Sezai Karakoç deyir: “İnsan özünə cavab olmaq üçün yaşayır”. Bu, həmişə belədir. Biz hara dönsək də yenə özümüzə qayıdırıq. Bu qayıdış isə qabiliyyət deyil, zərurətdir. İnsan hara istəyirsə getsin, bu gediş fiziki olsun, ya da mənəvi, heç fərqi yoxdur. Həmişə qayıdır. Düşünərək qayıdır, ağlayaraq qayıdır, sevərək qayıdır, nifrət edərək qayıdır. Ən çətin qayıdış isə ayaqlarımızla olandır. Fiziki dönüş həqiqətlərin reallığını gizlətməyə imkan vermir. Dil nə qədər yalan danışsa da gözlər bir sarı palto görəndə şamın ətrafında dönən pərvanə tək yanan qəlbi yansıdır. Yanacağını bilə-bilə pərvanəni şamdan ayırmayan nədir? Hamının istifadə etdiyi, amma heç kəsin mənasını bilmədiyi həmin kəlmə - eşq... “Asılqan”da isə eşq hər şeyi ifadə etmirdi...
“Asılqan” tamaşasının premyerası iyun ayının 25-də oldu, YUĞ teatrında, Əbdülqəni Əliyevin quruluşunda. Tamaşa Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” adlı hekayəsi əsasında hazırlanıb. Hekayədə süjet tamaşaya nisbətdə daha sadədir. Tamaşada isə rejissor yozumu kəskin şəkildə öz sözünü deyir. Əlavə edilmiş səhnələrdə konflikt və onun həlli daha da dərinləşdirilib. Tamaşada iki aktyor - Ləman Mərrih və Elşən Əsgərov çıxış edir. Onlar səhnədə bir neçə fərqli obrazı canlandırırlar. Teatrın şərtiliyini nəzərə alsaq, burada qeyri-adi heç nə yoxdur. Bu, həm də həyat gerçəyidir. Hər bir insan üçün əvvəl "mən" olur və sözsüz ki, bir də "sən". Digərlərinin isə kim olması o qədər də vacib deyil. Əsas olan "mən" və "sən"dir. Bir nöqtədən sonra isə sadəcə "biz"dir. Və bəzən elə anlar yaranır ki, həmin "biz" qırılır, geridə heç nə qalmır. Niyə? Çünki eşqin riyaziyyatı fərqlidir: ikidən bir çıxanda bir qalmır...
Tamaşanın ana xətti əsasən Kişinin (Elşən Əsgərov) üzərində qurulub. Yəni Kişi "mən"dir. Hadisələr onun duyğularının, fikirlərinin, hərəkətlərinin zəminində inkşaf edir. Aktyor Elşən Əsgərov fərqli rollara məharətlə keçid alır. Lakin canlandırdığı obrazlarda bəzən mübaliğə hiss olunur. Əslində nimdaş paltolu adamın duyğu və düşüncələri daha qabarıq olmalıdır, lakin o, ikinci planda qalır. Belə mənzərənin yaranması sadəcə aktyor oyunu ilə bağlı deyil. İlk növbədə rejissor yozumunundan irəli gəlir. Əlavə edilmiş səhnələr tamaşanın ideyasını fərqli müstəviyə daşıyır. Sözsüz ki, tamaşada ilk gözə çarpan da rejissor yozumudur. Ləman Mərrih Qadın rolunun "sən" olduğunun fərqindədir. Mübaliğəyə yol vermədən oynayır. Lakin Kişidə gördüyümüz kəskin, adekvat dəyişmələr Qadında bariz duyulmur. Onun ifa etdiyi obrazların arasındakı fərq bəzən kafi olmur. Amma bütün hallarda biz səhnədə aktyor oyununun bütövlüyünü görə bilirik.
Bildiyimiz kimi, hər kəs üçün fərqli kəlimədir eşq. Mən isə Şəms Təbrizinin dediklərinə qoşuluram: “Sənin baxdığına hamı baxa bilər, amma sənin onda gördüyünü heç kəs görə bilməz. Hamı aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Yeganə fərq sənsən. Səni fərqli qılan sevdiyin yox, sevgindir”. Qadın bunların fərqindədirmi? Bəlkə o, Freydlə ("Eşq libidodur"), bəlkə Şopenhauerlə ("İnsan nəslinin davam etdirilməsi üçün qurulmuş tələdir"), bəlkə də Dekartla ("Ruhun həyacanıdır") həmfikirdir. Amma qəti aydındır ki, o, L.Tolstoyun “Eşq mənfəət güdməkdən imtina etməkdir” fikrinə sahib deyil. Ümumiyyətlə, ikinəfərlik münasibətdə bu qanundur: Əvvəlcə edə biləcəyin fədakarlıqları müəyyənləşdir! Əksi hər iki tərəfi ölümcül yaralamaq gücünə malikdir. Ona görə də insan həmişə nə qədərini bacara biləcəyinin fərqində olmalıdır. Təkəbbürə qapılan, təkəbbürlə yaşayan zillətlə ölər. Məsələn, tamaşadakı Müdir obrazı...
Bu obrazdan danışarkən demək lazımdır ki, Müdir rolu aktyorun ifasında parlaq təcəssüm tapıb. Elşən Əsgərov vəziyyətə uyğun davranışı, danşıq tərzi, intonasiyası ilə obrazın xarakterik cizgilərini dəqiq əks etdirir. Əvvəldə qeyd etmişdik, "mən" və "sən" bir nöqtədən sonra "biz" olur. Və bəzən elə an yaranır ki, "biz" qırılır. Burada Qadın və Kişini, yəni həmin "biz"i qıran Müdir olur - ehtiraslarının qulu olan bu adam... Elə buna görə, onun üçün səbəb olduğu hadisə də, Kişinin yazılarını öz imzasıyla çap etdirməsi də çox adi bir haldır. Amma baş verənlərdə Müdir qədər Qadın da günahkardır. O, sevgisini mənafeyinə qurban verir...
Rejissorun tamaşaya bəzi səhnələri əlavə etdiyini dedik. Belə səhnələrdən biri də ata ilə oğulun dəniz əhvalatıdır. Həmin gün ata oğlunu xilas etməyə cəhd göstərmir. Oğlan özü üzüb sudan çıxır. Çünki yaşamağı bacarmaq üçün üzməyi öyrənməlidi, axı atası onu həmişə sahildə gözləməyəcəkdi... Əlavə edilmiş bu səhnəyə xüsusilə toxundum. Düşünürəm ki, bu səhnə ayrılıqda çoxqatlı məna yükünə malikdir. Lakin tamaşanın ideyasına uyğun gəlmir. Bu səhnədə məsələlər bir qədər fəlsəfi aspektə daşınır. Doğrudur, tamaşanın ideyasında da fəlsəfilik mövcuddur. Amma bu epizodda olan fəlsəfi fikirlər yuxarıda qeyd etdiklərimizlə uzlaşmır. Ümumiyyətlə, tamaşada bəzi həllini tapmayan məsələlər var. Məsələn, biz əvvəlcə Kişinin öz Müdirini öldürməyə cəhd etdiyini və tutulduğunu görürük, lakin bu məsələnin həlli yarımçıq qalır. Qadınla yenidən barışıb-barışmaması və gecə paltarı da qaranlıq qalan məsələlər arasındadır. Tamaşanın kompozisiyasında qarışıqlıq hiss olunur. Hadisələr sırası və ideya tez-tez qadın və kişidən yayınır.
"Asılqan"ın əsasını təşkil edən hekayə tamaşada olduğu qədər fəlsəfi yük daşımır. Hekayənin qapsadığı mövzu qısa və kəskindir: “Sarı palto ilə vidalaşmağı bacarmalıyıq”. Amma Kişinin Müdiri yaralaması bu fikrin əksinə olan hərəkətdir. Bu amil tamaşaya özünəməxsus ahəng qazandırır və sanki bizə deyir ki, “Böyük balıq kiçik balığı həmişə yeməz”. Lakin tamaşanın əvvəlini xatırladıqda bir qədər ziddiyyətli hal yaranır. Düşünürük: Müdir Kişinin yazılarını öz adından çıxaranda o niyə sadəcə xəfif etirazlar etməklə kifayətlənir? Bu hala psixologiyada Martin Seliqman tərəfindən gətirilmiş “öyrənilmiş çarəsizlik” deyilir. Seliqmana görə, “İnsan əməllərinin heç bir fərq yaratmayacağına inandığı zaman çarəsizliyi və heç nə etməməyi öyrənəcək”.
Deməli, Kişi Müdirə hücum çəkəndə bu əməlinin hər hansı bir fərq yaradacağını düşünürdü. Sözü gedən adam şair idi, gələcəyin xoşbəxtlik gətirəcəyinə inanırdı, necə oldu ki, bir anda özünü təhlükənin qollarına atdı? Belə çıxır ki, bizim şair L.Tolstoyla həmfikirdi. Yəni, Kişini Qadından fərqləndirən ən əsas cəhət onun öz sevgisini mənfəətindən üstün tutması idi.
Tamaşanın janrı menippeya olaraq təqdim olunub. Bir növ ciddi komik janr olaraq qəbul edilir. Yəni biz ağlamalı halımıza gülürük, ya da ağlamamaq üçün gülürük. Bütün hallarda gülüş bizi xilas edir. Tamaşada komik vurğuları hiss etdik. Lakin üstünlük göz yaşındadır. Qadın mixəyi paltonun çirkin vücudunda sədaqətindən yuyunanda ağlamaq istədik. Bəzən elə hadisələrlə üzləşirik ki, gülüş onları gizlədə bilmir və biz əsl duyğularımızı göz önünə səririk... Qadını günahlandırmaq asandı və bu, həmişə belə olub. Xalid Hüseyninin “Min möhtəşəm günəş” romanında belə bir cümlə oxumuşdum: “Şimal səmti göstərən kompasın əqrəbi kimi, kişilərin günahkar axtaran barmağı həmişə qadına tuşlanır. Hər yerdə”, təəssüf ki...
Tamaşanın sonunda Kişi və Qadın bizə xoşbəxtlik barədə fikirlərini (nəsihətlərini) söyləyirlər. Amma sən demə, onu tapmaq üçün uzağa getmək lazım deyil... Bir gün Allahlar Olimp dağında toplaşır, xoşbəxtliyin sirrini gizlətmək qərarına gəlirlər. İstəyirlər ki, insanlar onu tapanda qədrini bilsinlər. Allahlardan biri onu yüksək bir dağın zirvəsində, digəri yerin yeddinci qatında, başqa biri okeanın ən dərin yerində gizlətməyi təklif edir. Nəhayət, tanrılardan biri ən maraqlı təklifi səsləndirir: “Xoşbəxtliyin sirrini insanların ürəyində gizlədək. Ora baxmaq ağıllarına gəlməz”.
Ramilə Abdullazadə
Tələbə-teatrşünas
Müəllifin digər yazıları
Kim ki, bilməz öz vücudi-zatını,
Sorma sən ondan onun isbatını.
Oynamaz şətrənci-eşqin atını
Bilməyən bu zövqi-eşq şahmatını...
Oxuduğum misralar Seyid Əlidəndir. Soruşsanız kimdir Seyid Əli? Deyərəm bir az Şeyx, çox...
Azadlıq nədir? Əsrlər boyu insanlar öz azadlıqları uğrunda mübarizə aparıblar. Amma heç vaxt bu suala verəcək qəti cavabları olmayıb. Biz nə qədər azadıq , nə qədər məhkum. Bunu anlamaq üçün qapıdan çölə ...
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
“Gələnləri kolların arasından göründüklərində tanıya bilərdik. Əgər gələn adam evə doğru yönəlirsə, bu atamızdır. Əgər yönəlmirsə, o deyil. Və bir daha heç gəlməyəcək deməkdir” (“Güzgü&rdquo...
Bura ərafdır... Bizim yaşadığımız dünyanın özü də ərafda məhkum qalıb. O yaşamır, amma ölmür də. Bir tərəfində həqiqət, digər tərəfində isə nə olduğu bilinməyən bu dəhlizdə yaşamaqla ölməyin nə fərqi var?!
Bura ərafd...
Sezai Karakoç deyir: “İnsan özünə cavab olmaq üçün yaşayır”. Bu, həmişə belədir. Biz hara dönsək də yenə özümüzə qayıdırıq. Bu qayıdış isə qabiliyyət deyil, zərurətdir. İnsan hara istə...
Nilgün Marmara 29 yaşında həyatına son verdikdən sonra həyat yoldaşı onun haqqında belə demişdi: “Şeir yazdığını belə bilmirdim, həmişə bir küncdə oturub səssizcə nə isə cızma-qara edərdi”. Şair isə bir şeirində həyat yoldaşı ha...