmanxanada gecələmək istəyən adamları qətlə yetirib, pullarını mənimsəyib, meyitləri çaya atmağın günəşsiz, sevincsiz şəhərdən çıxıb getmək üçün yeganə çıxış yolu sayıb bu qərarı illərlə reallaşdırmağın alternativində quşlar çətin, bəziləri üçün çəkilməz  dözülməz, qət edilməz olan Simurq quşuna varmaq yolunda bir-birini didib-parçalamağı ağıllarına belə gətirmirlər. Bu yolda müxtəlif hikmət vadilərinə varırlar. Tələb vadisindən keçib arzular və məqsədlər uğrunda səy göstərirlər, eşq vadisinə çatıb eşq və sevgiyə qovuşmaq üçün hər şeydən keçməyin nə olduğunu anlamağa çalışırlar, mərifət vadisinə yetişib Allaha dair biliyin dərk olunmasına cəhd edirlər, istiğna vadisinə uğrayıb öz mənliyindən və hər şeydən imtina etmək imtahanına çəkilirlər, Tövhid vadisində Allah ilə birlik, vahidlik, heyrət vadisində Allahın ucalığı qarşısında heyrətə düşmək məqamlarını yaşayırlar, fəna vadisində mənliyin yox olması və Allahla birləşmənin nə demək olduğunu dərk edib duyurlar.

“Axtarış” tamaşasında bir süjetin digərinə keçidi elə bir rəvanlıqda baş verir ki, Alber Kamyunun nəsrdən qaynaqlanan dramaturgiyasının mətləbi Fəridəddin Əttarın nəzminin məğzi üçün açar rolunu oynamış olur - quşlar bu tükürpədici əhvalatla tanış olduqca həm də ən həlledici vadini qət etmiş olurlar. “Axtarış” tamaşaçıya Kamyu təfəkkür və qələminin yeni müstəqil səhnə yozumunu təqdim edir. Eyni zamanda “Uçmağın məntiqi” əsərinin “ƏSA” teatrının təqdimatındakı quruluşu da müstəqil səhnə əsəri kimi nəzərdən keçirilə bilər. Əksər hallarda poetik əsərlərin səhnədə canlandırılması ya aksiya, ya da kompozisiya xassəsində olur. “ƏSA”çılar isə “Məntiğüt-teyr”ə məhz səhnə əsəri, tamaşa statusu verməyin öhdəsindən gələ biliblər. “Axtarış” müxtəlif dövrlərdə, fərqli estetikada qələmə alınmış, lakin həm də ruhən nəinki yaxın, hətta doğma mahiyyətli, şərqli Əttarla qərbli Kamyunun əsərlərinin  vahid interpretasiyasıdır.  Subyektiv fikir və təəssürat olaraq qeyd edilməlidir ki, “Axtarış”ın kamera tamaşasına çox yaxın tərzdə qurulmuş “Anlaşılmazlıq” hissəsi bir az daha artıq güclü təsirdə alınıb. Əlbəttə, bu qənaəti əsərin dramaturji qanunlara tamamilə cavab verməsi və süjetin ən soyuqqanlı tamaşaçını belə biganə qoya bilməməsi də möhkəmləndirir. Nəhayət, aktyorların oyunundan, obrazları canlandırmasından, rola daxil olmasından bəhs etmək zamanı gəlib çatdı. Bilərəkdən bayaqdan bəri bu xüsusda bir kəlmə belə qeyd etməmişəm. Çünki “Axtarış” tamaşasının quruluşçu rejissoru Nihad Qulamzadə bir və ya iki aktyorun istedad və bacarığını üzə çıxarmaqla kifayətlənməyib, səhnə əsərində “birinci skripka” yoxdur, baxmayaraq ki, “Anlaşılmazlıq” hissəsinin Ana obrazını Xalq artisti Mehriban Zəki canlandırır. Aktrisa bu mürəkkəb obrazı özünəməxsus ştrixlərlə tamaşaçıya təqdim edir. Hətta deyərdim ki, Mehriban Zəkinin “YUĞ” tearında başlayan, sonralar “İbRus” teatrında, Akademik Milli Dram Teatrında davam edən səhnə yaradıcılığının yeni səhifəsi məhz “ƏSA” teatrının “Axtarış” tamaşasındakı Ana obrazı ilə açıldı – aktrisa fəhminin duyduğu və bu vaxta qədər fəaliyyət göstərdiyi truppalarda, çalışdığı rejissorlarla işbirliyində qazandığı, cilaladğı bütün yaradıcı çalarlarını Kamyunun mürəkkəb Ana obrazında həm ifadə edə bildi, həm də bu vaxta qədər tamaşaçılara tanış olan aktrisalıq istedad və bacarıqlarına tamamilə yeni və fərqli “naxışlar” vurdu. Mehriban Zəki bütün tamaşa boyunca zərrə qədər də olsun, bir an belə tərəf-müqabilləri olan Marta rolunun ifaçısı Səmayə Ağayarovaya, Jan rolunda çıxış edən Elsevər Rəhimova və Qoca obrazını canlandıran Elşən Əsgərova münasibətdə ustadlıq nümayiş etdirmədi (bu təbii ki, yaxud yəqin ki, məşqlər zamanı olub), özünün benefisi effektini yaratmadı.

“Anlaşılmazlıq” pyesinin yeni quruluşu aktyorlarla iş, süjetin və mövzunun səhnə həlli, müəllifin çatdırmaq istədiyi ideya - əməli-saleh olmağı bacarmayan kəslərin sonda insan həyatının, bu dünyadakı varlığının mənasızlığı qənaətinə gəlməsi, hətta gözlə görünən hər hansı dekor, detal olmasa belə Kamyunun pyesinin xristianlıq əsaslarına dayaqlanması (Jan da İsa Məsih kimi 33 yaşındadır, onun sevən və sevilən xanımının adı isə Mariyadır – Lalə Süleymanova) da xəfif bir sərrastlıqla səhnə həllini tapdığına görə aydın görünür və hiss olunur.

Eyni sözləri “Axtarış” səhnə əsərinin “Uçmağın məntiqi” hissəsi haqqında da söyləmək mümkündür. Quşların yalnız 30-u Simurqa yetə bilir. 30 quş, 33 yaşında çarmıxa çəkilən İsa Məsih və həmin yaşda anası ilə bacısının anlaşılmazlıq nəticəsində, tanışlıq verməyi hansısa uyğun məqama saxlamağı Mariyanın ürəyinə daman faciəsini qaçılmaz edən – anası və bacısının növbəti kirayənişin kimi zəhərləyib cəsədinin çaya atıldığı Jan... Bacısı Martanın dediyi kimi, “məsumluğu ona çox baha oturdu...”. Kamyunun Janın 20 il əvvəl ailəsini, doğma şəhərini tərk edib günəşli ölkələrə üz tutmasının, bu 20 il ərzində doğmaları ilə əlaqə saxlamamasının səbəbsiz olduğunu qeyd etməsi təbii ki, absurdizmin diktə etdiyi təqdimatdır: Jan ailənin hara yuvarlandığını müşahidə etdiyi üçün oralardan çox-çox uzaqlara yollanmışdı. 

“Uçmağın məntiqi” hissəsində Elşən Əsgərovun Hüdhüdü, Elvin Mirzəyevin Qartalı, Fərid İsmayılovun Sərçəsi, Gülnar Əlfidatlının Göyərçini, Səadət Abbasovanın Homası, Sərxan Nəciyevin Şahini, Bəhram Rəhimlinin Günəşi quşların timsalında yaşam hikmətlərini qulağa çatıb idrakda özünə yer edən tərz və dillə söyləyib ifadə edirlər. Bu nailiyyətin əldə edilməsində şübhəsiz ki, tamaşanın prodüseri Nicat Qulamın, işıq rəssamı Binyamin Sailovun, səhnə tərtibatçısı Tamerlan Abdullayevin, geyim tərtibatçısı Nübar Hüseynovanın, multimedia meneceri Famil Mahmudbəylinin də zəhməti öz töhfəsini verib. Tamaşaya hətta ötəri nəzər belə ətraflı və dərin yanaşma sayəsində ərsəyə gəldiyini büruzə verir. “Axtarış”ın arayıb-bulmaq cəhdi nəticəsiz qalmayıb.

Bütün bu keyfiyyətləri“Axtarış” tamaşasına Əttarın Şərq təfəkkürünün mistik fəlsəfəsindən, Kamyunun Avropa absurd təxəyyülündən “qidalanan” əsərlərini sadəcə Azərbaycan dilində deyil, teatr lisanında danışdırmaq və anlatmaq imkanı verir.   

Samirə Behbudqızı       

Mənbə: “Ədəbiyyat” qəzeti

   

Load Time (S) : 0.029996