Azadlıq nədir? Əsrlər boyu insanlar öz azadlıqları uğrunda mübarizə aparıblar. Amma heç vaxt bu suala verəcək qəti cavabları olmayıb. Biz nə qədər azadıq , nə qədər məhkum. Bunu anlamaq üçün qapıdan çölə çıxmaq lazımdır. Bu qapı o qapıdır ki, Bernarda özü oradan çıxmağı bacarmadığı kimi, evin bütün sakinlərini də içəri məhkum etmişdir. İkinci ərinin ölümü və səkkiz illik təcridolunma gizli əsarəti zərurətə çevirir.
Səkkiz qadının həyatından otuz dəqiqəni nümayiş etdirən “Bernarda Albanın evi” tamaşası T.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının tələbələri tərəfindən hazırlanmışdı və 20-22 may 2024-cü il tarixində baş tutan “Türk Dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” nominasiyasına layiq görüldü.
Səkkiz xoşbəxtlikdən uzaq həyat və onların azadlıq çırpınışları tamaşada təcəssüm olunur. Tamaşa Federiko Qarsio Lorkanın kənd trilogoiyasından olan eyniadlı əsəri əsasında hazırlanıb. Burada hadisələr Adela-Martirio-Bernardanın münasibətləri fonunda cərəyan edir. İlk baxışda Adelanın (Aliya Turaxanova) ölümünə Pepe səbəb olmuş kimi görünə bilər. Lakin konflikt Adela-Martirio-Bernarda üçbucağı daxilindədir. Pepenin adı keçsə də o, tamaşada görünmür. Sanki Pepe və onların bu nakam məhəbbəti Adelanı əsarətdən xilas etmək üçün bir vasitədir. Lakin rejissor (Rayxan Sankaybayeva) belə düşünmür. Bu səbəbdən Adela özünü asmır, Pepeye atılan güllənin qarşısına keçir. Təbii ki, bu ölüm tamaşaçıya Adelanın sevgilisini xilas etməsi kimi görünür və iki faktı qarşı qarşıya qoyur:
- Adela həqiqətən Pepeni sevirdi.
- Anasının despotik hakimiyyəti altında əzilən Adela üçün intihar çıxış yolu idi. Lakin çərçivənin içində yaşayan bir qız üçün ölümünün də səbəbə ehtiyacı var idi.
Daima sevgiyə möhtac böyümüş Adela Pepeni ölümünə sevə bilərdi? Eyni zamanda, Pepe sadəcə onun sevgilisi deyildi, həm də böyük bacısı Anqustiasın gələcək nişanlısı idi. Bu məqam Adela və Pepenin sevgi münasibətində ziddiyyəti yaradır: Pepe üçün ölümə gözü yumulu gedən Adela, var-dövlət üçün Anqustias ilə evlənmək istəyən Pepe. Bu da əslində Adelanın azad olmaq arzusu ilə ölməsi fikrini doğrulayır.
Martirio (Arujan Adilgerey) tamaşanın əvvəlində Bernardanın (Arujan Jumabay) prototipidir. Tamaşada rol bölgüsü uğurlu aparılıb. Adela-Martirio qarşıdurması zamanı görünür ki, aktrisalar obrazın xüsusiyyətlərini qavrayıblar və bunu düzgün çatdırmağı bacarırlar, xüsusilə də Martirio. Martirio Adelanın Pepe ilə münasibətini anasına söyləyir. Onun bunu anasına niyə söyləməsi haqqında bir çox fərziyyə irəli sürmək olar. Lakin ən uyğun səbəb, onun Adelanı anasının qəzəbindən qorumaq istəyidir. Amma Martirio Adelanın özünü öldürəcəyi ehtimalını heç vaxt düşünməmişdi. Adela həm onu, həm də Bernardanı yanıldır. Bernarda Albanın evi yalnız onun qayda qanunları ilə idarə olunur. Bernarda əslində qızlarını qoruduğunu zənn edir və ya diktaturasını belə adlandırır. Evdəki hər kəsin həyatı haqqında seçim və qərarlar yalnız ona məxsusdur. Ev sakinləri onun iradəsinə zidd hərəkət etmək iqtidarında deyil. Yalnız Adela istisnadır. Onun geyimi də digərlərindən fərqlidir. Adelanın üsyankarlığı ölümünə gətirib çıxarır. Lakin bu ölüm də dolayı yolla Bernardanın əli ilə baş verir. Bernarda Adelanın ölümünə də səbəb axtarır, onu çərçivəyə salır. Yalnız bu zaman bacılar üsyana qalxıb Bernardanı həmin çərçivələrdə həbs edirlər.
Evdə yaşayan hər bir sakin yetişkin fərddir. Lakin Bernarda elə despot hakimiyyət qurub ki, yalnız Adelanın faciəli ölümü onları üsyana qaldıra bilir. Hər bir şəkildə onun ölümü qaçılmazdır.
Ümumilikdə tamaşada ansambl oyunu və mizan həlli xüsusilə seçilir. Rejissor minimalist dekorla bütün səhnəni doldurmağı bacarır. Dekorasiya mizanlarla bütün yaradır və tamaşanın uğurunu təmir edir. Təbii ki, bu uğur aktrisaların adekvat oyunu və onların ifaçılıq xüsusiyyətləri ilə bir başa bağlıdır.
Qızların hər biri öz çərçivəsində həbs olunub. Onlar sanki insan deyil, divardan asılmış tablolardır. Digər iki qadın - xidmətçi (Dariqa Zarkın) və Bernardanın anası (Ayım Onay) və digər iki bacı - Maqdalena (Tanırıs Toktarkızı) və Amelia (Madina Maydan) ana xəttə tam daxil ola bilmirlər. Hadisələri əsasən müşayiət edirlər.
Maqdalena və Amelia da Martirio kimi Bernardadan qorxduqları üçün Adelanın da azad olmasını istəmirlər. Adela çırpınır, çərçivədən çıxmaq istəyir, lakin bacıları icazə vermir. Bu səhnə tamaşanın mizan və plastika baxımından ən uğurlu epizodlarından biridir. Səhnə tərtibatı, mizan, plastika bir bütün yaratsa da musiqi üçün eyni şeyi demək olmur. Musiqi tamaşaya tamamilə siraət edə bilmir. Dekorasiya isə sona qədər istifadə olunur. Finalda onlar çərçivədən çıxıb azadlığa çatırlar. Bunun təməlini isə Adela qoyur. Çünki o, azad olmaq üçün Bernarda Albanın evini tərk etməsinin qəti olduğunu lap əvvəldən bilirdi.
İlk başda azadlığın nə olduğunu soruşmuşduq. Mənim də qəti cavabım yoxdur. Lakin zənnimcə azadlıq çöldəki həyatı sadəcə pəncərədən izləmək deyil, qapıdan çölə çıxıb həyata qarışmağı bacarmaqdı. Amma evi tərk etmək də bütünlüklə azad olmaq demək deyil. Çünki qayıdış həmişə bizim daxilimizdədir. Seçim haqqı yoxdur. Qayıda bilməsək belə daim düşünürük: Qayıtmaq mümkünmü? Keçdiyimiz yollardan eynən keçib yenə evin yolunu tapa bilərikmi? Qayıtmaq qalibiyyətmi, yoxsa zərurətmi? Bu məqamda Birhan Keskinin şerindən bir misranı xatırlayıram: “Məni həmişə eyni yerimdən yaralayan o evə yenə dönmək istədim”.
Müəllifin digər yazıları
Kim ki, bilməz öz vücudi-zatını,
Sorma sən ondan onun isbatını.
Oynamaz şətrənci-eşqin atını
Bilməyən bu zövqi-eşq şahmatını...
Oxuduğum misralar Seyid Əlidəndir. Soruşsanız kimdir Seyid Əli? Deyərəm bir az Şeyx, çox...
Azadlıq nədir? Əsrlər boyu insanlar öz azadlıqları uğrunda mübarizə aparıblar. Amma heç vaxt bu suala verəcək qəti cavabları olmayıb. Biz nə qədər azadıq , nə qədər məhkum. Bunu anlamaq üçün qapıdan çölə ...
Qorxu bəşər övladı üçün qəliblər yaradan ən güclü fenomendir. İnsan əvvəlcə öz varlığının səbəbini axtarır, tapa bilmədikdə, bununla barışmır və sadəcə gözləyir. Bəzilərimiz qəflət yuxusunda ikən dünya &...
“Gələnləri kolların arasından göründüklərində tanıya bilərdik. Əgər gələn adam evə doğru yönəlirsə, bu atamızdır. Əgər yönəlmirsə, o deyil. Və bir daha heç gəlməyəcək deməkdir” (“Güzgü&rdquo...
Bura ərafdır... Bizim yaşadığımız dünyanın özü də ərafda məhkum qalıb. O yaşamır, amma ölmür də. Bir tərəfində həqiqət, digər tərəfində isə nə olduğu bilinməyən bu dəhlizdə yaşamaqla ölməyin nə fərqi var?!
Bura ərafd...
Sezai Karakoç deyir: “İnsan özünə cavab olmaq üçün yaşayır”. Bu, həmişə belədir. Biz hara dönsək də yenə özümüzə qayıdırıq. Bu qayıdış isə qabiliyyət deyil, zərurətdir. İnsan hara istə...
Nilgün Marmara 29 yaşında həyatına son verdikdən sonra həyat yoldaşı onun haqqında belə demişdi: “Şeir yazdığını belə bilmirdim, həmişə bir küncdə oturub səssizcə nə isə cızma-qara edərdi”. Şair isə bir şeirində həyat yoldaşı ha...