TEATRO

TEATRO

sənət portalı

post-title

Rezo Qabriadze - Ölüm elə zaman maşınıdır

Sovet və gürcü rejissoru, senaristi, dramaturqu, rəssamı, heykəltəraşı və Qabriadze teatrının yaradıcısı Revaz (Rezo) Levanoviç Qabriadze 1981-ci ildə Tbilisidə Marionet Teatrının əsasını qoyub. Bir çox filmlərin müəllifi olan Rezo pyes yazır, kukla düzəldir və onu öz teatrının səhnəsində canlandırır. 

Marionetlər

Teatrımız marionet teatrıdır. Dramatik teatrla marionet teatrının iş prinsipi bir birindən çox fərqlənir. Bizim teatrda tamaşa hazırlamaq üçün hər dəfə “truppa” yaratmalısan. Başlanğıcda tamaşanı qurmaq qərarı, bir neçə taxta və pyesdən başqa əlində heçnə olmur. Bu taxtalar aktyorlardır. Lakin birinci, onların rəsmini çəkmək lazımdır. Sonra onları yapmaq və ağacda təkrarlamaq lazımdır. Plastikasına fikir vermək gərəkdir. Ayaqqabısını geyindirmək, onları rəngləmək və bir çox başqa şeylər. Bizim teatrda hər tamaşa, ən azı, iki il ciddi iş deməkdir. Bu, uzun müddətdir. Əvəzində isə marionet teatrında tamaşa uzun illər yaşayır. 

Kukla teatrları haqqında bir çox maraqlı rəvayətlər var. Misal üçün kuklalar necə yaranır, adları necə meydana gəlir. Alonso, Furiozo – bunlar orta əsr marionet qəhrəmanlarıdır (Siciliya). Bir dəfə də olsun, onlara baxmamışam, siciliyalılara baxmaq mənim arzumdur. Mən özüm daha çox Fransa, Belçika, Almaniya kuklalalarına meyilliyəm. Elə tamaşalar var ki, əsrlərlə oynanılır, onlara eyni yerdə neçə nəsil baxır və alqışlayır, 1457-ci ildə sadə ayaqqabıçının baxdığı tamaşaya 1817-ci ildə isə Stendal baxa bilər. Siz peşəkarlardan maraqlanıb buna əmin ola bilərsiniz. Qordon Kreqin, Henrix fon Kleystin maraqlı marionet işləri var, Stendal marionetlər haqqında yazıb. Almaniyada Götenin baxdığı “Faust” marioneti hələ də oynanılır.

Dəyər

Belçikada zirzəmidə marionet teatrı var (söhbət Brüselldəki Royal de Toone teatrından gedir). Oraya sizin kimi müasir insanlar yığışır. Teatrda köhnə tamaşalar oynanılır. Səhnə dəmir tor ilə tamaşaçılardan qorunur. Ona görə ki, müasir tərbiyə almış tamaşaçı belçikalı, avropalı aktyorlara əşya tullayır, ayaqqabı atır. Təsəvvür edirsiniz, necə əks təsirdir? Aktyorun başına 43-44 ölçülü ayaqqabının gəlməsi necə böyük xoşbəxtlikdir. “Salamander!” Necə böyük uğur!” Tamaşadan sonra güzgüyə baxırsan və qançırı görürsən – nə böyük xoşbəxtlik. 

Kukla teatrlarının zalı bapbalacadır, çünki böyük zallarda kuklalar görünmür. Lakin orada emosiya filmdən və teatrdan daha güclü olur. Bizim zal 70 nəfərlikdir. Bu bir qoşqulu avtobusdur. 

Kuklalar insan ağırlığına dözmür. Onları vaxtaşırı “xəstəxanaya”- emalatxanaya aparmaq, onlara incə və anlayışlı davranmaq lazımdır. 

Yaxında teatrın 40 yaşı olacaq, teatrın kuklalarına fəxri ad verilməsinin vaxtıdır. Tbilisi Marionet teatrının ünvanı: Tbilisi, Şavteli küçəsi, ev 12+1 (Rezo Qabriadze 13 yazmamaq üçün məhz belə - “12+1” yazmağımızı istədi).

XVII əsrdə maraqlı hadisələrdən biri: balaca italyan şəhərciyində marionet teatrı, ər və arvad. Onlar cəngavərlik romanı oynayırlar. Bir dəfə kimsə kuklaçıların qapısını döyür. Onlar qapını açır. “Nolub sənə, Covanni?” - kuklaçı qonaqdan soruşur. “Mən sakitləşə bilmirəm – deyir – Rolando (tamaşanın qəhrəmanı) əsir qaldı. Mən necə yatım? Ona nə olacaq? Daha sonra kuklaçı və arvadı gecə saat dörddə məcbur qalıb bir tamaşaçıya görə tamaşanın davamını göstərərək qəhrəmanı əsirlikdən azad edirlər. Tamaşaçı isə sakitləşərək evinə gedir. 

Aktyorlarla iş

Qərbdə dramatik tamaşalara quruluş verməli olmuşam. Aktyoru sözlə yükləmək məncə artıqdır. Fikrimcə, müasir rejissura bir az çoxsəsli olub. Həmçinin rəssamlıq, balet və musiqi də. 

Piter Brukun məşqlərində iştirak etmişəm. Aleksandr Luriya haqqında olan tamaşa möhtəşəm idi (söhbət 1998-ci ildə «Je suis un phénomène» tamaşasından gedir). Mən onun məşqlərinə baxdım. Tamaşanın quruluşu mürəkkəb deyildi. Onlar aktyorlara qarşı sakit, asta, azca şübhəli intonasiya ilə, çox yumşaq, mütavazi və hörmətlə davranırdılar. Aktyoru qorxutmaq olmaz, o, onsuz da həyəcanlanır. Təsəvür edin, onun əlində üzərinə “Şekspir”, yaxud “Çexov” yazılmış dəftər var. Qorxuludur. Aktyor da insandır, axı. Bunlar azmış kimi, onu gözəl danışıqla yükləyirsən. Mən rejissor kimi müəllimliyə uyğun gəlmirəm. Açıq danışmaq lazım gələrsə, mən özümü rejissor kimi hiss eləmirəm. Mən rəssamam və bu sahədə söz deyə bilərəm. 

Robinzon Kruzo

1981-ci ildə Tbilisi Marionet Teatrı açıldı, mən özümü Robinzon Kruzo kimi hiss edirdim. Yadınızdadı, o necə qayıq düzəldirdi? Buna bənzər bir şey idi. 

Mənə mərhum mədəniyyət naziri, bəstəkar Otar Taktakişvili kömək etdi. O vaxtkı respublika rəhbəri Şevardnadze isə bina verdi. Hələ də orada fəaliyyət göstəririk. İnşaatçıların bizə çox köməyi dəydi. İndi də onlarla dostluq edirik. Bəzən onları zalda görürəm. Qocalıblar. Kədərlidir. Ən əsası, biz artıq onlarla içə biməyəcəyik. Aritmiya. 

Orta əsrlərdə kuklaçıların şəhərdə qalmaq hüququ yox idi. Axşam şəhəri tərk etməliydilər. Mən teatrın açılmasına razılıq almaq üçün müxtəlif qurumlara müraciət edərkən danışırdım ki, Avropada belə olub və biz söz veririk ki, gecəni şəhərdən kənarda yatacağıq. Onların bizə yazığı gəlirdi və deyirdilər ki, gecə Tbilisidə qalmağımıza etiraz etmirlər. Heç olmasa, bir otaqlı mənzil eyhamlarına isə reaksiya vermirdilər. Ancaq belə, hamı bizə kömək etməyə çalışırdı.

Bir dəfə böyük yük maşını gəldi, iki kubmetrlik yaxşı quru çökə ağacından taxta gətirdi. Baş mühəndis göndərmişdi. Bu hədiyyəni necə unutmaq olar? 

Oleq Tabakov və Zinoviy Qerdt 

Mən xüsusi olaraq, Oleq Tabakova və Zyama Qerdtə təşəkkür etmək istəyirəm. Mən kuklalarımla teatrdan kənarda qalanda (Moskvada "Volqa haqqında mahnı" tamaşası üzərində işləyəndə) onlar bacardıqları qədər mənə kömək edirdilər. Mənə təsəlli verirdilər. Oleq, sadəcə, möcüzə idi, elə ürəyi vardı... Zyama isə əfsanə idi. Ruhları şad olsun. 

Aktyorlar və həkimlər 

Mən Kutaisidə böyümüşəm, 1905-ci ilnqilabı küçəsində, ev nömrə 23. Həkim Qelovani və Lordkipanidzeni çıxmaqla bizim ailəmizin hamısı aktyor idi. Onlar məni tez-tez özləri ilə birgə tamaşalara aparır, inzibatçı lojasında otuzdururdular.               

Valerian Mizandari       

Mənim bəxtim gətirib ki, 4-5 il Valerian Mizandarinin emalatxanasına getmişəm. Təhsili ondan almışam. XIX əsrdə olduğu kimi studiyada təhsil. Bu adi emalatxana, heykəltaraşın studiyası idi. Fransız yox, sovet anlayışında studiya. İstilik pis idi və ya heç yox idi. Çay üçün dəmir sobası.Və yarım taxta parçası.

Kök

O vaxtkı yaşayış tərzi ilə arzular uyğun gəlmirdi. O bu günlə yaşamağa məcbur edirdi. Amma, hansı uşaq arzu eləmir ki? Bəzi arzularım haqqında mən öz filmlərimdə danışmışam. Çox şeyləri anlayışla və minnətdarlıqla yad edirəm. Bir çox şeylər isə çatışmır. Sakitlik çatışmır.

Belə hesab edilir ki, kompüter yaşamağa kömək edir. Bəlkə də, kömək edir, bəlkə də əksinə. Ancaq bu çətin məsələdir, xüsusən, 82 yaşlı insan üçün. Mən, əlbəttə, şikayət edəcəm. Mən deyəcəm: mənim zamanım daha yaxşı idi. Ancaq bu sizin üçün inandırıcı olmayacaq.

Biz, belə deyək, şifrəsiz yaşayırdıq. Bizim heç bir şifrəmiz olmayıb. Burda isə nə qədər şifrəni yadında saxlamalısan. Telefonun, komputerin, qapının və s. 

Birincisi, biz az idik, daha doğrusu, məkan daha çox idi. Bəlkə də, səhv xatırlayıram, belə yadımdadır ki, uşaqlığımda biz yarım milyard idik. Mənim həyatım ərzində bu rəqəm səkkizə yaxınlaşıb. Təsəvvür edirsiniz? 8 milyard. Və hamıya eyni dadlı kökü vermək alınmır. Biri kökün ideyasını, digərləri formasını, yeyir. Üçüncülər - xoşbəxtlər isə kökün özünü – “Krasnoslesk” bazarında xurcunlu qarıdan alınmış balaca, əyri, iyli kökü yeməyə davam edir. Bir də stadionda 50000 tamaşaçı üçün musiqi. Bu artıq kök deyil. Bu daha qorxuludur.   

Peterburq   

Əgər Renessansın partlayış olduğunu hesab etsək, onda Peterburq Renessansın ən ucqar şimal nöqtəsi idi. Və Puşkin.     

Mən Piter üçün darıxıram, ona toxunulmayıb. Bir əsrdə iki ciddi sınaq: müharibə və yenidənqurma. Bir çoxmərtəbəli  bina və Neva prospekti yoxa çıxdı. Bu hansısa möcüzədən baş verməyib. Peterburq Peterburq olaraq qalıb.   

Peterburq sizi gizlədən şəhərdir. O musiqi şəhəridir. Orada gözəl yazıçı Andrey Georgieviç Bitov yaşayıb. O, mənə Peterburq şəhərini, bu şəhərin gözəlliyini tanıtdı. Mən başa düşə bilmirəm ki, o necə xilas oldu. Ancaq kimlərsə onu xilas etdilər, mən onlara çox sağol demək istəyirəm və qarşılarında baş əyirəm. 

Andrey Bitov

Bitov Andrey Georgiyeviç həmişə bizimlə olub. O, hətta bizim səhnəmizdə də oynayıb. Bizdə belə bir kukla var - vaqonun üstündə biletsiz sərnişin, o Andrey Georgiyeviçi təmsil edir. Bu kukla həmişə bizimlə olacaq. 

Bitovun vəfatı bizim üçün, onun pərəstişkarları üçün böyük kədərdir. O teatrımızda tamaşalarımızdan, qastrollarımızdan bir xatirə kimi qaldı. Bizim üçün ən əziz olan onun teatr haqqında düşüncələridir.

“Ana, bilirsən mən harda idim?”

Mən heç vaxt özümü bu filmdəki kimi marionet hiss etməmişəm. Mənim konkret tapşırıqlarım vardı. Belə ki, o (Leo Qabriadze) danışdığım bütün hekayələri çox yaxşı bilir və mənə nə etməli olduğumu göstərirdi. Biz çox yaxşı işləyirdik. Aparıcı, əlbəttə, o idi. O rejissordur. Mənə maraqlıydı ki, o orada nə edir. Bizi 2000 kilometr məsafə ayırırdı (Tbilisi ilə Moskvanın arası). 

Əksər hallarda bilmirəm, o orada nə iş görür. Narahat oluram. Əgər özü nəyisə göstərmək istəmirsə, mənim heçnədən xəbərim olmur.

Həşəratlar

Həşəratlarda hər şey gözəldir. Gözəl işləyirlər. Onlar, bir qayda olaraq, sosialdırlar. Qarışqalar – möcüzəli məxluqdur. Mən televizorda qarışqaların necə görüşə tələsdiyini görmüşdüm. Budaqda görüşmə səhnəsi həyəcanverici idi. Kavaler öz qanadları ilə uçub gəlmişdi. Unutmaq mümkün deyil. 

Zaman maşını 

Ölüm elə zaman maşınıdır. 

Pozner

Mən Vladimir Vladimiroviçə öz təşəkkürümü bildirirəm. Çox nadir hallarda belə dərin biliyə sahib insanla rastlaşırsan. Heyrətamiz insandır. O mənim xəstəliyimi bilirdi, mənimlə nəzakətli və rəhimli idi, ən çox da buna görə minnətdaram. Onunla görüş mənim üçün qiymətli və unudulmaz oldu. 

Silah

Ümumiyyətlə, son 4-5 ildə dünya dəyişib, yaşamaq daha qorxulu olub. Misal üçün “nüvə müharibəsi” çox yüngül və asan söz olub. Hələ 8 il əvvəl bu söz mütəxəssislərin ağzından çox nadir hallarda eşidilirdi. Amma indi teleaparıcı ekrana çıxıb, asanlıqla “nüvə silahi” haqqında danışır. Bu sözlər, sadəcə, bir kəpənək kimi havada uçuşur. Bu qorxuludur. Elə istəyirəm ki, götürüm onu salım bir sahəyə,1914-cü ilin topunun səsinə qulaq assın. Ümumiyyətlə ikinci kurs tələbələrini çıxardasan bir sahəyə, silahın səsinə qulaq asdırasan. Bircə atış. Elə hesab edirəm ki, bu çoxlarına bütün ömrü boyu bəs edər. 

Balıqlarda opera

Riqoletto səhnəyə motosiklla çıxanda mən operanı başa düşə bilmirəm. Axı, motosikletin səsboğucusu guruldayacaq. Müəllifin əsərində bu səs qeyd olunmur. Bu, tamaşaçını musiqidən, operadan ayırır. Opera böyük sənətdir, hər şeyin gümbəzidir. Bu Veneraya əl uzatmaq kimi bir şeydir. Belə tamaşalarda uğursuz zarafatlarda olduğu kimi, narahatlıq hissi yaranır.

Fiqaroya traktorçu paltarı geyindirin. Və ya dalğıc paltarı. Orijinaldır. Heçnə eşidilməyəcək, qoy öz skafandrında oxusun. 

Ancaq xahiş edirəm, mənim sözlərimə qoca kişinin sözləri kimi yanaşın. Və elə fikirləşməyin ki, mən müasirliyi sevmirəm. 

Bəlkə də balıqların da operası var. Bəlkə də onların operası rənglidir. Axı, onlar, gözəl balıqlardır. Onlar rənglərinə görə ən gözəlləridir, hətta quşlardan da gözəl. Plastikaları isə misilsizdir. Hardan bilə bilərik, bəlkə onların rəngi səslərindən gəlir. Təsəvvür edirsiniz bunu? Nə möcüzə olacaq. Biz bunun heç birini bilmirik. Və heç vaxt bilməyəcəyik. 

P.S. Xahiş

Mən təzəlikcə xaricdən müalicədən gəlmişəm. Ora yaxşıdır, şəhərdə XIX əsrin omnibusları, faytonları dolaşır. Atların qulaqlarına əlcək kimi nəsə taxırlar. İndi mən Moskvanın şaxtasını, ucqarlardakı atları xatırladım. Bəlkə qulaqlar haqqında düşünməyə dəyər. Bəlkə bu problemlə kimsə maraqlanar. Xarici dili bilmədən onu öyrənə bildim ki, qulaqlar üçün “əlcəkləri” Ruminiyada, ya da Bolqarıstanda toxuyurlar. Mənim danışdıqlarımın bir balaca xeyri varsa, bəlkə kimsə bu məsələ ilə maraqlanar. Bu mənim üçün xoş olar. Əziz oxucu, düşünürəm ki, elə sizə də. Bəlkə biz inəklərə də kömək edək.

Bu material n ecə yarandı

“Afişa Daily”-n teatr icmalçısı Aleksey Kiselev iki gün Tbilisidə Rezo Qabriadzenin evində olub. Revaz Levanoviç müsahibəyə bir şərtlə razılıq verib ki, müsahibənin şifrəsini o redaktə eləsin. Nəticədə, mətn müəlliflə və qəhrəman tərəfindən qısaltmalar və aydın olmayan əlavələrlə birgə tərtib edilib. Müsahibəyə yalnız bu abzas əlavə olunub.

 

Tərcümə edən: Razimə İsmayılova

Teatrşünas

Load Time (S) : 0.004932