TEATRO

TEATRO

sənət portalı

post-title

Razimə İsmayılova - M.A.P. zəfər çalır?

Bakıda festival ab-havası höküm sürür. Festivallar ard-arda düzülüb, biri bitir, o biri başlayır. Bakı festivallar şəhəri olmağa iddialı. Bu il bir başqaydı, tamaşalar da, tamaşaçılar da. Görməyə adət etmədiyimiz tamaşaçı kütləsi ilə rastlaşdıq tamaşalarda. Festivalda teatr cameəsi, media nümayəndələri gözümüzə dəymədi. 

Diqqət: Aqil M .Quliyevin səsiylə oxuyun:

“Xanımlar və cənablar, M.A.P. teatr festivalına xoş gəlmisiniz, xahiş edirik yerlərinizə əyləşəsiniz. Zəhmət olmasa, mobil telefonlarınızı səssiz rejimə keçirin və fləşdən istifadə etməyin. Sizə xoş istirahətlər”.

Tomas İrmer (“Naməlum indiki zaman müasir alman dramı konteksində” mühazirəsini yada salırıq) deyir ki, Almaniyada 143 dövlət teatrı, 200-dən çox özəl teatr və 77 teatr festivalı var. Bizdə isə hər il ənənə halını almış ildə bir dəfə keçirilən M.A.P. Bakı Teatr Festivalı var. M.A.P. öz abreviaturasında Musiqi, Art və Performansı birləşdirir. 

III M.A.P. Bakı teatr festivalı bu il 7 ölkə, 13 teatr, 18 tamaşa ilə yadda qaldı. Festivalın ilk açılış günü, 1 Sentyabrda Rusiyanın Y.Vaxtanqov adına Dövlət Akademik Teatrının “Yevgeni Onegin” tamaşası ilə başladı. Rejissor Rimas Tuminas Puşkinin “Yevgeni Onegin” mənzum romanını tamaşa halına salıb. Səhnə tərtibatının nəhəngliyini görüb, heyrətlənirik. Tamaşanın 3 saat 30 dəqiqə olması bizi qorxutsa da, son ana qədər tamaşa səni bir film izləyircəsinə özünə bağlayır. Hər şey boz və qaradır, hadisələr kadr şəklində bir-birini əvəzləyir. Səhnə tərtibatı, işıq, dekor, aktyorların hazırlıq dərəcəsi, sinxron hərəkət və sən bütün bunlara baxıb, sadəcə olaraq, rus aktyorunun peşəkarlığına, rus teatrına bir daha heyran olursan.  

Festivalın ikinci açılış tamaşası (əslində, sayca 4-cü) “Dəli yığıncağı” idi. Festivalın bədii rəhbəri, Finlandiyada teatr fəaliyyəti ilə məşğul olan Kamran Şahmərdan qısa müddət ərzində Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı”na quruluş verib. Aktyorları ətrafına yığıb, dəlilərin şousunu düzəldib, tamaşasını yox ha, məhz şousunu. Səs yarışmalarındakı kimi ekran iki yerə ayrılır və hər dəli öz növbəsində çıxış edir. Geriyə qalan isə aktyorların gözəl oyunu olur. 

“Podolskdan olan adam”

Biz daima hər şeydən - yaşadığımız ölkədən, işimizdən, evimizdən, ailəmizdən və s. narazıyıq. Heç bir günahı olmadan polis şöbəsinə düşən Frolov polislər tərəfindən yaşadığı yer haqqında sorğu-suala tutulur. Qəzetlərin birində redaktor işləyir, lakin işini sevmir, musiqiyə həvəsi olduğu üçün musiqi ilə məşğuldur. Uğursuz adam olduğuna görə arvadı belə onu tərk edir, ancaq o yenə də uğur əldə etmək üçün heç nə etmir. Buradakı polislər fərqlidir – ağıllıdır, mədənidir, tarixlə və bir çox mədəni proseslə maraqlanırlar, roka qulaq asırlar, rəqs edirlər, bir növ, bölgənin super qəhrəmanlarıdırlar. 

“Priyut komedianta” teatrının rejissoru Mixayıl Bıçkovun “Podolskdan olan adam” tamaşası son dərəcə kompakt, aktiv, yüngül həzm olunan absurd komediyadır. Sən daima tamaşa ilə kontakdasan, tamaşadan qopmursan. 

“Uçan zoluşka”

Rejissor Aleksandr Maksimeviç, bəstəkar İqor Roqalev, rəssam Tatyana Melnikova, aktrisa Elina Ağayeva - onlar artıq 20 ildir ki, bir yerdə çalışırlar. “Kukolnıy dom” teatrının tamaşası olan “Zoluşka”da tərtibat elə qurulub ki, sanki, saray çadırın içindədir. Və aktirsa bu çadırda sərbəst şəkildə dekoru idarə edir. Dekorun kompaktlığı imkan verir ki, ev bir toxunuşla çönüb olsun saray. Tamaşada marionet kuklalardan da istifadə olunur və kuklaları bir aktrisa idarə edir. Aktrisa sanki kuklalarla birgə rəqs edərək süzür, arada hətta kuklalar pərvazlanıb uçurlar. Nağıl bizə təlxəyin diliylə danışılır. Şarl Peronun “Zoluşka”sı ənənəvi şəkildə yox, bir az yumor, bir az pantomim qatılaraq təqdim edilib. Hər ölkənin kuklası öz ölkəsinin insanlarına oxşayır. Kuklaların üzündəki sarışınlıq, al yanaqlar, rəngli gözlər, elə bilirsən, xalis rusların özüdü ki, var. Tamaşa ritmikdir, əyləncəlidir və hesab edirəm ki, M.A.P.-ın “Kaştanka”dan sonra ikinci ən yaxşı kukla tamaşasıdır. Onu da qeyd edək ki, tamaşa iki dəfə “Qızıl maska” mükafatına layiq görülüb.  

Bu ilki M.A.P.-da Kamran Şahmərdan çalışıb ki, festivalda hər janrdan öz abreviaturasına uyğun tamaşalar olsun. Festivalı ənənəvi tamaşa ilə başlayıb vayete ilə bitirsək də, hər halda “Yevgeni Onegin”, “Maqbet”, “Gediş”, “Zoluşka”, “Podolskdan olan adam”, “Sonya” üçün Kamran Şahmərdana, M.A.P-a sonsuz təşəkkürlər düşür.  

Amma və lakin, əgər biz festival keçiririksə, dünyanın müxtəlif ölkələrindən teatr kollektivlərini dəvət ediriksə, bunlara önəm verdiyimiz kimi, festival çərçivəsində təşkil olunan “master klasslara” və “Azərbaycan dilinə” də laqeyd yanaşmamalıyıq. Ustad dərslərinə gələn şəxsin kimliyi və bu sənətdə nə dərəcədə professional olması diqqətlə araşdırılmalıdır. Bizimlə öz həyatına dair xatirələrini bölüşdüyü üçün Aleksey Quskova bir təşəkkür. Teatr tənqidçisi Tomas İmer bizə müasir Alman dramı əvəzinə müasir Rusiya dramından (p.s hətta bir anlıq elə bildim mən azərbaycanlı deyil, Rusiya vətəndaşıyam) və Rusiya ilə teatr əlaqələrindən danışdığı üçün ona da ayrıca bir təşəkkür. 

Bir də, tərcümə məsələsi var. Öylə bir tərcümə ki... Festivalın proqramına (eləcə də, tamaşaların subtitrlərinə) baxdıqda, dəhşətə gəldik. Bunu kim yazıb? Kim redaktə edib? Yəni, o boyda heyətdə dili normal bilən bir kəs tapılmadı ki, festivalın proqramındakı tamaşalar haqqında məlumatı Azərbaycan dilinə düzgün çevirsin?! 

Bu da düzələr (?!). Gəlin, dilimizi sevək. Elə festivalımızı da. Həmişə festivallarda...

Load Time (S) : 0.006265