Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtarışlarının, dəyərli tapıntıların, uğurlu işlərin kinomuzla müqayisədə daha çox və daha dayanıqlı olmasının səbəbi teatr xadimlərimizin ədəbiyyatla daha sıx bağlılığıdı. Anlamaq və qəbul etmək lazımdır ki, zəif bir əsəri, hətta adi bir mətni yaxşı bir tamaşaya çevirmək, və ya "çiy" ssenari üzrə "bişmiş" film çəkmək, hətta ümumiyyətlə, ssenari olmadan, sırf improvizə "qanadlarında" ekran əsəri adlana biləcək kinolentə yüksəlmək bir və ya iki rejissora nəsib olan fəhmdir. Ona görə qədimdən qədim, əbədiyaşar teatr və ən kütləvi, ən lazımlı incəsənət növü olan kinonun Azərbaycan səhifəsinin ədiblərlə birlikdə “yazılması” arzusu ilə artıq baş tutmuş belə bir tandemdən bəhs edək.
Qadın mövzusu
Elmi araşdırmalarla sübut edilib ki, qız uşaqları dünyaya xanımlığa xas cəhətlərlə gəlirlər. Və əgər oğlan uşaqlarının gələcəyin əsl kişisi kimi böyüdülməsində əsas amil düzgün tərbiyə, nümunəvi ətraf mühitdirsə, qız uşaqlarının əsl qadın kimi boya-başa çatdırılması üçün Yaradanın, təbiətin, kainatın ona verdiyi ilkin xanımlıq səciyyələrini qorumaq və daha da rövnəqlənməsinə şərait yaratmaq kifayətdir.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının "Melisa" tamaşasını digər məziyyətləri ilə birlikdə onun qadın mövzusuna köklənməsi də maraqlı edir. Müəllif (Sevinc Nuruqızı) rejissor (Səidə Haqverdiyeva) səsləşməsinin ən yaxşı nümunələrindən biri kimi bu tamaşanı bir neçə rakursdan dəyərləndirmək olar. Yeri gəlmişkən, bu kifayət qədər nadir haldır - əksərən, bu və ya digər tamaşaya baxdığımız müddətin sonunadək ya müəllifin əsas söz sahibi olduğunu, ya rejissorun, ya da aktyorlardan hansısa birinin benefisini müşahidə edirik. "Melisa" gözəl istisnalardan biridir. Və beləliklə, bu səhnə əsərini dəyərləndirmək bucaqlarından biri həm davamlılıq müddəti, həm də süjetinin çoxşaxəliliyi etibarilə təkcə uşaqların deyil, böyüklərin də diqqətini özündə saxlaya bilməsidir. Nəyə görə həm də böyüklərin? Çünki "Melisa" sadəcə eyniadlı gözək-göyçək gəlincik haqqında bir hekayət deyil, həm də uşaq və qadın dünyası ilə tanışlıq imkanıdır. Əsər də, tamaşa da eyni zamanda həm xanımlara, həm xanımların dünyasına bələd olmağın vacibliyini anlayan hər kəsə ünvanlanıb. "Melisa" bir gəlinciyin timsalında insanpərvərlik, sədaqət, xeyirxahlıq, dostluq, dürüstlük kimi dəyərlərin yaşamaq haqqının zəruriliyini xatırladır.
Melisa adlı gəlinciyi hazırlayan Marta nənə ona ürək də qoyub, ana ola bilməmək nisgilini bu şəkildə öləzitməyə çalışıb. Əsərin müəllifi Sevinc Nuruqızı vurğulayır ki, sinəsində cupbulu ürək gəzdirən balaca, gözəl qızcığazı andıran bu gəlincik duyğularına belə sadiqdirsə, canlı insanlar bundan nəticə çıxarmalı, ürəklərinin səsini dinləməyi bacarmalı olduqlarını daha məsuliyyətlə dərk etməlidirlər.
Sevimli gəlincik, rəfiqə, bacı, qız övladı
Balaca qızcığaz Zöhrə mağazada gördüyü əcnəbi gəlincik Melisanın qeyri-adi bir kukla olduğunu dərk etməsə də, fəhmlə duyur. Atasından bu gəlinciyi onun üçün almağı təkcə zahiri gözəlliyinə görə deyil, həm də və ən əsası onunla mənəvi yaxınlıq, bağlılıq səbəbindən xahiş edir. Və Melisa Zöhrənin ən yaxın rəfiqəsinə, ən sevimli bacısına çevrilir.
Səidə Haqverdiyevanın quruluşunda bu səhnə əsəri elə qurulub ki, Melisanın yaramazlıq etməyə meylli bir oğlan uşağının hərəkəti nəticəsində itkin düşüb keşməkeşli günlərinin başlaması həm kino lentinin sıralanmasını, həm də uşaqların çox sevdiyi, səhifələrini çevirdikcə təsvirləri qabarıb canlanma effekti yaradan nağıl, hekayə kitablarını xatırladır. Biz sanki həm filmə baxırıq, həm də müasir dillə desək, 3D formatlı kitabın səhifələrini bir-bir çevirib Melisanı xeyirxah bir çəkməçinin tapmasını, bu çəkməçinin çox diqqətli olması səbəbindən Melisaya yeni, Çiçək adını verməsini, Melisa-Çiçəyi özünü təhlükəsiz hiss etdiyi çəkməçi daxmasından oğurlanmasını (amma bu dəfəki oğru xoş niyyətlidir, bu gözəl gəlincik onun vəfat etmiş bacısına çox bənzədiyi üçün qızının xiffətindən ağır xəstələnmiş anasını sağaltmaqdan ötrü oğurlayır Melisanı, anası sağalandan sonra isə qaytarıb gətirir) həm kitab kimi "oxuyuruq", həm də film kimi seyr edirik. Şübhəsiz belə bir effektə bir amillə nail olmaq mümkün olmazdı. Kukla teatrının "Melisa" tamaşasında həm aktyorların ifasındakı vəhdət və harmoniya, hər hansı personajın ifaçısının ön planda özünə yer etməyə çalışmaması, interaktivliyin qədərində və yerində olması, süjetə və personajların səciyyəsinə uyğun musiqi həlli və sadəcə, özlüyündə nəfis deyil, məhz bu süjeti canlandırmaqda konkret rolunu oynayan dəqiq nəfisliklə tərtib edilmiş dekorasiyalar, obrazların xarakterini, həyatda tutduqları mövqeyi anlamağın ifadə vasitəsi olaraq gözoxşayan əlbisələr kimi amillər tamaşanı səhnə əsəri adlandırmağa əsas verir.
Zöhrənin Melisaya bağlıllğı təbii, sağlam instinktlərdən qaynaqlanır. Zöhrə qədərində duyğusal və həssasdır; Melisanı bütün dünyanı əvəz edən amil kimi qavramır, dünyasını daha da rövnəqləndirən yeni bir dəyər kimi qəbul edir. Bu dəyər onun təbiətindəki humanizm və xanım-xatınlıq keyfiyyətlərinin daha hərtərəfli açılıb daha dolğun ifadəsində öz rolunu oynayır - Melisaya sevimli gəlincik, rəfiqə və bacı kimi bağlanan Zöhrə sonralar sevən və sevilən həyat yoldaşı, ana kimi həyatda öz yerini tapır. Nümunəvi bir xanım olmağının cizgilərindən biri də Melisaya, sadəcə ürəyi deyil, gözəl ürəyi olan yaraşıqlı bir gəlinciyə sevgisini qızına da ötürməsidir.
"Ədəbiyyat qəzeti"nə istinadən
Müəllifin digər yazıları
Yeri gəlmişkən, vaxtilə Dövlət Pantomima Teatrının ilkin adı "Dəli yığıncağı" Pantomima teatr-studiyası idi. Beləliklə, pantomimmçilər 30-cu mövsümü yenilənmiş, bərpa edilmiş tamaşa ilə başa vurdular – 2011-...
Ədəbiyyat tarixində krallardan, şahlardan bəhs edən bir çoxəsərlər var, hakimi-mutləqlərin həyatı, taleyi, həyat fəlsəfəsiməhəbbət mövzusundan sonra ...
Gəlin, unutmayaq ki, Toyğun Orbayın əsas peşəsi və məşğuliyyəti beyin cərrahlığıdır. (“21:15 qatarı” pyesinin Birinci Kişi obrazı: “Azadlığımız ətrafımızdakı şəraitlə bağlı deyil, (əli ilə başını göstərib) bununla, daha doğrusu...
Tamaşa boyunca həm əsərin müəllifinin dəsti-xəttinin, təhkiyəsinin, həm quruluşçu rejissorun əsərə yanaşma üslubunun, həm də aktyor heyətinin personajlarını canlandırmaq bacarıqlarının aydın görünüb-duyuldugu bir tərz,...
Şəhər nəsri
Anar şəhər nəsrinin, konkret olaraq, Bakı və bakılılar, şəhərlilər, paytaxt sakinləri prozasının ən usta qələm sahiblərindən biridir. Bu nəsrdə Bakı və bakılıların, yaxud şəhərlilərin, paytaxt sakinlərinin vəsfi, tərənnümü, v...
Nə qədər "biz teatral xalq deyilik" desək də, deyəsən, əlahəzrət teatr Azərbaycanpərvər olduğunu hər dəfə yeni bir şəkildə sübut edir. Müşahidə və təhlillər o qənaətə əsas verir ki, teatr sənətimizdə davamlı yaradıcılıq axtar...
Gürcü yazıçısı, ssenariçisi və kinorejissoru Qoderdzi Çoxeli (1964-2007) "Küknarlara məktub" ibrətamiz hekayəsini, və ya pritçasını 1980-ci ildə qələmə alıb. 1986-cı ildə isə özü bu hekay...
Bu və ya digər personajın mükəmməl şəkildə canlandırılması artistin öz sənətinə, əsərin müəllif(lər)inə ən böyük sevgi və ehtiramının ifadəsidir. Xüsusən əgər söhbət Məhmənəbanu kimi mürəkkəb xarakterə, təzadlı...
"В смутное сие время, по казацким дворам шатался неизвестный бродяга, нанимаясь то к одному, то к другому хозяину и принимаясь за всякое ремесло".
Из история пугачёвского бунта. 8 глав. Глава вторая.
"Сей исторический отрывок...
Людям, небезразличным к театральному искусству всегда интересно узнать, как протекает театральная жизнь в других странах. И особенно в такой театральной стране, как Россия. Недавно нашу столицу посетила российский театровед, доктор искусствоведения, ...