Nilgün Marmara 29 yaşında həyatına son verdikdən sonra həyat yoldaşı onun haqqında belə demişdi: “Şeir yazdığını belə bilmirdim, həmişə bir küncdə oturub səssizcə nə isə cızma-qara edərdi”. Şair isə bir şeirində həyat yoldaşı haqqında belə yazmışdı: “Yadların ən yaxını idin sən...”.
“Yadların ən yaxını” - necə də gözəl səslənir. Necə də yaraşır bəzi insanlara bu xitab. Kimdir yad? Sən, o, bəlkə də onlar...? Bəlkə elə biz özümüz də yadıq. Həyata, hisslərə, duyğulara, düşüncələrə yadıq. Bəs insanlara? İnsanlar da elə həmişə biri-birilərinə yad olublar. Bəli, biz də kiminsə həyatında yadıq, yadların ən yaxınıyıq. Düzdür, bəzilərinin zülmət bir tərəfi var, lakin istisnaların işığı olmur. Daimi qaranlıq hökm edir. Amma bu qaranlığın bəlirsizliyində var olmaq sizi istisna etməz. Yalnız o zaman istisna olarsınız ki, siz bu zülmət gecədə günəşin doğmasını gözləməkdən vaz keçəsiniz. Necə ki, Kamyu dan yerinin bir daha sökülməyəcəyinə adı kimi əmin idi. Fransız yazıçısı Albert Kamyudan bəhs edirəm.
Ötən gün, iyun ayının 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Pillə 2 tələbə tamaşaları festivalı” çərçivəsində Albert Kamyunun “Yad” əsəri əsasında hazırlanmış tamaşaya baxdıq (Sabah qrupları, III kurs, Kurs rəhbəri, quruluşçu rejissor və səhnələşdirən: Ceyhun Dadaşov, aktyorlarla iş: Mehriban Zəki). Və mən bu gün yazıram, saat 21:35-i göstərir. Mən sabah yaza bilmərəm, axı nə məlumdur ki, mən sabah öz düşüncələrimə yadlaşmayacam, nə məlumdur ki, mən sabah günəşi cəzalandırmaq üçün bir insanı beş güllə ilə öldürmüş adama yadlaşmayacam. Bu, birmənalıdır, heç bir şeyin qarantisi yoxdur. Və cənab Merso deyir: “Bəs fərqi niyə olsun?”. Mən isə ona cavab verirəm: “Cənab Merso, mən hələ günəşin doğacağına inanıram”.
Merso isə işığı gözləmir, çünki bu biganə adam özü işıqdır. Çünki Merso başqaları kimi olmağı seçməmişdir. İndi düşünək, kimdir yad? Merso, yoxsa onu bürüyən ətraf? Gəlin sualımıza cavab axtarmağı sonraya saxlayaq, yoxsa günəşin doğuşunu qaçırdarıq...
Biganəlik elə bir xüsusiyyətdir ki, insanın üz ifadəsində özünə təcəssüm tapır, necə ki, Merso rolunun ifaçısı Nihad Aslanlı bunu qavrayıb və hətta öz duruşunda belə bunu sərgiləyir. Aktyor obrazın inkşafını yetərincə doğru irəlilədir. Tamaşanın janrı “storytelling” olaraq təqdim olunub. Aktyor bəzi səhnələri tamaşaçıya nəql edir. Qeyd etməliyəm ki, Merso-Nihad Aslanlı harada təhkiyəyə, harada dialoqa müraciət edəcəyini dəqiq bilir. Öz hisslərini qabartmır, çünki mövcud vəziyyətin personaja verdiyi təklifi dərk edir və ona uyğun hərəkət etməyi bacarır. Fikrimcə, zahiri baxımdan sanki aktyorun boyuna biçilən rolu Nihad Aslanlı yetərincə uğurlu ifa edir.
"Ata! Mənim ürəyim od kimidir, bilirsənmi? Düşünürəm ki, gözü geridə qalmaq belə bir hissdir... (Çağan Irmakın “Atam və oğlum” (2005) filmindən). Gözü geridə qalmaq... Kimin gözü geridə qalmır ki...?! Bütün insanlar peşman olurlar, bəzilər az, bəziləri çox. Bəs cənab Merso? Merso bizə peşman olduğunu demir, amma rejissor (Ceyhun Dadaşov) yozumunda bu peşmanlıq maddiləşir: “Tabut”. Həmin tabut ki, tamaşaçının diqqətini çəkdiyi ilk məqamdan, Mersonun anasını xatırladığı yeganə səhnəyə qədər tez-tez yeri dəyişdirilmiş digər əşyalara rəğmən, heç yerindən tərpədilmir. Peşmanlığın simgəsidir bu tabut, yoxsa gözü geridə qalmağın? Məncə, hər ikisinin: peşman olmayanın keçmişdə gözü qalmaz. Bu səbəbdən mən Mersonu yad adlandırmıram, o, istisna da deyil. Kimdir Merso? Merso adamdır. Qəliblərə sığmayan adam. Merso funskiya deyil, Merso vasitə deyil, Merso adamdır.
Tamaşanın temporitmi də olduqca cazibədardır. Qocaların hamısının eyni ritmdə yeriməsi bizə "insanlar qocaldıqca eyniləşir" fikrini aşılayır. Tamaşada bir aktyorun bir neçə rolu ifa etməsi də rejissor yozumundan irəli gəlir: “Kim olduğunun nə fərqi var?”
Bəzən bir meh keçər həyatımızdan bihuş edər bizi, bəzən bir meh keçər həyatımızdan ətri bizə sadəcə xoş gələr. Mari (Əsmər Həbibli) Mersonun həyatından keçən bir meh idi. Amma Mersonun ziddiyyətləri imkan vermirdi ki, biz anlayaq: Mari onu bihuş edir, yoxsa Marinin sadəcə ətrindən xoşlanır? Bu obraz Əsmər Həbiblinin ifasında zəif təcəssüm tapmışdı. Aktrisa Marinin Mersoya olan sevgisini duya bilmir, Marinin Mersonun həyatında kim olduğunu tam qavraya bilmirdi.
Məhkəmə salonlarında yazılır: “Ədalət həmişə öz yerini tapır”. Tamaşada məhkəmə səhnəsini izlədikdən sonra həmin yazıya əlavə etməliyik: “Həmişə yox”. Məhkəmə salonunda absurd hadisələr baş verir. Merso bir ərəbi öldürüb, lakin onu anası üçün ağlamadığına, göz yaşı tökmədiyinə görə ittiham edirlər. Göz yaşı bir neçə damla sudan ibarətdir, amma gilyotinin altında parçalanan həyat bir neçə damla su demək deyil axı..! Hər kəs gözlərini niyə məhz Mersonun göz yaşlarına zilləyib. Diqqət etsək, biz tamaşada Mersonun bircə dəfə də güldüyünü görmürük, lakin onun ağlamasını istəyirik. Müstəntiqin (Hilal Məmmədzadə) qarşısında ağlamasını istəyirik ki, o xilas olsun.
Yeri gəlmişkən, müstəntiq, dalandar, şef, polis, keşiş rollarını eyni aktyor - Hilal Məmmədzadə ifa edir və bu aktyoru xüsusi qeyd etmək istəyirəm. O, öz fərqli rollarının öhdəsindən bacarıqla gəlir. Əsla rolları arasında oxşarlıq yaranmır, maskalarını tezliklə və kəskin dəyişdirə bilir.
Məhkəmə səhnəsində iştirak edən digər aktyorlar: Səbinə Qasımova (sədr), Nəzrin Əliyeva (vəkil) və Gülçin Qasımova (prokuror) öz rollarını bir qədər mübaliğəli təqdim edirlər, buna baxmayaraq mən onların ifasını uğurlu hesab edirəm. Növbəti qeyd etmək istədiyim, Raymon və Toma Perez rollarının ifaçısı Ülvi Qasımov və direktor, Salamona, Mason rollarını canlandıran Fərid İsmayılovdur. Onlar da səhnədə adekvat davranır və obrazın çərçivəsində inkişaf xəttini izləməyi bacarırlar. Ümumiyyətlə, tələbə-aktyorlar səhnədə bütünlük, ansambl oyunu yarada bilmişdilər.
Tamaşanın ən pik nöqtəsi finalıdır. Mersonu edam etmək həm də tamaşaçılara tapşırılıb. Gilyotinin ipləri (kəndiri) tamaşaçının və Mersonun əlindədir. Deməli, ərəbin ölümündə Mersonun günahı nə qədərdirsə, başqaları da o qədər günahkardır. O, özü ərəbi öldürəndə deyir ki: “Mən ard-arda açılmış bu 4 güllə ilə sanki cəhənnəmin qapısını döydüm”. Burada ilk dəfə biz Mersonun qorxduğunu hiss edirik. İlk gülləni vuranda onun üçün fərqi yox idi, lakin sonradan ərəbin cansız bədəninə vurulan 4 güllə onu anasının yas mərasimində ağlamadığı üçün ittiham edən məhkəməyə aparırdı. 4 gülləni vurmasa da məhkəməyə gedəcəkdi, amma yəqin ki, onu edam etməyəcəkdilər. Qorxduğunu qeyd etdim, ancaq bu qorxu bir neçə dəqiqədən artıq çəkmir. Merso edam hökmü çıxarılanda da qorxur, amma bu qorxu da qısa sürür və o: “İndi ölmüşəm, ya 20 il sonra, nə fərqi var?”, -deməklə, bitir.
Görəsən gilyotinə yaxınlaşdıqca o, ölümlə yaşam arasındakı fərq haqqında düşünmüşdü? İnanmıram. Axı bunu düşünmək heç nəyi dəyişməyəcəkdi. Merso öləcəyini dəqiq bilirdi. Aktyorun ipi qətiyyətlə tutmasından da biz bunu hiss edirik. Bəs görəsən gilyotin onun başını bədənindən ayıranda Merso ağrı hiss etmişdi? Zənn eləmirəm. Yəqin ki, ağrını yaşadığı bir-iki saniyə ərzində o, Mark Avrelinin sözlərini xatırlamışdı: “Ağrı ağrı haqqında canlı bir təsəvvürdür”.
Ramilə Abdullazadə
Tələbə-teatrşünas
* Yazı ADMU-nun keçirdiyi “PİLLƏ 2 Tələbə Tamaşaları Festivalı haqqında ən yaxşı məqalə" müsabiqəsi çərçivəsində çap olunur.
Müəllifin digər yazıları
Kim ki, bilməz öz vücudi-zatını,
Sorma sən ondan onun isbatını.
Oynamaz şətrənci-eşqin atını
Bilməyən bu zövqi-eşq şahmatını...
Oxuduğum misralar Seyid Əlidəndir. Soruşsanız kimdir Seyid Əli? Deyərəm bir az Şeyx, çox...
Azadlıq nədir? Əsrlər boyu insanlar öz azadlıqları uğrunda mübarizə aparıblar. Amma heç vaxt bu suala verəcək qəti cavabları olmayıb. Biz nə qədər azadıq , nə qədər məhkum. Bunu anlamaq üçün qapıdan çölə ...
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
“Gələnləri kolların arasından göründüklərində tanıya bilərdik. Əgər gələn adam evə doğru yönəlirsə, bu atamızdır. Əgər yönəlmirsə, o deyil. Və bir daha heç gəlməyəcək deməkdir” (“Güzgü&rdquo...
Bura ərafdır... Bizim yaşadığımız dünyanın özü də ərafda məhkum qalıb. O yaşamır, amma ölmür də. Bir tərəfində həqiqət, digər tərəfində isə nə olduğu bilinməyən bu dəhlizdə yaşamaqla ölməyin nə fərqi var?!
Bura ərafd...
Sezai Karakoç deyir: “İnsan özünə cavab olmaq üçün yaşayır”. Bu, həmişə belədir. Biz hara dönsək də yenə özümüzə qayıdırıq. Bu qayıdış isə qabiliyyət deyil, zərurətdir. İnsan hara istə...
Nilgün Marmara 29 yaşında həyatına son verdikdən sonra həyat yoldaşı onun haqqında belə demişdi: “Şeir yazdığını belə bilmirdim, həmişə bir küncdə oturub səssizcə nə isə cızma-qara edərdi”. Şair isə bir şeirində həyat yoldaşı ha...