Samirə Behbudqızı - KOKİ MİTANİNİN(YƏ) USTAD DƏRSİ
Bu əsərin "YUĞ" Dövlət Teatrında tamaşaya qoyulacağını biləndə pyesi təkrar mütaliə etdim və səhnə versiyasını təsəvvürümə gətirdim - dünyagörüşü etibarılə əks qütblərdə dayanan iki şəxsin ...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekayəsi əsasında qısametrajlı televiziya filmi çəkib. Hekayə müharibədə çiynindən yaralanan Beri adlı əsgərin yarasına küknar tozu düşəndən sonra bədəninin həmin yerində küknarın göyərməyə başlamasından, Berinin ürəyi xəstə olsa da, küknarı dərmanın mənfi təsirindən qorumaq üçün müalicədən imtina edib meşəyə çəkilməsindən, çiynində bitən küknarı bəsləyib böyütməsindən və günlərin bir günü ürək ağrıları şiddətlənəndə özünə xəndək-qəbir qazıb əvəzində bu dünyaya daha bir küknar bəxş etməsindən danşır.
Niyə məhz küknar?
Çoxelinin bu hekayəsində mütləq və birmənalı panteizm ismarışı axtarmaq və ya hətta tapmaq, zənnimcə doğru deyil. Bu hekayədə müəyyən mənada panteizm var, əlbəttə ki. Amma rəmzlərdən toxunmuş freskanı çox aydın şəkildə andıran bu hekayənin əsas detalı kimi məhz küknar ağacının seçilməsi sizcə təsadüf, yaxud müəllifin bəlkə də sevimli ağacı, ya da bu ağacla bağlı şəxsi anımı, təəssüratı, xatirəsi iləmi bağlıdır? Hekayənin ümumi ruhu bunun belə olmadığını "deyir".
Panteizm
Q.Çoxeli bu hekayəsi ilə bir neçə mətləbi qabardır – bunlardan biri əlbəttə ki insan və təbiət vahidliyi, üzviliyi, bir sözlə, panteizmdir. “Beri dərin xəndək qazdı, içinə girdi, sonra ayaqlarının üstünə torpaq tökdü. Beləcə durdu. Ən axırda Beri iki bədənin bir-birinə necə axdığını vahid bir bədən olduğunu, nazik köklərin necə böyük sürətlə torpaqdan yapışdığını hiss elədi. Sonra isə ilk hiss elədiyi şey günəşin çıxmağıydı”.
Və bir də təsadüfi deyil ki, hekayənin personajlarından biri, insanın çiynində küknar ağacının bitməsindən son dərəcə təəccüblənib bununla dərindən maraqlanmağa meylli olan məhz coğrafiya müəllimidir. “Coğrafiya” isə bildiyiniz kimi, yunan dilindən tərcümədə “Yerin təsviri” mənasını verir: Beri öz varlığı ilə Yerin canlı təsviridir. Coğrafiya elminin tədqiqat obyekti – coğrafi mühitin və onların müxtəlif müstəvilərdə yerdəyişmə və qarşılıqlı əlaqə komponentlərinin uyğunlaşmasının qanun və qanunauyğunluqlarıdır. Çoxelinin hekayəsinə məhz coğrafiya müəllimi obrazını daxil etməsi bəşər övladı ilə təbiətin çulğalaşmasını, yaxud insanın təbiətin bir hissəsi olduğunu vurğulamaq yolağasıdır.
Monoteizm
Hekayənin daha bir mətləbi monoteizmdir. "Küknarlara məktub" 1980-ci ildə qələmə alınıb - ateizmin çox geniş yeridildiyi bir dövrdə. Qoderdzi Çoxeli Msxetdə yerləşən Müqəddəs Nino adına qızlar monastırının həyətində dəfn edilib. Bu o deməkdir ki, o, prinsipial dərəcədə inanclı insan olub. Və nəhayət, bəllidir ki, İsa peyğəmbər küknar ağacının altında dünyaya gəldiyi üçün yeni təqvim ilinin qarşılanmasının ayrımaz atributu məhz bəzədilmiş küknar ağacıdır. "Küknarlara məktub"da bu məqam da var: "Dünən coğrafiya müəllimi məndən xahiş elədi ki, yeni ildə küknarımı bəzəsinlər. Mən də razılaşdım, ancaq qorxuram ki, budağımı sındıralar”.
Bundan əvvəl isə meşəbəyi Beridən küknarının ilk barını xəstəliyinin dərmanı olaraq istəmişdi və qeyd etmişdi ki, bu meşələrdə küknar bitmədiyi halda, onun çiyinində necə olub ki, bitib?... Qətiyyən ritorik olmayan, tamamilə dəqiq cavablı bir sual – allahsızlar məmləkətində insaf-mürvət carçısı peyda olubsa, hələ xilas yoluna çıxmaq şansı var, demək ki...
Berinin küknarlara məktubundan: “Göylər? Mən ona inanıram, çünki torpağa inanıram, biz isə torpağın bir hissəsiyik. Yəqin ana torpaq da göylərin bir hissəsidi. Bunu hələ yuxuda görməmişəm. Ancaq torpaqdan çıxan şeylər geri, torpağa qayıtdığı kimi, eləcə də torpaq göylərə qarışır”.
Ateizmlə barışmayan müəllifin daha bir kodu: "Yuxarıdan başqa cür görünür: O canlıdı! Çaylar – onun qan damarlarıdı. Dənizlərlə okeanlar – ciyərləridi. Meşələrlə nəfəs alır o. Hava – onun ruhudu. Adəm də özüdü, Həvva da. Dünyada hər şeyin torpaqdan necə çıxdığı, necə yenə torpağa qayıtdığı uzaqdan yaxşı görünür…”
“Uzaqdan”, “yuxarıdan”... Bu sözlər Berinin İsa peyğəmbərin proobrazı olmasına aid tamamilə aydın təəssürat yaratmırmı?. Əlbəttə, yaradır. Çoxeli qəhrəmanını torpağa qovuşdurur. Əvəzində isə övladsız Beri bu dünyada küknar ağacı kimi həmişəyaşıl, baltalayan olmasa, çox uzun bir ömür qazanır.
Humanizm
“Küknarlara məktub” adlı freska-pritçanın sözlərlə toxunmuş, çəkilmiş.“naxışlarından”, “təsvirlərindən” biri də sülhpərvərlik, insansevərlikdir, şübhəsiz. Beri döyüş meydanında yaralanıb. 1980-ci ildə yazılmış ədəbi əsərə 1979-cu ildə isə SSRİ qoşunlarının Əfqanıstana yeridilməsinin təsirsiz ötüşməsini düşünmək məntiqə sığmaz. Və SSRİ tarixindən az-çox xəbəri olan şəxslər ordan qayıdan hərbçilərin ruhi-psixoloji vəziyyətinin son dərəcə acınacaqlı olduğunu yaxşı bilirlər. Çiynində bitən küknarı başından yuxarı qalxan Beri müəyyən mənada həm də həmin hərbçilərin ümumiləşmiş obrazıdır. Onun qeyri-adi humanistliyi təcavüzə, müharibəyə, döyüş manevrlərinə etirazın ən yumşaq və eyni zamanda ən sərt formasıdır.
Fikir verin, hekayənin əvvəlində müəllif bəd hadisə carçısı qarğaları ön plana qoyubsa (“...Sakitliyi yalnız hasarın taxtasının başına qonmuş qarğa pozurdu. Qarğa sanki bəd xəbərlər qarıldayırdı...), Berinin küknarlara məktubunun sonunda, əsərin final sətirlərində özləri üçün oxuyan quşlar kimi tanınıb-sevilən, qeyri-standart sədaları ilə ovqat duruldan qaratoyuğu diqqət mərkəzinə qoyur (“Bu gün qaratoyuq budaqlarımda elə şirin oxudu ki, ağrım tamam yadımdan çıxdı. Burdakı meşəlikdə küknar bircə mənəm…”).
İnsanın katarsisi həm onun özü üçün, həm də ətraf mühiti üçün son dərəcə vacib bir mərtəbədir. Beri bu mərtəbəyə aparan yoldan vaz keçmədiyi üçün ağrıları tamam azalır, yəni xilasıının məhz nədə olduğunu dərk edir. Sonda payızda ağrılarının artması isə bu səmavi anımın hər halda Allah bəndəsinə aid olduğunu bəlirtmək anlamına söykənir.