TEATRO

TEATRO

sənət portalı

post-title

“PİLLƏ” Tələbə Tamaşaları Festivalı başa çatıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində keçirilən “PİLLƏ” Tələbə Tamaşaları Festivalı başa çatıb.

İyunun 25-də baş tutan bağlanış mərasimində universitet rəhbərliyi, tanınmış incəsənət xadimləri, professor-müəllim heyəti, tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova bu festivalı universitetin həyatında önəmli hadisə adlandırıb. C.Mahmudova festivalın müəllimlərə deyil, tələbələrə yönəldildiyini və burada yalnız tələbələrin işinin qiymətləndirildiyini bildirib. Festivalda iştirak edən IV kurs tələbələrinin artıq məzun olmağa hazırlaşdıqlarını deyən rektor onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra festivalın təşkilatçıları və münsiflər heyətinin üzvləri - teatrşünas Elçin Cəfərov, professorlar Aydın Talıbzadə, Məryəm Əlizadə çıxış edərək festivalla bağlı fikirlərini bölüşüblər. 

Qeyd olunub ki, festivalda ADMİU-nun Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən 30-dan çox tamaşa içərisindən seçilmiş doqquz diplom və kurs tamaşası nümayiş olunub. Həmçinin, hər günün sonunda həmin gün nümayiş olunan səhnə əsərləri tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupu tərəfindən müzakirə edilib.

Bildirilib ki, universitetin 100 illik yubileyi ərəfəsində keçirilən “Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə təşviqi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi başlayıb. Festivalın qalibləri peşəkar teatrşünasların, tənqidçilərin iştirakı və münsifliyilə müəyyənləşdirilib.

Festivalın nəticələrinə görə:

Ən yaxşı tamaşa - N.V.Qoqol "Müfəttiş" – Teatr sənəti fakültəsi, III kurs, Kurs rəhbəri Xalq artisti Vidadi Həsənov; 

Ən yaxşı kişi rolu nominasiyası üzrə mükafat - "İnişmaandan gələn şikəst" tamaşasında şikəst Billi roluna görə - Teatr sənəti fakültəsi, IV kurs tələbəsi - Ülvi Haşımov;  

Ən yaxşı qadın rolu nominasiyası üzrə mükafat - "Adsız ulduz" tamaşasında Madmazel Kuku roluna görə - Sabah qrupları, IV kurs tələbəsi- Şəhanə Rzayeva; 

Gənc ekspertlərin mükafatı - J.B.Molyer "Jorj Danden, yaxud aldadılmış ər" - Teatr sənəti fakültəsi, II kurs, rus bölməsi, Kurs rəhbəri Ruslan İsmayılov seçiliblər.

Gənc ekspertlər qrupuna müxtəlif kurslardan seçilmiş teatrşünas tələbələrdən Qönçə Firudinli, Suray Ömərova, Səbinə Zeynalova, Səbuhi Ağayev, Fatimə Qurbanzadə, Minaxanım Qurbanova, Aynur Əskərli, Nailə Qasımova, Tağilə Mehtiyeva, Kənan Balakişiyev daxildir.

 

Load Time (S) : 0.005633