Aynurə İbadullah - Nizami zehniyyəti, Füzuli əngəli… və dram
“Füzuliyə münasibətdə çox böyük səhvini, bağışlanmaz günahını” (Zəkulla Bayramlı) Axundzadəyə bağışlamazdılar, əgər ortalıqda qaranlığa gömülmüş bir z...
l hissə
İnstinktiv davranışlar dramaturji mətnə qarşı
İrland mənşəli Britaniya dramaturqu, ssenaristi və rejissoru Martin Makdona geniş tamaşaçı kütləsinəqısametrajlı “Altıaçılan” (2004), tammetrajlı“Brüggedə” (2008), “Yeddi psixopat” (2012), “Missuri. Ebbinq sərhədində üç bilbord” (2017), “İnişerin banşiləri” (2022) filmləri ilə tanışdır. Qara komediya, tragikomediya, kriminal dram janrlarında çəkdiyifilmlərinin ssenarilərini də məhz Makdonanınpyeslərinə xas dramaturji strukturun və özünəməxsus dramaturji dilin məntiqi ardıcıllığı kimi qəbul etmək mümkündür.
Müəllifi olduğu “Aran adaları” trilogiyasına daxil olan “İnişerin adasının banşiləri” (pyes çap olunmasa da, əsasında “İnişerin banşiləri” filmi çəkilib), “İnişmaan adasından olan çolaq” (1996), “İnişmor adasının leytenantı” (2001), “Lineyn” trilogiyasına daxil “Gözəllik kraliçası" (1996), "Konnemar kəlləsi"(1997), "Yetim Qərb" (1997) və digər – “Balış adam”(2003), “Spokandan olan təkəlli” (2010), “Cəlladlar”(2015), “Çox, çox, çox tünd materiya” (2018) pyesləri bir çox dünya teatrlarında dəfələrlə səhnəyə qoyulmuşdur.
Ən yeni dramaturgiya dramaturji mətnin pafosdan azad olması, ən ali ideyalara, məfhumlara soyuqqanlı reaksiya, daha çevik, lakonik dialoqlar ilə xarakterizə edilir. Dramaturgiyanı diri saxlayan, dinamikliyini şərtləndirən ən mühüm amillərdən biri dildir və sözün hərəkətə bərabər olduğu dram əsərlərində dil nə qədər çevik olarsa hadisələrin dinamikası da bir o qədər sürətli olar. Tədqiqatlarda yeni dramaturgiyanın əsas xüsusiyyətləri sırasında real hadisələr, real xarakterlərlə yanaşı gündəlik danışıq üslubundan istifadə də yer alır. Bu baxımdan Makdonanın pyesləri qeyri-normativ leksikası, absurda dirənən dialoqları ilə bərabər real, hərəki, bəzən isə nəfəskəsici dilə malikdir.
1990-cı illərdə Britaniya teatrında meydana çıxan in-yer-feys (in-yer-face theatre – “üzə çırpan, üz-üzəteatr”) istiqaməti məzmununda zorakılıq, qətl, müxtəlif asılılıqların, qeyri-sağlam ruhi və fiziki əlamətlərin açıq-saçıq təqdimini həyata keçirərək gənc müəlliflərin ən çox müraciət etdikləri istiqamətlərdən oldu. Elə həmin 1990-cı illərdə dramaturji yaradıcılığa başlamış Martin Makdonanın da bu istiqamətə müraciətinipyeslərinin mövzusu və dramaturji dilinə əsasən söyləmək olar. Yeni avanqard yazı üslubunu və mövzuları əsas gətirərək Makdonanı in-yer-face teatrının (Aleks Sierz. İn-yer-face theatre. British Drama Today), mətnlərindəki pastiş və parodiya elementlərinə istinadən postmodernist və eyni zamandasubmədəniyyətə aid pank ədəbiyyatı nümayəndəsi hesab edən (Clare Wallace. Pastiche soup, Bad taste, Biting Irony and Martin McDonagh), “yeni brutalizm”ə xas qəddar estetikaya aid edən (Lachman Michal. “From both sides of the İrish Sea”: the grotesque, parody and satire in Martin Mcdonagh’s “The Leenane trilogy”) çoxsaylı tədqiqatlar mövcuddur. Lakin biz yazımızda müəllifin pyeslərini hər hansı nəzəri kateqoriyalar çərçivəsində məhdudlaşdırmaqdan uzaq olmağa çalışacağıq. Çünki Makdonanın pyesləri haqqında danışarkən hansısa konkret izmlərdən bəhs etmək yersiz çıxar. Bu pyeslər hardasa həyatın tərsinə çevrilmiş üzü, bəzən cəmiyyətdə qəbul olunmuş çərçivələr səbəbindən deyə, etiraf edə bilmədiklərimizdir. Müəllif də öz pyeslərində hər hansı hökm vermək, oxucuya nəsə öyrətmək, hansısa işarələrlə ideyalar aşılamaqdan tamam uzaqdır. Makdonanın personajları ideya daşıyıcısı deyillər və buna qətiyyən iddiaları da yoxdur. Bəlkə elə bu səbəbdən pyeslərdə ard-arda baş verən intihar, qətl hadisələri adidən adi bir hadisə kimi oxunur. Ölümü adiləşdirən, ölüm gözlənilən anda xilas, xilas gözlənilən anda ölüm təklif edən müəllifin ən azı iki pyesini oxuduqdan sonra süjetin inkişafına dair heç bir öncəgörmə hissi qalmır, hadisələr avtomat darağından tökülürmüş kimi baş verir. Makdonanın personajları özünümüdafiə və özünüifadə üçün hər cür yola əl atmağa hazır vəziyyətdədirlər. Və bu vəziyyət üst – görünən qatda başqa cür davranan personajınşüuraltında gedən psixoloji diskomfortdan qaynaqlanır. Bəs niyə bu personajlar diskomfort vəziyyətdədirlər – bunu konkret faktlarla açmağa çalışacağıq.
İrlandiya vətəndaş müharibəsi “Aran adaları”trilogiyasına daxil olan pyeslərdə baş verən hadisələrzamanı daim fonda küy kimi qalaraq müharibənin insanı necə vəhşiləşdirməsini, insani hissləri korşaldaraq qəddarlaşdırmasını göstərir. “İnişmor adasının leytenantı”nda vətəndaş müharibəsi zəminində ortaya çıxmış müxtəlif qruplaşmalar arasında fiziki və mənəvi terror ən yüksək həddinə çatır. Qruplaşma rəhbərlərindən olan Padraykın pişiyiBalaca Tomasın “ölümü” Padraykın atası Donni və ada sakini Deyvi arasında konflikti kəskinləşdirir. Müharibənin yaratdığı diskomfort vəziyyət nəticəsində hamı bir-birini günahlandırmağa hazırdır: asanlıqla insanları güllələyən və qatilə çevrilən Padrayk pişik qatilini bağışlamır. Çünki öz atdığı addımda məna görür: İrlandiyanın azadlığı uğrunda vuruşmağı əsas dəyər kimi görən, bu azadlığa dil uzadan, ən kiçik şübhəyə yer qoyan şəxsi güllələməyə hazır olan Padrayk günahsız pişiyin ölümünü faciəyə çevirir (finalda öldürülən pişiyin heç də Balaca Tomas olmadığı üzə çıxanda bütün həngamənin heç nədən hay-küy olduğu müharibələrin mənasızlığına və hər şeyin insanın heyvani instiktlərinin qurbanı olduğuna da bir işarədir) və bu yolda hətta öz doğma atasını dagüllələməyə qərar verir.
Makdonanın pyesləri hardasa nisbilik nəzəriyyəsinin bədii təsdiqidir: həyatda mütləq həqiqət yoxdur - müəyyən qrup üçün həqiqət başqaları üçün eybəcərlikdir. Uşaqlara narkotik maddələr satan alverçini cəzalandıran və üzərində hər cür fiziki qəddarlığı, cəza üsullarını yoxlayan Padrayka haqq qazandırmaq mümkündürmü? Neçə-neçə uşağın həyatının məhvi hər hansı didaktikanı, tərbiyəvi islah metodlarını istisna edərək qəddarlığa haqq qazandırırmı? Bu suallara müəllif konkret cavab vermir və mətndə həlledici məqamlar sonsuz situasiyaların hesabına meydana çıxır. Personajların müəyyən situasiyalarda pedant dərəcədə dürüst olmaqları da davranışlarının təhrifinə gətirib çıxarır. İlk baxışda ən düzgün qərar növbəti situasiyada ən səhv qərara çevrilir. İnsan etibarının, sadiqliyinin, verilmiş sözün dəyəri bir cümlə ilə dağıdılır: Donni və Deyvi Padraykın qorxusundan öncədən danışıldığı kimi yox, hərə özünü xilas etmək üçün “oynamağa” başlayır ki, bu da insanın özünüqoruma instiktinin diqtəsi ilə baş verir. Pyesdə ilk oxunuşda müşahidə edilən zahiri dağınıqlıq, bir-birinə macal verməyən dialoqlar da xaotik mühit yaradır. Bu xaotikliyi meydana çıxaran da məhz personajların instinktiv davranmasıdır:mədəniyyətin (kosmosun) şərtlərindən olan öncədən razılaşdırılmış qaydalara riayət ən kiçik, ani hücumda pozulur, nizamlılıq, qaydalara riayət öz yerini anındaca instinktiv davranışlara verir. Donni və Deyvinin instiktiv davranışlarına zidd Padraykın praqmatizmi durur: “Azad İrlandiyada azad pişiklərin yaşaması” arzusu əslində mütləq azadlığa işarədir – pişiklərin belə azad olduğu Vətən ideyası daha praqmatikdir. Pyes boyu pişik həyatının belə insan həyatından dəyərli olması, canlı insan və cəsəd arasında əslində heç bir fərq olmaması insanın bir ət parçasına çevrilməsinə gətirib çıxarır ki, bu da münaqişədə daim əzilən insanların fiziki məhvindən, sağ qalanların isəmənəvi aşınmasından qaynaqlanır.
“İnişmaan adasından olan çolaq” pyesində maddi-mənəvi bataqlıqda yaşayan insanın gələcəyə inam hissi sınanır. İrlandiyanın ucqar İnişmaan adasının sakinləri instinktlər+praktiki vərdişlər hesabına yaşayırlar. Həyatda qalmaq üçün bu bataqlıqdan qaçış ilk baxışda ən optimal xilas variantıkimi görünür. Daima lağlağa obyektinə çevrilən Çolaq Billinin şikəstliyi onun bu bataqlıqdakı onsuz da çətin olan həyatını daha da qəlizləşdirir. Vaxtilə valideynlərinin bu adadan qaçıb qurtarmaq arzusunu Billi həyata keçirir – amma sonu məyusluqla bitən bu cəhd onu yenidən düşünməyə vadar edir: doğrudanmı qaçış çıxış yolu deyil – insanın doğulduğu yer bütün miskinliyi, çıxılmazlığı, bataqlığı, bezdiriciliyi ilə birgə onun həqiqi taleyidir?
Ümumiyyətlə, Makdonanın personajlarıqazanılmış şikəstlik sindromundan əziyyət çəkirlər – istər gözlə görünən, istərsə də görünməyən. Və bu personajların fiziki şikəstliyini mənəvi şikəstlikləri tamamlayır. Amma mənəvi şikəstlik haqqında moizələr heç kimə maraqlı deyil: Bibliyanın, İsanın hər cümləsini əzbərdən bilən bütün bu rəhmsiz şikəstlərin, “mərhəmətli xristianlar”ın əməlləri ilə sözləri arasında bir eybəcər uyğunsuzluq var. Martin Makdonanın pyeslərində istifadə etdiyi əsas priyomlardan olan qara yumor da məhz belə bir anda ortaya çıxır: əgər yumor müəyyən nöqsanların, uyğunsuzluqların gülüş vasitəsilə təqdimindən meydana gəlirsə, qara yumorda bu uyğunsuzluq eybəcərləşdirilir, yumor obyekti alçaldılaraq bütün dəyərlərin, ali hisslərin heç olduğunu bəyan edir.
Makdona digər pyeslərində olduğu kimi bu pyesin finalında da gözlənilməz gedişlər edir – pyes boyu darıxmaqdan gündəlik kiçik hadisələri xəbərə çevirən boşboğaz, “mərhəmətli xristian”CONNİPATİNMAYKın illər əvvəl etdiyi yaxşılığı və bunu hamıdan gizləməsi daxildəki əsl mərhəməti üzə çıxarır. Valideynlərinin özlərinə qəsd edərək ölüm pulları ilə çolaq Billini xilas etmələri haqqında Conninin uydurduğu yalan Billidə həyata, insanlara inamı bərpa edir. Əslində özünün Billinin xilaskarı olması barədə həqiqəti biz Conninin dilindən eşitmirik. Bütün bu küfrün içində imanlı qalmaq və küfr edərək inanmaq CONNİPATİNMAYKIN boşboğazlığının əslində maska olduğunu ortaya çıxarır. Eybəcərliklərin car çəkildiyi, xeyirxahlıqların isə pıçıltı ilə deyildiyi pyesin ideyası Bibliyanın “Xeyirxahlıqedin, amma gizli!” çağırışı ilə səsləşir. Xilas etdiyi Billinin daş-qalağına məruz qalıb alçaldılmasına baxmayaraq, vaxtilə Billini xilas etdiyini dilə gətirməməsi – Billinin xilası naminə özünü qurban verməsi CONNİPATİNMAYKın İsa Məsihlə paralelləşməsinə gətirib çıxarır.
Günümüzdə yayılan kütləvi inamsızlıq - hətta ən inandırıcı faktın belə pərdəarxasında qurma olduğuna şübhə sosial münasibətlərə ciddi zərbə vurur. Heç kimə inanmadan, etibar etmədən yaşamaq sonsuz boşluqda çapalamağı xatırladır. Rəhim Əliyev Çexovun “Qara rahib” hekayəsi haqqında yazısında qeyd edir ki, “...Kovrin öz dahiliyi haqda daxili inamının Tanya, həkimlər və atası tərəfindən sındırılmasını faciə kimi, öz şəxsiyyətinin dağıdılması kimi qəbul edir.” Məhz bu daxili inamın sındırılması, ən yaxın hiss etdiyin insanın sənin şəxsiyyətini dağıtması, təsəvvürlərini rədd etməsi davranış pozuntularına gətirib çıxarır. Makdonanın personajları da onların beynində mövcud olan dünyaya üsyan edənlərə, hər vəchlə onları sosial qaydalara tabe etməyə çalışanlara, sosial siniflərə məhkum edənlərə qarşı çıxırlar. Niyə bəzi tədqiqatçılar Makdonanın mətnlərinə həm də irland miflərini, folklorunu özündə əks etdirən mətnlər kimi yanaşırlar? Axı bu mətnlərdə nə mifik personajlar, nə də etnik adət-ənənələr var. Ancaq bu mətnlərdə ən mühüm şey – fərdin dünya qavramı, sıravi bir irlandın dünyanı qavrama xətti mövcuddur ki, bu da Makdonanın personajlarını həm müasir, həm də mifik planda təqdim edir. Makdonanın pyeslərində instinktiv davranışlar daima mövcud nizama qarşı çıxır, ayrılıqda hər bir personajın fərdiinsinktiv reaksiyası davranışda əsas tətik rolunu oynayır. Və bu instinktiv davranışlar, qeyri-ixtiyari reaksiyalar sayəsində obrazlar real insandan daha çox kabusları, teyfləri xatırladır.
Fikir versək, Makdonanın personajlarında ilk baxışda açıq-aydın kütləvi ağıldankəmlik sindromu müşahidə edilir. Altmənasız, bəzən ifrat sadəlövh dialoqlar sanki dünyanı yenicə dərk edən uşaq məntiqinə əsaslansalar da, son məqamda ilkin sadəlövhlük qəfil ayıq-sayıqlıqla əvəz olunur. “İnişmaan adasından olan çolaq” pyesində səslənən:
- “...Daşdan soruşdu ki, çolaq Billinin Amerikada vəziyyəti necədir?
- Bəs daş nə dedi?
- Daş heç nə demədi, Helen, çünki daşlar danışmırlar.
- Düşündüm, missis Ozborn daşın da əvəzinə danışıb.
- Yox, missis Ozborn yalnız öz yerinə danışırdı” dialoqu bu qeyri-ixtiyarilik-nizam dirənişinə misaldır.
Ancaq bu yöndəmsiz davranışlar, ilk baxışda əhəmiyyətsiz dialoqlar instinktlərin tüğyan etməsidirsə, müəllif hər addımda bu nizamdanqaçma cəhdlərini dramaturji mətnin nizamlı sisteminə tabe etməklə məşğuldur. Dramaturji mətnin öz nizamı, strukturu olduğu üçün instinktiv reaksiya-dram məntiqi arasında toqquşma birbaşa personajların dialoqlarında üzə çıxır.Makdonanın yaradıcılığının müasir dramaturgiyanı qavramaq üçün əsas açarlardan birinə çevrilməsi də bu nöqtədə mümkün olur: əsasında fəaliyyətin, hərəkətin durduğu dramın instinktiv, xaotik davranışları nizama salma cəhdi.