Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya öz oxu ətrafında dönür, onu dərk etmək istəyənlər isə bu mərhələlərdən keçirlər və yalnız onlar yatmışları oyandırmağa qadir olurlar. Bu səbəbdən, Ziqmund Freyd “dünyanı yuxudan oyadanlar” sırasına daxil olur. Avropa avanqardının sonuncu cərəyanı olan sürrealizm Ziqmund Freydin konsepsiyasına, irrasionalizm və alogizmə istinad edir. Sürrealizm müasir həyatın qəbul edilmiş sosial formalarını, texniki sivilizasiyasını, mədəniyyəti, əxlaqi prinsipləri inkar edən cərəyandır.
İnsan oğlu (Le fils de l’homme) bu dəfə yuxu və reallığın sintezi məsələsini sürrealizmin fonunda gündəmə gətirir. Əslində yuxu da reallıqdır, təhtəlşüurda mövcud olan gizli reallıq. Yuxular bizim dərin arzularımıza bənzər, nə ilə qarşılaşacağımızı bilməmiz mümkün deyil. Bu məqamda qorxu fenomeni meydana gəlir. Biz isə bütün bu paradoksallığı simvolizmin, ekspressionizmin və dadaizmin təsiri altında təşəkkül tapan sürrealizmin simasında süzgəcdən keçiririk. Çünki sürrealizm sənətkara azadlıq verir. Bu azadlıq Spinozanın tərifindəki azadlıq deyil, bu surrealizm quşa qəfəsdə yaşamağı öyrətmir, quşu qəfəsdən buraxır. Həddindən artıq azadlıqmı, yuxularmı, yoxsa gizli arzularmı bizi sürrealizmə sürükləyən? Varlığını inkarımızla qəbul etdiyimiz həqiqətlərin adıdır sürrealizm. Əlimizdən heç nə gəlməyəndə biz sürrealist oluruq. Bu isə qəti olaraq Orfeyə at bağışlayan Koktonun hələ heç nə edə bilməməsi demək deyil.
Sürrealizmin parlaq nümayəndələrindən Jan Kokto. O, XX əsr fransız mədəniyyətinin ən böyük simalarından biri, yazıçı, şair, dramaturq, rəssam, ssenarist və rejissordur. Koktonun adını eşitdiyimiz ilk məqamdan artıq məlumdur ki, söhbət onun “Orfey” pyesindən gedəcək. Əfsanəvi musiqiçi və şair Orfeyin XX əsrdə sürrealist yozumu iki faktı qarşı-qarşıya qoyur:
1) Orijinal Orfey və Evridika mifi: Tarix səhnəsində həqiqətlə mif arasında yerini alan Orfey Apollon və ilham pərisi Kalliopanın oğludur. Aristotelə görə, Orfey heç vaxt mövcud olmayıb. Lefran de Pompinyan isə onu “dünyanın ilk musiqiçisi” adlandırır. Çılğın və coşqun şərab tanrısı Dionisə tamamilə zidd olan Orfey lir alətində ifa edən zaman vəhşi heyvanlar da onun ayağının altında yatarmış. Mifin başqa bir məsələsi də “təsadüf” faktorudur. Evridika meşədə qaçarkən təsadüfən ilan onu sancır. Əgər ilan Evridikanı təsadüfən sancmasa idi Orfey günahlarından təmizlənmə düşüncəsini mifologiyaya qatan ilk personaj olardı.
2) Sürrealist Orfey: Atı Evridikadan üstün tutması Orfeyin onu sevmədiyi anlamına gəlmir. Əslində Ertebiz və at eyni funksiyaya malikdir. Hər ikisi Evridika və Orfeyin arasında getdikcə böyüyən uçurumda tərəf olurlar. Və ölüm gəlir, Evridikanı aparır. Mifdə konflikti yaradan Evridikanın ölümü idisə, əsərdə Evridikanın atı öldürmək cəhdidir. Tarix səhnəsində həqiqətlə mif arasında qalan Orfey pyesdə ölüm və həyat arasında qalır. Lakin belə bir fakt var ki, filmdə də qeyd olunur: İki dünyanın heç birində şairin həyata qayıtmasından vacib olan heç bir məsələ yoxdur. Mərkəzi fiqur Orfeydir.
Sürrealistlərin əsas məqsədi mənəvi yüksəliş və ruhu maddidən ayırmaq idi. Buna görə şairin həyata qayıtması vacibdir. Koktonun qələmində Orfey üçün ən ali məqsəd onun yaradıcılığıdır. Belə olduqda qısqanclıq problematikası yaranır: Evridika əvvəlcə evdəki şüşələri qırır, bununla qəti nəticə əldə edə bilmədiyini görəndə problemdən tamamilə qurtulmağa çalışır. Həll yolu isə Evridikanın özünə ölüm gətirir. Ölüm həkim paltarında gənc qadındır. Ölümün simasını mifdə Evridikanı ilan sancması ilə əlaqələndirmək mümkündür.
Orfey mifdə arxaya tanrılara inanmadığı üçün dönür. Pyesdə Orfey arxaya dönəndə taleyi ilə barışmışdı, yoxsa bir daha heç vaxt görməyəcəyi Evridikanın yaşamasının mənasız olduğunu düşünürdü? İkinci ehtimal məntiqə daha çox uyğundur. Çünki Orfey taleyi ilə heç bir situasiyada barışmır, əgər barışsa idi Evridikanı görmədən yanında olması ilə barışardı, atın heç nə deyə bilməyəcəyi ilə barışardı. Orfey yalnız ölüm və həyat arasında qaldığı an ölümlə barışır. Və başı bədənindən ayrılsa da yaşamağa davam edən Orfey təbabətin qanunlarını inkar edir. Havada asılı qalan Ertebiz cazibə qüvvəsini inkar edir. Lakin bütün bu nəticələrin ilkin səbəblərində ziddiyyət var. Tibb elmini tamamilə inkar edirsə, Evridika niyə ölür və ya cazibə qüvvəsi yoxdursa, onlar hamısı niyə havada asılı qalmır?! Cazibə qüvvəsi metafizik varlıq olsaydı havadan asılı qalmaq çox asan olardı. Halbuki Kokto metafizik varlıqları inkar etmir. Düşünürəm ki, ömür boyu əsl katolik kimi yaşayan Kokto üçün Əzrail və Rafael mühüm obrazlardır.
Ümumiyyətlə, pyes şairin mənəvi, daxili polemikasını gündəlik həyatın balaca problemləri ilə qarşı-qarşıya qoyur. Müəllif şairi müqəddəsləşdirir. Bu, insan psixologiyasında olan yaradıcı qüvvə inancından irəli gəlir. Hər iki dünyada sənətkar önəmlidir. Lakin sənətkar özünü tənqidə, hətta təhqirə hədəf edəcək iş tutursa, deməli o, əməlinin nəticələrinə qatlanmalıdır. “Orfik” trilogiyasının ikinci hissəsi olan “Orfey” müqavimət və ölüm üzərində qurulan filmdir. Pyesdə ölüm daha ön planda olsa da, filmdə müqavimət və ölüm tarazlanıb.
Paris incəsənətinin bütün sahələrində böyük nailiyyətlərin yorulmaz iştirakçısı olan Jan Kokto yuxarıda qeyd etdiyimiz “Orfik” kinotrilogiyasının rejissoru və ssenari müəllifidir. Trilogiya “Şairin qanı”, “Orfey” və “Orfeyin vəsiyyəti” filmlərindən ibarətdir.
“Orfey” filmi pyesə əsaslanır. Koktonun öz həyatını sənət obyektinə çevirən ilk musiqiçi Orfey obrazı haqqında pyes yazması, bununla yetinməyib, ona trilogiya həsr etməsi gözləniləndir. Film tamaşaçıya yenidən xatırladır ki, heç kimin şairə verilən istedadı idarə etmək haqqı yoxdur. Ölüm belə, onun qarşısında aciz qalır. Bu səbəblə rejissor şairi metafizik məkan olan “zona” ilə yox, ölüm şəhzadəsi ilə qarşı-qarşıya qoyur. Ölüm və həyat arasındakı sərhədlərin kövrəkliyi trilogiyayanın bütün filmlərinə xasdır. Kokto şairə dəfələrlə ölüb-dirilmək haqqı tanıyır.
Kokto əsər haqqında deyir: “Mən boş-boş fəlsəfədən qaçaraq, ən vacib problemlərə toxunmaq istədim. Sirrə yaxınlaşdıqca, realist olmaq bir o qədər vacibdir”. “Orfey” müəyyən mənada tamamlanmış şedevr və unikal sürrealist filmdir. Rejissor mifoloji çərçivədə bir neçə janrı birləşdirir: dedektiv, melodram, qorxu.
Qəhrəman nə sağdır, nə ölü. Lakin onun ölümə olan məhəbbətində ikinci bir fakt var: həyatdan məyusluq yaradıcılıqdan uzaqlaşmaq, ondan qaçmaqla kompensasiya edilə bilməz. Bu pyesin özündə də belədir. Orfey hər şeydən qaçır. Ta ki son məqama qədər. Burada yenə də onun sağ və ya ölü olması qəti deyil. Kokto güzgünü keçid qapısı kimi istifadə edir. O, incə bir metafora qurur: iki dünyanı birləşdirir və hər ikisində sənət adamını nümayiş etdirir.
Bu, sürrealizmin çoxşaxəliliyindən irəli gəlir. Sürrealizm işarələrin və formaların paradoksal birləşmələrinin ifadəsi ilə xarakterizə olunur. “Şairin qanı” filmində: “Əşyalara toxunmanın nə qədər təhlükəli olduğunu bilirsiz, bu, onlara can verə bilər”; Orfey filminin başlanğıcında: “Bir əfsanənin zaman və məkanın ötəsinə keçmə haqqı var”, kimi fikirlər səslənir.
Sürrealizm bir növ fəzadadır. Zamansızlıq, məkansızlıq və qanunsuzluq ona xasdır. Eyni ilə Dalinin “Yaddaşın dəyişməzliyi” tablosu kimi. Heç bir məkanda, zamanda və ya zamansızlıqda yaddaş dəyişmir. Bu səbəbdən inkar qəbul etmənin aqressiv formasıdır. İnkar inanc əskikliyindən də doğa bilər. Ateizm kimi. Lakin sürrealizm sadəcə inkar etmir. O özündə aqressiyanın və pozitivizmin eyni anda mövcudluğunu qoruyur.
Məqalə ADMİU-nun Teatrşünaslıq kafedrasının keçirdiyi “Arto epoxasının teatrı” tələbə elmi konfransı çərçivəsində hazırlanıb.
Müəllifin digər yazıları
Kim ki, bilməz öz vücudi-zatını,
Sorma sən ondan onun isbatını.
Oynamaz şətrənci-eşqin atını
Bilməyən bu zövqi-eşq şahmatını...
Oxuduğum misralar Seyid Əlidəndir. Soruşsanız kimdir Seyid Əli? Deyərəm bir az Şeyx, çox...
Azadlıq nədir? Əsrlər boyu insanlar öz azadlıqları uğrunda mübarizə aparıblar. Amma heç vaxt bu suala verəcək qəti cavabları olmayıb. Biz nə qədər azadıq , nə qədər məhkum. Bunu anlamaq üçün qapıdan çölə ...
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
“Gələnləri kolların arasından göründüklərində tanıya bilərdik. Əgər gələn adam evə doğru yönəlirsə, bu atamızdır. Əgər yönəlmirsə, o deyil. Və bir daha heç gəlməyəcək deməkdir” (“Güzgü&rdquo...
Bura ərafdır... Bizim yaşadığımız dünyanın özü də ərafda məhkum qalıb. O yaşamır, amma ölmür də. Bir tərəfində həqiqət, digər tərəfində isə nə olduğu bilinməyən bu dəhlizdə yaşamaqla ölməyin nə fərqi var?!
Bura ərafd...
Sezai Karakoç deyir: “İnsan özünə cavab olmaq üçün yaşayır”. Bu, həmişə belədir. Biz hara dönsək də yenə özümüzə qayıdırıq. Bu qayıdış isə qabiliyyət deyil, zərurətdir. İnsan hara istə...
Nilgün Marmara 29 yaşında həyatına son verdikdən sonra həyat yoldaşı onun haqqında belə demişdi: “Şeir yazdığını belə bilmirdim, həmişə bir küncdə oturub səssizcə nə isə cızma-qara edərdi”. Şair isə bir şeirində həyat yoldaşı ha...