TEATRO

TEATRO

sənət portalı

post-title

Rəcəb Məmmədov - AZƏRBAYCAN RESPUBLİKASINDA SİRK SƏNƏTİNİN MİLLİ İNKİŞAF KONSEPSİYASI

“Azərbaycan Respublikasında sirk sənətinin milli inkişaf konsepsiyası” layihəsi müzakirənizdədir

Dünya mədəniyyətinə inteqrasiya, milli dəyərlərimizin, azərbaycançılıq məfkurəsinin təbliği müasir incəsənətimizin qarşısında duran ümdə məsələlərdəndir. Bu baxımdan, sirk sənəti olduqca böyük imkanlara malikdir. Fəaliyyəti səyyar xarakter daşıdığından, dil səddi, yaş həddi tanımadığından bu sənət dünyanın hər guşəsində böyük sevgi və coşqu ilə qarşılanır. Milli sirk sənəti vaxtı ilə Azərbaycan mədəniyyətinə böyük şöhrət qazandırsa da, müasir dövrdə saysız-hesabsız problemlər üzündən məhv olmaq ərəfəsindədir.

Ölkəmizdə sirk sənətinin fəaliyyət mexanizmləri olmadığından, gənc sənətçi nəsli yetişdirilmir, yeni sirk əsərləri yaradılmır, dünya şöhrətli artistlərimiz isə Azərbaycanı tərk edib, başqa ölkələrin vətəndaşlığını qəbul edir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində “Azərbaycan mədəniyyəti 2020-2040-cı illərdə dövlət strategiyası” hazırlanır, sənədin müddəaları əsasında dövlət planı işləniləcək. Milli sirk sənətinin tarixini, nəzəri problemlərini araşdıran sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov da müəllifi olduğu “Azərbaycan Respublikasında sirk sənətinin milli inkişaf konsepsiyası” layihəsini Mədəniyyət Nazirliyinə təqdim etmişdir.

Dəyərli oxucular, adı çəkilən layihənin əhəmiyyətini nəzərə alıb saytımızda müzakirənizə təqdim edir, konstruktiv fikir və təkliflərinizi bizimlə bölüşəcəyinizə inanırıq.

 

AZƏRBAYCAN RESPUBLİKASINDA

SİRK SƏNƏTİNİN MİLLİ İNKİŞAF KONSEPSİYASI (layihə)

  1. Ümumi müddəalar.

           Azərbaycan Respublikasında Sirk Sənətinin Milli İnkişaf Konsepsiyası (Bundan sonra KONSEPSİYA) “Azərbaycan 2020: gələcəyə baxiş” inkişaf konsepsiyasinın (2011), “Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu”nun (2012), “Azərbaycan Respublikasının “Mədəniyyət konsepsiyası”nın (2014), “Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunu”nun (2006), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın (2009) müddəalarına əsaslanır.

KONSEPSİYAda sirk sənəti sahəsində çalışan mütəxəssislərin, yaradıcılıq ittifaqları, dövlət icra, qanunvericilik, yerli özünüidarə orqanları nümayəndələrinin təkliflərinin, eləcə də milli sirkin inkişafı barədə ictimai müzakirələrin nəticələrinin nəzərə alınması vacibdir.

KONSEPSİYAnın həyata keçirilmə müddəti – ... -ci illər

KONSEPSİYA mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün sirklərə, eləcə də sirk fəaliyyəti ilə məşğul olan digər təşkilatlara, fiziki şəxslərə və yaradıcı insanlara şamil edilir. Sirk sahəsində milli irsin qorunması, təbliği, yeni bədii məhsulun yaradılması, inkişafı Azərbaycan Respublikasının mədəniyyət sahəsində dövlət siyasətinə və bu istiqamətdə dövlətin rəhbər tutduğu prinsiplərə əsaslanır. Konsepsiya sirk sənəti sahəsində nailiyyətlərin, o cümlədən milli kadrlarımızın Azərbaycanda və xarici  dövlətlərdə yaratdığı sənət nümunələrinin, beynəlxalq hüquq normalarına və Azərbaycan qanunvericiliyində nəzərdə tutulan hüquqi-normativ sənədlərə əsaslanaraq milli mədəni irsimiz kimi qorunması, bərpası, təbliği və təşviqi istiqamətində geniş miqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Konsepsiyada aşağıdakı əsas anlayışlardan istifadə edilir:

“Sirk işi” – sirk fəaliyyətininin həyata keçirilməsini təmin edən təşkilati və iqtisadi sistem.

“Sirk fəaliyyəti” – sirk sənəti əsərlərinin yaradılması, yayımı və qorunub saxlanılması ilə bağlı fəaliyyət;

“Sirk sənəti” – ifaçının qeyri-adi bacarığının, gücünün, cəsarətinin, adi məntiqə sığmayan ekssentrik və yaxud gülməli hərəkətlərinin nümayişini nəzərdə tutan ifaçılıq sənəti;

“Sirk sənəti janrları” – tarixi olaraq, estetik və funksional cəhətdən bir-birinə yaxın, ümumi əlamətlərə malik olan (məsələn: akrobatika, gimnastika, ekvilibristika, atletika, heyvan təlimi, jonqlyorluq, illüziya, məzhəkəçilik və sair) sirk nömrələri;

“Sirk nömrəsi” – bir, və yaxud bir neçə sənətçi tərəfindən ifa edilən, əsasını sirk sənətinin elementləri və bitkin bədii obraz təşkil edən tamamlanmış səhnə əsəri;

“Sirk proqramı” – divertisment üslubunda kütləvi nümayiş edilən müxtəlif janrlı nömrələrin, intermediyaların, proloqun, epiloqun və digər elementlərin məcmusundan ibarət sirk tamaşası;

“Sirk tamaşası” – sirk sənətinin ifadə vasitələrindən istifadə edilərək yaradılmış müəyyən mövzuya həsr edilmiş süjetli tamaşa;

“Sirk konveyeri” – sirk nömrələrindən və attraksionlarından təşkil olunmuş proqramların növbə ilə bir sirkdən digərinə hərəkətini nəzərdə tutan özünəməxsus spesifik qastol sistemi;

“Məşq dövrü” – sirk əsərinin hazırlanması, yenidən işlənməsi, və yaxud bərpa olunması ilə bağlı, digər mütəxəssislər (rejissor, pedaqoq, məşqçi və sair) ilə müştərək həyata keçirilən yaradıcılıq dövrü;

“Sirk sənəti festivalları (müsabiqələr)” – sirk sənəti nailiyyətlərinin kütləvi nümayişi, yaradıcılıq yarışı;

“Sirk prodüseri” – sirk tamaşasının hazırlanmasını və (və ya) nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs.


2. Mövcud vəziyyət.

“Sirk işinə özünü həsr etmək böyük istedad və cəsarət tələb edir.” (Heydər Əliyev)

Mənşəyini qədim mərasimlərdən, el-oba oyunlarından, meydan tamaşalarından götürən Azərbaycanın milli sirk sənəti müasir dövrdə təkrarsız ifadə vasitələrinə, parlaq bədii tapıntılara, zəngin yaradıcılıq ənənələrinə malik olan müstəqil sənət növü kimi formalaşmışdır. Çoxəsrlik tarixi olan ənənəvi sirk sənətindən fərqli olaraq, peşəkar sirk sənəti Azərbaycanda XX əsrdə təşəkkül tapmış və olduqca parlaq inkişaf yolu keçmişdir. Peşəkar sirk sənətinin təşəkkülü milli mədəniyyətimizin dünyada təbliği üçün geniş imkanlar yaratmışdır. “Azərbaycan toyu” adlanan ilk proqram (1946) təkcə sirk sənətinin deyil, bütövlükdə milli mədəniyyətimizin zənginliyini, rəngarəngliyini və gözəlliyini özündə əks etdirmişdir. Milli sirk proqramlarının yaradılması təcrübəsi özünü bütünlüklə doğrultduğu və respublikamıza böyük şöhrət gətirdiyi üçün, sonrakı illərdə yeni heyət və yeni məzmuna malik “Biz Bakıdanıq” (1959), “Qaya üzərində işarə” (1966), “Odlar yurdu” (1987) adlı proqramlar yaradılaraq Sovetlər birliyinin əksər bölgələrində və xarici ölkələrdə uğurla nümayiş etdirilmişdir. Milli-mənəvi dəyərlərimizdən, bədii irsimizdən bəhrələnən sirk ustalarımız bu gün də dünyanın müxtəlif ölkələrində çıxış edir, milli mədəniyyətimizi layiqincə təmsil edərək, beynəlxalq müsabiqə və festivallarda yüksək nəticələr göstərirlər.

Digər sənət növlərindən fərqli olaraq, sirkdə peşəkar artistlərin fəaliyyəti əsasən səyyar xarakter daşıyır. Bu da onunla bağlıdır ki, sirk artisti ifa etdiyi nömrənin hazırlanmasına olduqca böyük zəhmət, vaxt, enerji, maddi vəsait sərf edir və daim ustalığını artıraraq, uzun müddət eyni nömrə ilə çıxış edir. Bu halda yeni tamaşaçı auditoriyasının təmin edilməsi üçün sənətçi digər məkanlara səfər etməli olur. Ona görə dünyada sirk fəaliyyətinin həyata keçirilməsi təqribən eyni prinsiplərlə həyata keçirilir – sirk proqramları ya böyük şəhərlərdə tikilmiş stasionar sirklərdə, ya da səyyar sirk çadırlarında çalışaraq şəhərdən şəhərə hərəkət edirlər. Bundan başqa, idman saraylarında, səhnədə, açıq meydançalarda çalışan sirk truppaları mövcuddur ki, onlar da yeni auditoriya axtararaq, mütləq qaydada səfərə çıxırlar.

Bu gün Azərbaycanda sirk fəaliyyətini həyata keçirən yeganə qurum stasionar Bakı Dövlət Sirkidir. Bina respublikamızın balansında olsa da, ötən əsrin 90-cı illərinə qədər sirkin fəaliyyəti SSRİ Mədəniyyət nazirliyinin “Dövlət sirk birliyi” tərəfindən tənzimlənmişdir. O zaman bütün artist heyəti həmin birliyin tabeliyində çalışmış və onun iş bölgüsü ilə, özünəməxsus “konveyer” şəklində stasionar, səyyar sirklərə, habelə xarici qastrollara göndərilmişdir. Sovetlər birliyinin dağılması ilə Bakı Dövlət Sirki bu “konveyer”dən kənarda qalmış, azərbaycanlı artistlər isə iş axtararaq, dünyanın müxtəlif sirk kompaniyalarında çalışmağa başlamışlar. Respublikada sirk sənətinin fəaliyyəti və inkişafı üçün lazımi infrastruktur və qanunvericilik olmadığı üçün, bir çox artistlərimiz xarici ölkələrin vətəndaşlığını qəbul etmişlər. Müəyyən səbəblərdən xaricə gedə biməyən sənətçilər isə başqa sahələrdə çalışmağa məcbur olmuş, yalnız vaxtaşırı el şənliklərində, dövlət tədbirlərində çıxış etmək üçün dəvətlərin ümidində qalmışlar. Bu gün Azərbaycanda Bakı Dövlət Sirki stasionar sirk müəssisəsi kimi dövlət tərəfindən maliyyələşdirilsə də, sirk sənətinin inkişafı, yaradıcı qüvvələrin təşkilatlanması, həvəskar sirk hərəkatının təşkili, yeni sirk əsərlərinin yaradılması istiqamətində faktiki olaraq heç bir iş görülmür.

3. Konsepsiyanın məqsəd və vəzifələri.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zamandan 30 illik mürəkkəb, eyni zamanda şərəfli bir inkişaf yolu keçmişdir. Ölkəmizdə aparılan geniş miqyaslı islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət idarəçiliyinin müasir meyarlara uyğun yenidən qurulması cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Qazanılmış nailiyyətlər imkan verir ki, xalqımız milli mədəniyyətimizin digər sahələri kimi milli sirk sənətində də qarşısına daha yüksək məqsədlər qoysun və bu məqsədlərdən irəli gələn vəzifələri həyata keçirsin. Müzəffər ordumuz əzəli torpaqlarımızı işğaldan azad etsə də, xalqımızın düşmənlə mübarizəsi bitməmiş, əksinə, siyasi, iqtisadi, mətbuat, elm, mədəniyyət və bir çox digər müstəvilərdə daha gərgin şəkildə davam etməkdədir. Konsepsiyanın məqsədi, bu mübarizədə dünya mədəniyyətinə inteqrasiya baxımından daha geniş vasitələrə malik olan milli sirk sənətinin bütün imkanlarından daha səmərəli istifadə edilməsini, sirk sahəsində idarəetmə, hüquq, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur, beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını, bu sahədəki irsimizi qorumaqla yanaşı, müasir göstəricilərin yüksək səviyyəyə çatdırılması üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdən ibarətdir.

Qarşıya qoyulan məqsədlərə çatmaq üçün, milli sirk sənətinin inkişafında dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

  1. Əhali arasında sirk sənətinin populyarlaşması və onun xalqımızın mədəni həyatında rolunun artırılması;
  2. Sirk xidmətlərinin əhali üçün daha da əlçatan olması;
  3. Həm ölkə daxilində, həm də xarici ölkələrdə tamaşaçı auditoriyasının genişləndirilməsi;
  4. Sirk sahəsində çalışanların təşkilatlanması, bütün sirk subyektlərinin fəaliyyətinin koordinasiya olunması və tənzimlənməsi;
  5. Sirk məhsulunun hazırlanması və nümayişinin təşkili prosesinə dəstək göstərilməsi;
  6. Sirk sahəsində çalışan müəssisələrin iqtisadi səmərəsinin artırılması;
  7. Əhaliyə göstərilən sirk xidmətlərinin spektrinin genişlənməsi və keyfiyyətinin artırılması;
  8. Sirk məhsulunun əhalinin aztəminatlı hissəsi, sirk binalarının olmadığı yaşayış məntəqələrinin əhalisi üçün əlçatan olması;
  9. Sirk məhsulunun yaradılmasında müasir texnologiyaların tətbiqi;
  10. Milli sirk sənətinin müasir tələblərə uyğun inkişafı, yeni sirk məhsulunun yaradılmasının və təqdimatı üsullarının təkmilləşdirilməsi;
  11. Hüquqi, eləcə də mülkiyyət formasından asılı olmayaraq, bütün sirk kollektivlərinin fəaliyyətlərinin həyata keçirilməsində əməli dəstək göstərilməsi mexanizmlərinin işlənilməsi;
  12. Sirk müəssisələrinin əmlak kompleksinin daim yenilənməsi;
  13. Sirkdə çalışan yaradıcı və texniki heyətin müasir dövrün tələblərinə uyğun peşə hazırlığı, eləcə də ixtisasartırma sisteminin yaradılması;
  14. Həvəskar sirk hərəkatının inkişafı, uşaq və yeniyetmələr üçün özfəaliyyət kollektivlərinin, studiyaların yaradılması;
  15. İctimai qurumlarla əlaqələrin möhkəmlənməsi üçün şərait yaradılması;
  16. Sirk sənəti sahəsində çalışanların sosial təminatı, iş və istirahət şəraitinin yaxşılaşdırılması üçün lazımi tədbirlərin həyata keçirilməsi;
  17. Sirk sahəsində müəlliflik hüququ məsələlərinin tənzimlənməsi;
  18. Sirk sənəti sahəsində elmi araşdırmaların aparılmasına dəstək göstərilməsi;
  19. Sirk sənəti sahəsində Azərbaycan xalqının zəngin yaradıcılıq ənənələrinin, bu sənətin yaranmasında böyük rolu olan xalq oyun və tamaşalarının öyrənilməsi, bərpası, onların Azərbaycana aid olduğunun beynəlxalq məkanda təsdiqlənməsi, UNESCO, ISESCO, TÜRKSOY, eləcə də digər beynəlxalq təşkilatlarda təbliği və tanıdılması istiqamətində zəruri işlərin görülməsi.
  20. Sirk müəssisələrinin müxtəlif mənbələrdən maliyyələşməsi mexanizmlərinin inkişafı;
  21. Sirk fəaliyyətinin həyata keçirilməsini tənzimləyən hüquqi-normativ bazanın təkmilləşdirilməsi.
  22. Sirk sənətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, ölkənin vergi, gömrük, ekologiya, sərhəd, əmlak, əməyin mühafizəsi, informasiya, sosial sığorta və sair sahələrini tənzimləyən normativ sənədlərdə bu sahə üçün nəzərdə tutulmuş əlavələrin olunması.

4. Sirk fəaliyyətinin əsas subyektəri.

Azərbaycanda sirk fəaliyyətinin yeganə subyekti Bakı Dövlət Sirkidir. Stasionar sirk statusu daşıyan bu müəssisə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Sirkin binası istedadlı memarlar Ənvər İsmayılov və Faina Leontyevanın orjinal layihəsi ilə inşa edilərək, 1967-ci ildə istifadəyə verilmişdir. Bu bina memarlıq xüsusiyyətləri və gözəl dizaynı ilə mütəxəssislərin yüksək qiymətini qazanmış, eyni zamanda texniki və funksional parametrlərinə görə o dövrdə dünyanın ən yaxşı sirklərindən sayılırdı. 2400 tamaşaçı tutumu olan (1982-ci ildə həyata keçirilən təmir-rekonstruksiya işlərindən sonra tamaşaçı tutumu 1905 nəfər olmuşdur) Bakı sirkinin gümbəzi digər sirk binaları ilə müqayisədə daha hündür olduğundan, hava gimnastlarının işi üçün əlavə imkanlar yaradır. Bir-birini əvəz edən üç manej, səhnədən manejə enən mexaniki pilləkən, ilk üç sıranın geriyə doğru transformasiya olunması, müasir kino qurğuları nəinki o dövrdə, müasir zamanda da nadir texniki imkanlardan sayılır. Bundan başqa, sirkin ərazisində Bakıya dəvət olunmuş artistlərin yaşaması üçün nəzərdə tutulmuş 5 mərtəbəli, 105 çarpayılıq yataqxana da fəaliyyət göstərirdi. Lakin, Bakı sirki təkcə texniki təchizatı ilə deyil, yaradıcılıq uğurları ilə də diqqəti cəlb edirdi. Burada çox sayda sirk nömrəsi, proqram həyata vəsiqə almış, müxtəlif vaxtlarda sirk studiyası fəaliyyət göstərmişdir. Bir çox məşhur sirk artistləri, o cümlədən Azərbaycanın və Rusiyanın Xalq artisti Tofiq Axundov, məşhur illüziya ustası Rusiyanın Əməkdar artisti Rafael Tsitalaşvili və başqaları ilk addımlarını özfəaliyyət kollektivlərində atmışlar.

Bakı Dövlət Sirki müstəqillik illərinədək SSRİ Mədəniyyət nazirliyinin “Dövlət sirk birliyi” tabeliyində fəaliyyət göstərdiyi üçün, son illər respublika daxilində lazımi infrastruktura malik olmamış, sirk sahəsində peşə təhsili, rayonlarda sirk tamaşalarının nümayişi, yeni sirk əsərlərinin yaradılması iştiqamətində işlər görülməmişdir.

5. Yaradıcılıq prosesinin təşkili, peşəkar sirk sənətinin inkişafı.

“Qlobal və milli mədəni həyatın formalaşmasında mühüm rol oynamış və dünyanın bir sıra aparıcı ölkələrində ciddi nailiyyət qazanmış mədəniyyət sənayesinə göstərilən xüsusi diqqət və əhəmiyyətli sərmayə yatırımı iqtisadi və sosial dividendlərə zəmin yaradır (Azərbaycan Respublikasinin Mədəniyyət Konsepsiyasi 5.Mədəniyyət sənayesinin inkişafı)”.

Zəngin tarixi ənənələri olan sirk sənətinin inkişaf etdirilməsi dövlət mədəniyyət siyasətinin perspektivli istiqamətlərindəndir. Azərbaycan xalqının incəsənət sahəsində tarixi ənənələri nəsillərin bədii təcrübəsinə arxalanan, cəmiyyətin inkişafına təsir edən, xalqın mövcudluğunu ifadə edən və milli-mənəvi varlığını təsdiqləyən format kimi qəbul edilir. Milli sirk sənəti Azərbaycan incəsənətinin ən demokratik növü, xalqın sevimli ailəvi istirahət və əyləncə vasitələrindən biri olmaqla yanaşı, milli ruhumuzu, qəhrəmanlıq ənənələrini, mənəvi dəyərləri özündə əks edir. Bu sənət insanın hüdudsuz imkanlarını, fiziki kamilliyini, hünərini, cəsarətini nümayiş etdirir.

Müasir sirk sənəti digər sənət növləri ilə müqayisədə daha geniş janr müxtəlifliyinə malikdir. Başqa sənət növləri ilə inteqrasiyaya, ən cəsarətli ideyaların həyata keçirilməsinə daim açıq olması, sirk nömrələrində müasir incəsənətin bir çox nailiyyətlərini, texniki yenilikləri bir araya toplamağa imkan verir. Heç bir digər sənət növü bir proqramda bu qədər rəngarəng janr mənşəyi, semantik yükü və təqdimat tərzi olan tamaşa təqdim etməyə qadir deyil.

Bir vaxtlar geniş şöhrətə malik olan Azərbaycan sirk sənəti müasir dövrdə bir çox yaradıcılıq problemləri ilə üz-üzə qalmışdır. Uzun illər ərzində sirk sahəsində özfəaliyyət hərəkatı olmadığından, azərbaycanlı sirk artistləri sənətə əsasən peşəkar sirk artistlərinin ailələrindən, qismən də idman sahəsindən qədəm qoyur. Bu baxımdan mili sirk sənəti sahəsində yaradıcılq prosesinin təşkili üçün çox ciddi tədbirlərin görülməsinə, peşəkar yaradıcı qüvvələrin səfərbər olunmasına ehtiyac vardır.

Azərbaycanda milli sirk sənətinin inkişafında milli-mənəvi irsimizə, qədim ifaçılıq ənənələrinə əsaslanan yeni sirk əsərlərinin – sirk nömrələrinin və proqramların yaradılması əsas istiqamət olaraq götürülməlidir. Bu əsərlər yaradılarkən digər sənət növlərinin (teatr, kino, estrada, xoreoqrafiya və sair) imkanlarından üzvi şəkildə istifadə edilməsi, müasir işıq, səs və xüsusi effektlərlə təmin olunması təsir gücünü dəfələrlə artırır. Müasir dövrdə sirk sənətinin ifadə vasitələrindən istifadə olunmaqla, dramaturji əsərlər əsasında hazırlanmış süjetli, tematik tamaşalar da böyük marağa səbəb olur və sirk əsərinə milli çalarlar qatmaq üçün daha geniş imkanlar yaradır.

Ölkəmizdə milli sirk sənətininin ibtidasında duran əsas sirk janrları, o cümlədən, kəndirbazlıq, pəhləvan sənəti, klounada, heyvan təlimi, atlarla ifa edilən və sair janrlar Azərbaycan peşəkar sirkində bir qayda olaraq, daha çox təşəkkül tapıb, inkişaf etmişdir. Ölkədə sirkin inkişafı barədə düşünərkən, məhz bu janrların müasir quruluşda təqdimatına diqqət yetirməyə ehtiyac var, belə ki, bu halda səntin milli bağlılığını daha qabarıq ifadə etmək mümkündür.

Azərbaycan milli sirk sənətinin tarixində heyvan təlimi janrının olduqca qədim və zəngin ənənələri mövcuddur. Görünür, bu səbəbdən peşəkar sirkimizdə bu janr xüsusilə təşəkkül tapmış, ölkəmizdə bir sıra dünya səviyyəli peşəkar sirk təlimçiləri yetişmişdir. Azərbaycanlı sirk təlimçiləri bir qayda olaraq, heyvanlar aləminin zənginliyini, gözəlliyini, onların icra etdiyi qeyri-adi vərdişləri nümayiş etdirərək, tamaşaçılarda heyvanlara sevgi hissini aşılamağa nail olurlar. Müasir dünyada, sirkdə heyvan təlimi janrına fərqli münasibətlərin yer aldığı bir zamanda, ölkəmizdə bu janrın müsbət tərəflərinin, sirk dressurasına peşəkar yanaşmanın tətbiqi, heyvanlarla iş zamanı humanist təlim metodlarından istifadə olunmasının, onların bəslənmə şəraitinin yaxşılaşdırılmasının vacibliyi əsas prioritetlərdən olmalıdır.

Sirk sənətinin heç bir digər sənət növünə bənzəməyən spesifik xüsusiyyətləri nəzərə alınaraq, ölkəmizdə peşəkar sirkin inkişafı yalnız konseptual şəkildə düşünülmüş və qəbul edilmiş geniş tədbirlər kompleksi vasitəsi ilə həyata keçirilə bilər. Respublikada həvəskar studiyaların yaradılması, ömrünü bu sənətə həsr etmiş təcrübəli veteranların bu prosesə geniş cəlb edilməsi, peşəkar sirk artistlərinə təşkilati-yaradıcılıq dəstəyinin göstərilməsi, sirk işinin maddi-texniki, hüquqi-normativ bazasının formalaşdırılması bir mərkəz tərəfindən tənzimlənməlidir. Qloballaşmaqda olan dünyanın milli mədəniyyətlərə göstərdiyi dağıdıcı təsiri, sirk əsərlərinin isə əsasən xaricdə nümayiş edildiyini nəzərə alaraq, yeni yaradılan, eləcə də fəaliyyətdə olan sirk əsərlərində milli-mənəvi dəyərlərimizin yer alması, dövlətimizin mədəni siyasətinə, milli ideologiyamıza, azərbaycançılıq məfkurəsinin təbliğinə xidmət etməsi birmənalı olaraq əsas götürülməlidir.

Sirk sənətinin sintetik mahiyyətini nəzərə alaraq, sirk əsərlərinin yaradılması prosesinə digər sənət sahiblərinin, yazarların, rəssamların, bəstəkarların, xoreoqrafların, folklor mütəxəssislərinin və digərlərinin cəlb olunmasına ehtiyac vardır. Sirk sahəsində mütəxəssislərin az sayda olması ilə əlaqədar, dünyanın aparıcı sirkləri yeni proqramların hazırlanmasına xarici mütəxəssisləri dəvət edirlər. Azərbaycanda yeni sirk əsərlərinin yaradılması üçün mütəxəssislərə ehtiyac olarsa, həm ölkə daxilində, həm də xaricdə kifayət qədər istedadlı və təcrübəli həmyerlilərimiz vardır.

6. Azərbaycanda sirk fəaliyyətini yaxşılaşdırmaq üçün bir sıra tədbirlər. 

“Konsepsiyanın əsas vəzifələri mədəniyyətin bütün sahələrinin, o cümlədən mədəniyyət siyasətinin idarəetmə, hüquqi, maliyyə, informasiya, insan resursları,  maddi-texniki infrastruktur və beynəlxalq əməkdaşlıq kimi təminat mexanizmlərinin inkişafını, mədəniyyət sahəsində göstəricilərin yüksək səviyyəyə çatdırılmasını və mədəni  irsin  təhlükəsizliyi  üçün tələb olunan islahatların həyata keçirilməsini təmin etməkdir (Azərbaycan Respublikasinin Mədəniyyət Konsepsiyasi. 2. Konsepsiyanın əsas məqsəd və vəzifələri)”.

Azərbaycan milli sirk sənəti çoxəsrlik təşəkkül və inkişaf yolu keçməklə yanaşı, daim dünya sirk sisteminin ayrılmaz hissəsi kimi mövcud olmuş, dünya sirkində baş verən proseslərin təsirinə məruz qalmışdır. Tarixən elə alınmışdır ki, sirk işinin təşkili Rusiyanın təsiri altında formalaşmış, Sovetlər birliyi zamanında isə mərkəzləşmiş sirk sisteminin tərkibində fəaliyyət göstərmişdir. Bu, o zaman ölkəmizdə sirk sənətinin inkişafı, stabil fəaliyyəti, yaradıcılıq və istehsalat problemlərinin həlli baxımından sirkimizə müsbət təsir göstərsə də, müasir dövrdə Azərbaycanda sirkin dinamik inkişafı, keyfiyyətcə yeni səviyyəyə qalxması, xarici qüvvələrin asılılığından azad olaraq, dünya sirkində öz müvqelərini qoruması üçün köklü islahatların tətbiqinə ehtiyac vardır.

İlk növbədə respublikada sirk işinin bütün təşkilati, yaradıcı, maddi-texniki problemlərinin həllini həyata keçirən funksional mərkəz yaradılmalıdır. Belə bir mərkəz rolunu Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən, sirk sənətinin yeganə əmlak subyekti olan Bakı Dövlət Sirki icra edə bilər. Bu mərkəzdə bir-biri ilə sıx əlaqəli olan 5 əsas funksiya həyata keçirilməlidir: 1 - tabeliyində olan əmlak kompleksinin optimal idarə olunması; 2 - xarici sirk ustalarının Azərbaycanda qastrollarının, və ya yerli sənətçilərlə birgə tamaşalarının təşkili; 3 - yeni sirk kadrlarının yetişdirilməsi və yeni sirk əsərlərinin yaradılması; 4 - sirk artistlərinin stabil şəkildə işlə təmin edilməsi; 5 - milli sirk sənətinin ölkədə və dünyada geniş təqdimatının təşkil olunması. Bu funkiyalardan hansısa işləməsə, sirk sənətinin stabil inkişafı sual altındadır.

Bakı Dövlət Sirkinin binası 1967-ci ildə inşa olunmuş memarlıq abidəsidir. Tikildiyi dövrdə öz parametrlərinə görə ən müasir sirk qurğularından olan binanın işıqlandırma, səs, isitmə, kondisioner və başqa texniki təchizat sistemləri mənəvi köhnəlməyə məruz qalsa da, müxtəlif tədbirlərin, konsertlərin, sirk tamaşalarının keçirilməsi üçün bu gün də öz funksionallığını saxlamaqdadır. Nəzərə alınsa ki, Bakı Dövət Sirki digər region ölkələrindəki sirklərlə müqayisədə daha mükəmməl və müasir binaya malikdir, Türkiyə və İran kimi böyük qonşu ölkələrdə isə ümumiyyətlə stasionar sirk yoxdur, müvafiq təmir, bərpa və təchizat işləri təmin edilərsə, bu kompleks regional sirk mərkəzi rolunu olnaya bilər. Bakı Dövlət Sirkinin əvvəllər malik olduğu beynəlxalq fəaliyyət təcrübəsi, əsas logistika xəttlərinin kəsişdiyi əlverişli coğrafi ərazidə yerləşməsi bir çox qonşu ölkələrlə müxtəlif mədəni-yaradıcılıq layihələrinin həyata keçirilməsinə imkan verir.

Sirk kompleksinin rəhbərliyi dünya sirkində baş verən bütün proseslərə həssas ynaşmalı, ölkəmiz sirk konveyerindən kənarda qaldığı üçün, milli sirk artistlərimizin böyük sirklərin tərkibində, beynəlxalq proqramlarda, eləcə də nüfuzlu beynəlxalq festivallarda iştirak etməsinə çalışmalı, elə mexanizmlər işlənməlidir ki, artistlərin harada olmasından asılı olmayaraq, öz ifası ilə milli mədəniyyətimizi təqdim etmək vəzifəsini daşıya bilsin. Bir çox hallarda respublikamızın maddi gəlirindən daha çox, qazana biləcəyimiz mənəvi qələbə, incəsənətimizin, milli-mənəvi dəyərlərinin təbliği prioritet sayılmalıdır. Xaricdə, xüsusilə də, yaxın region ölkələrində milli sirk proqramlarının qastrollarının təşkili həm maddi, həm də mənəvi baxımdan səmərəli olar. Sirk kompleksinin tərkibində sənət adamlarının mənafeyini müdafiə edən, onları işlə təmin edən, onlara hüquqi, sosial, təşkilati, informasiya dəstəyi həyata keçirən artist agentliyi yaradıla bilər. Belə bir agentlik həm fiziki, həm də hüquqi şəxslər tətəfindən təşkil oluna bilər.

Sirk işinin təşkilində ilk növbədə mədəniyyət sahəsində dövlət siyasəti prinsipləri rəhbər tutulmalıdır. Sirk idarəetməsini bir mərkəzdə toplamaqla bərabər, mütərəqqi beynəlxalq təcrübəyə əsaslanaraq, bu sahədə inhisarçılığın, birtərəfli inkişafın qarşısını almaq üçün müasir innovativ idarəçilik metodlarının tətbiq olunmasına yol açmaq lazımdır. Sirk fəaliyyətinə qeyri-hökumət təşkilatları, özəl sektor cəlb olunmalı, sirk sahəsində art-menecment, prodüserlik sistemləri formalaşdırılmalı, müasir inzibatçılıq metodları təşviq edilməlidir.

7. Azərbaycan sirkinin əmlak kompleksi.

Azərbaycan sirk sənətinin əmlak kompleksi yalnız Bakı Dövlət Sirkinin stasionar binasından ibarətdir. İnşa olunduğu zamandan bu binada mütəmadi olaraq, sirk proqramlarının qastrolları təşkil edilmiş, bununla yanaşı, müxtəlif səviyyəli konsert proqramları, bədii tədbirlər keçirilmişdir. Bu gün binanın texniki avadanlığı fiziki və mənəvi cəhətdən köhnəlmiş, kommunikasiya sistemləri aşınmaya məruz qalmışdır. Sirk işinin spesifikası bu binanın daim funksional vəziyyətdə olması ilə bərabər, durmadan inkişaf edən sirk sənətinin texniki tələblərinə uyğun olmaq, sirk artistlərinin və tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün yenilənməsini və inkişaf etməsini tələb edir. Müasir sirk sənətində tamaşaların bədii səviyyəsi səs, işıq tərtibatı ilə sıx bağlı olduğu qədər də, mürəkkəb sirk nömrələrinin təqdimatı üçün, texniki imkanlardan asılıdır.    

Sirk kompleksi bir çox xüsusiyyətlərinə görə unikal olduğu üçün, onun modernləşməsi, maddi-texniki bazasının möhkəmlənməsi, fəaliyyətinin yeni inkişaf səviyyəsinə keçməsi bu kompleksi müxtəlif investisiyalar üçün cəlbedici edir. Bu modernləşmə üçün həm büdcə, həm də sirkin fəaliyyətindən əldə edilmiş maliyyə vəsaiti, eləcə də məqsədli kapital fondlarının, büdcədənkənar fondların vəsaiti cəlb edilə bilər.

Əvvəlki illərin təcrübəsinə nəzər salınsa, məlum olur ki, Azərbaycan ərazisində sirk tamaşaları bir qayda olaraq, yalnız Bakıda təşkil edilir, respublikanın digər şəhər və rayonlarında isə belə tamaşalar təsadüfi hallarda baş tuturdu. Doğrudur, ayrı-ayrı illərdə Bakı Dövlət Sirki stadionlarda, qapalı idman saraylarında, mədəniyyət evlərində, hətta park və şəhər meydanlarındakı açıq ərazidə müxtəlif tamaşalar nümayiş etdirmişdir. Lakin, belə tamaşalarda xüsusi texniki şərait tələb edən sirk nömrələrinin nümayişi mümkün olmurdu. Eyni zamanda, proqramın səfər xərcləri yüksək olduğu üçün, proqram maliyyə səmərəliliyini də itirirdi. Bu səbəbdən sirkin səyyar fəaliyyətinin təşkilinə ciddi yanaşılmalı, bütün incəliklər nəzərə alınmalıdır. Sirkin respublika ərazisində, eləcə də xarici ölkələrdə çıxışı üçün səyyar sirk çadırlarından istifadə olunması daha məqsədəuyğun və rentabelli olar. Bu tip qurğular əksər sirk nömrələrinin nümayişi üçün uyğun gəlir. Yerindən və auditoriyanın xarakterindən asılı olaraq, tamaşaçı yerlərinin sayını tənzimləmək, operativ olaraq bir məkandan digərinə daşınmaq, tamaşada iştirak edən artistərin avadanlığının, əhliləşdirilmiş heyvanların etibarlı saxlanması daha rahat olur. Azərbaycan sirkinin əmlak kompleksinə stasionar binadan başqa, müxtəlif ölçülü bir neçə səyyar sirk çadırı da əlavə olunaraq, sirk proqramlarının işi bir mərkəzdən idarə olunarsa, ölkədə sirk işinin bütün sahələrini əhatə edən bir sistemin qurulmasına nail olmaq mümkündür. Sirk proqramlarının respublika ərazisində çıxışları mütəmadi olaraq təşkil edilərsə, böyük şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən qapalı idman komplekslərini, mədəniyyət saraylarını bu məqsəd üçün uyğunlaşdırmaq olar. Bu halda həm yerli sirk artislərinin, həm də Bakıya dəvət olunmuş proqramların rayonlar üzrə qastrollarını təşkil etmək, əhaliyə sirk xidmətlərini daha əlçatan etmək olar.

Fəaliyyət göstərən bütün stasionar sirk müəssisələrinin ərazisində qastrola gəlmiş sirk artisləri üçün mehmanxanalar, və ya qonaq eviləri mövcuddur. Sirkin spesifikası, sirk artistərinin həyat və iş tərzi onların daim sirkin ərazisində olmalarını tələb edir. Bundan başqa, dəvət olunmuş artistlərin, ailələri ilə birgə oteldə yerləşdirmək böyük maliyyə tələb edir. Bunu nəzərə alaraq, Bakı Dövlət Sirkinin ərazisində mənzil tipli otaqlardan ibarət kiçik bir qonaq evinin tikilməsi, sirkin fəaliyyətinə olduqca müsbət təsir göstərə bilər. Mövsüm arası, stasionar sirkin fəaliyyət göstərmədiyi dövrdə isə, həmin qonaq evi turistlərə xidmət göstərərək, sirkə əlavə maliyyə vəsaiti cəlb edə bilər.

8. Sirk fəaliyyətinin kadr təminatı. 

Milli sirk sənətinin davamlı inkişafının təmin olunması, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək yaradıcı qüvvələrin yetişdirilməsi bu sahədə kadr siyasətinin əsasını təşkil edir. Sirk sahəsində gənc qüvvələr sənətə adətən bir neçə yolla qədəm qoyurlar. Bir çox peşəkar sirk sənətçilərinin övladları valideynlərinin yolunu davam etdirir. Bu gənclər kiçik yaşlarından sənətin incəliklərinə yiyələnir, sirk işinin spesifikasına yaxşı bələd olurlar. Gənclərin digər qismi peşəkar sirkə özfəaliyyət studiyalarından, bəziləri isə idmandan gəlir. Gənc yaşlarından sirkdə texniki işlərdə çalışıb, peşəkar sirkə gələn artistlər də az deyil.

İstənilən halda, sirk mütəxəssislərinin, xüsusilə də artist heyətinin yetişdirilməsində təhsil əvəzolunmaz rol oynayır. Müasir sirk sənəti sirk ustalarının sadəcə hansısa mürəkkəb hərəkətlərin mahir icrasını ehtiva etmir. Sirk artistinin nümayiş etdirdiyi əsər, həm də müəyyən obraz yükü daşımalı, tamaşaçıya bitkin ideya ünvanlamalıdır. Sirk əsəri sintetik təbiətə malik olduğu üçün, ifaçı müxtəlif sənət növlərinin ifadə vasitələrinə müraciət edir. Bu səbəbdən sirk artistinin peşə hazırlığı prosesində onlara aktyor sənətu, xoreoqrafiya, pantomima və sair sənətlərin incəlikləri öyrədilməlidir. Təsadüfi deyildir ki, dünyanın bir çox aparıcı sirk məktəblərində, həmin ölkələrin ən tanınmış sənət ustaları tələbələrə teatr, xoreoqrafoya, vokal və sair sənət növlərinin sirrlərini öyrədir. Digər sənət növlərində olduğu kimi, sirk sahəsində təhsil nəzəri biliklərin tədrisindən daha çox, tələbələrə bilavasitə praktiki təcrübənin, bacarıq və vərdişlərin ötürülməsi üzərində qurulur. Ölkəmizdə sirk sahəsində təhsil və insan resurslarının inkişafının təmin olunması üçün ixtisaslaşmış məktəbin olması vacibdir, amma ilk mərhələdə sirk sənəti üzrə təhsil sisteminin ilkin bazasını Bakı humanitar kollecində, və ya Xoreoqrafiya akademiyasında yaratmaq olar. Nəzəri fənnlərin burada tədris edilməsi ilə yanaşı, praktiki məşğələlər Bakı Dövlət Sirkində keçirilə bilər. Sirk işinin təşkili olduqca mürəkkəb və spesifik struktura malik olduğu üçün, sirk sahəsində çalışan digər peşə sahiblərinin də yetişdirilməsi böyük önəm daşıyır. Dünya praktikasında sirk rejissorluğu, prodüser fəaliyyəti, inzibati və texniki işlərlə əsasən keçmiş sirk artistləri məşğul olsa da, bu sahədə uğur qazanmaq üçün xüsusi təhsil almış mütəxəssislərə getdikcə daha çox müraciət edirlər. Bu məqsədlə Azərbaycanın incəsənət yönümlü tədris müəssisələrində sirk sənətinin tarixi, nəzəriyyəsi, spesifik xüsusiyyətləri barədə qısa kurs tədris edilə bilər.

Sirk sənətinin səyyar xarakter daşıması ilə əlaqədar, milli sirk artistlərimiz bir qayda olaraq, daim xaricdə fəaliyyət göstərir, bəziləri isə, hətta başqa ölkələrin vətəndaşlığını qəbul etmişdir. Buna baxmayaraq onlar hər zaman, hər yerdə doğma vətənlərini təmsil edirlər. Bu artistlərlə daimi yaradıcılıq əlaqələrini təmin etmək üçün, onlar haqqında məlumat bazasının formalaşdırılması, həmin şəxslərin Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin inkişaf etdirilməsi, habelə onların yaradıcılığının respublikada və xarici ölkələrdə təbliği istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi vacibdir.

9. Sirk işçilərinin sosial müdafiəsi.

Sirk işinin inkişafı əhəmiyyətli dərəcədə sirk artistlərinin sosial müdafiəsinin səviyyəsindən asılıdır. Hər çıxışında risklə üz-üzə olan sirk artistlərinin məişətləri də öz ekstremal şəraiti ilə seçilir. Daim vətəndən uzaqda çalışan bu insanlar, illərlə səyyar sirklərin minimal məişət şəraiti ilə təmin olunmuş təkərli vaqonlarında yaşayırlar. Bir çox stasionar sirklər də həmişə normal mehmanxana və qonaq evləri ilə təmin olunmur. Sirkdə heyvanların saxlanma və daşınma şəraiti də düzgün təşkil edilməlidir, belə ki, sirk tamaşasında iştirak edən heyvanların sağlamlığı və xarici görünüşü tamaşanın keyfiyyətinə təsir göstərir. Artistlərin sirklərdə sosial-məişət şəraiti ilə bərabər, vətənlərində mənzil şəraitlərinin də  yaxşılaşdırılması, onlar üçün xüsusi ipoteka proqramlarının həyata keçirilməsi nəzərdə tutulmalıdır.

Ölkəmizdə sirk artistlərinin pensiya təminatı məsələsi öz həllini tapmamışdır. Respublikamızın pensiya təminatı barədə xarici ölkələrlə anlaşması olmadığından, sirk artistləri xarici ölkələrdəki fəaliyyətləri zamanı sosial fondlara ödədikləri köçürmələrdən bəhrələnə bilmir, karyerasını bitirdikdən sonra vətənə qaytdıqda, minimal pensiya ilə təmin olunurlar. Ölkəmizdə bir çox mürəkkəb sirk janrlarında çalışan artistlərin güzəştli əmək pensiyası alması, bu artistlərin öz karyerasını bitirdikdən sonra işlə təmin edilməsi məsələsi öz həllini tapmalıdır. Sirk rəhbərliyi onların yaş məhdudiyyəti tələb etməyən digər janrlarda çıxış etməsinə, özfəaliyyət studiyalarında, inzibati, texniki və digər uyğun işlərdə çalışmasına şərait yaratmalıdır.

Yaradıcı şəxslər üçün onların zəhmətinə dövlət tərəfindən verilən qiymət böyük əhəmiyyət daşıyır. Müstəqillik dövründə respublikanın yüzlərlə incəsənət ustaları fəxri adlara, dövlət mükafatlarına layiq görülmüşdür. Bir çox sirk artistlərimizin beynəlxalq arenada yüksək nəticələr göstərməsinə, nüfuzlu festivallarda qələbə çalmasına baxmayaraq, bu günədək sirk sahəsində heç kəsə fəxri ad verilməmişdir.

Sirk artistlərinin həyat və sağlamlığının mühafizəsi, sirk heyvanlarının saxlanma şəraitinə nəzarət olunması üçün, milli sirkimizə aid olan bütün sirk nömrələrinin təftiş edilərək, pasportlaşmasına ehtiyac vardır. Bu nömrələrin fəaliyyətinin əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə, heyvanların saxlanması normalarına uyğunlaşdırılması, bədbəxt hadisələrin, heyvanların tələf olmasının, yanğın təhlükəsizliyi normalarının pozulmasının qarşısını əhəmiyyətli dərəcədə almış olar.

Sirkin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri ilə yanaşı, sirk müəssisələrinin özündə də işçilərin sosial təminatının yüksəldilməsi üçün səmərəli işlər görülməli, sirkdə çalışan insanlar ictimai birliklər, yardım fondları ətrafında sıx birləşməlidirlər.

10. Sirk sahəsində elmi araşdırmalar.

Azərbaycanda peşəkar sirk sənəti ötən əsrin 40-cı illərində təşəkkül tapsa da, bu sənətin yaranma tarixi milli mədəniyyətimizin ən qədim çağlarına təsadüf edir. Meydan tamaşalarında, el-oba oyunlarında, müxtəlif mərasimlərdə icra edilən mürəkkəb hərəkətlər bu gün Azərbaycan milli sirk sənətinin müxtəlif janrlarının əsasını təşkil edir.  Qloballaşma dövründə, hər bir xalqın öz mədəni özünəməxsusluğunu qorumağa çalışdığı zamanda, milli sirk tarixinin öyrənilməsi, onun qnoseoloji köklərinin araşdırılması, xalğımıza məxsus milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi böyük önəm daşıyır. Sirk sənəti sintetik, universal xarakterə malik olduğu üçün, daim digər sənət növlərindən, musiqi, teatr, kino, təsviri sənət, xalq yaradıcılığı və sairədən bəhrələnmiş, eyni zamanda bu sənət növlərinin inkişafına öz təsirini göstərmişdir. Bu səbəbdən sirk sənətinin tarixini və nəzəriyyəsini araşdıran alimlərlə yanaşı, digər sənətşünasların da öz səylərini vahid elmi istiqamətdə birləşdirməsi böyük səmərə verə bilər. Hazırda bu araşdırmalar AMEA Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsində həyata keçirilir. Dünya təcrübəsi göstərir ki, sirk sənəti sahəsindəki elmi araşdırmaların sənətşünas alimlərlə yanaşı iqtisadçıların, sosioloqların da iştirak etdiyi xüsusi elmi bölmələr şəklində aparılması daha effektlidir. Sirk sənətinin səyyar xarakteri ilə əlaqədar, artistlərimiz daim Azərbaycandan uzaqda fəaliyyət göstərdiyindən, onların yaradıcılğı həm alimlərimizin, həm də mətbuatımızın diqqətindən kənarda qalmışdır. Bu səbəbdən, sirk rəhbərliyi müasir vasitələrdən istifadə edərək, mədəni irsin qorunması üçün elektron kataloq və elektron kitabxanaların yaradılması, xaricdəki həmkarların köməyi ilə sirkimizin yaradıcı qüvvələrinin fəaliyyətini əks etdirən informasiyanın, foto və video materialların burada toplanmasına, milli və xarici kütləvi informasiya vasitələrində, internet şəbəkəsində Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin layiqincə təmsil olunmasına çalışmalıdır. Sirk sənətini araşdıran şəxslər mütəmadi olaraq, bu materiallar əsasında müasir sirkin aktual problemlərinə həsr edilmiş əsərlər təqdim edə, elmi-praktiki konfranslar, seminarlar, sosioloji sorğular keçirə bilərlər.

11. Sirk fəaliyyətinin maliyyə təminatı.

Azərbaycanın sirk kompleksinin iqtisadi müstəqilliyi, özünü maliyyələşdirmə səviyyəsinə çatdırılması milli sirk sənətinin inkişaf konsepsiyasında əsas məqsəd kimi qarşıya qoyulur. Sirk proqramlarının fəaliyyətində menecment və marketinqin müasir üsullarının tətbiqi ilə yüksək gəlir əldə etmək mümkündür. Sovetlər birliyi dövründə, sirk kompleksi dövlət dotasiyasına ehtuyacı olmayan, əksinə, büdcəyə sirkin xarici qastrol səfərlərində əldə olunmuş milyonlarla dollar xarici valyuta köçürən yeganə incəsənət sahəsi idi. Ötən əsrin 90-cı illərindən etibarən, mərkəzləşmiş sirk sisteminin dağılması, sirk fəaliyyətinin istismar xərclərinin artması, nəqliyyat, kommunal, vergi, reklam, heyvan yemləri, baytarlıq dərmanları və sairənin bahalaşması bu sahəni çətin vəziyyətə saldı. Bundan başqa, sirkin əvvəllər qarşılaşmadığı gömrük, vergi, miqrasiya, baytarlıq, ekologiya sənədlərinin rəsmiləşməsi ilə əlaqədar xərclər sirk fəaliyyətinə böyük əngəllər yaradır. Artan xərclərin nəticəsində sirk biletlərinin bahalaşması, sirkin əsas tamaşaçı auditoriyasını təşkil edən uşaqlı ailələrin sirkə gəlmək imkanlarını məhdudlaşdırır.

Azərbaycanda sirk sənətinə dövlət dəstəyi sirkin sosial əhəmiyyətinə və əhali üçün əlçatan olması prinsiplərinə əsaslanmalıdır. Müasir sirk kompleksinin maliyyə mənbələrinin diversifikasiyası üçün, dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin optimal maliyyələşmə həddi müəyyənləşdirilməli, xərclərin ünvanlı istifadə edilməsi məqsədi ilə dövlət sifarişləri daha geniş tətbiq olunmalı, sirk tamaşalarının Azərbaycanın ucqar ərazilərində yaşayan insanlar üçün əlçatan olması məqsədi ilə ünvanlı maliyyə dəstəyi nəzərdə tutulmalı, ayrılan dövlət vəsaitlərinə nəzarət gücləndirilməlidir. Bununla yanaşı, maliyyə imkanlarının genişləndirilməsi üçün alternativ maliyyə mənbələri (büdcədənkənar vəsaitlər, qrantlar, ianələr və digər qanuni maliyyə mənbələri) cəlb edilə bilər. Bu mənbələr hesabına özəl sirklərə, həvəskar kollektivlərə, kadrların ixtisasartırma proqramlarına maliyyə yardımının göstərilməsi, sirk sənəti sahəsində festival və konkursların təşkil edilməsi, elmi araşdırmalar, müasir sirk sənətinin aktual problemlərinə həsr olunmuş elmi-praktiki konfranslar həyata keçirilə bilər.

Sirk işinin təşkilində dövlət dəstəyindən asılılığı getdikcə azaltmaq məqsədi ilə sirkin əsas fəaliyyətindən əldə edilən gəlirlərin artırılması üçün müxtəlif vasitələrdən istifadə olunmalıdır. İlk növbədə tamaşaların bədii səviyyəsi yüksəldilməli, çevik qiymət siyasəti, stasionarda tamaşa sayının artırılması ilə bərabər, regionlarda və xarici ölkələrdə qastrolların təşkil edilməsinə diqqət yetirilməlidir. Sponsorların cəlb edilməsi ilə, gəlir gətirə bilən əlavə tədbirlərin, konsertlərin, sərgilərin, ödənişli dərnəklərin, təlim kurslarının, əhaliyə sirkin fəaliyyətinə uygun digər xidmətlərin həyata keçirilməsi sirk kompleksinin gəlirlərini artıra bilər.

Müxtəlif maliyyə risklərindən, fors-major hallarından qorunmaq üçün, tamaşaların gəlirindən ayırmalar hesabına qeyri-hökümət sığorta fondu yaradılması məqsədəuyğundur.

Bu konsepsiyada nəzərdə tutulan, sirk kompleksinin modernləşməsi, sirk işinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər planı, Azərbaycan milli sirkinin maliyyə potensialının artırılmasına, əldə edilən gəlirlərin sirkin maddi-texniki bazasının möhkəmlənməsinə, yeni sirk əsərlərinin yaradılmasına geniş imkan yaradacaqdır.

12. Hüquqi-normativ bazanın təkmilləşdirilməsi.

Konsepsiya Azərbaycan dövlətinin rəhbər tutduğu mədəniyyət siyasətinə əsaslanaraq, sirk işinin idarəetmə, maliyyə, informasiya, insan resursları, maddi-texniki infrastruktur, beynəlxalq əməkdaşlıq və sair bu kimi təminat mexanizmlərinin hüquqi əsaslarının inkişafını, bu sahədə göstəricilərin yüksək səviyyəyə çatdırılaraq, milli sirklə bağlı mədəni irsimizin təhlükəsizliyi üçün tələb olunan islahatların həyata keçirilməsini nəzərdə tutur.

Respublikamızda dövlət müstəqilliyi bərpa olunduqdan sonra qəbul edilmiş yeni qanunvericilik sənədlərində sirk işinin spesifik xüsusiyyətləri nəzərə alınmadığından, uzun illər Sovet sirk sisteminin tərkib hissəsi kimi inkişaf edən Azərbaycan sirki bir sıra ciddi problemlərlə üzləşmişdir. Qonşu ölkələrdə, xüsusilə daha geniş sirk kompleksinə malik olan Rusiyada qanunvericilikdə sirklə bağlı müvafiq düzəlişlər və əlavələr edildiyi halda, ölkəmizdə bu istiqamətdə heç bir iş görülməmişdir. 1991-ci ildə qəbul edilmiş Vergi məcəlləsində digər mədəniyyət müəssisələri kimi Bakı Dövlət Sirki də bir sıra vergilərdən, o cümlədən Əlavə dəyər vergisindən azad olunduğu halda, 2001-ci ildə, yeni Vergi məcəlləsində bu müddəalar ləğv edilmişdir. Bu hal maliyyə dövriyyəsi nisbətən kiçik olan və sadələşmiş vergi ödəyən teatrlara təsir etməsə də, böyük istismar xərclərinə malik olan sirkin fəaliyyətinə mənfi təsir göstərir və onu əməkdaşlıq etdiyi ölkələrin bu vergilərdən azad olan sirk müəssisələri ilə qeyri-bərabər vəziyyətə salır.

Bu kimi ciddi problemlər gömrük, miqrasiya, baytarlıq, ekologiya, əmlak, sosial müdafiə, informasiya və sair sahələrdə də qarşıya çıxaraq, sirk fəaliyyətinə, yaradıcılq prosesinə böyük əngəl törədir. Sirk fəaliyyətinin spesifik, özəl xüsusiyyətlərinin qanunvericilikdə nəzərə alınması, son məqamda Milli sirk sənətinin inkişafına, bədii yaradıcılıq prosesinin təşkilinə, sirk xidmətlərinin ucuzlaşmasına müsbət təsir göstərəcəkdir.

13. Konsepsiyanın həyata keçirilməsi.

Konsepsiyanın icrasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi əlaqələndirir.

Konsepsiya kütləvi informasiya vasitələri və digər üsullarla ictimaiyyətə çatdırılır.

Konsepsiyanın səmərəli həyata keçirilməsinin əsas şərti konsepsiya layihəsinin geniş müzakirəyə çıxarılması, sirk sənəti ilə bu, və ya digər dərəcədə əlaqədar olan müxtəlif sahələrin mütəxəssislərinin rəylərinin nəzərə alınması, onun reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

Konsepsiyanın həyata keçirilməsinin əsas subyekləri mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq, bütün sirk müəssisələri, prodüserləri, agentləri və sairə hesab edilir.

Konsepsiyanın həyata keçirilməsi dövlət orqanlarının bu istiqamətdə fəaliyyəti ilə yanaşı, yerli özünüidarəetmə orqanlarının, mədəniyyət müəssisələrinin və mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunmasını şərtləndirir, dövlət büdcəsinin təminatı ilə yanaşı, xarici və yerli investorların cəlb edilməsini, alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Konsepsiyanın həyata keçirilməsi sirk sənətinin ictimai nüfuzunun, sosial əhəmiyyətinin, bədii-estetik səviyyəsinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə, sirk sisteminin iqtisadi effektivliyinin artırılmasına, əmlak kompleksinin, mədəni xidmətin müasir dünya tələbləri səviyyəsinə çatdırılmasına zəmin yaradacaqdır.

 

 

Konsepsiya layihəsinin müəllifi:

Məmmədov Rəcəb Kənan oğlu
Sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Load Time (S) : 0.006843