TEATRO

TEATRO

sənət portalı

post-title

Ramilə Abdullazadə - Satin - Həyatın dibinin sakini

Bura ərafdır... Bizim yaşadığımız dünyanın özü də ərafda məhkum qalıb. O yaşamır, amma ölmür də. Bir tərəfində həqiqət, digər tərəfində isə nə olduğu bilinməyən bu dəhlizdə yaşamaqla ölməyin nə fərqi var?!

Bura ərafdır... Burada insanların kim olduğu, adları, fikirləri, istəkləri, yaşamaları və ölmələri önəmli deyil. Çünki həyatın dibinə yuvarlanmış bu insanlar bu dəhlizdə hər şeylə barışıblar. Amma Satin düşünür ki: “Hər şey insanların içərisində, hər şey insan üçündür“... Söhbət Maksim Qorkinin “Həyatın dibində” pyesinin qəhrəmanlarından biri, Satindən gedir.

... İnsanlar doğulur, yaşayır, ölür. Birinci və sonuncu qısa çəkir. Lakin yaşamaq daha məşəqqətlidir. Amma gərək yaşamaq üçün də yerin olsun. Yoxdursa, deməli sən də artıq ərafdasan. Sən Kleşsən, Annasan, Bubnovsan, Nastyasan, Baronsan, Tatarsan, Aktyorsan və ya heç kimsən.

Həyatın dibində yaşayan insanlar cəmiyyətdən qovulublar. Burada isə öz ixtiyarına buraxılıblar. Bu insanlar azca büdrəyəndə dib onları ölümlə hədələyir. Lakin ölüm onlar üçün təhdid deyil. Annanın ölümü Bubnovun qulaqlarını rahat edir, Aktyorun intiharı Satinin sadəcə kefini qaçırır.

Bütün bu hadisələr isə 54 yaşlı mənzil sahibi Mixail İvanov Kostılyev və 26 yaşlı arvadı Vasilisa Karpovnanın evində baş verir. Bu evdə fərqli təbəqədən olan müflisləşmiş müxtəlif peşə sahibləri qalırlar. Onların hər biri ev sahibinə borcludur. Deyilənə görə, Qorki bu əsəri yazan zaman Nijni-Novqorodda yerləşən Buqrov evsizlər sığınacağından (Бугровская ночлежка) ilham alıb. Bu sığınacaq iki ifrat arasında yerləşir: onun bir tərəfində milyon dollarlıq əməliyyatların aparıldığı tacir küçəsi, digər tərəfində əsasən dibdə olan insanların dolaşdığı “Millioşka” var idi.

İnsan sözü ərəbcədən tərcümədə (nisyan) unutqanlıq deməkdir. Kostılyevin mənzilinin sakinləri hər şeyi unutmuşlar və ya barışmışlar. Baron bir vaxtlar həqiqətən baron olub. Amma indi özü də Baron olduğunu unudub. Çünki düşdüyü vəziyyətdə onun Baron kimi davrana bilmək haqqı yoxdur. Bu, digər obrazlar üçün də belədir. Evin sakinləri eyni səviyyədə hüquqsuzdur. Dib hər bir kəsə fərqli cəzalar verib. Nastya var olmayan eşqlərin əzabına, Anna ölümə, Kleş Annanın ölümə məhkum həyatına bais olmanın yükünə, Aktyor orqanizminin içki ilə zəhərlənməsinə düçar olub. Amma insan unudur - əzabı, xoşbəxtliyi. Keçmişi, gələcəyi, indini unudur. Dib elə bir nöqtədir ki, Tanrı burada insanı unudur. Bu yol ayrıcında Tanrı ölür. Konflikt də məhz buradan başlayır. İnsan həmişə Tanrını axtarır.

Dib isə metafizik anlayışdır. Kinorejissor Andrey Tarkovskinin Struqatski qardaşlarının “Yol kənarında piknik” romanı əsasında çəkdiyi “Stalker” filmi də belədir. Filmdə sözü gedən zona metafizikdir, dünya içində dünyadır. Dib dünyanın daxilində açılan fərqli pəncərədir. Hansı ki, bu pəncərədən içəri baxmaq bizdə ikrah hissi doğurur və biz özümüzü, gözümüzü pəncərədən yayındırırıq. Lakin zonada, dibdə, ətrafımızda yaşayan hamı tək bir varlıqdı – insan! “Sən, mən, onlar, Napoleon, Məhəmməd. Başa düşürsən? Bu nəhəngdir”, - Satin belə deyir.

Satin 40 yaşında qumarbaz və keçmiş məhbusdur. Bacısı üçün həbsə düşənə qədər o da insan anlayışının bir parçası olub. Amma həyat onu da olduğu yerdən aşağıya yuvarlayıb. Satin də hamı kimi taleyi ilə barışıb, içki içir, qumar oynayır. Satin bir vaxtlar teleqrafçı olub, çoxlu kitablar oxuyub, hətta fəlsəfəni də bilir. Amma bu faktlar onun mövqeyini dəyişmir. Bu səbəbdən, onları unudub. Satin inamını itirib. Burada hər kəs ölməmək üçün inanır, onlara bəxş olunan əzablara belə. Nastya sevgi romanlarına, olmayan aşiqlərinə, Aktyor “xəstəliyinə”, Pepel Nataşa ilə xoşbəxt olacağına, Kleş Annaya, Anna onu gözləyən ölümə inanır. Satin isə inanmır, ta ki Tanrı barmağını Adəmin barmağına toxundurana qədər.

Bir gün sığınacaqda qoca bir səyyah peyda olur - Luka. Səyyah, səyahət edən anlamını verir, səyyah islamda dərvişlə eyniləşir. Dərviş isə fiziki dünyadan imtina edən, mənəvi dünyada yaşayan deməkdir. Dib sakinlərinin, xüsusilə Satinin həyatında dönüş nöqtəsi Lukadır. Onların monoton həyatı Lukanın gəlişi ilə dəyişir. Luka Tanrının əlidir. O, mərhəmətli, humanist, insanpərvər obrazdır. Annanın son anlarında yanında olur və ona deyir ki, sən öləndə rahat olacaqsan, Tanrı səni bu əzablı həyatdan xilas edəcək. Vaska Pepeli öz xoşbəxtliyini axtarmağa sövq edir. Ona Sibirə getməyi tövsiyə edir. Aktyoru isə onun kimi xəstələri pulsuz müalicə edən bir xəstəxananın olduğuna inandırır. Əslində nə belə xəstəxana yoxdur, nə də Sibirdə yaxşı həyat. Amma Luka deyir ki, nəyə inanırsansa, o var. Satin Aktyorun inamını qırır, nəticədə Aktyor özünü asır. Luka onları bir-birinə qarşı mərhəmətli olmağa çağırır.

Satin insan anlayışının dərkinə varana qədər özünün və həmin evdə yaşayanların insan olduğunu düşünmür. O, dialoqlardan birində Kleşə deyir: “Bəs sənin itdən də pis yaşadığını görən insanlar nə üçün utanmır?” Satin başqalarını günahlandırır, nə özünə, və nə də eyni evi paylaşdığı insanlara qarşı mərhəmət duymur. Özünün də bir insan olduğunu qəbul etmir. Bu zaman Luka gəlir və missiyasını yerinə yetirir. Satinə yenidən, insanın harada olmasından asılı olmayaraq kim olduğunu xatırladır. İnsan əvvəla qonşusunun vicdanlı olmasını istəyir. Lakin öz daxilində Tanrısını-vicdanını axtarmır. Satin pyesin əvvəlində insani sözlərdən yorulduğunu deyir.

Əslində onların hamısı yorğundur. Onların ruhu yorulub, lakin hələ ölməyib. Belə olduqda külün altında qalmış alovu yandırmaq lazım gəlir. Bu kir yığını Rusiyada həmin dövrdə heç kimin görmək istəmədiyi ən alt təbəqədir. Qorki bu təbəqədə belə insanın insan olduğunu vurğulayır. İnsanı alçaltma, mərhəmət göstər, deyir. Bir gün hamımız eyni torpağın altında olacağıq, orada heç bir təbəqə yoxdur.

12 dekabr 1887-ci ildə Kazanda, Kazanka çayının yüksək sahilində, Troiça-Feodorovski monastırının hasarının arxasında, gənclik depressiyasında olan 19 yaşlı Peşkov ağciyərinə atəş açaraq intihara cəhd edir. Güllə bədənə ilişir, tatar gözətçi gəlməsə idi Peşkov həyatını itirəcəkdi. Qorki yaşadı, lakin Aktyoru asdı. Bəlkə Qorki də Satin kimi inamını geri qazanmışdı. Amma Aktyor üçün başqa çıxış yolu yox idi. Həm Satin, həm də Aktyor Qorkinin daxilində mübarizə aparan iki cəbhədir. Nəticədə Satin qalib gəlir, Aktyor isə özünü asır. Aktyor son dəfə dəhlizə çıxarkən Tatardan onun üçün namaz qılmasını istəyir. Bəlkə də obiri dünyada bağışlanmaq arzusu ilə bunu edir.

Satinin hamıya qarşı münasibəti dəyişməz qalır. O, heç kimi nə həddən artıq sevmir nə də nifrət etmir. Satin sadəcə insanı sevir. Onun son pərdədə olan dialoqları insan məfhumunun portretidir. 1946-cı ildə SSRİ-də buraxılmış poçt markasında Maksim Qorkinin portreti həkk olunub, üzərində də Satinin monoloqundan sitat: “İnsan - qürurlu səslənir”. Satin öz monoton fırıldaqçı və qumarbaz həyatında dönüş nöqtəsinə varır və kim olduğunu dərk edir. Belə davam etsə idi, faciəvi son uzaqda deyildi, onu öldürəcəkdilər. Bunu əsərin lap əvvəlində ona “belə getsə, səni öldürəcəklər” deyiləndə görürük, Satin isə cavab verir ki, adamı iki dəfə öldürmək olmaz. Deməli, insanın kim olduğunu dərk etməsi, həm də yenidən doğulmasıdır.

Lakin birinin doğulması həm də digərinin ölümüdür. Satinə öləcəyini deyən Aktyordur və o, sonda özünü asır, amma Satin yenidən doğulur. Satin bütün insanlar üçün, insanlıq üçün doğulur. Artıq o da gələcəkdə Lukanın missiyasını yerinə yetirəcək. İnsanı sevəcək, ona mərhəmət göstərib hər şeydən üstün tutacaq. Bundan sonra həmin evdə hər şey fərqli olacaq, artıq onlar sən sərxoşsan, sən oğrusan, sən heç nə bilmirsən deyib bir-birini alçaltmayacaqlar.

Bu, ondan sonra baş verdi ki, bu evə bir insan gəldi və onlarla insan kimi davrandı. Burada heç bir möcüzə yoxdur. Luka burada insanı yaratmadı. İnsan həmişə orada idi, sadəcə onu oyatmaq lazım gəlirdi. İnsan qürurlu, sevincli oyandı və dedi: “İnsana içək, Baron”. Burada Satin öz sağlığına içir. Çünki yenidən insan ola bilir. Satini özünü dərkə aparan inkşaf xətti boyunca soyuqqanlı davranış tərzi ilə seçilir.

Lakin bu ahəng Nataşanın ayağının yandığı səhnədə pozulur. Kostılyev və Karpovna Nataşanı döydüyü üçün Vaska Pepel Kostılyevi öldürür. Əslində bu cinayət Karpovnanın Pepelə qurduğu tələ idi. Bu vaxt Satinin Pepelə və hər kəsə qarşı davranışlarında əvvəlki laqeydliyindən fərqli olaraq qeyri-adilik hiss edilir. Üçüncü pərdənin sonunda baş verən bu hadisə Satinin əməl xəttində sınma nöqtəsidir.

Növbəti pərdədə bizi yeni Satin qarşılayır. O, artıq özünü, kim olduğunu dərk edib, mənəviyyatı bərpa olunub. Satinin daxilindəki insan oyanıb və Tanrısını tapıb. Hegel yazır ki: “İnsan Tanrı, Tanrı da insandır“. Əslində, məsələ bütün bu sınaqlardan keçib özünü yenidən tapa bilməkdir. Lakin insan həmişə daha çoxunu axtarır. “Xoşbəxtsənsə - cənnəti istəyəcəksən, cənnətdəsənsə - Tanrını” (Viktor Hüqo). Qorki Satinin timsalında bütün cəmiyyətin mənəviyyatının bərpasını arzulayır.

Ramilə Abdullazadə

Tələbə-teatrşünas

 

Load Time (S) : 0.000262