TEATRO

TEATRO

sənət portalı

post-title

RƏCƏB MƏMMƏDOV – 65

19 mart tanınmış teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovun 65 yaşı tamam olur. Bu münasibətlə Teatro.az sənət portalı olaraq, hörmətli Rəcəb müəllimi təbrik edir, ona cansağlığı arzulayır və sənət dostlarının, həmkarlarının yubilyar haqqında ürək sözlərini oxuculara çatdırırıq. 

1773917085_69bbd39da01bd.jpeg

1773917128_69bbd3c8be919.jpeg

 

1773917042_69bbd372a0906.jpg

Sevgi dolu İnsan!

Mən bir həqiqəti bilirəm ki, insan nə qazanırsa, öz əməlləri ilə qazanır. Uzun illərdir tanıdığım Rəcəb müəllim bunun bariz nümunəsidir. Bu illər ərzində mən Rəcəb müəllimi tanıyan, amma onu sevməyən, ona hörmət bəsləməyən insanla rastlaşmamışam. Əksinə, onun adı çəkiləndə həmişə haqqında sevgi ilə, hörmətlə danışıblar. O, bu hörmət-izzəti öz ciddiliyi, səmimiliyi, bütövlüyü, insaniyyəti, ləyaqəti, insanlara və işinə - teatra olan sevgisi ilə qazanıb. Onu tanıyanlar bilir ki, teatr Rəcəb müəllim üçün iş yeri, çörək ağacı deyil, onun həyat tərzidir.

Rəcəb müəllimin, türklər demiş, bir zəifi də var. Bu, onun sirk sənətinə olun sevgisidir. O, uzun illər Bakı Dövlət Sirkinin rəhbərlərindən olub. Sirk sənətçilərimizin uzunmüddətli xarici qastrol səfərlərinə rəhbərlik edib, ölkəmizi SSRİ-nin müxtəlif respublikalarında, Türkiyədə, İranda, Avropa ölkələrində layiqincə təmsil edib.

Rəcəb müəllim bu gün müdriklik yaşındadır, 65 yaşı tamam olur. Müdrikliklə illərin təcrübəsi, üstəgəl sevgi birləşəndə isə xarüqələr yaradır. Deməli, uğurlar hələ qarşıdadır. Bu yubileyi münasibəti ilə əzizimiz Rəcəb müəllimi təbrik edir, ona can sağlığı və layiq olduğu uğurlara çatmağı arzulayıram.

Məryəm Əlizadə
Əməkdar incəsənət xadimi, Sənətşünaslıq doktoru, professor

1773916975_69bbd32fc1809.jpg

Kübarlıq, alicənablıq, təvazökarlıq nümunəsi

Rəcəb Məmmədov haqqında eşitsəm də onu şəxsən tanımırdım. Onunla Akademik Milli Dram Teatrında bərabər çalışdıgımız illərdə yaxından tanış oldum.

Teatr elə bir fəaliyyət sahəsidir ki, burada gizlinlərin aşkarlanması tamamilə adi haldır. Yəni kimsən? Necəsən? Nəyə qadirsən? - həmən bəlli olur. Odur ki, məhz buradakı fəaliyyət illərində onun əxlaqi, mənəvi keyfiyyətləri, işgüzarlıq, peşəkarlıq qabiliyyəti tədricən görünməyə başladı, istər yaradıcı, istər inzibati, istərsə də texniki heyyətin üzvləri içərisində böyük hörmət qazandı.

Rəcəb Məmmədovla çalışdıgım illəri hər dəfə xüsusi həvəslə xatırlayıram, çünki həmin dövrdə teatrın kollektivinin əldə etdiyi uğurlarda onun zəhməti böyük idi. Məhz onun təşkilatı səriştəsi, işgüzar qabiliyyəti, müxtəlif adamlarla ünsiyyət qurmaq mədəniyyəti sayəsində teatr bir neçə il ərzində onlarla festivalda, qastrollarda iştirak etdi, Azərbaycan milli səhnə mədəniyyətinin uğurlu təbliğinə nail oldu.

Mən Rəcəb Məmmədovu çox az adamda təsadüf etdiyim saflıq, səmimiyyət, dürüstlük, kübarlıq, alicənablıq, təvazökarlıq məziyyətlərinə görə yüksək dəyərləndirirəm. O, ölkəmizdə sirk sənətinin elmi dərəcəsi olan nadir bilicilərindədir və təəssüf edirəm ki, onun bu potensialından həmin sahədə istifadə edilmir.

Rəcəb Məmmədov sözü və əməli bütöv olan dərin inanc sahibi kimi tanıdıgım bir şəxsiyyət, müqəddəs Məkkə ziyarətində olmuş, hacı adının məsuliyyətini şərəflə daşıyan əziz dostumuzdur.

Onun bütün ugurlarına qəlbən sevinirəm, gümrah, sevincli, fərəhli ömür yaşamasını ALLAHdan təmənna edirəm!

İsrafil İsrafilov
Əməkdar incəsənət xadimi, Sənətşünaslıq doktoru, professor

1773916925_69bbd2fd20396.jpeg

Ötən əsrdən tanıdıgım  adam

Mən Rəcəb Məmmədovu ötən əsrdən tanıyıram...

Onda  Rəcəb müəllim Bakı Dövlət Sirkinin direktor müavini idi, mən isə Respublika Mədəniyyət Nazirliyində İncəsənət Baş İdarəsinə rəhbərlik edirdim. Və Bakı Dövlət Sirki də bilavasitə bizim idarənin kurasiyasında olduğundan biz Rəcəb müəllimlə tez-tez görüşürdük. Təbii ki, Bakıya gələn sirk kollektivlərinin çıxışlarının təşkili, onlara nümayişdən öncə keçirilən baxışlar, sirkdə yeni proqramların hazırlanması... Bütün bunların böyük məsuliyyəti yaradıcılıq məsələlərinə bilavasitə rəhbərlik edən direktor müavini kimi Rəcəb müəllimin üzərinə düşdüyündən müəyyən  işlərlə baglı  biz tez-tez ünsiyyətdə olurduq. Rəcəb müəllimin işgüzarlıgı, insanlarla çox yüksək mədəni səviyyədə davranışı, verilən tapşırıqları böyük ustalıqla yerinə yetirməsi hər kəsin duqqətini cəlb edirdi. Xüsusən ayrı-ayrı respublikalarda keçirilən Azərbaycan Mədəniyyəti günlərində işçi qrupuna Rəcəb müəllimin də daxil edilməsi hər zaman ürəyimizcə olurdu. Çünki onun təşkilati işlərdə bacarığı bir sıra çətin məsələlərin həllini təmin edirdi. Bu tədbirlərdə biz Azərbaycan mədəniyyətinin ən görkəmli simaları ilə çalışırdıq. Və bu şöhrətli insanların hər bir işə diqqətlə yanaşması, bəzən də sonsuz kaprizləri.., bütün bunlar, bizdən - tədbir təşkilatçılarından o qədər dəqiqlik tələb edirdi ki...

Və... bu tədbirlər başa çatdıqdan sonra nazirlikdəki müzakirələrdə Rəcəb müəllimin işgüzarlıgı, tapşırıqlara sonsuz məsuliyyətlə yanaşması rəhbərlik tərəfindən həmişə xüsusi qeyd olunurdu.

Sonralar Rəcəb müəllim sirk sənəti barədə  elmi iş götürdü, elmi işlə məşğul olmağa başladı. O, ölkəmizdə sirk sənəti üzrə elmi araşdırmalar aparan yeganə alim, fəlsəfə doktorudur. 

Rəcəb müəllim Akademik Milli Dram teatrında da çalışıb, Azərbaycan Dövlət Kukla Teatrının direktor müavini olub və harda işləməsindən asılı olmayaraq yenə də Mədəniyyət Nazirliyinin keçirdiyi tədbirlərdə hər zaman özünü fəal təşkilatçı kimi göstərə bilib.

Tale elə gətirdi ki, biz Rəcəb müəllimlə Akademik Musiqili Teatrda birlikdə işləməli olduq. O, bizim beynəlxalq əlaqələr sahəsinə rəhbərlik edirdi. Dil bilgisi, hadisələrə çevik münasibəti elə bir təsəvvür yaradırdi ki, biz hansısa xarici əlaqələr üzrə dövlət qurumunda çalışırıq. Xarici dövlətlərə səfərlərimiz zamanı təşkilati məsələlərin həlli, Bakıda yerləşən diplomatik korpuslarla əlaqələrin qurulması, dostluq etdiyimiz xarici kollektivlərlə ikitərəfli münasibətlər, momerandumların imzalanması, xarici kollektivlərin Bakıda qəbulu...

Azərbaycanda keçirilən bütün mədəniyyət günlərində Rəcəb müəllimə hər zaman ən çətin sahə - qonaqların qarşılanması, yerləşdirilməsi, texniki avadanlıqların sərhədlərdən keçirilməsi və geriyə qaytarılması ilə bağlı müvafiq dövlət qurumları ilə iş həvalə olunurdu. Rəcəb müəllim bütün bu işlərin öhdəsindən çox bacarıqla gəlirdi. Bəzi vaxtlarda, kimlərinsə çətinliyə düşdüyü vaxtlarda belə Rəcəb müəllim özünü kənara çəkmir və hər kəsə kömək etməyi bacarırdı. Ona görə də Mədəniyyət Nazirliyində də, çalışdığı kollektivlərdə də onu hər zaman çox seviblər. Və ən maraqlısı, işimizlə bağlı hər bir xarici səfərimizdə təyyarədən düşən kimi bizi qarşılayanlar öncə RƏCƏB MÜƏLLİMİ soruşurdular. Mübaliğəsiz deyim ki, MDB dövlətlərinin demək olar ki hamısında, Türkiyədə, İranda, hətta səfərdə oldugumuz Albaniyada teatr rəhbərlərinin, nazirliklərdəki mütəxəssislərin, sənət adamlarının, beynəlxalq  festival və müsabiqə təşkilatçılarının əksəriyyəti Rəcəb müəllimi tanıyır  və ona dərin hörmət bəsləyirlər. Onlar hər dəfə bizi Bakıya yola salanda ilk sözləri bu olurdu: Rəcəb müəllimə salam deyin...

Bütün bunlar  Rəcəb müəllimin böyük insanlığından xəbər verir. O, hər kəsə  qayğı ilə yanaşmağı bacarır. Onun qəlbində insanlara qarşı, çalışdlgı sahəyə qarşı böyük sevgi var... Və bir də o, ailəsini, övladlarını böyük məhəbbətlə sevir, xüsusən nəvələrini.  Rəcəb müəllim onlarla nəfəs alır. Mən hər zaman bunun şahidi olmuşam. Nəvələri də onu bənzəri olmayan məhəbbətlə sevirlər.

Əziz Rəcəb müəllim!!! Mən əminəm ki, övladlarınızın, xüsusən nəvələrinizin bu sevgisi sizi heç zaman qocalmağa qoymayacaq. 65 yaş nədir ki? Siz, sizə qarşı olan  bu böyük  sevgi ilə elə bu əsrdə də həm işdə, həm evdə - ailədə,  həm də dostlar arasında hər kəsin sevimlisi olaraq qalacaqsız!!!  Çünki Siz bu  sevgiyə layiqsiz!!!

Əliqismət Lalayev
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının
Əməkdar incəsənət xadımi, fəlsəfə doktoru

1773919028_69bbdb3419712.jpeg
İmanı kamil insan

Rəcəb Məmmədov Allahın sevdiyi və Allahını sevən nadir bəndələrdəndir. Qəlbində, ruhunda, fitrətində İlahi sevgi daşıyır. Bu, ürəyin yolçuluğu ilə gəlib çıxıla bilən hikmətdir.

Uzun illər bir şöbədə çalışdığımız dövrdə onun nə qədər kamil iman sahibi olduğunu görə bildim. Onun söhbətlərinin dadı, duzu xarakterinin, əqidəsinin bütövlüyü, ruhunun saflığı ilə bağlıdır.

Rəcəbin daxili dünyasının məz mununda yüksək insani keyfiyyətləri xüsusi yer tutur. O, dostluqda sabitqədəm, yoldaşlıqda etibarlı, hər kəsə qarşı həssaslığı ilə fərqlənəndir. Məhəmməd Peyğəmbərin (s.ə.s.) “işi asanlaşdırmağa çalış, çətinləşdirməyə yox” kəlamı Rəcəbin həyat kredosudur.

Rəcəb müəllim harada işləyibsə, orada böyük hörmət qazana bilib, vəzifə onu yox, o, vəzifəni rövnəqləndirib; çünki heç kəslə məqsədli, təmənnalı münasibət qurmayıb. Teatr sənətinə xidmətdən xüsusi zövq duyub, teatr sevgisinə həmişə sadiq qalıb; teatr onun əbədi məhəbbətidir.

Çox hörmətli Rəcəb müəllimə 65 yaşın müdriklik astanasında səmimi təbriklərimi çatdırıram. Allah Sizi qorusun, Rəcəb müəllim! Var olun və həmişəki kimi, ətrafınızı nurlandırmağı davam edin!

 Nərminə Ağayeva
 Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

1773917360_69bbd4b0609e3.png

Müdrik adam

Rəcəb müəllim uzun illər ərzində öz fəaliyyəti ilə seçilən, yüksək peşəkarlığı və məsuliyyətli yanaşması ilə dərin hörmət qazanmış bir şəxsdir. O, yalnız işinə olan ciddi münasibəti ilə deyil, eyni zamanda alicənablığı, ədalətliliyi və yüksək insani keyfiyyətləri ilə də fərqlənir.

Onun zəngin həyat və iş təcrübəsi, müdrik qərarları və insanlara olan diqqətli münasibəti kollektivin formalaşmasında və inkişafında mühüm rol oynamışdır. O, hər zaman etibarlı, prinsipial və nümunəvi mövqeyi ilə seçilmişdir.

65 illik yubileyi münasibətilə Rəcəb müəllimə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzulayıram. Əminəm ki, onun topladığı təcrübə və dəyərlər bundan sonra da öz bəhrəsini verməyə davam edəcəkdir.

Aqil Bəhramlı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru

1773916530_69bbd1729e918.jpg

Alim-mütəxəssis

Azərbaycan Dövlət Kukla Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov bu gün özünün 65 illik yubileyini qeyd edir.

Səhnə sənətimizin, çağdaş teatrımızın beynəlxalq əlaqələrinin genişləndirilməsində əlindən gələni edən R.Məmmədov milli sirk sənətimizin tədqiqi və təbliği sahəsində də özünəməxsus iz qoyub, bu istiqamətdə sanballı elmi araşdırmaları ilə seçilib.

Uzun illər Bakı Dövlət Sirkinin direktor müavini vəzifəsində çalışan Rəcəb Məmmədov bu sahənin təşkilati inkişafında mühüm rol oynayıb. Onun təşəbbüsü və fəaliyyəti nəticəsində milli sirk kollektivinin formalaşması istiqamətində ciddi addımlar atılıb, Azərbaycan sirk ustalarının beynəlxalq arenaya çıxışı təmin olunub. Eyni zamanda, xarici sirk proqramlarının ölkəyə gətirilməsi və tamaşaçıların bu sahəyə marağının artırılması istiqamətində də əhəmiyyətli işlər görülüb.

O, Azərbaycan sirk sənətinin tarixi və inkişaf istiqamətlərini araşdıraraq bu sahədə elmi əsərlər və məqalələr yazıb. “Azərbaycan sirki-70” adlı kitabı və müxtəlif elmi konfranslardakı çıxışları onun bu sahədəki dərin bilik və təcrübəsinin göstəricisidir. Həmçinin, sirk sənətinin problemləri və inkişaf perspektivləri ilə bağlı konseptual fikirlər irəli sürərək bu sahənin gələcək inkişafına yön verən yanaşmalar təqdim edib.

Müəllifin bu qəbildən olan elmi araşdırmaları sırasında “Azərbaycanda sirk sənətinin yaranması”, “Azərbaycanda sirk sənətinin janrları”, “Sirkdə pəhləvanlıq”, “Azərbaycan sirkində pəhləvanlıq sənəti”, “Nikitin qardaşları sirki və Azərbaycanda peşəkar sirk sənətinin inkişafı”, “Azərbaycan sirk sənətində teatrallıq”, “Bakıda sirk binalarının yaranması tarixindən” kimi maraqlı nümunələr xüsusi qeyd olunmalıdır.

Ümumilikdə, Rəcəb Məmmədov Azərbaycan sirk sənətinin inkişafında həm praktik, həm də elmi sahədə mühüm iz qoymuş şəxsiyyətlərdəndir. Onun çoxşaxəli fəaliyyəti bu sənətin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

R.Məmmədovun fəaliyyət yolu həm də müxtəlif teatr kollektivlərindən keçib. Bu təşkilatlarda inzibati və yaradıcı vəzifələrdə çalışan Rəcəb müəllim, həmçinin beynəlxalq layihələrdə və festivallarda təşkilatçı kimi iştirak edib.

Onu Azərbaycan Dövlət Kukla Teatrı kollektivi adından ürəkdən təbrik edir, elmi və praktiki fəaliyyətində böyük nailiyyətlər arzulayıram.

Hörmətlə,
Rəşad Əhməd-zadə

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi

1773917654_69bbd5d6a18f6.jpeg

Əsl İNSAN

10 ilə yaxındır ki, Rəcəb müəllimi tanıyıram və çox əminliklə deyə bilərəm ki, həyatımda rast gəldiyim ən alicənab və yüksək insani keyfiyyətlərə malik insanlardan biridir. Onunla bağlı fikirlərimi tam izah etmək üçün sözlərin gücü kifayət etmir. Çox insan Rəcəb müəllim kimi işində peşəkar ola bilər. Amma çox insan onun kimi əsl İNSAN ola bilməz. O keyfiyyət hər kəsə verilməyən bir lütfdür. Rəcəb müəllim hər zaman insanlara qarşı diqqətli, qayğıkeş və səmimi olub. Çətin anlarda belə sakitliyini qoruyub, ətrafındakılara dayaq olmağı bacarıb. Onun dürüstlüyü, mərhəməti və sadəliyi insanı valeh edir.

Bu gün onun 65 illik yubileyini qeyd edərkən, ilk növbədə ona möhkəm cansağlığı arzulayıram. O, həyatı boyu çoxlarına yaxşılıq edib, çox insanın qəlbində dərin iz buraxıb. Mənim üçün isə o, təkcə hörmət etdiyim bir insan deyil, həm də həyat dərsi aldığım bir nümunədir.

Ümid edirəm ki, qarşıdakı illər onun üçün yeni uğurlar, sevinc və gözəl anlarla yadda qalan bir dövr olacaq. Onu tanımaq və onunla birgə fəaliyyət göstərmək mənim üçün böyük qürur və xoşbəxtlikdir.

Vəfa Mühacirova
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, Sənətşünaslıq üzrə fəlsəfə doktoru

1773918073_69bbd779acbc0.jpeg
Fəxr etdiyim dostum

Bugün mənim dostum, hörmətli Rəcəb müəllimin doğum günüdür. Onun haqqında fikir söyləmək nə qədər asandırsa, bir o qədər də çətindir. Çünki Rəcəb müəllim haqqında o qədər xoş sözlər təəssüratlar var ki, nə qədər danışsan da, yazsan da bu vərəqlərə sığmaz, buna saatlarla zaman lazım gələr....

Rəcəb müəllim mənim dost dediyim ən yaxın sirdaşımdir. Azərbaycanı sevən layiqli vətəndaş, sədaqətli dost, nümunəvi ailə başçısı, qayğıkeş ata, sevimli baba.., siyahını yenə uzatmaq olar.

Gözlərimin qarşısında onu gördüyüm ilk günü xatırlayıram... 1986-ci ilin yay aylarında Azərbaycan Dövlət Sirkində kadr dəyişikliyi oldu. Bu elə bir dövrə təsadüf edirdi ki, Azərbaycan Mədəniyyət Nazirliyi Milli Azərbaycan sirk kollektivinin yaranması haqqında qərar qəbul etmişdi. Yeni təyin olunmuş rəhbərliyin üzərinə çox böyük məsuliyyət düşürdü. İşinə diqqətlə yanaşan, boylu-buxunlu, səliqəli geyinmiş, əlində qeyd dəftəri tutmuş bir oğlan mənim nəzərimi cəlb etdi. Bu Rəcəb müəllim idi. O vaxt məni və Kamal Cəbrayılovu “Soyuz qost sirk”də işləyən Yuri Mərdenovun “Kuban kazakları” qrupundan Azərbaycan milli sirkinin tərkibində yaradılacaq Atlılar qrupunda yerli kadr kimi çıxış etmək üçün göndərmişdilər. Mən o zaman Rəcəb müəllimin öz işinə nə qədər məsuliyyətli yanaşmasının şahidi oldum. Sirkdə təmir gedir, səhərdən axşama kimi agır məşqlər keçirilir, eyni zamanda yeni sirk proqramının çıxışı, artistlərin yerləşdirilməsi, rekvizitlərin boşaldilması, heyvanların təminatı... İnanın ki, hər şeyə bu insan cavabdeh idi. Yorulmadan çalışırdı. Mən Rəcəb müəllimdə bu əzmə heyran qaldım. Bizim dostluğumuz da elə o vaxtdan başladı və bugünkü günə qədər davam edir.

Mən sirkin, eləcə də bizim Azərbaycan şirkinin tarixini Rəcəb müəllim qədər bilən ikinci şəxs tanımıram. Təəssüflə qeyd edirəm ki, onun biliyindən, bacarıgindan, aşıb-daşan enerjisindən lazımınca istifadə edilib, dəyərləndirilmədi.

Bu gün Rəcəb müəllimin 65 yaşı tamam olur. Mən bir dost kimi Rəcəb müəllimə can sağlığı, bərəkətli ömür arzulayıram. Arzu edirəm ki, Amaliya xanımla birlikdə ona sevimli, istəkli nəvələri Fuadın və Altayın gözəl və şad günlərini görmək nəsib olsun.

Dostum, səninlə həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm. Yaxşı ki, səni tanımışam əziz dostum, 100 il yaşa. Şair necə deyib?

Hər kəs 100 il yaşamasa,
Günah onun özündədir..!

Özündən muğayat ol..!

Hörmətlə, Azər Fazil oğlu Həmzəyev
Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi

Dəyərli insan!

Çox hörmətli, əziz və dəyərli dostum Rəcəb müəllim! Sizi 65 illik yubileyiniz münasibəti ilə təbrik edirəm. Sizə sağlam, mənalı ömür və gözəl, firavan günlər arzulayıram. Çox yaxşı xatırlayıram ki, bizim ilk tanışlığımız məhz Rəcəb müəllimin rəhbərliyi ilə keçirilən, Rəşid pəhləvanın 100 illiyinə həsr olunmuş tədbirdən başladı. O gündən bu günə qədər bizim dostluğumuz davam edməkdədir. Bu illər ərzində mən onu sadiq dost, gözəl ailə başçısı və öz işini, sənətini sevən insan kimi tanıyıram. Rəcəb müəllim Azərbaycan mədəniyəti üçün çox böyük işlər görmüşdür. O, “Azərbaycan Sirki – 70” adlı kitabından başqa bir çox kitab və məqalalərin müəllifidir. Onun Azərbaycan sirkinin inkişafında çox böyük əməyi vardır. Mən Çox istərdim ki, Rəcəb müəllim kimi bir insanın əməyi layiqincə dəyərləndirilsin. Rəcəb müəllim kimi peşəkar və öz işini bilən insanlara ölkəmizdə çox böyük ehtiyac var. Dəyərli Dostum! Nə yaxşı ki, bu həyatda qarşılaşdıq və sizi tanıdım. Nə yaxşı ki, varsınız. Sizə öz işinizdə və sənətinizdə uğurlar arzulayıram.

Zahid Vəliyev
Uşu Kung Fu üzrə məşqçi-müəllim və rəssam

1773916133_69bbcfe556784.jpg

Azərbaycan sirkinin  sədaqətli ADAMI

Bu il Azərbaycan sirkinin 80 illik yubileyi qeyd olunur. Bu tarix təkcə bir sənətin deyil, bütöv bir ənənənin, səhnə mədəniyyətinin və insan talelərinin tarixidir.

Təxminən 10 il əvvəl mənə bu şərəf qismət oldu ki, Azərbaycan sirkinin tarixindən bəhs edən ekran işinin ideyasını irəli sürüm və həmin layihədə bədii rəhbər kimi çalışım. Bu ideyanın arxasında dayanan əsas səbəbkar isə bir insan idi - Rəcəb Məmmədov.

Rəcəb müəllim sanki Azərbaycan sirki ilə eyni nəfəsdə doğulub. Onun bu sənətə bağlılığı adi peşə sevgisi deyil, həyat tərzi, taledir. İnanmaq çətindir ki, bir insan bu qədər sədaqətlə, bu qədər təmənnasız şəkildə sənətinə bağlana bilər. Bəlkə də elə bu böyük sevginin nəticəsidir ki, o, zaman-zaman çətinliklərdən, ağrılardan da yan keçməyib.

Amma bir həqiqət dəyişməz olaraq qalır: nə qədər ki, bu sənət yaşayır - Rəcəb Məmmədov da yaşayacaq!

Onun 65 yaşı tamam olur. Bu, sadəcə bir yaş deyil, ləyaqətlə, qürurla, səmimiyyətlə və yüksək mənəvi dəyərlərlə yaşanmış bir ömrün göstəricisidir. Hər sənətkara belə bir ömür nəsib olmur.

Rəcəb müəllim, siz təkcə səhnənin yox, insanların qəlbinin də sənətkarısınız. Sizin adınız artıq təkcə sirkin tarixində deyil, onu sevənlərin ürəyində yazılıb.

Ad gününüz mübarək olsun!

Tahir Əliyev
Kinorejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi

1773916091_69bbcfbb50537.jpg

Ədəbli, dürüst və peşəkar

Rəcəb müəllim haqqında təbrikə elə onun öz sözləri ilə başlamaq istəyirəm: “Bir insanı xarakterizə edən əsas sözlərin heç biri diplomda, sənədlərdə yazılmır”.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədovu mənim üçün xarakterizə edən 5 kəlmə var: namus, ədəb, tərbiyə, təvazö və peşəkarlıq. Namusu birinci yazdım, çünki “namuslu olmaq 10 min nəfərdən seçilmək” deməkdir.

Rəcəb müəllimlə yollarımız dəfələrlə kəsişib. Akademik Milli Dram Teatrında, Milli Elmlər Akademiyasında, müxtəlif layihələrdə də birlikdə çalışmaq imkanımız olub. Hər dəfə Rəcəb müəllimlə ünsiyyət zamanı onun gördüyü işə yüksək məsuliyyət, təmkin, ədəb və dərin sevgi ilə yanaşdığının şahidi olmuşam. Onun öz peşəsinə, həmkarlarına münasibətinə heyran qalmamaq mümkün deyil. Uzun illər ərzində Azərbaycanda sirk sənətinin yeganə peşəkar tədqiqatçısı kimi fəaliyyət göstərən Rəcəb müəllim bu gün də həm elmi araşdırmalarını, həm də teatr menecmenti sahəsində qazandığı zəngin təcrübəni Azərbaycan teatrının inkişafına həsr edir.

Rəcəb müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, həyatında və peşəkar fəaliyyətində qarşısına həmişə özü kimi ədəbli, dürüst və peşəkar insanlar çıxsın.

Elçin Cəfərov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti

1773918087_69bbd7872666f.jpg

İNSAN ALİM

 “Alim olmaq asandır, insan olmaq çətin”... Yəqin ki, hamının eşitdiyi bu kəlam insanları, insanlığı dəyərləndirmək üçün ən çox işlədilən, ən qədim və ən dürüst məsəllərdəndir. Mən də bir elm sahəsinin adamı kimi bu fikrin sınaqdan çıxmış dəqiq meyar olduğunu təsdiqləyə bilərəm.

Nədənsə, bu gün dostum, həmkarım Rəcəb Məmmədov haqqında oxuduğunuz yazını yazmağa başlayanda ilk yadıma düşən məhz bu müdrik kəlam oldu. Lakin burada bir məqam var ki, bu məsəl Rəcəb müəllimi dəyərləndirmək üçün bəs eləmir. Çünki o, böyük hərflərlə həm ALİMdir, həm də İNSAN! Amma o, İNSANlığı bütün dəyərlərdən uca tutan ALİMdir. Ona görə də Rəcəb Məmmədov mənimçün İNSAN ALİMdir.

Və...martın 19-da bu İNSAN ALİMİN 60 yaşı tamam olur. Düzdür, o, təmtərağı, ad günü, yubiley keçirməyi sevmir, elə bu yazının yazılmasından da xəbər tutsa idi, inanın ki, qoymazdı qələmə alım. Amma Rəcəb Məmmədov ən təntənəli ad günlərinə, yubileylərə, haqqında yazılmalı böyük-böyük məqalələrə, əsərlərə layiqdi. Çünki onun keçdiyi zəngin və layəqətli ömür yolu buna əsas verir.

Rəcəb Kənan oğlu Məmmədov 19 mart 1961-ci ildə Bakıda dünyaya gəlib. Həyatını teatr və sirk sənətinə həsr edib. İlk iş yeri, 1978-ci ildə işıqçı kimi fəaliyyətə başladığı Sumqayıt Dövlət Teatrı olub. Bir il sonra Azərbaycan Dövlət İncəsənət İnstitunun tələbəsi adını qazanıb, ancaq yenə də teatrdan aralanmayıb, əvvəl Dövlət Rus Dram Teatrında, sonra isə Akademik Milli Dram Teatrında səhnə maşınisti işləyib. 1986-cı ildə ali təhsilini başa vurub. 1989-cu ildə Moskvada, A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunsa da Sovet İttifaqının dağılması səbəbindən ikinci ali təhsilini bitirə bilməyib.

R.Məmmədov 1987-2003-cü illərdə Bakı Dövlət Sirkində direktor müavini işləyib. Sonrakı illərdə Azərbaycan Dövlət Kukla Teatrında baş inzibatçı, Akademik Milli Dram Teatrında prodüser şöbəsinin müdiri olub. Mədəniyyət Nazirliyinin keçirdiyi beynəlxalq konfrans və festivallarda qərargahın üzvü, “YARAT” Müasir İncəsənət Məkanının təşkil etdiyi “M.A.P.” Beynəlxalq Teatr festivalında menecer kimi çalışıb.

R.Məmmədovun sirk sənətinə sevgisi məxsusidir, platonikdir. O, sanki sirksiz yaşaya bilmir. Bu, yəqin ondan irəli gəlir ki, demək olar bütün gəncliyini, cavanlığını Bakı Dövlət Sirkində keçirib, 26 yaşından, 16 il ərzində (1987-2003) bu kollektivdə işləyib, həm də direktor müavini kimi çətin bir vəzifəni çiyinlərində daşıyıb. Həmin illərdə Azərbaycan Milli Sirk Kollektivinin yaradılmasında, sirk ustalarımızın Avropa ölkələrinə, Türkiyə və İrana qastrol səfərlərinin təşkilində, xarici sirk proqramlarının ölkəmizə gətirilməsində, neçə-neçə gənc sirk ustasının yetişməsində böyük rol oynayıb. Rəcəb müəllim təkcə Azərbaycanda deyil, bütün MDB məkanında tanınan nüfuzlu mütəxəssis və sirk sənətinin təəssübkeşi kimi bu gün də dünyanın müxtəlif guşələrində çalışan sirk ustaları ilə əlaqə saxlamaqda, onlara dəstək olmaqda davam edir.

Rəcəb Məmmədov özündən bacarıqlı, bilikli insanlarla işləməkdən qorxan rəhbərlərin ucbatından neçə illərdir Bakı sirkindən uzaq düşsə də, sirk sənətinə olan sevgisi bir qətrə də azalmayıb. Onu elmə gətirən də elə bu əbədi, ülvi sevgi olub. Sevgili sirkin tarixini, nəzəri problemlərini daha dərindən öyrənmək üçün elmi tədqiqatlar aparıb. 2008-ci ildə “Azərbaycanda sirk sənətinin yaranması, təşəkkülü və inkişaf yolları (1920-ci ilədək)” mövzusunda dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb.

Bu gün nəinki ölkəmizdə, bütün Qafqazda sirk sənəti üzrə yeganə tədqiqatçı-alim olan Rəcəb Məmmədov AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin aparıcı elmi işçisidir. Hazırda “XX əsr Azərbaycan sirk sənətinin inkişaf təmayülləri” mövzusunda elmlər doktoru dissertasiyası üzərində çalışan alim “Azərbaycan sirki-70” kitabının, xarici və yerli nəşrlərdə dərc olunmuş onlarla elmi məqalənin müəllifi, çox sayda beynəlxalq və respublika elmi konfranslarının iştirakçısıdır. O, həmçinin, Aranfilmin istehsal etdiyi, milli peşəkar sirk sənətimizin 70 illiyinə həsr edilən “Bu, Azərbaycan sirkidir” (2016) sənədli filminin senari müəllifi, uzun illər Bakı Sirkinin baş dirijoru işləmiş Əməkdar artist Həsənağa Abasquliyevdən bəhs edən “Orkestr və mən” (2017) sənədli filminin məsləhətçisidir.

Rəcəb Məmmədov ömrünün 60 illik zirvəsini şərəflə qarşılayır. Onu tanıyanlar yaxşı bilir ki, Rəcəb müəllim insana məxsus nə qədər gözəl keyfiyyətlər varsa, hamısını özündə cəmləyib. O, insanlara sevgisi tükənməyən ziyalı, əlindən yalnız yaxşılıq gələn, xeyirxah, comərd insan, səmimi, etibarlı yoldaş, vəfalı dost, peşəkar və məsuliyyətli işçi, qayğıkeş, sədaqətli ailə başçısı, müdrik bir şəxsiyyətdir! Belə bir İNSAN isə ən gözəl arzulara layiqdir!

Əzizim Rəcəb müəllim, 60 yaşınız mübarək!

PS. Mən bu məqaləni əziz dostumun 60 illik yubileyində yazmışdım. Amma o vaxtadan bu günə onun haqqında heç bir fikrim dəyişməyib. Dəyişən rəqəmlərdir! Ona görə 5 yaşlı yazımı 65 yaşlı dostuma bir daha ərməğan edirəm.

Vidadi Qafarov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent