Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir, mən sabah teatrda tamam başqa vəzifələrdə də çalışa bilərəm. Hətta bir zaman teatrda səhnə fəhləsi də işləmişəm. Amma Şamil İbrahimov, ilk növbədə, aktyordur. Çünki aktyor sənəti üzrə təhsil almışam. Sadəcə, reallıq bunu tələb edir ki, özəl teatr işlədənlər, onun hər ştatına bələd olmalıdırlar. Aktyor olsam da, teatrımızda baş verən bütün proseslərə nəzarət edib, əlimdən gələn köməyi etməliyəm.
Onda sualı belə qoyaq, Şamil İbrahimov kim olmağı hədəfləyir?
Gözəl sualdır... Sənət müəllimim Xalq artisti Məmməd Səfa Qasımovun gözəl bir sözü var. O həmişə deyir ki: “Aktyor olmaq üçün bir insan ömrü bəs etmir!” Ümumiyyətlə, mən də bu düşüncədəyəm ki, həqiqətən, aktyor olmaq üçün bir insan ömrü yetərsizdir. Yəni, bu sənət mənim üçün həyat tərzidir. Hər nə qədər teatrın direktoru vəzifəsini icra etsəm də, hər zaman aktyor yaradıcılığımı inkişaf etdirəcəyəm.
Bəs, sizə görə teatr idarəçiliyində ən vacib amil nədir?
Bilirsiniz, əslində, bu, bizim teatr mühitimiz üçün hələ də qaranlıq qalan bir məqamdır. Çünki teatrlarımız hələ də sovet dönəmindən ayrıla bilməyib. Biz, ilk növbədə, sovet dönəminin teatr idarəçiliyi ənənələrindən uzaqlaşmalıyıq. Müasir teatr düşüncəsi tamamilə başqa bir aləmdir. Ona görə də ən vacib amil zamanın nəbzini doğru tutmaqdır. Təəssüf ki, bir çox rejissorlarımız zamanın nəbzini tutmaqda çətinlik çəkir. Azərbaycan teatrında istedadlı rejissorlar da var. Amma onların da yolunu başqa maneələr kəsir. Məsələn, həmin manelərdən biri piar işinin düzgün qurulmamasıdır. Bizdə elə istedadlı rejissorlar var ki, teatrlarımız onların hazırladıqları bədii məhsulun təbliği üçün düzgün piar işi qura bilmir. Ümumiyyətlə, teatr idarəçiliyi ilə məşğul olan insanlarla teatrın maraqları çox vaxt uyğun gəlmir. Elə olur ki, rejissor hər hansı ideyanı ifadə etmək üçün düzgün tamaşa seçmir. Yəni, teatrı idarə edən şəxs bilməlidir ki, onun teatrında hansı rejissor işləyə bilər. Əgər həmin şəxs teatrın estetik prinsiplərini ifadə edən tamaşa seçə bilmirsə, ya da həmin tamaşanın öhdəsindən gələ bilən bir rejissoru tapa bilmirsə, əlbəttə ki, o uğur qazana bilməyəcək.
Səhv etmirəmsə, Human Teatrının ilk tamaşası Slovomir Mrojekin “Karol” pyesi əsasında qurulan “Üçüncü” adlı səhnə əsəri olub. Deyə bilərsinizmi, ilk tamaşa üçün niyə məhz həmin pyesə müraciət etmişdiniz?
Bu suala cavab vermək üçün qısa da olsa, teatrımızın yaranma tarixçəsindən danışmaq istərdim. Mən universiteti bitirdikdən sonra, bir neçə dövlət teatrının qapısını döydüm. Amma təəssüf ki, heç birindən müsbət cavab almadım. Belə bir situasiyada özümə iki sual verdim. Birincisi: “Şamil, sən teatra lazımsanmı?” Mövcud vəziyyətdə gördüm ki, yox, lazım deyiləm. İkincisi isə soruşdum ki: “Bəs Şamil, sənə teatr lazımdırmı?” Düşündüm ki, bəli! Elə bu düşüncənin və istəyin əsasında Pərviz (Xalq artisti Pərviz Məmmədrzayev-red.) müəllimlə həmin teatrı yaratmağa başladıq. Amma həmin tamaşa piara hesablanmış bir seçim deyildi. Daha çox teatrın məramı baxımından, yeni bir sənət əsəri yaratmaq üçün seçilmişdi. Digər tərəfdən də, həmin əsərin müxtəlif formatlarda hazırlana bilmə potensialının yüksək olması, onu yeni teatr üçün olduqca əlverişli etmişdi.
Human Teatrı yaradıcılıq baxımından digər teatrlardan nəyi ilə fərqlənir?
Böyük mənada, fərqlənmir. Məsələn, bu gün Azərbaycanda dövlət teatrlarını bir-birindən ayırd etmək çətindir. Digər teatrlarla müqayisədə öz spesifikası olan teatr varsa, o da “Yuğ” teatrıdır. Çünki metodikası tamamilə fərqlidir. Yəni “Yuğ” teatrı istər yaradıcılıq metodu, istərsə də sənət anlayışı cəhətindən digərlərindən asanlıqla seçilir. O cümlədən, “Pantomima teatrı”nı da misal çəkmək olar. Mən indiyə qədər bizim teatrımızda ənənəvi, pantomima və digər formalarda tamaşalar da hazırlamışam. Əslində, çərçivənin olmaması teatrımızın adından da bəlli olur. Məhz bu səbəbdən “Human” adını seçərək, heç bir çərçivəmizin olmadığını bəyan etmişik. Yəni, bu teatrın mərkəzində insan dayanıb. Məncə, Human Teatrının heç bir çərçivəsinin olmaması elə onun ən əsas fərqidir.
Human Teatrı insan amilini əsas götürməklə, necə bir cəmiyyəti arzu edir?
Düşünürəm ki, insan azad olmalıdır! Əslində, bu, ümumi fikirdir. Çünki insanlar “azadlıq” sözünü tamam başqa mənalarda başa düşə bilərlər. Amma mənə görə, azadlıq insanın özünə sual verib, necə yaşamaq istədiyinə cavab axtarmasıdır. Human Teatrının əsas qayəsi elə budur. Yəni, bizim teatrımız, həmin sualları özümüzə vermək üçün gözəl bir vasitədir.
Sualı daha konkret qoyaq. Teatrınız insanlara nə vermək istəyir?
Sevgi. Mən insanlara bacardıqca sevgi vermək istərdim. Çünki nə qədər sevgi verə bilsək, cəmiyyətimiz də bir o qədər gözəl olar.
Tamaşalarınızda cəmiyyətin daha çox hansı problemlərini işıqlandırırsınız?
Axırıncı tamaşamız - “Mənim!” pandemiyadan öncə qurulmuşdu. Orada bir insan zibillikdən müxtəlif əşyalar tapır. Başqa bir adam isə gəlib, əlini uzadaraq: “Mənim!”dir deyir. Bu təvazökar insan öz tapdığı və düzəltdiyi əşyaları onunla paylaşmağa başlayır. Sonra bir müddət keçir və həmin adam hər dəfə gəlir və onun əşyalarına əlini uzadıb: “Mənim!” deməyə başlayır. Tamaşanın qəhramanı bir də görür ki, artıq ətrafında heç nə qalmayıb. Daha sonra üfüqdən günəş çıxır. İndiyə qədər əlindən hər şeyi alınan bu adam günəşə baxıb: “Mənim!” deyərək, ona doğru qaçmağa başlayır. Yəni, bu o demək idi ki, insanların əlindən onların hər şeyini alsalar da, onun içindəki sevgini almaq mümkün deyil. Məsələn, biz bu gün görürük ki, insanların əksəriyyəti öz həyatlarında maddi maraqlara daha çox önəm verirlər. Bəs, onların əlindən bütün bu maddi dəyərləri alsalar, onlar nədən təsəlli tapacaq? Axı, insanların xoşbəxtliyi təkcə maddi maraqlardan asılı olmamalıdır. Axı, bununla yanaşı, insanın söykəndiyi mənəvi dəyərlər də olmalıdır!
Sizcə, teatrlarımız cəmiyyətimizdə baş verən problemləri nə dərəcədə işıqlandıra bilirlər?
Bu suala birmənalı şəkildə cavab vermək çətindir. Çünki indiki halda teatrlarımız tamaşaçılarla düzgün münasibət qura bilmir. Yəni hal-hazırda cəmiyyətimizlə teatrılarımız arasında böyük uçurum yaranıb. Bunun ən böyük səbəbi odur ki, teatrlarımız insanların həyatından uzaqlaşıb. İnsanlarımız səhnədə özlərini görə bilmir. Ən böyük problem mənə görə budur. Teatrlarımız əvvəlcə bu münasibəti bərpa etməyə səy göstərməlidir. Əgər indiki dövrdə teatrlarımız bu münasibətlərin inkişaf etdirilməsi yönündə, hər hansı bir səy göstərsəydilər, biz həmin məsələlər haqqında daha geniş danışa bilərdik.
Human Teatrı həmin münasibətləri nə dərəcədə bərpa edə bilib?
Bu suala indi cavab verə bilmərəm. Çünki teatrımız yarandığı gündən cəmi səkkiz tamaşa təqdim edə bilib. Həm də bildiyiniz kimi, özəl teatrlar məkanla bağlı tez-tez problemlər yaşayır. Düzdür, son dönəmlər Mədəniyyət Nazirliyindən bizə dəstək olurdu. Amma pandemiya ilə əlaqədar işlərimiz bir qədər ləngidi. Hər halda düşünürəm ki, bu suala yaxın illər ərzində daha real cavab verərəm.
Məkanla bağlı çətinlikdən söz düşmüşkən, bəlkə teatrınızın maliyyə durumundan danışaq?
Açıq deyim ki, elə teatra pul xərcləməklə məşğuluq. Çünki teatrdan bizə heç bir əlavə vəsait qalmır. Ayda bir dəfə icarə haqqı veririk. Bu pulu isə ayda bir dəfə tamaşa oynamaqla çıxarda bilmirik. Əslində, bəzi layihələrin və kursların hesabına hardasa həmin vəsaiti əldə edirdik. Amma il yarımdır pandemiya ilə əlaqədar teatrlar qapandığı üçün bu vəsaitdən də məhrum olmuşuq. Bundan sonrası necə olacaq, bilmirəm. Belə davam edərsə, teatrımız nəinki məkanını, hətta tamaşaçılarını da itirə bilər.
Adətən, hər bir teatr tamaşaçısını özü formalaşdırır. Human Teatrı buna nə dərəcədə nail olub?
Məncə, buna, müəyyən mənada, nail olmuşuq. Məsələn, 2020-ci ilin fevral ayında Mədəniyyət Nazirliyinin dəstəyi ilə iki tamaşa oynadıq. Heç bir reklamsız A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 80 bilet satdıq. Həmin biletləri alanlar, sırf Human Teatrına gələn və bizimlə maraqlanan tamaşaçılar idi. Növbəti tamaşamız R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında oynanıldı. Bu tamaşaya 40 nəfər bilet alıb gəlmişdi. Gəlin etiraf edək ki, Azərbaycanın teatr məkanında hansısa teatrın əgər xalis 40 nəfər tamaşaçısı varsa, bu, artıq böyük nəticədir. Belə nəticələrə bəzi özəl teatrlarımızda da rast gəlinir. Məsələn, özəl teatrların birində tamaşa hazırlamışdım və həmin səhnə əsərini oynayarkən demək olar ki, 350 nəfərlik zal tamamilə dolmuşdu.
Bir çox ölkələrdə özəl teatrlar bir-birilə sıx əməkdaşlıq edir. Azərbaycanda bu məsələ niyə arzu olunan səviyyədə deyil?
Biz o münasibətləri qurmağa çalışırıq. Misal üçün, “Rebus Teatrı” ilə münasibətlərimiz çox gözəldir. O cümlədən, “M Teatrı” ilə. Elə digər özəl teatrlar olsun, mənim üçün fərq etmir. Əgər müştərək bir layihə olarsa, böyük məmnuniyyətlə qoşularam. Hətta bu barədə bəzi müzakirələrimiz də olub. Ölkəmizdə özəl teatrlar məsələsi son iki ildə daha çox gündəmə gəlib. 2017-ci ildə bizim teatrımız yaranan vaxt cəmi üç-dörd özəl teatr var idi. Nəzərə almaq lazımdır ki, bu teatrların maliyyə problemləri də var. Hətta aralarında elələri var ki, daimi məkanları yoxdur. Ayda bir dəfə tamaşa oynayan teatr böyük kütlənin marağını dəyişə bilməz. O vaxt dəyişə bilər ki, onların sayı çox olsun. Əgər bizim ən azı 30-a yaxın özəl teatrımız olsaydı, nəyəsə nail olmaq olardı. Amma bizim təxminən 10 özəl teatrımız var. Tutalım, mən bu gün durub, özəl teatr festivalı keçirmək istəsəm, ən birinci qabağımı kəsən maliyyə problemi olacaq. Biz hər hansı bir layihə etsək də, nə qədər çox bilet satsaq da, bunun vergi məsələsi var. Ona görə də, ilk növbədə, gərək özəl teatrlar vergidən azad edilsin. Çünki vergi məsələsi sponsorların teatr festivallarına cəlb edilməsinə də mane olur. Qanun çərçivəsində teatrlarla əməkdaşlıq edən sponsorlara vergi məsələsində güzəşt olunsaydı, bu, özəl teatrların inkişafında böyük rol oynayardı.
Festivallardan söz düşmüşkən, bu yaxınlarda “Mədəniyyət Nazirliyi ilə “Teatro.az” saytının birgə layihəsi olan “4.4 Qısa Tamaşalar Festivalı” keçiriləcək. Human Teatrının həmin layihədə iştirakı gözlənilirmi?
Əlbəttə! Düzdür, hələ ki, müraciət etməmişik. Amma təbii ki, iştirak edəcəyik. Yəni, bu festival ölkəmizdə baş verən mühüm teatr hadisəsidir. Özü də ilin-günün bu vaxtında belə bir festivalın təşkil edilməsi, teatrlar üçün yeni nəfəs deməkdir. Belə festivalların təşkil edilməsi özəl teatrların inkişafı və piar məsələsi cəhətindən də son dərəcə önəmlidir. Mənim üçün əsas qalib gəlmək deyil, iştirakdır.
Sizcə, Azərbaycanda teatrın inkişafına mane olan əsas səbəblər hansılardır?
Səbəblər çoxdur. Ən vacib məsələ odur ki, teatrlarımız yenilənməlidir. İdarəetmə üsulu dəyişməlidir. Ümumiyyətlə, teatra yanaşma dəyişilməyincə, hər hansı bir inkişaf gözləmək yersizdir. Cəmiyyətimizə doğru yönəlməliyik. Fərq etməz. Elit təbəqəsindən tutmuş, ən əşağı sinifinə qədər. Ən əsas odur ki, biz hansı cəmiyyətdə yaşadığımızın fərqinə varmalıyıq. Teatr niyə var? Əgər biz cəmiyyət üçün deyiliksə, kimin üçün varıq? Əgər cəmiyyətlə hesablaşmaq mənim üçün önəmli deyilsə, mən niyə teatrda işləməliyəm? Bəzi sənət adamları, ümumiyyətlə, tamaşaçı ilə hesablaşmır. Belə olduğu halda, tamaşaçı teatra niyə gəlsin? Deməli, biz doğru yanaşmırıq. Ona görə dəyişməliyik ki, müasir dövrlə ayaqlaşa və bilavasitə cəmiyyətlə yanaşı addımlaya bilək. Cəmiyyəti anlaya bilsək, teatrda maraqlı tamaşalarla yanaşı, düzgün piar sistemini də qurmaq mümkün olacaq.
Sizin teatrda piar işi hansı vəziyyətdədir?
Çox pis. Kortəbii formadadır. Elə təkcə sosial media marketinqi ilə nələrsə etməyə çalışırıq. Amma bu o demək deyil ki, indi biz teatrı bağlayıb, başqa işlə məşğul olmalıyıq. Bu günün öz piar işi, marketinq siyasəti var. Məsələn, indiki dövrdə bir çox ölkələr rəqəmsal tamaşalarla öz piar sistemlərini inkişaf etdiriblər. Elə mən özüm də dijital tamaşalarla maraqlanıram. Çünki bu, müəyyən mənada, zamanın tələbinə çevrilib. Zamanın tələbi isə, təbii olaraq, piar işinin effektli alınması üçün qarşımıza konkret faktlar və təcrübələr qoyur. Biz bunu qəbul etməliyik! Pandemiya dönəmində istər teatrların piar siyasətinin, istərsə də ictimai marağın nə qədər zəif olduğunu daha yaxşı gördük. Pandemiyanın başlaması bizim teatrda baş verən prosesləri bütün çılpaqlığı ilə görməyimizə şərait yaratmaqla yanaşı, problemlərimiz haqqında daha ciddi düşünməyə vadar etdi.
Pandemiya dövrü konkret olaraq, sizə hansı təcrübələri qazandırdı?
İl yarımdan artıqdır ki, pandemiya şəraitindəyik. Hazırda müəyyən layihələr üzərində işləyirik. Bu dövr bizdə belə bir təcrübə formalaşdırdı ki, istənilən şəraitdə sən hazır olmalısan! Çünki vəziyyətlə ayaqlaşmağın başqa yolu yoxdur.
Bəs, mövcud vəziyyətdə və yaxın gələcəkdə hansı layihələri həyata keçirməyi düşünürsünüz?
Hazırda elə bunun üzərində iş gedir. İndidən söz vermiş kimi olmayım, amma bir az əvvəl dediyim kimi, “Dijital Teatr” layihəsi haqqında düşünürük. Bu layihənin formatına görə tamaşaçını həmin tamaşadan yalnızca mavi ekran ayıracaq. Yəni tamaşaçı zalda olmayacaq. Evində oturub canlı nümayiş olunan tamaşaya baxacaq. Amma dəqiq söz verə bilmərəm, bu layihə, hələ ki, işlənmə mərhələsindədir. Mövcüd şəraitin bizi hansı hadisələrlə üz-üzə qoyacağını dəqiq bilə bilmərik. Amma “Dijital Teatr” layihəsinin həyata keçməsi üçün bacardığımız qədər imkanlarımızı səfərbər edəcəyik.
Nazirlər Kabinetinin qərarı ilə oktyabr ayının 1-dən teatrların fəaliyyətinə icazə veriləcək. Sizcə, ölkənin teatr həyatında hansı dəyişiklikləri müşahidə edəcəyik?
Teatrların qapanması ilə açılması arasında çox şeylər yaşandı. İndi müharibədən qalib çıxmış eyni zamanda müharibə kimi ağrılı, fəsadları uzun sürən bir məfhumun içindən yeni çıxmış, pandemiya kimi yeni düzənin bizə öyrəşdiyimiz həyatdan tamamilə fərqli bir düzən təqdim etdiyi bir dövrdə teatrın da yanaşması dəyişilməlidir. Ən azından, bu yaşadıqlarımız içərisində insanların dəyərləri, adət-ənənələri dəyişdi. Əgər biz bu cəmiyyətdə yaşayırıqda və teatrla məşğuluqsa, yenilənməyə məhkumuq. Əgər tez-bazar köhnə tamaşaları bərpa edib oynayacağıqsa, böyük mənada, heç nə dəyişməyəcək.
İndiki vəziyyətdə Human Teatrı beynəlxalq arenaya çıxmağa hazırdırmı?
Bəli. Tam hazırıq.
Söhbət Human Teatrından gedir, axı...
Mən də elə bizim teatrı deyirəm.
Bu əminlik nədən qaynaqlanır?
Məsələn, ölkə xaricində istənilən formada teatrımızı təmsil edə bilərik. Çünki bizim teatrımızın heç bir çərçivəsi yoxdur. Bu səbəbdən də düşünürəm ki, xarici teatr mühitinə və ordakı tamaşaçıların zövqünə asanlıqla uyğunlaşa bilərik. Nəzərə alaq ki, Human Teatrının pamtomima tamaşaları da var və bu tamaşalar üçün dil baryeri yoxdur. Quruluşçu rejissorumuz və bədii rəhbərimiz Pərviz Məmmədrzayevin özü də həmin tamaşalarda aktyor kimi oynayır. Yaradıcı heyətimiz kifayət qədər güclüdür.
Belə olduğu halda, sizə elə gəlmirmi ki, sizin teatrınız, sanki bizim cəmiyyətimizdən başqa hamıya maraqlıdır?
Xeyr. Elə deyil. Bizim cəmiyyətə də teatr lazımdır. Amma bizim teatr adamlarının düşüncəsində yox. Məsələn, bizdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, müəyyən mənada, tamaşaçı zövqünü formalaşdırmağa müvəffəq olublar. Deməli, digərləri tamaşaçıya doğru yanaşa bilmirlər. Yanaşa bilsəydik, digər teatrların da daimi tamaşaçı kütləsi olardı. Qətiyyən cəmiyyəti qınaya bilmərik. Əslində, teatrlarımız arasında ayrı-seçkilik salmaq istəmirəm. Sadəcə, mən günahı ümumi olaraq teatr adamlarında görürəm. Yəni, problem təkcə idarəetmədə deyil, yaradıcılıq və piar məsələlərində də var. Düzdür, indi mən müəyyən bir zövq baxımından Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının adlarını çəkdim. Amma əslində, indiki halda heç bir dövlət teatrının vəziyyəti bizim arzuladığımız qədər gözəl deyil. Yəni, çox istəyərdim ki, mən hər hansı bir dövlət teatrının qarşısında o izdihamı görə bilim. Demirəm ki, bizim teatrımızda vəziyyət əladır. Elə məsələ də burasındadır ki, heç birimiz istədiyimiz nəticəni görə bilmirik.
Sizcə, ümumi şəkildə danışmaq yerinə konkret danışmaq daha obyektiv olmazdımı?
Daha konkret danışmaq çətindir. Çünki teatrlarımızda vahid struktur yoxdur. Pərakəndəliyin hökm sürdüyü bir sistemdə biz kimin yaxasından yapışa bilərik ki? Amma onu da deyim ki, teatrlarımızda heç tamaşaçı zövqü də nəzərə alınmır. Əgər teatrda öz zövqündən çıxış edərək tamaşa hazırlayırsansa, bu o demək deyil ki, yaşadığın cəmiyyət o tamaşanı mütləq bəyənməlidir. Biz indi sovet dövründə yaşamırıq. “Mən beləyəm və məni belə qəbul edin!” deyə bilmərik. Kapitalizm dövrüdür. Rəqabət apara bilmirsənsə, deməli, sən teatr idarəçiliyi ilə məşğul olmamalısan! Yənə də deyirəm, ümumiyyətlə, teatrlarımızda pərakəndəlik hökm sürür. Yəni belə olduğu halda, biz hansısa teatr rəhbərini tənqid atəşinə tuta bilmirik. Çünki teatrın daxilində bəzən elə söz-söhbətlər olur ki, ortaya keyfiyyətli bir iş çıxarmaq mümkün olmur.
Bəzən aktyorların bədii rəhbərlər üzərində hakimiyyət qurduğunu müşahidə edirik. Sizcə, həmin teatrlar bu vəziyyətdən necə çıxmalıdır?
Məncə bu kiçik məsələlərdir. Onsuz da bunun üzərində durmaqla heç bir nəticə əldə edə bilmərik. Yenə də deyirəm, teatrda vahid struktur olsaydı, heç vaxt belə problemlər baş verməzdi.
Bəs, bədii rəhbər və ya teatrın direktoru bu cür hegemonluq qarşısında çarəsiz qalsa necə?
Qaliblər heç vaxt mühakimə olunmur...
Belə olduğu halda, hansı yaradıcılıqdan danışmaq olar?
Bu, eqoizmdir. Teatrın ümumi mənafeyini düşünməyən insanı, ümumiyyətlə, sənətkar adlandırmaq olmaz! Yəni, bu o demək deyil ki, bu, rejissorun günahıdır. Xeyr! Kiminsə kiməsə təzyiq göstərməsini biz Azərbaycan teatrının günahı kimi görə bilmərik!
Belə bir gedişat, sizcə, kollektivdə “üç meymun” psixologiyasının yaranmasına səbəb olmurmu?
Mənə elə gəlir ki, belə məsələlər həmişə olub. Yəni bundan sonra da ola bilər. Digər tərəfdən, axı, bizim, həqiqətən də, özündən çox teatrı düşünən və onun üçün çalışan sənətkarlarımız da var. Əslində, teatrın kollektivi belə olmalıdır. Teatr ayrı-ayrı şəxslərin öhdəsində qalmamalıdır. Hər kəs teatra xidmət etməlidir!
Cavanşir Qasımov
Müəllifin digər yazıları
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Verilən məlumata görə teatr "Birinci B...
Gənc Tamaşaçılar Teatrının səhnəsində vətən müharibəsinə həsr edilən “Balaca kişilər” tamaşasının premyerası olacaq.
Bu barədə Teatrın Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, tamaşa, 27-28 may tari...
Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru Əliyar Əliyevlə müsahibə
– Əliyar bəy, bu yaxınlarda Qusar Dövlət Ləzgi Dram Teatrının baş rejissoru vəzifəsinə təyin edildiniz. Teatrın kollektivi sizdə hansı təəssüra...
“İnklüziv” termini latıncadan “daxil edirəm” mənasını verən “include” sözündən götürülüb. Daha sonra həmin termin fransızlar tərəfindən dilimizə “özünə daxil edən&...
Avstriya Akademik Burq Teatrında “Kremator” tamaşasının premyerası olacaq. Premyera oktyabr ayının 13-ü yerli vaxtla saat 20:00-da baş tutacaq. Tamaşanın rejissoru Nikolaus Habjan, bəstəkarı Klaus von Heydenaber, səhnə tərtibat&ccedi...
Human Teatrının direktoru Şamil İbrahimov ilə müsahibə
Şamil İbrahimov kimdir… aktyor, rejissor, yoxsa teatr rəhbəri?
Şamil aktyordur. Teatrı idarə etsəm də bu, gerçəyi dəyişə bilməz. Əslində, fərq eləmir,...
1989-cu ildən bəri mütəmadi olaraq gənc dramaturqların festivalı kimi keçiriliən “Lyubimovka” builki proqramını açıq elan edib. Lyubimovka Teatr Festivalının rəsmi saytından aldığımız məlumata görə, açılşı S...
“Sankt-Peterburq Opera” Teatrının mətbuat xidmətindən verilən məlumata görə, 16-17 iyul tarixlərində Rusiyanın Xalq Artisti Yuri Aleksandrovun quruluşunda, Vinçenço Bellininin “Norma” operasının premyerası o...
Moskvada Çexov Festivalı çərçivəsində Fransız şirkəti “Paul en Seine” və baletmeyster Murad Merzukinin “Folia” tamaşası nümayiş olunub. “Folia” portuqal dilindən tərcümədə “dəli...
Bu il 6-17 iyul aralığında keçiriləcək 74-cü Kann Film Festivalının münsiflər heyətinin və müsabiqədə iştirak edəcək filmlərin siyahısı açıqlanıb. Spike Lee-nin başçılıq etdiyi həmin siyahıda bir çox tanınmı...