Atalar sözüdür yaxşı qulaq as,
Aslanın erkəyi, dişisi olmaz!...
Tarixə nəzər salsaq, “Qadın” qədim Azərbaycan dastanlarında - “Koroğlu”da, “Kitabi Dədə Qorqud”da həmişə böyük fiqur kimi təcəssüm tapır. Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuş və müasir terminlə ifadə etməli olsaq, “aktivist” mövqe tutmuşdur.
XX əsr bütün dünyada qadınların rolunun cəmiyyətdə artması ilə yadda qalıb. Azərbaycan qadını istər Xalq Cümhuriyyəti dövründə, istərsə də sovet hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin, cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. İstər elm, istər incəsənət, istərsə də başqa sahələr olsun, qadın daim öz gücünü nümayiş etdirməyi bacarmışdır. 1923-cü ildə “Şərq qadını” jurnalının nəşrə başlaması və bu illər ərzində qurultayların keçirilməsi, dramaturgiyada “Od gəlini”, “Sevil”, “Almas”, Səməd Vurğunun “Aygün”, İlyas Əfəndiyevin “Xurşudbanu Natavan” və s . kimi əsərlərin yaranması, bilavasitə teatrda səhnələşdirilmiş tamaşalar “Qadın” mövqeyinin güclənməsinə işarədir. Bu dövrdə Qadın hökmünü, ədasını, incəliyini səhnəmizdə nümayiş etdirən görkəmli aktrisa Hökümə Qurbanova olmuşdur. Onun məşhur bir ifadəsi var: “mən aktrisa olmamışdan aktrisa olmuşam” (M. Məmmədov “Onun sənət ulduzu”). Milli teatr tariximizin salnaməsinə nəzər salmalı olsaq, onun həqiqət səhifələrindən birini Hökumə xanım doldurur. Ümumiyyətlə, insan yalnız sevdiyi sənətlə məşğul olduğu zaman ucala və tarixdə öz izini qoya bilər. Hökumə xanım üçün aktrisa olmaq bir etiqada çevrilmişdi.
Tanıdığı, öyrəndiyi fərqli, balaca və saf ruhlar onun ruhuna hopmuş və yaratdığı hər bir obrazda yenidən canlanmışdır. Hər şeydən öncə “insan ruhunu axtarmaq” və bu yolda müxtəlif ruhlar aləminə səyahət etmək onun axtarışlarını nəticəsiz qoymamışdır. Mahir kino və teatr aktrisası kimi şöhrətlənən Hökümə Qurbanova teatr məkanında neçə-neçə bənzərsiz obrazlar yaratmışdır: Kleopatra, Janna d`Ark, Hermiona, Valentina, Oliviya, Nataşa, Yeva Qrant, Vasantasena, Amanda, Valya, Zina, Janina… və s.
Səhnəmizin kraliçası hesab olunur Hökumə Qurbanova. Adından da bəlli olduğu kimi, “hökm” bu aktrisanın özünə və ətrafına qarşı münasibətinin əsasını təşkil edir.“Hökm etmək”, “hökmlü olmaq” Hökumə Qurbanovanın sənət və həyat xüsusiyyəti idi... İpək kimi zərif, şimşəktək şaqraq, hökmlü səs, nəcib əda mücəssəməsi - Hökumə Qurbanova! H.Qurbanova böyük bəstəkarımız Müslüm Maqomayevin doğma bacısı Məlikət Maqomayevanın övladı olub və bu da hökmlü səsin qaynağının göstəricidir. Bu səsdə hökmlə bərabər əzəmət də vardı. Onun ən çox sevilən monoloqlarından birində - “Hanı, gəlsin qoy ölüm!” (V.Şekspir “Qış nağılı”) - bu səs öz hökmünü nümayiş etdirir.
H.Qurbanovanın iri, qara gözləri və pərişan baxışları tamaşaçı qəlbinə yol tapmağı bacarırdı. Hökümə Qurbanovanın ifadəli və dərin baxışları vardı. Elə vaxt olurdu ki, biz bu baxışlarda qayğıkeş ana obrazını, bəzən də şıltaq gənc bir qızı, yaxud mərd və cəsur olan baxışları ilə insanın ruhunu titrədən türk qadınını görürdük. O, səhnədə Xurşudbanu Natavanın, Solmazın (Cəfər Cabbarlı “Od gəlini”), Həcərin (S. Rüstəm “Qaçaq Nəbi”) və b. türk qadınlarının ruhunu daşıyırdı içində və bu ruh hər dəfəsində zənginləşirdi.
O heykəl kimi baxdıqca insandan düşünməyi tələb edirdi, başının kiçik bir hərəkəti gərgin bir səhnənin doğurduğu həyəcan kimi əks-səda yaradırdı. Deyilənə görə, “aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi “donub” qala bilirdi (məsələn, V.Şekspirin “Qış nağılı”nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla “doldururdu”. H.Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik vəhdətdə, bir estetik prinsipdə təqdim edən ilk aktrisadır.
Hökümə Qurbanova istedadı ilə bərabər erudisiyası ilə də seçilirdi. Rejissorlar da bunu sezmişdilər. Hökümə Qurbanova müsahibələrin birində mürəkkəb xarakterə malik rejissor Adil İsgəndərov haqqında deyirdi: “Xasiyyətindəki sərtliyə baxmayaraq, Adil İsgəndərovla işləmək asan idi. Onu yarı sözündən, bəzən sözsüz də başa düşmək olurdu. Adil İsgəndərov qurduğu səhnənin məğzini yaxşı duyduğu üçün məşq vaxtı ifaçı vəziyyətində, əhvalında olurdu. O, təbii mizanları xoşlayırdı. Fikirləri həmişə onun davranışında, baxışında, mimikasında, jestlərində oxuya bilirdik”. Düzünü desəm, Hökumə xanımla da hər rejissor işləməyi bacarmazdı. Məhz korifeylərin (Tofiq Kazımov, Adil İsgəndərov, Mehdi Məmmədov və b.) aktyoru hesab olunurdu Hökumə Qurbanova. Onun yaradıcılığında özündən əvvəl heç vaxt oynanmamış və əvvəllər peşəkar aktrisaların oynadığı tamaşalar vardı. Hökumə Qurbanovanın ifaçılıq texnikasına xas xüsusiyyətlərdən birini özü dialoqlarından birində qeyd etmişdir “…işin başlanğıcında onun “rejissor planı” ilə tanış olmağı vacib hesab edirəm…” Amma Hökumə Qurbanovanın özünəməxsus ifa və yozum tərzi vardı .V.Hüqonun “Qanlı kraliça”sında Mariya Tüdor, M.İbrahimovun “Kəndçi qız”ında da Bənövşə, H.Cavidin“Səyavuş”unda Südabə ondan əvvəl də Azərbaycan səhnəsində böyük aktrisalar tərəfindən dəfələrlə ifa edilmişdir. Südabəni Hökumə Qurbanovadan əvvəl Mərziyyə Davudova canlandırmışdır, amma Süsən səhnəmizə fərqli xarakteri ilə seçilən bir qadın kimi məhz Hökümə Qurbanovanın ifasında çıxmışdır. “Qanlı kraliça”da C.Cəfərovun qeyd etdiyi kimi “…Tüdor simasında o, eyni zamanda həm böyük bir kraliça, həm də bir qadın göstərmək istəmişdir…” (1962-ci il Kommunist” qəzeti).
“Vəfa” tamaşasında ön və və arxa cəbhədə cərəyan edən hadisələrin fonunda Bahadır ilə Vəfanın obrazı qabarıq göstərilmişdi. Bunu da deyək ki, Hökumə Qurbanova ilk dəfə idi ki, baş rolda çıxış edirdi. Bu cəhətə diqqət yetirən Əziz Şərif yazmışdı ki, “tamaşada ən mürəkkəb, ən çətin vəzifə bizim gözümüzün qabağında belə sürətlə inkişaf edən gənc aktrisa Hökümə Qurbanovanın payına düşmüşdü”. Tamaşaçı onun simasında “gənc Azərbaycan qızlarının ən yaxşı xüsusiyyətlərini əxlaq, ismət və gözəlliyi, işə, sevgiyə və dostluğa sədaqətini görə bilirdi”. Vəfanın ləyaqətini, onun mübariz keyfıyyətlərini, qəhrəmanlığını ön plana çəkməyi bacarmışdı aktrisa. Çünki bu keyfiyyətlər bilavasitə onun özündən idi. Ona yad deyildi …
1956-cı il oktyabrın 13-də ilk tamaşası göstərilən “Şeyx Sənan” (qur. rej. A.İsgəndərov və Ə.Şərifov, rəssam N.Fətullayev və F.Axundov) gözlənilən nəticəni verməsə də, Hökümə Qurbanova Xumar rolunda öz istedadı ilə seçilmişdir. Professor İlham Rəhimli bu tamaşa haqqında “Azərbaycanın teatr tarixi” adlı kitabında yazır: “...R.Əfqanlı Şeyx Sənan obrazının təkamülünü göstərə bilmirdi. Lakin H.Qurbanovanın - Xumarın iştirak etdiyi səhnələr tamaşanın ən maraqlı və dəyərli səhnələrindən idi. Xumarın təbiəti ilə mühit arasında olan barışmaz cəhətləri aydın şəkildə nəzərə çatdıran H.Qurbanovanın şən, oynaq hərəkətləri, gülüşü, şux yerişi obrazın təbiətinə tamamilə uyğun idi. Şeyx Sənanla görüş səhnəsində məhəbbət sevincini duyduğundan özünü xoşbəxt sanan Xumar – H.Qurbanova daha zərif və füsunkar görünürdü”. Bundan əvvəl eyni tamaşada Tamaranı ifa etmiş və bu rolda qadın zərifliyi, gözəlliyi ilə kişi mətanətini, mərdliyini məharətlə sintez etməyi bacarmışdı.
“Bəzi alarmist aktrisalardan fərqli olaraq, Hökümə Qurbanova sayca az çıxışları, əvvəla yaşama keyfiyyətlərinə görə qatılaşdırır və konsentrant kəsifliyi ilə ifa edirdi” (T.Əyyubov “Hökümə Qurbanova”). Onun səsi günahsız Susəndən qanlı kraliçaya doğru təkamül edirdi. Bu səda basdırılmağa cəhd edilmiş bütün “Qadın”ların - bütün gənc qızların, Sevillərin, Almazların, anaların və b. sədası olurdu. Onun haqqında “çağlar temperament”, “coşğun emosiya”, “musiqili ritm-tonallıq”, “hayqırtılı ehtiras”, “romantik, lirik-dramatik səs” kimi epitetlər daha çox işlədilib. Tənqidi yazılarda bu da vurğulanır ki, Hökumə Qurbanova bütün sənət ömründə dramaturji material düzənindən, rejissura yozum-mizanından kənara çıxıb və obrazları öz interpretasiyası ilə ifa edib. Bunu müsbət bir hal kimi qiymətləndirənlər də olub, mənfi bir hal kimi tənqid edənlər də.
Cakondanın gizli təbəssümü yatırdı Hökumənin gülüşündə. Bəzən bütün zalı lərzəyə salacaq qədər qüdrətli, bəzən heç kimin sezməyəcəyi qədər gizli. Amma bu gülüşü sezə biləcək tək bir insan vardı – Azərbaycan Dövlət Dram Teatrının məşhur aktyoru Ələsgər Ələkbərov! Mehdi Məmmədovla dialoqlarından birində Hökümə xanım deyirdi: “…Qoyun indi bir sirri açım - əlbəttə Ələsgərin həvəsinə gedirdim. Getdim. Gördüm. Sevindim. Onu bir aktyor kimi də xoşladım, daha artıq sevdim…” Bu evlilikdən onların Nərgiz adlı qızları dünyaya gəlir. Amma bu evliliyin ömrü uzun olmur. Necə deyərlər, “iki qoçun başı bir qazanda qaynamaz…!” Güclü qadınlar müxtəlifdir, amma onların bir ümumi tərəfi var, özlərinə bab adam tapa bilmirlər. Çünki öz mənəvi güclərini həyat yolunda dəmir kimi döyəclənərək bərkidiblər. Həmin bu keyfiyyətə malik kişiyə onlar layiqli dəyərini verə bilərlər. Amma beləsini tapınca ömür-gün gedir, bəzən alınmır… Həm də Hökümə xanım Ələsgər Ələkbərovu aktyor olaraq sevirdi və məncə, bu sevgi aktyorun sənətinə “pərəstiş”dən ibarət idi…
Həmin dövrlərdə Azərbaycan teatrı öz tamaşaçılarını A.P.Çexovun “Vanya dayı” və V.Şekspirin “Qış nağılı” ilə tanış etmişdi. Hökümə Qurbanova Yelena Andreyevna obrazı haqqında deyirdi: “Bu rolun daxilini, ruhunu bütün incəliklərinə qədər tamaşaçılara çatdırmağı bacarsam, özümü xoşbəxt hesab edərəm”. Kimliyindən, milliyyətindən asılı olmayaraq, o bütün qadın obrazlarının daxili aləmini, ruhunu duya bilirdi. Tamaşaçının diqqətini cəlb edə bilməkdən ötrü qara gözlərini onların üstündə gəzdirərdi. Ələsgər Şərifovun rejissorluğu ilə səhnələşdirilmiş “Qış nağılı” tamaşasından bir monoloqu xatırlayıram;
Bu hədələr neçindir? Heçdir gözümdə aləm!
Dediyiniz cəzanın çoxdan həsrətindəyəm.
M.İbrahimov 20 illik fasilədən sonra “Kəndçi qızı” komediyası ilə teatra dönmüşdü. Əsərin olduqca maraqlı süjeti var idi. Onun əsasında kəndçi qızının obrazı dururdu. Xalq artisti H.Qurbanova həm əsərdəki hadisələrlə əlaqədar olaraq sadəlövh kəndçi qızı Bənövşə rolunu, həm də həkim Nərgizi canlandırırdı. O, obrazların yalnız xarici xüsusiyyətlərini deyil, daxili aləmlərini də düzgün nümayiş etdirirdi. Yaşamağın mənasını namuslu əməkdə görən, təmiz bir məhəbbətlə sevməyi bacaran Bənövşə və Bənövşənin “şəhərli qız” versiyası olan savadlı Nərgiz, üst-başını bəzəyən, zəhmət adamlarını bəyənməyən Vahid Səfai kimilərdən qat-qat yüksəkdə durur. Nərgiz ( Hökümə Qurbanova) Vahid Səfaiyə deyir: “Doğrudan da, Bənövşə sizin tayınız deyil!” Burada iki fərqli xarakteri canlandıran aktrisa səhnədə dissosiativ pozuntusu olan insanlar kimi görünürdü. Bir-birinə zidd cizgiləri vəhdət halında ifadə etmiş və obraz içində obraz yaratmışdır.
Tələt Əyyubovun Hökümə Qurbanova haqqında dediyi bu fikirlə razı deyiləm “Rejissorlarımız Hökümə Qurbanovanın yaradıcılığını düzgün təyin etdilər, onun təbiətinə zidd rollar vermədilər. Hökumə Qurbanovaya elə rollar verilirdi ki, aktrisamız bütün potensial qüvvətini tamaşaçılara bildirirdi”. Amma belə bir reallıq var ki, Hökumə Qurbanova demək olar ki, səhnədə bütün fərqli xarakterlərə malik obrazları yaratmağı bacarmışdır, onun qəlibləri yox idi və burada o rejissorlara yuxarda qeyd etdiyim kimi, bədii yozumunu məsləhət görürdü.
Hökümə Qurbanova neçə-neçə kraliça rolları da yaradıb. 1964-cü ilə rejissor Tofiq Kazımovun quruluşunda səhnəyə qoyulan “Antoni və Kleopatra” tamaşasında Kleopatra rolu onun yaradıcılığında zirvə hesab olunur. Çünki Kleopatra Höküməyə yaraşırdı… Onu daşımağı bacarırdı… Səhnəyə gəlişi ilə şux yerişindən səhnədəkinin Hökumə Qurbanova olduğunu sezməmək mümkün deyildi.
Artıq səhnədə Hökümə Qurbanova öz reputasiyasını qazanmışdı. Şux yerişli Kleopatranı, ləyaqətli Vəfanı, Yelenanı, Hermionanı, özünə inamlı Nərgizi, saf Bənövşəni, Almazı, Maralı, fədakar Gülbaharı, Tamaranı və s. Hökumə Qurbanova ifasında görən tamaşaçı qarşısında heç bir aktrisa yenidən oynaya bilməzdi . Çünki onlar bu tilsimi, sehri qıra bilməyəcəkdilər. Bir səhnə meydanında, yalnızca bir Hökmlü qadına yer var. Hökumə Qurbanova sənət yoldaşları ilə münasibətdə də öz prinsiplərindən keçməzdi. Onun tərəf-müqabilləri: Hamlet Xanızadə, Ələsgər Ələkbərov, Hacı İsmayılov, Mərziyyə Davudova, Barat Şəkinskaya, Əli Sultanov, Leyla Bədirbəyli, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Rza Əfqanlı və b. hər biri sənət dünyasında öz sözünü demiş sənətkarlar olmuşlar. O, Nəcibə Məlikova ilə küsülü olsa da, “Ögey ana” filmində onun oynadığı obrazı səsləndirməyə razı olub. Həmçinin Ofeliya Abbaszadə ilə aralarındakı münasibət də elə yaxşı olmayıb. Buna baxmayaraq o, sənət etikasını heç vaxt pozmazdı. Çünki onun üçün səhnə elə bir məkan idi ki, o bu məkanı heç vaxt öz şəxsi mənafeyinə qurban verməzdi. Səhnə onun üçün dost, yaxud düşmən barındıracağı yer deyildi, səhnə onun üçün sakral və müqəddəs məkan idi. O, burada türk qadınının ruhunu yaşadırdı və bu ruh kirlənə bilməzdi. O öz Vəfasına, Solmazına, Natəvanına, Həcərinə xəyanət edə bilməzdi.
Hökumə Qurbanova Güclü və inadkar qadın… hökmlü səs… ləyaqətli insan… ifadəli və dərin baxışlar… ustadı kimi yadda qalan sənət korifeylərimizdəndir.
Müəllifin digər yazıları
Dairələrə gündəlik həyatımızda tez-tez rast gəlirik. Biz bu elementar formaların uzaq planetlərdə və ulduzlarda şahidi ola bilərik; kurqanlar, kraterlər və kiçik göllər kimi torpaq birləşmələrində; ağac və bitki gövdələrin...
Kimyəvi reaksiyadakı sürəti artıran və işini bitirdikdən sonra heç bir dəyişikliyə məruz qalmayan maddələrə “katalizator” adı verilir. Maddə terminini bir kənara qoysaq, bu proses bizə çox tanışdır. “İşini bitirdi...
Festival nədir? Azərbaycan dilli elektron resurslar deyir ki, festival [fr. festival – bayram] incəsənətin hər hansı növünü nümayiş etdirən ictimai bayramdır. Bəs, onda niyə bayram yox, festival deyirik? Məncə, festival bir ...
Atalar sözüdür yaxşı qulaq as,
Aslanın erkəyi, dişisi olmaz!...
İnsanın özünü axtarması, bir dəfə baş vermiş hadisə kimi yox, hər zaman sonsuz və davamlı olan dinamik hərəkət kimi görünür. ...
E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda üç-dörd dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəl...
Qəhrəman deyəndə ilkin olaraq ağlımıza fədakar, cəsur, estetik cəhətdən görkəmli, real həyatda gördüyümüz insanlara bənzəməyən, yaşadığı mühiti dəyişə biləcək gücə qadir bir obraz canlanır. Bu tip obrazlar &cc...
İnsan bu dünyaya əcdadının günahını yumağa gəlir.
Artur Şopenhauer
Tanrı insanı yaratdı, yoxsa insan Tanrını? Qədimdən bəri bir çox filosofları düşündürən və mübahisələrə səbəb olan suallardan biridir və fərql...
Əgər teatr sənətiylə tanışsınızsa, çox güman ki, komediya və faciənin ikonik maskaları ilə tanışsınız. Onların haradan gəldiyini bilirsinizmi? Ədəbiyyatda, teatrda və mahnıda ziddiyyətli mövzuların simvolu olan bu maskalar iki Yunan ...
Hər bir aktyorun öz yaradıcılıq yolu var və bu yolda hər aktyor özünəməxsus cığır açır. Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji aktyor məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi və faciə rolları...
Semuel Bekketin “Qodonun intizarında” pyesini Erik Bentlinin dili ilə anti-pyes adlandırmaq olar. Bu pyesə “absurd dramı” da deyirlər. “Qodonun intizarında” pyesi XX əsrin II yarısında yazılmış ən orjinal dramatik ...