İstedadlı yazıçı-dramaturq Tamara Vəliyevanın eyni adlı pyesi əsasında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulmuş “Cəza” tamaşası qısa vaxt ərzində müxtəlif beynəlxalq festivallarda böyük uğur qazanıb:
Tehranda keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında, Hindistanda keçirilən VIII Beynəlxalq Teatr Olimpiadasında, Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçirilən VIII Beynəlxalq Monodram tamaşalar festivalında, RF Başqırdıstan Respublikasının Ufa şəhərində keçirilən “Tuqanlıq” adlı Türkdilli Xalqların VI Beynəlxalq Teatr Festivalında bədii dəyəri yüksək dramaturgiyaya, parlaq ifaya və tamaşaçı məhəbbətinə görə yüksək dərəcəli laureat diplamlarına, təltif və mükafatlara layiq görülüb.
Yaradıcılığı ideya baxımından bəşəri duyğular kontekstində ciddi dramaturji yük ötürücüsü missiyası daşıdığı üçün Tamara Vəliyeva, bir yazıçı-dramaturq kimi, hər görüşündə tamaşaçı-oxucu diqqətinin mərkəzində olur. Sosial problemlər, insan amili, vətənpərvərlik və s. gözəl insani duyğular bu xanım yazarımızın yaradıcılığının ali ideyasını təşkil edir.
Psixofizioloji gerçəklikdən yoğrulmuş yeni səhnə təcəssümü - “Cəza” monotamaşasında da Tamara xanım seyrçiləri üçün elə bir mənzərə yaradır ki, sanki uzun bir teleseriala baxırsan. Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati-davranış tərzləri, xarakterləri, insanlığa-bəşəriyyətə münasibətləri gözlərimiz qarşısında canlanır. Təbəddülat tamaşaçını qeyri-adi dərəcədə heyrətə salır: yəni dünyada elə bir qadın ola bilərmi ki, həm zahiri, həm daxili gözəl ərini, iki körpə oğlunu qoyub xislətini bilmədiyi yad kişinin ağuşuna can atsın? Var! Bu, psixofizioloji gerçəklik mövzu və ideyası baxımından təkcə ölkəmiz üçün deyil, həm də bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununla da dramaturq məqsədi, tamaşanın ideyası qloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.
Bəs, dramaturq kimi cəzalandırır və ya kim-kimi cəzalandırır? Təqdim olunan cəza nəyin cəzasıdır? Psixoloji ab-hava tamaşaçını ağuşuna alıb çox pərt edir: xoşbəxt Qadını zəngin həyat tərzi, gözəl əri, iki oğlu, maddi imkanları qane etmir. O, maddi və fiziki gözəlliyini yad gözlərə tuş gətirmək istəyir. Buna görə də yeni həyat tərzi yeni intim istəklərə qapı açır. Qadın heç bir etik-əxlaqi sərhədi gözləmədən o qapıdan içəri addımlayır, o andaca dərin uçuruma yuvarlanır, “əxlaqsız” damğası ilə ərinə, övladlarına, imkanlarına vida deməli olur. Bu rüsvayçılıq onu tənhalığa sürükləyir. Nəticədə, öz günahı ucbatından aldığı cəza...
“Qadın. Qaranlığın içindəyəm. Bilirəm... Bilirəm, qar əriyəndə gümüşü rəng yerini palçığa verir. Bilirəm, ölüm ayağında edilən tövbə qəbul olunmur. Odur ki... susuram! Mənim ovcumda ürəyimin qırıqları var. Alın atın onu. Məni çox incidir. Deşib məni içəridən. Mən elə qaranlığa, elə səssizliyə dartılıram ki, sizin məni görməyəcəyinizdən qorxuram. Burdayam. Baxın... ovcum qan içindədir.”
Qadının ovcu qan içindədir... Niyə? Məgər Qadın nəfsani hisslərə uyub, maddi və mənəvi təminatı olduğu halda, özgə ağuşlara can atmalıdır? O, unudur ki, özgə eynəyi adamı tez kor edir. Məhz bu həyati məntiq bəsirəti kor qadını dönüşü, həm də qaranlıq otaq kimi, hansı dəliyindən nə çıxacağı bəlli olmayan bir mühitə, vəziyyətə salır. Bax, əsl cəza da budur! Lakin bu cəzanın ən böyüyü, ən üstünü özünüdərkdir. Namus ləkəsi, şəhvət ləkəsi, barışmazlıq, güzəştsizlik ləkəsi canavar kimi daxilini gəmirir. Maddiliyi də, mənəviyyatı da paramparça olub. Həyat meydanında uduzmuş bir insanın isə bu həyatda məlhəmi olmadığı kimi, yeri də yoxdir.
İdeya cözümlənməsi belə mürəkkəb karkasdan sıçrayıb, öz sadəliyi və aliliyi ilə üstümüzə nur səpələyir:
-dünya, ailə, namus tarazlığını pozma; uyma və aldanma; hisslərini cilovlamağı bacar; halal təknənə haram qatma! Bir sözlə, suyun tərsinə üzmə!
Bu tələb Yaradanın və dövlət konstitusiyamızın, eyni zamanda, insanlığın tələbidir – bəşəri tələbdir! Bax, məhz bu baxımdan, “Cəza”nın alt qatında yatan məna prosesdə sekulyarlaşır.
Adətən, informasiyaötürücü obrazlar publisistik obraz, informasiya xarakterli tamaşalar publisistik dram xarakteri daşıyır və müasir tamaşaçıda ikili fikir oyadır. Tamaşaçı gözləri qarşısında baş verən, düyünlənən, zidiyyətləri gərgin və s. janr xüsusiyyətli tamaşalara həssaslıqla yanaşır. Biz bu tək ifa təcəssümündə Qadının psixoloji sarsıntılar burulğanında bədii xatırlama ilə sokral vəziyyətdə təcəssümünü görürük. Nəticədə, gözlərimiz qarşısında böyük şəhər, onun sakinləri, Qadının ailəsi, yaşayış tərzi, müsbət və mənfi insanları bu tabloda aydın bədii boyalarla canlanır.
Deməli, ciddi dramaturq məqsədi quruluşçu rejissor və ifaçı-aktrisa tərəfindən aydın duyulmuş və ustalıqla səhnə həllini tapmışdır. Bu baxımdan da qənaətlərimiz məhz tamaşanın ümumi ab-havasının və ötürdüyü hisslərin nəticəsidir. Dramaturji materialda o qədər ciddi dramatik ziddyyətlər var ki, o, təcəssümçüləri fərdi düşüncə ilə deyil, özünün tələbi ilə sokral vəziyyətə salır. Bizi belə düşünməyə tamaşanın mənzərəsi məcbur edirsə, deməli, dramaturq-rejissor-ifaçı çözümləməsi bu psixoloji ab-havanı yarada bilmişdir.
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, bir quruluşçu rejissor kimi, böyük səhnədə ilk təcəssümü - Sartrın “Dəfn olunmamış ölülər” tamaşasından bu yana yalnız psixoloji yüklü, dərin ideyası, mövzu aktuallığı olan tamaşalara quruluş verib. “Cəza” da onu lirik-psixoloji ovqatı ilə, dramatik ziddiyyətlləri ilə, eyni zamanda ciddi dramaturji yüklü material kimi diqqətini cəlb edib.
Səhnə sənəti zaman və məkan anlayışından ibarətdir, çünki özəyini zaman və məkan anlayışı təşkil edir. Təqdim olunan psixoloji dramda bu məsələ Qadının taleyi baxımından çözümlənir: o, nə əvvəlki zamanında, nə də əvvəlki məkanındadır. Ora dönüşü də mümkün deyildir. Dramaturji materialın tələbinə uyğun olaraq Qadın yerlə göy arasında çaşqın bir vəziyyətdədir. Yeganə qurtuluşu intihardır...
Ümumiyyətlə, dramaturji ziddiyyətləri kəskin olan tamaşalar tamaşaçı ruhuna ciddi sirayətetmə gücünə malikdir. “Cəza” da belə gücə malikdir. Lakin dramaturq, quruluşçu rejissor nə qədər güclü olursa-olsun, tamaşaçı ilə üz-üzə dayanan, bütün teatr kollektivinin ağır zəhmətini özündə cəmləyib onunla ünsiyyətə girən aktyor-ifaçıdır. Təcəssüm prosesində əsas ötürücü missiya yükü onun ötürücüsünün üstünə düşür. Əməkdar artist Kəmalə Hüseynova, xanım dramaturqun ciddi dramaturji yük təklifini – obrazı ciddi rejissor cözümləməsi ilə sokral vəziyyətdə çatdırır.
Kaməla xanım ifasının bütün psixoloji aspektləri ilə onu izləyən tamaşaçının daxilinə nüfuz edərək, bir qadın taleyinin keşməkeşlərini böyük peşəkarlıqla ötürür. İfaçı güclü olanda dramaturq, rejissor, ümumilikdə teatr məqsədi özünün təməl istəyinə çatır. Biz də öz “Cəza”mızla bu istəyimizə qovuşuruq.
Ölkəmizdə bir neçə xanım sənətkar var ki, onları fədakarlıqlarına, işləmək ustalıqlarına, daxili zənginliyinə görə çox istəyirəm. Onlardan biri də Kəmalə Hüseynovadır. Aktrisa prosesdə çox ağır yükün altındadır: ikinci plan gerçəkliyində aktrisa bütün sətraltı mənaların fövqündədir. Üçüncü plan oyununa əsasən isə özününəzarəti də unutmur. Səhnənin bu iki vacib məqamını dərk edərək, səhnə çərçivəsində çapaladığını, qovrulduğunu bütün plastik imkanları ilə gerçəkləşdirir. Rejissor bütün tamaşanı plastika üstündə həll etmişdir. Kəmalə xanım hər bir fiziki gerçəkliyin öhdəsindən məharətlə gəlir. O, gah stullardan düzəldilmiş yamacda, gah quş kimi səkən – iplərlə havada uçuşu icra edən, gah da həm evi, həm məzarı, həm şəhvət otağı olan hərəkətli sandıq üstündə fikirlərinin plastik çözümünü icra edən bir aktrisa-ötürücü missiyası daşıyır. Həddən artıq fiziki və mənəvi hazırlıq tələb edən “Cəza” sanki Kəmalə xanımın cəzasına çevrilir: ağır mənəvi və fiziki yükü ilə. Aktrisa bütün bu gərginliyin öhdəsindən elə məharətlə gəlir ki, tamaşaçı heyrətlənir, onu sevir, alqışlayır. Və onun fonunda dramaturqu və quruluşçu rejissoru, bütövlükdə GTT-ni alqışlayır.
Kəmalə xanımın Qadınının özünü ittiham məqamları çox sərt, çox dəhşətlidir. Aktrisanın üz cizgilərində olan sözsüz əzablar, keşməkeşlərin, daxili sarsıntı izləri, titrək dodaqlarından öz məna çalarında səpələnən sözlər, titrəyən əllərinin anlam jestikulyasiyası özündən, əməllərindən bezmiş, istəklərinə ikrah hissi olan bir qadının bütün daxili çırpıntıları tamaşaçı ruhuna təsir edir. Belə ağır və kəskin dramaturji yük, yuxarıda qeyd etdiyimiz kimi, aktrisa tərəfindən məharətlə daşınır və o, obrazı sokral vəziyyətdə, obrazın ruhi dünyasına qovuşaraq yaradır. Eyni zamanda, obrazı katarsis halına salır.
Lakin bu katarsis vəziyyətinin özü bir şübhə altındadır. Qadın etirafları ilə daxili dünyasını təmizləyə və ya törətdiyi cinayətlərdən yaxasını qurtara bilərmi? İki körpə balasını şəhvani hissinə qurban verən belə ananın daxili təmizlənməsi nə qədər düzdür? Aktrisanın obraz təcəssümündə yaratdığını katarsis halına salması qəbul ediləndir ya yox? Əlbəttə, günahkar aktrisa deyil, o, obrazının öhdəsindən məharətlə gələrək bir parlaq ifa nümayiş etdirir. Qeyd etdiymiz kimi, Qadın-personaj üçün katarsis halının mümkünlüyü şübhə altındadır. Ümumiyyətlə, bağışlanan və bağışlanmaz günahlar var. İnsan özünün daxili iztirabları və həyati keşməkeşləri ilə bundan hansına nail olduğunu yalnız O (!) BİLİR! Bax, dramaturq da, bu baxımdan, ilk baxışda aydın görünən, əslində isə mətnaltı mənalarda gizlənən böyük sual işarəsi ilə obraz ömrünü tamamlayır: intihar, yoxsa yaşamaq? Dramaturq da, tamaşaçı da belə qadına nə haqq qazandıra, nə də ona konkret bir yol göstərə bilər: xəyanət edən qadın özünü intiharla günahlardan təmizləyə bilərmi? Yaşayarsa, bu yaşayışın insanlıq, bəşəriyyət, övladları üçün nə xeyri? Dramaturq haqlı olaraq, belə bir böyük sual işarəsini tamaşa içində gizlədir. Lakin ideyası isə safdır, çünki mənəvi saflığa səsləyir.
Yığcam dekorasiya (quruluşçu rəssam Elxan Sərxanoğlu, quruluş hissə müdiri Zəminə Elbirin xüsusi iştirakı və yardımı ilə), dramaturgiyaya köməkçi vasitə olan musiqi (musiqi tərbibatçısı Ağasəlim Feyzullayev), işıq rəssamının işıq quruluşu (işıq üzrə rəssam Vadim Kuskov), tryukları hazırlayan və hərəktli kürsünün idarə edilməsindəki dəqiqlik (mexaniki avadanlığın xidmət rəisi İsa Əsədov) səhnə məkanına gözəl tərzdə hopdurulmuşdur ki, bu da tamaşanın bədii dəyərini yüksəldir.
İstedad-duyum-ötürmə... Yaradıcı xanım üçlüyündə - dramaturq-rejissor-ifaçı - parlaq bir təcəssüm mənzərəsi yaradır. Onlar istedad xərclənməsi fəndgirliyinə söykəndiklərindən dramaturgiya və teatr məqsədi öz aliliyi ilə gerçəkləşir.
Rafiq Rəhimli,
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi-dram hissəsinin müdiri
Müəllifin digər yazıları
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açar...
Akademik Milli Dram Teatrı dekabr repertuarı
1 dekabr-“İblis və…”-H.Cavid-19:00
3 dekabr-“Pələng”(A.M.Şərifzadə səhnəsində) “Xeyir xəbər”Sumqayıt Dövlət Dram Teatrının tamaşası Bölgə teatrlar...
Tələsik addımlarla keçir günlərimiz.
Bəli... Həmin gün mən “Qadınım”ı izləməyə tələsirdim. İnsan belədir, hər an nə isə üçün tələsir və zamanın qamçısı altında əzilir. Sahib olduqlarının dəyərin...
Rusiya Dövlət Dumasının deputatları dövlət teatrlarında vahid qiymət sisteminin tətbiqi ilə bağlı təşəbbüslə çıxış ediblər. “İzvestiya” qəzeti onların Rusiyanın baş naziri Mixail Mişustinə göndərdiyi məktuba ist...
Ötən 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin /ADMİU/ 100-illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Bununla əlaqədar müxtəlif tədbirlər keçirildi, universitetin əməkdaşlarına fəxri a...
O gecədən bir neçə gün keçir. Amma mənə elə gəlir, sanki hər şey dünən olub; təəssüratlar o qədər zəngin, o qədər müxtəlifdir ki, sosial şəbəkələrdə ta indiyə kimi həmin gecə haqqında söz-söhbətlər səngimir...
Xəbər verildiyi kimi Nicat Mirzəzadə Füzuli Dövlət Dram Teatrına baş rejissor təyin edilib.
Qısa arayış: Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. 2008-ci ildə Azərbaycan Dövlət Mədəniyyət v...
Milli teatr düşüncəsindən Avropa teatr düşüncəsinə körpü salan, bununla da onların sintezinə nail olan çağdaş Azərbaycan teatrının görkəmli rejissoru Vaqif İbrahimoğlu ilə ilgili peşəkar düşüncəmdə ...
Tanınmış teatrşünas, yazıçı-jurnalist Yaqub Əlioğlu uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.
Yaqub Əlioğlu (Məmmədov) 1956-cı il avqustun 26-da Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1986-cı ildə M.Əliyev adı...
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.
Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi M...