TEATRO

TEATRO

sənət portalı

post-title

Peter Sellarsın 27 mart (2022) - Beynəlxalq Teatr Günü ilə bağlı müraciəti

Bu gün Beynəlxalq Teatr Günüdür. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə görə, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar. 

Bu ənənəni davam etdirən Beynəlxalq Teatr İnstitutu hər il mart ayının 27-də müxtəlif ölkələrdən olan bir görkəmli teatr xadiminin müraciətini yayımlayır. 2022-ci ildə Beynəlxalq Teatr İnstitutunun rəsmi saytında Amerika sənətçisi Piter Sellarsın müracəti dərc edilib. TeatrO.az sənət portalı Piter Sellars haqqında qısa informasiyanı və onun cəmiyyətə ünvanladığı müraciətin mətnini diqqətinizə təqdim edir.

Piter Sellars, ABŞ.
Teatr, opera və festival rejissoru

Peter Sellars ABŞ-nin Pensilvaniya ştatının Pittsburq şəhərində dünayaya gəlmiş teatr, opera və festival rejissorudur. O, klassikanın köklü və transformativ interpretasiyası, XX əsr musiqisinin və çağdaş musiqinin təbliği, yaradıcı və ifaçı sənətçilərlə birgə həyata keçirilən ekstraordinar layihələrlə beynəlxalq şöhrət qazanmışdır. Onun gördüyü işlər incəsənətin gücünü mənəvi ifadə və sosial fəaliyyət vasitələri kimi təqdim edir.  O, Holland Milli Operası, İngilis Milli Operası, Festival d'Aix-en-Provence, Çikaqo Lirik Operası, Paris Milli Operası, Salzburq Festivalı və s. teatrlarda opera tamaşaları hazırlayıb.

Sellars “Nikson Çində” (Nixon in China), “Klinqhoferin ölümü” (The Death of Klinghoffer), “Oğlan” (El Niño), “Doktor Atom” (Doctor Atomic), “Başqa Məryəm və Qızıl Qərbin Qızlarına görə İncil” (The Gospel According to the Other Mary and The Girls of the Golden West) kimi əsərlərin yaradılmasında bəstəkar Con Adams ilə əməkdaşlıq edib. Kayya Sariahonun (Kaija Saariaho) bəstələrindən ilhamlanaraq, müasir operanın repertuarını genişləndirən “Uzaqdan sevgi” (L’Amour de loin), “Adriana Mater”, “Yalnız səs qalır” (Only the Sound Remains) kimi əsərlərin yaradılmasına rəhbərlik edib.

Son (pandemiyadan əvvəlki) layihələrinə misal olaraq, Santa Fe Operasında “Doktor Atom”un yeni quruluşu, Payız festivalı (D'Automne Festivalı, Paris) üçün Klod Vivyerin “Kopernik” əsərinin səhnələşdirilməsi və Salzburq festivalı üçün Mosartın “İdomeneo” əsərinin tamaşasını göstərmək olar.

2020-ci ilin sonlarında “Vimalakirti Sutra” mətnindən ilhamlanaraq qlobal pandemiyaya cavab kimi “Bu vücud əbədi deyil” (“This body is so impermanent”) filmini çəkib.

Sellarsın gələcək layihələrinə Sequentia Ansamblının yaradıcısı, musiqişünas Benjamin Baqbi ilə birgə “Roman du Favel” poemasının səhnələşdirilməsi; özünün məşhur “Tristan və İzolda” tamaşasının bərpası daxildir. Onun rəssam Bill Viola tərəfindən yaradılmış transendent videoqrafiya ilə işıqlandırılmış və dərinləşdirilmişdir  hekayəsi, “Qara Mirvari” (Perle Noire), Jozefina üçün meditasiyalar, bəstəkar və multinstrumentalist Tişon Soreyin (Tyshawn Sorey) musiqisi ilə misilsiz vokalist Culiya Bullokun ifasında təqdim edilir.  

Sellars 1990 və 1993-cü illərdə Los Angeles Festivalları və 2002-ci ildə Adelaide İncəsənət Festivalı da daxil olmaqla bir neçə böyük sənət festivalına rəhbərlik edib. 2006-cı ildə Vyanada keçirilən  “New Crowned Hope” festivalının bədii rəhbəri olub və bu festivala Mosartın 250 illiyini qeyd etmək üçün musiqi, teatr, rəqs, kino, təsviri sənət və memarlıq sahələrində yeni əsərlər yaratmaq üçün müxtəlif mədəniyyətlərə mənsub sənətçiləri dəvət edib. 2016-cı ildə Ojai Musiqi Festivalının musiqi direktoru vəzifəsində çalışıb.

Sellars Los-Ancelesin Kaliforniya Universitetində (UCLA) Dünya İncəsənəti və Mədəniyyətləri Kafedrasının fəxri professoru, UCLA-da Boethius İnstitutunun təsisçi direktoru, Telluride Film Festivalının daimi kuratoru və “Rolex Arts Initiative” proqramının mentoru olub. O, MacArthur Təqaüdünün, Avropa mədəniyyətinə verdiyi töhfələrə görə Erasmus mükafatının, Gish mükafatının laureatı, Amerika İncəsənət və Elmlər Akademiyasının üzvüdür. Prestijli Polar Musiqi Mükafatına layiq görülüb və Musical America tərəfindən “ilin sənətçisi” seçilib.

 

Beynəlxalq Teatr İnstitutu
Peter Sellarsın Beynəlxalq Teatr Günü ilə bağlı müraciəti, 27 mart 2022-ci il. 

 
Əziz dostlar,

Dünya saatbasaat, dəqiqəbədəqiqə xəbər reportajlarının gündəlik lentindən asılıb qaldığı bir vaxtda hamımızı – bütün yaradıcı insanları epik zamanın, epik dəyişikliyin, epik şüurun, epik fikrin, epik baxışın müvafiq əhatə dairəsinə, sferasına dəvət edə bilərəmmi? Biz bəşər tarixinin epik dövründə yaşayırıq və insanların özlərinə, bir-birilərinə və dünyaya münasibətlərində baş verən dərin və ardıcıl dəyişikliklər, demək olar ki, bizim qavrama, dilə gətirmə və ifadə etmə qabiliyyətimizdən kənardadır.  

Biz 24 saatlıq xəbər dövriyyəsində yaşamırıq, biz zamanın son həddində yaşayırıq. Qəzetlər və media tamamilə acizdir və yaşadıqlarımızı ifadə etməyə qadir deyil. 

Hansı dil, hansı əməllər və obrazlar bizə bu gün yaşadığımız təlatümləri və parçalanmaları anlamaq üçün imkan yarada bilər? Və biz həyatımızdakı yaşantıların mənasını reportaj kimi yox, olduğu kimi necə ifadə edə bilərik?
Teatr yaşamın bədii formasıdır.

Ucsuz-bucaqsız mətbuat kampaniyalarının, saxta təcrübələrin, dəhşətli proqnozlaşdırmaların məngənəsində boğulan dünyada rəqəmləri sonsuz təkrarlamaqdan qurtularaq birgə həyatın, vahid ekosistemin, dostluğun müqəddəsliyini və hüdudsuzluğunu, naməlum səmadakı işığın keyfiyyətini hiss etmək həddinə necə çata bilərik?

Covid-19 iki il insanların hisslərini dumanlandırdı, ömürlərini qısaltdı, əlaqələrini qırdı və bizi insan yaşamının dibinə yuvarlatdı.  

Bu illər ərzində hansı toxumları əkməyə, yaxud yenidən becərməyə ehtiyac var və hansı həddən artıq böyümüş yabanı növləri tam və birdəfəlik kökündən qoparmaq lazımdır? Nə qədər insan son həddə çatıb. İrrasional və gözlənilməz şəkildə nə qədər zorakılıq törədilir. Nə qədər oturuşmuş sistemlər davamlı qəddarlıq törədən strukturlar kimi üzə çıxıb.

Hanı bizim anım mərasimlərimiz? Biz nəyi xatırlamalıyıq? Əvvəllər heç vaxt atmadığımız addımları yoxlamağa və yenidən anlamağa imkan verən ayinlər hansılardır?

Epik baxış, məqsəd, bərpa, sağalma və qayğı teatrının yeni rituallara ehtiyacı var. Biz əylənməyə ehtiyac duymuruq. Bizim cəm olmağa ehtiyacımız var. Vahid məkanı bölüşməyə və həmin ümumi məkanı yaratmağa ehtiyac duyuruq. Bizim təhlükəsiz məkana, diqqətlə dinlənməyə və bərabərliyə ehtiyacımız var. 

Teatr - Yer üzündə insanlar, tanrılar, bitkilər, heyvanlar, yağış damcıları, göz yaşları arasında bərabərlik və yeni həyat məkanı yaratmaqdır. Bərabərlik və qarşılıqlı anlaşma məkanı daxili gözəllik vasitəsilə yaradılır, təhlükə, təvazökarlq, müdriklik, fəaliyyət və dözümün qarşılıqlı təsiri ilə qorunur.

Avatamsaka Sutrada Budda insan həyatında böyük səbrin 10 növünü sadalayır. Onların ən önəmlilərindən biri “hər şeyi xəyal kimi qavramaq səbri”dir. Teatr həmişə bu dünyadakı həyatı ilğım kimi təqdim edir ki, bu da bizə illüziyalardan, aldanışlardan, görməzlik və inkardan keçərək, aydınlıq və qüvvə əldə etməyə imkan verir.

Biz öz baxdığımızdan və baxış bucağımızdan o qədər əminik ki, alternativ reallıqları, yeni imkanları, fərqli yanaşmaları, gizli münasibətləri, zamanın hüdudlarından kənar əlaqələri görmək və duymaq qabiliyyətinə malik deyilik.

İndi təfəkkürümüzü, hisslərimizi, təxəyyülümüzü, keçmişimizi və gələcəyimizi kökündən dəyişmək  vaxtıdır. Bunu təcrid olunmuş, təkbaşına işləyən adamlar edə bilməz. Bu işi biz birgə görməliyik. Teatr - bunu birgə etməyə dəvətdir.

Sizə zəhmətinizə görə dərin təşəkkürümü bildirirəm.
Piter Sellars

Tərcümə edən Elçin Cəfərov, Tərlan Rəsulov, Minaxanım Qurbanova 
 

Load Time (S) : 0.006211