TEATRO

TEATRO

sənət portalı

post-title

Ramilə Abdullazadə - Külli-cahana cəmdir insan...

Kim ki, bilməz öz vücudi-zatını,

Sorma sən ondan onun isbatını.

Oynamaz şətrənci-eşqin atını

Bilməyən bu zövqi-eşq şahmatını...

Oxuduğum misralar Seyid Əlidəndir. Soruşsanız kimdir Seyid Əli? Deyərəm bir az Şeyx, çoxca Nəsimi. Soruşsanız kimdir Nəsimi? Deyərəm, Nəsimi bahar yeli kimi bir zərif ruhdur, bir gün mənim içimdədir bir gün onun, bir gün bunun, bir gün də ... sənin... Soruşsanız kimdir Nəsimi?! Deyərəm mənəm, mən!       

Artıq sizə məlumdur ki, bu yazı YUĞ teatrının Nəsimin 650 illiyinə həsr olunmuş “Mənəm, mən”  tamaşası haqqında olacaq. Bu məlumatı sizə deməliyəm, çünki biz (tamaşaçı) hələ “ənəlhəq” deməmiş rejissor (Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə) bizə Seyid Əlini təqdim edir ki, budur Nəsimi. Halbuki Nəsimi laməkandır, zərif bir ruhdur ki dramaturq İlqar Fəhmi onu Seyid Əhmədin daxilində tapmağa çalışıb. Bu səbəbdən pyes didaktik detektiv janrındadır, tamaşa isə mistik-psixoloji. Mistikanın zəif təcəssüm olunduğu tamaşa həllini psixoloji zəmində tapır.

Tamaşa dekorasiyanın bir hissəsi olan videoqrafik görüntülərin (quruluşçu rəssam Vüsal Rəhim) birincisi – sufilərin səma rəqsi ilə başlayır. Və budur, qarşımızda  qəddar, əzazil, gözlərindən cəhənnəm alovu püskürən Şeyx-Əzəm Şəmsəddin Bağdadi (Xalq artisti Məmməd Səfa). Qara çarşaba bürünmüş məkanı aktyor zəhmi ilə doldurur. Elə bu vaxt qaranlıqdan Seyid Əli (Ziya Ağa) peyda olur. Və o heç də tərəf-müqabilinin güclü ifası qarşısında əzilmir, əksinə,  öz ifası ilə epizodu balanslaşdırır. Çünki Seyid Şeyx Əzəmdən qorxmur, sadəcə, onu yetişdirən Şeyx Əzəmin “yaxşılıqlarını” danmağı özünə ar bilir, həm də onu belə böyüdüblər: böyüklərə söz demək üçün gərək böyük olasan. Lakin Seyid hələ qavramır ki, böyüklük yaşla, saçdakı ağla, vəzifə ilə olmur. Böyük olmaq üçün gərək cahana sığmayan ruhun olsun.

Şeyx Əzəm tamaşada cəmi iki dəfə görünür: birinci və sonuncu səhnədə. Lakin o, tamaşanın əvvəldən sona əməl xəttini bütövlüklə müşayiət edir. Çünki Şeyx Seyid Əlinin daxilindədir. Beyninə, qəlbinə, ruhuna sirayət edib. Sanki Şeyx Əzəm Seyidi qara çarşaba büküb. O, quş kimi qəfəsdədir. Çabalayır, çırpınır, istəyir çıxsın bu qəfəsdən, amma olmur. Hər dəfə qəfəsin dəmirlərinə çırpılıb, geri qayıdır. Biz Seyidin inkişaf dinamikasını bariz görürük, izləyirik. Çünki bu rol aktyorun (Ziya Ağa) ifasında uğurlu və səlis təcəssüm tapıb. O, qara çarşaba bürünmüş bu zindandan çıxmaq üçün dayanmadan vurnuxur. Seyidin məkan içrə plastikası onun psixoloji durumu ilə ahəng yaradır, başqa cür desək, Əlinin daxili təbədüllatı məkanda vizuallaşır.

Seyid Əli tamaşanın əvvəlində Şeyx Əzəmin prototipidir, davamçısıdır, minbərinin şərəfli varisidir. Lakin onun daxili yolçuluğu tamaşaçıya əsl Əlini tanımağı vəd edir. Seyidin daxili aləminə aparan ekskursiyanın ilk dayanacağı hürufi elmi-ilahidir (Əbdülqəni Əliyev). Gözləri daima zəka ilə parıldayan bir dərviş qaranlığı bölür. Aktyor xüsusi cəldiyi ilə tərəf-müqabilə üstün gəir. Hərçənd ki, Ziya Ağa Məmməd Səfa ilə dialoqda əzilməmişdi. Çünki aktyor Seyidi aydın başa düşür, başa düşür ki, Şeyx Əzəm din pərdəsi altında gizlənən kafirdir. Bu səbəbdən onun qarşısında əzilmir, lakin dərvişlər onun daxili aləminə güzgü tutur və Seyidi görmək istəmədiyi gerçəkliyi ilə üzləşdirirlər, buna görə dərvişlərə qarşı daima adekvat davrana bilmir. Videoqrafik görüntülərin növbətisi  peyda olur: dərviş qara çarşabı divardan açır və ərəb əlifbası ilə yazılmış sözlər gözə dəyir. Dərviş istəyir ki, bu çarşabı Seyidin qəlbindən tamamilə söksün çıxarsın, lakin nə mümkün. Çarşabın bir tərəfindən Seyid yapışır, digər tərəfindən Dərviş və mübarizə başlayır. Hücum və müdafiə dayanmadan bir-birini əvəzləyir. Bu vaxt Dərviş daha güclü arqument gətirir və havada ərəbcə yazır:

Yeddidir, üç yeddidən bir yeddidir,

Yüz iyirmi dörd yenə üç yeddidir,

Evi bir, bacası yeddi, qapı üç,

Əhli beyt ilə özü on yeddidir....

Seyid bir anlıq bütün bunların təsirinə düşmək istəyir, lakin birdən ilan sancmış kimi ayılır. Mübarizə daha da şiddətlənir və ta ki o məqama qədər davam edir ki,  Seyid artıq uduzacağını anlayır. Bu vaxt o, Fərraşı (Elşən Əsgərov) çağırır: “Bunun dilini kəsin, boğazına qurğuşun tökün!”

Fərraş  ilk baxışda epizodik rol kimi görünə bilər. Amma bu qara paltarlı cəlladın özü də Nəsimi kimi böyük ruhun varlığından xəbərsiz, Şeyx kimilərin təsirindən çıxmayan qatillərin məcmusudur. Fərraş heç bir əmri sorğulamır, buna ehtiyac duymur, deməli, Seyid əmr verirsə və ya Şeyx buyurursa, qarşındakı kim olur olsun, onun dilini kəsmək lazımdır. Elşən Əsgərov fərqli rollara məharətlə bürünən aktyordur. Ən xırda rolu belə ifası ilə özünəməxsuslaşdırır.

Hürufi elmi-ilahini səhnənin ortasında tabuta bənzər qutuya qoyub, deyirlər ki budur əsl Nəsimi. Seyid tamamilə sökülmüş qara çarşabı yerdən alır və yenidən ətrafı qaplamağa başlayır. Tamaşanın konflikti Seyidin daxili konfliktidir və bu imkan vermir ki biz anlayaq: gördüklərimiz gerçəkdir, yoxsa qarabasma? Biz bunu aydınlaşdırmaq istər ikən çarşabın altından bir kölgə oxuyur:

Boyun sərvi sənubərdir, sənubər…

Sənin şəmi camalından vücudum

Münəvvərdir münəvvərdir münəvvər…

Sənin nəqşi-xəyalın can içində

Müsəvvərdir müsəvvərdir müsəvvər…

Bu həzin səsin sahibi hürufi eşqi-ilahidir (Vüqar Hacıyev). Seyidin qarşısında duran ikinci dərviş əsl aşiqdir və aşiqi də gözündən tanıyır. Lap yüz adamın içində Məcnunu tanıyan kim tanıyır. İkinci dərvişlə Seyid Əlinin arasındakı mübarizə daha həlimdir. Epizodu həzin musiqi (bəstəkar Xalq artisti Aygün Səmədzadə) və görüntülər müşayiət edir. İkinci dərvişin geyimi də digər dərvişlərdən fərqlidir.

Seyid onun gözlərinə baxmaqdan çəkinir, çünki bilir ki, baxsa, Dərviş hər şeyi başa düşəcək. Belə də olur, Dərviş baxır və görür ki, Seyid hələ də həmin sevdiyi druz gözəlini unutmayıb. Seyid Dərvişin ittihamedici baxışlarından qaçır, künclərə qısılır. Amma qaçmaq nə mümkün, Dərviş daha uca səslə oxuyur. Seyid artıq görür ki, tamam müqavimətini itirir, bu məqamda xilaskarını - Fərraşı çağırır. Bir hürufi də Nəsimi adı ilə edam olunur. Əslində, Seyid  edam etdirdiyi hürufilərin Nəsimi olmadığının fərqindədir. Amma özü Nəsimi olmamaq üçün onlardan qurtulur.

 Ön səhnədə Seyid öz daxili aləmi ilə vuruşan zaman tabutun içində bir nəfər peyda olur: Hürufi ilahi yazı (Elgün Həmidov). Üçüncü Dərvişlə Seyidin arasında yüksək gərginlik var. Həm də bu dəfə Dərvişi daxili aləminə Seyid özü dəvət edir. Dərviş  kitabın üzünü köçürəni anladıqca sanki bütün plastikası, bədən dili ilə Nəsxdən Nəstəliqə dönür. Seyid isə qara çarşaba bürünür, qərq olur. Az qalır ki boğulsun, bu məqamda Dərviş çarşabı dartıb onu azad buraxır. Aktiv mübarizə başlayır. Dərviş yazdıqca Seyid pozmağa çalışır, lakin ona yetişə bilmir. Seyid görür ki, Dərviş kitabın üzünü köçürənin kim olduğunu anlayıb, Fərraşı çağırır. Onu çarşaba büküb çıxdığı tabuta geri qaytarırlar. Amma Dərviş hər şeyi anlamışdı, səhnənin arxasından onun səsi eşidilir: “O kitabı sən köçürmüşsən, Seyid Əli”.  Seyid ön səhnədə səssizcə  təsdiqləyir: “Mən köçürtmüşəm”.  Sanki Seyid bunu heç kim eşitməsin deyə sakitcə demir. O, əslində, qışqırır, amma səsi boğulur, eşidilmir. Ətrafı ağappaq görəndə bir qorxu ilə qara çarşabı yenidən çıxarır. Görkəmindən sezilir ki, artıq yavaş-yavaş müqavimət gücünü itirir. İlk səhnəyə çıxan Seyid Əli deyil artıq. Daxili mübarizənin yorğunluğu ilə yerə çökür, lakin yenə ayağa qalxıb zikr edə-edə ətrafı qaraya qərq etməyə başlayır.

Bu vaxt gərgin, sirli musiqinin müşayiətində sağ küncə işıq düşür və daha bir hürufi görünür. Bu hürufi ilahi şeirdir (Əməkdar artist Qasım Nağı).  Seyid artıq müqavimətini tamam itirmək üzrədir. Dərvişlərlə mübarizə apara bilmir. Yorğun, əlacsız qalıb, amma hələ də qəbul etmir Nəsimi kimi böyük ruhun varlığını, mahiyyətini. Əlacsız qalır, başlayır içində daşıdığı gerçəkləri bütün aqressivliyi ilə qarşı tərəfə ötürməyə. O şairləri pis əməllərinə görə qamçılayır, hər qamçı vurduqca Dərviş daha ucadan gülür. Çünki yalnız şeiri sevəni bu qədər incidər şairlərin riyakarlıqları, yaltaqlıqları. Seyid bir küncdə anladır, Dərviş digər tərəfdə qara çarşaba bürünür. Tamaşada elə məqamlar var, orda bir anlıq dərvişlər və Seyid yerlərini dəyişirlər.  Sanki Dərviş onu xilas etmək üçün mübarizə edir. Lakin Seyid icazə vermir, onu ayırır. Bu vaxt görürlər ki eyni açardan hər ikisinin boynunda asılıb. Dərviş kədər qarışıq bir sevinclə oxuyur:

Üzünü məndən nihan etmək dilərsən, etməgil

Gözlərin yaşın rəvan etmək dilərsən, etməgil...

Pərdəni üzündən açarsan, məgər naməhrəmə

Gizli əsrarı bəyan etmək dilərsən? Etməgil...

Dərviş sanki Seyidin bu qaranlıq zindanlarda, o iblis yuvası minbərlərdə batıb qalması ilə barışmır. İstəyir doğrasın damarlarını, Seyid maneə olur, bir beyt şeir deyir, Dərvişi qucaqlayır. Tamaşaçı zənn edir ki, budur, Seyid Əli artıq təslim oldu. Lakin yanılır, çünki o, təslim olmamaq üçün dərhal Fərraşı çağırır. Bir hürufini də Nəsimi adı ilə edam etdirir. Ön səhnədə yavaşca deyir: “Üzünü məndən nihan etmək dilərsən, etməgil” və həməncə günah işləyirmiş kimi  ağzını tutur. Onu ələ keçirən dini fanatizm yavaş-yavaş məğlub olur, yerini isə hürufiliyə verir.

Bədahətən şeir dediyi üçün əvvəlinci Dərvişin Nəsimi olduğunu zənn edir və onu edam etdirdiyi üçün rahatlıq tapmağa çalışır. Yerdən qaldırır qara çarşabı, budur, qarşısında yenə bir hürufi dayanıb və onu içəri dəvət edir. Bu hürufi övliya üllahdır (Amid Qasımov). Onun gəlişi tamaşanın konfliktinin həll olma məqamıdır. Ən şiddətli mübarizə indi başlayır. Seyid yorğun, Dərviş isə güclüdür. Aktyor səhnədə pərvaz edir, bəzən bizə elə gəlir ki onun ayaqları yerə dəymir. Bütün varlığı ilə Seyidə gerçəyi söyləyir ki, Seyid də bunların həmişə fərqində olub, lakin heç vaxt dilə gətirmək cəsarəti olmayıb. Allah xofu çıxmayıb canından, qoymayıb o da azad bir quş kimi pərvaz etsin. Qorxu onun boğazında bir düyün olub, qəlbinin səsini boğub. Dərvişin özündən əmin rahatlıqla bütün bunları danışması Seyidi daha da qıcıqlandırır, özündən çıxarır. Seyidlə beşinci Dərvişin epizodunu arxa fonda ağac təsviri müşayiət edir. Üstündə meyvələri qalıb qəfildən quruyan ağac. Dərviş səylə ona gerçəkləri, keçmişdə baş verənləri, Şeyxin əsl kimliyini, onu niyə yetişdirdiyini anladır, söyləyir. Amma Seyid təslim olmur ki, olmur, qəbul etmir. Bütün bu cəngi-cida aktyorların sadəcə dialoqlarında deyil, mizanlarda, plastikada (plastik həll: Ceyhun Dadaşov) təcəssüm tapır. Balaca zindan böyük hərb meydanına çevrilir və aktyorlar bütünlüklə bu meydanı zəngin mizanlarla doldururlar. Onlar bütün varlıqları ilə mübarizə aparırlar. Bu, tamaşanın hər bir səhnəsinə xasdır. Tamaşa qismən məkansızdır.  Çünki belə bir hadisə tarixi gerçəklikliyə dayanmır və səhnə tərtibatıda bu fakt nəzərə alınıb.

Seyid bu mübarizədən qalib çıxmaq istəyir, istəyir ki Dərvişi yanıltsın. Dərviş onun canın almaq üçün gələn əzrailin qapı arxasında olduğunu deyəndə Seyid onu öldürməyəcəyini deyir. Dərviş druz qızının  edama gedərkən ondan necə mədət umduğunu danışanda Seyidin halı başqalaşır. O, Dərvişi öldürməmək üçün çabalayır, lakin Dərviş susmur:

Yarını satdın bəhasız, bilmədin miqdarını,

Heçə dəyməz o kişi kim, heçə satar yarını...

Kim bəhasız canını görmüşsə yarından əziz

Yarını itirdi nadan, bilmədi dildarını...

Və Seyid uduzur. Dərvişi qollarının arasında saxlayır, ölməməsi üçün yalvarır. Çünki bu məğlubiyyət qalibiyyətin başlanğıcıdır. Bu məqamda Şeyx Əzəmin qəzəbli səsi eşidilir, iti addımlarla elə daxil olur ki, sanki yer-göy titrəyir. Onu donuq baxışlarla seyr edən Seyid, elə bil, ömründə birinci dəfədir Şeyx Əzəmi görür. Seyid indiyə qədər susduqlarının hamısını danışır. Əslində, susmalı deyildi heç vaxt. Çünki Şeyx Əzəmə borclu deyil. Həqqin heç kimə borcu yoxdur, hamı həqqə borcludur. Şeyx Əzəmin Seyid Əlinin daxilindəki Nəsimidən həmişə xəbəri olub və daima onu basdırmağa çalışıb. Nəsimiyə, hürufiliyə qarşı nifrəti təlqin edib həmişə Seyidə. Amma bütün cəhdləri əks reaksiya verib.

Daha bir Nəsimi gözü yumulu ölümə gedir. Ölüm onlar üçün adi bir şeydir, çünki o ruhu yox cismi məhv edir. Nəsimi isə zərif bir ruhdur ki, onu sən seçmirsən, o səni seçir. Tamaşada Nəsimi yoxdur. Çünki hər kəs bir az Nəsimidir, Haşimidir, Qureyşidir. Hər kəs bəzən ağdır, bəzən qara. Zindan bizim daxilimizdədirsə, o qaradır. Daşdan divardan zindanlar yalnız cismi həbs edər... Necə ki, Seyid tamaşanın sonunda bu daxili zindandan xilas olur. Seyid əbədiyyətə qovuşur. Nəsimi tək dərisi soyulur. Amma o artıq bu ağrını hiss edə bilməz. Şairlərin ruhu nəinki ağrı hiss edər, heç yorulmaz da. Baxmayaraq ki, Seyid sonda ölür, bu tamaşaçını məyus etmir. Çünki başqası olub, yadlaşıb uzun ömür sürməkdənsə, özün olub ölmək mübahdır. Dərvişlər və Seyid ölümləri ilə təsdiq edirlər ki, Nəsimi ölümsüzdür.

Tamaşanın uğurunu yaradan əsas faktorlardan biri rejissor yozumunun məkan və mizanda vizual  ahəngidir. Aktyorlar ansambl oyunu yaratmağı bacarırlar və hər biri ayrı-ayrılıqda öz rolunun mahiyyətinə varırlar. Bəzən onların bədən dili obrazla uyuşmasa da, bu səthi məsələdir və tamaşanın ümumi uğuruna xələl gətirmir. Finalı nəzərə almasaq, demək olar ki, tamaşada statik vəziyyət yoxdur. Yüksək gərgin ab-hava mövcuddur.

Tamaşanın janrı ilə bağlı bir məsələ də var ki, bunu əvvəldə qeyd etdik. Janr mistik-psixoloji olaraq təqdim olunub. Lakin belə bir ziddiyyət var: pyesdə mistikanın məlum məqamı beş dərviş və druz qızının ruhunun Seyid Əliyə görünməsidir ki, bu səhnə tamaşada yoxdur. Ümumiyyətlə, pyesin səhnə tekstinə çevrilməsi zamanı bir çox dəyişikliklər baş verib. Burada uğurlu dəyişikliklər də var, uğursuz dəyişikliklər də. Biri qeyd etdiyim səhnə. Çünki tamaşada tez-tez adı keçən və Seyidi şeir yazmağa sövq edən druz qızını tamaşaçı görməyi umurdu.

Əsas diqqət Seyid Əlidədir. Çünki bütün tamaşa onun daxili təbəddülatının üzərində qurulub. Başdan sona ana xətt Seyid Əlinin əməl xəttidir. O, ilk səhnəyə çıxdığı məqamda nifrət doludur, güclüdür. Lakin dərvişlərlə görüşlərdən sonra müqavimətini itirməyə başlayır. Öz kimliyini tapa bilmir. Haldan düşür, əlacsız qalır. O məqamda ki, artıq o özünü tapır, yenidən güclənir, bu dəfə nifrətlə yox, həqqlə dolur. Ənəlhəqq yazılır vücudunda. Bu məqam tamaşanın sınma nöqtəsidir. Hərçənd ki dərvişlərlə olan epizodların hər birində ayrı-ayrı sınma məqamları var. Amma ana xəttin sınma məqamı Seyidin öz kimliyini tapmasıdır. Burada məsələ insanın özünün yox edilməsidir. Onun başqa kimliyə zorla transformasiya olunmasıdır. İnsan insandır, nə fərqi dərvişdi, gədadı, padişahi-aləmdir. Əsas olan insan məhfumudur ki, hürufiliyin də ideyası elə budur. Haqq təala insanın surətində təcalla tapıb. Külli-cahana taydır insan. Nə fərqi var kiməm mən?

Mömin mənəm, kafir mənəm, zahid mənəm, abid mənəm,

Asi mənəm, fasiq mənəm, mən külli insan olmuşam...

Gah çıxmışam İsa kimi çərx üstünə oturmuşam,

Gah varmışam Yusif kimi ol Misrə sultan olmuşam

Sərrafi-bəhri-qüdrətəm, yaquti-kani-vəhdətəm,

Gərçi bu gün Nəsimiyəm, xak ilə yeksan olmuşam...

 

Load Time (S) : 0.000152