TEATRO

TEATRO

sənət portalı

post-title

Salam və sağ ol, Arif Quliyev...

Facebookda 7 may sanki Arif Quliyev günü oldu...
Sağlığında “Mən də bu sənəti seçdim ki, insanların urəyində olan qəmi, kədəri oğurlayım, yerinə gülüş toxumları səpim” deyən Xalq artisti ilə tamaşaçılar belə vidalaşdı...
 
Fəridə Aslanova:

“Kimlər gəldi, kimlər getdi
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan...

Şair Zeynal Xəlilin bu misraları ilə heç vaxt razılaşmamışam. 

İnsan nə qədər arif olursa, olsun, lap 100 il ömür sürsə belə, yenə də nakamdır. Ömür vəfa etmirsə, həyata keçirmək istədiyi o qədər saysız-hesabsız arzu-diləyi də nakam qalır. 

Sevimli gülüş ustamız, Xalq artistimiz Arif Quliyevə Allah rəhmət eləsin. 

Yaşasaydı, 9 gündən sonra 71 yaşını qeyd edəcəkdi. May ayı onun hər iki dünyaya qovuşduğu aydır. 

Doğum tarixi: 16 may 1950-ci il... 

Vəfat etdiyi gün: 7 may 2021-ci il... 

Ruhu şad olsun”.
 
Aliyə Dadaşova: 

“Bir dəfə məktəbə gəldi Arif Quliyev. Məktəbin ən böyük rus dili kabineti. Bizim çöpəgülən yeniyetmə vaxtımız. O da hər addımda oyun çıxarır. Arada yıxılıb zad da elədi. Niyə gülürdük onda? Yəqin sadəcə gülmək istəyirdik. Bir ümid gözləyirdik. 90-lar idi. Biz də kənd uşaqları. O ağır günlərdə bizi o güldürürdü. Bəlkə də sonra biz özümüz gülə bilmədik heç, onluq bir şey olmadı. Meyerxold deyirmiş ki, aktyor hoqqabazlığı, "şitlik etməyi" də bacarmalıdı. Bəlkə də səhv deyir Meyerxold. Amma Arif Quliyevin necə olursa olsun, güldürmək istəyində işıqlı, kədərli, təmiz bir niyyət var idi... 

Hərdən mənə elə gəlir ki, bizim həyatimiz cəmi iki hissədən ibarətdı, qısa uşaqlıq və ömrün sonuna kimi çəkən uzun bir uşaqlıqla vidalaşma. Həmişə vidalaşmaq olurmuş deməli. Bu gün də Arif Quliyevlə. Əlvida, uşaqlıq....” 

Cavid Zeynallı: 

“Əlvida, uşaqlığımızın qəhqəhəsi! Gözəl günlərimizin unudulmaz gülüşü! Səni təbəssümlə xatırlayacağıq! 

Tanrı ruhunu rahat eləsin!” 

Allahverdi Yolçuyev:

 “Gecənin bu vaxtı acı xəbər eşitdik Azərbaycanımızın Xalq artisti Arif Quliyev haqq dünyasına köçdü. Allah rəhmət eləsin, ruhu şad olsun. Cox heyif rejissorlarımız bu nadir, özünəməxsus istedada malik Arifdən yetərincə istifadə etmədilər. Milyonlarla insanı öz gülüşü ilə müalicə edən səmimi, sadə insanı ölümün pəncəsindən xilas edə bilmədik. Çox heyif...” 

Məhəmməd Hüseynov: 

“Azərbaycan Respublikasının Xalq artisti, görkəmli səhnə adamı Arif Quliyev bizləri tərk edərək əbədi istirahətgahına köçdü. Ağdam DDTeatrının bütün yaradıcı heyəti adından görkəmli səhnə xadiminin yaxınlarına başsağığı verirəm. Allah rəhmət eləsin sənə ey bu dünyadakı əməli, işi, fəaliyyəti yalnız insanlara gülüş, sevinc bəxş edən böyük sənətkar!” 

Aybəniz Haşımova: 

“80-ci illər idi, Arif Quliyev Gəncədə solo konsert verməyə gəlmişdi. Tamaşaçı yer tapa bilmirdi əyləşməyə, razı idilər ki, bircə ayaq üstə də olsa konserti izləyə bilsinlər.

Coox sevildi Arif Quliyev, cox. Bəşir Səfəroglunun tamaşacı izdihamını yeniliyən Aktyor oldu. Allah ona, ana, bacı, qardaş sevgisini tamaşacı məhəbbəti ilə əvəzlədi, bəlkə də elə ən gözəli bu idi?...İşıqlı insan, sevənlərinə bu qədər gülüş bəxş edən, bəs ailəni niyə aglattdın? 

Axı, yetimlik nə idi sən ki, bunu hamıdan yaxşı bilirdin...

İnanmazdım ki,belə tezliklə sənə Allah rəhmət eyləsin, qəbrin nurla dolsun, günahın varsa, Allah günahlarını bagışlasın yazacam əziz Sənət dostum, ən gözəl illərimizin Arifi! Əlvida, Xalqın SEVILMI İNSANI! Görüşənədək”

Gülçöhrə Abdullayeva: 

“Heyf..., çox aktyora çörək verdi..., məni də tədbirlərə-konsertlərə qatıb çörək verib... hər yerdə də xalq onu necə sevdiyinin şahidi oldum... Oğluna qovuşacaq.... ALLAH RƏHMƏT ELƏSİN“ 

İradə Sarıyeva:

“Gəlimli gedimli, son ucu ölümlü dünyanın içində bir qəhqəhə də susdu... yox susmadı. Əbədi olaraq yaddaşlara hopub yenidən yaşamaq haqq qazandı... göz yaşı içində gülüşü göstərdi bizə, ağlaya ağlaya gülməyin, faciələr içində komediya oynamağın nə olduğunu göstərdi bizə. Kədərli, sirli, mübhəm bir ömür yaşadı, biz onu bəlkə də yaxşı tanıya bilmədik, o isə özünü bizə belə tanıtdı-gorkəmli gülüş ustası, Xalq artisti Arif Quliyev olaraq. Sadəliyi və səmimiliyi, göz yaşı içində bəxş etdiyi gülüşlər ürəyimizdə yasayacaq. Yeri cənnət olsun!” 

Aida Mövlud:

“Hərəniz bir işə buyurursuz, adımı da yarıtmaz qoyursuz!

Qız evi də deyir harda qaldıye bunlar?

Salam! Sağ ol!

Sən gede, mən tələsirəm!

Mənəmee ay dədə, Miriş! 

Ən çox bu filmdə, “Bəyin oğurlanması”nda güldürmüşdü.

Bir dəfə müsahibə verirdi efirdə. Dedi balaca vaxtı uşaq evində idim, bir uşağın anası gəldi, ona keks gətirdi. Anası gedəndən sonra uşaga yaxınlaşıb dedim: olar mən də o keksden yeyim? Uşaq cavab verdi ki, yox, nə danışırsan, bunu mənə anam gətiribe. Bunu dedi Arif Quliyev hönkür-hönkur ağladı efirdə. Bu gun də bu musahibəni bacım mənə təzədən danışır telefonda, səsli mesajda ağlaya-ağlaya.

Əgər gedişi hər kəsi kövrəldibsə, demək həqiqətən də xalqın artistidi. Demək bu adı layiqli daşıyıb. Sonuncu defə bizlə görüntülü danışıb, Mahmudu qucaqlayıb xoşbəxtlik arzulamışdi ailəmizə.

Allah rəhmət etsin gözəl insana”. 

Elvin Rüstəmzadə: 

“Arif Quliyev yaşlı dövründə aktyor kimi heç kəsə gərəkli olmadı.

O, efirlərdə, dost-tanış arasında “mən də varam axı”-nı göstərmək üçün bəlkə də etməməsi gərəkən zarafatlar etdi, oyunlar göstərdi və biz “təlxəkdi bu” dedik keçdik.

Hərçənd ki, illər-illər əvvəl onu çox sevərdik.

Onun “mən də varam axı”-nı göstərmək üçün etdiyi “təlxəkliklərin” günahkarı həm də bizik.

Əsas da kino adamları.

Allah rəhmət eləsin,sənətkar!” 

Şöhlət Zəki:

 “Allah rəhmət eləsin, uşaq vaxtı bu böyük sənətkarın oynadığı rollara gülürdüm, illər keçdikcə onun hər hərəkətində, oynadığı rolda, hətta aldığı nəfəsdə dərin bir kədərin olduğunu duydum”. 

Mərahim Nəsib:

“Arif Quliyevlə bağlı çoxlu xatirələrim var. Onunla hələ uşaq yaşlarımdan tanış olmuşam. 1990-cı illərdə-müharibənin qan-qadasının hələ bitmədiyi zamanlarda Arif Quliyev verdiyi konsert və tamaşalarla sınmış və bədbəxt olmuş xalqın üzündə gülüş yaradan, onlara təsəlli verən nadir insanlardan idi. Arif Quliyev heç bir sənət adamının doldura bilmədiyi konsert salonlarını, futbolçuların doldura bilmədiyi futbol meydançalarını dolduraraq bütün xalqı ələ alıb, onlara sevinc bəxş edirdi. Dəfələrlə kəndimizdə və rayonumuzda onun tamaşalarına baxmışam. Hər tamaşası o qədər anşlaq olurdu ki, onu izləməyə gələnlər bir-birini itələyib ona yaxından baxmaq üçün önə keçmək istəyirdi. Bir növ, Arif Quliyev sakitləşdirici dərman rolu oynayırdı o çətin zamanlarda. Tanıdığı və tanımadığı hər adamı ələ alıb, zarafat edə bilirdi. Heç kimə sənətindən və şöhrətindən istifadə edib yuxarıdan aşağı baxmırdı. Bir sözlə, əsl xalq adamı idi. Nə qədər insanı da müharibənin fəsadlarından, sabitliyin pozulduğu vaxtların stressindən xilas etmişdi. 
Zaman elə gətirdi ki, incəsənət camiəsinə atıldım və Arif Quliyevlə tez-tez görüşdüm. İstər film təqdimatlarında, istər teatr tamaşalarında, istərsə də konsertlərdə üz-üzə gəldik. Hətta, qısa da olsa eyni filmdə işləmək nəsib oldu. Həmişə də öz ampluasında olurdu: pozitiv, səmimi və mehriban. Arif Quliyev qaranlıq uşaqlığımızın ən işıqlı parçası idi. Onun ölümü təkcə ailəsinin yox, həm də üzündə gülüş yaratdığı və həyata bağladığı minlərlə insanın faciəsidir. Bizim nəsil ona çox şey borcludur. Çünki ondan geriyə ancaq sənət, sevgi və hörmət qaldı. Hələ körpəliyindən valideyn himayəsindən və sevgisindən məhrum qalaraq uşaq evində böyüyən sənətkar böyüklərin mənəvi övladı oldu və öz qurduğu dünyasından başqa heç nəyi olmadı. Gülə-gülə, gülən adam! Əbədiyyətə qədər sağol! Sağol ki, uşaqlığımızın ən gözəl, ən şirin parçası oldun! Ruhun şad olsun!” 

Esmira İsmayılova:

 “Gülən ancaq gözləri idi... qəribə nisgil, hüzn vardı gülüşündə.Bəlkə də dramatik rolların ifaçısı kimi daha uğurlu ola bilərdi... Rejissorlar aça bilmədilər potensialını, elə salam, sağ olla yola verdilər.

Elə həyat da onu yola verdi, əvvəli də, axırı da zülüm oldu. Taragikomediyanın hüznlü finalında hamının qəlbində şəfqət, ağrı oyatdı Arif Quliyev. Sənətini  sevməyənlərin, bəyənməyənlərin belə .

Pərdə qapandı... Allah rəhmət eləsin!”
 

Load Time (S) : 0.003212