TEATRO

TEATRO

sənət portalı

post-title

Oskar Yelinek (Avstriya) - AKTYOR

Gənc aktyor Ernst Lüdviq anasının ağır xəstəliyi barədə teleqramı təzə rolun mətni ilə eyni vaxtda aldı; mətni və teatrın ünvanına göndərilən teleqramı ona kuryer təqdim eləmişdi. 

Lüdviq çox da ləngimədi, elə axşam qatarı ilə yola düşdü. Ancaq getməzdən qabaqkı bir neçə saatı teatrda keçirməli oldu: direktordan icazə istədi, kostyumunu qaydaya saldı,  tanınmış həmkarı Lavini tapıb, birgə yoxlama məşqini ayrı vaxtda keçirmək barədə onunla razılığa gəldi. Direktorun qərar verməsi bir qədər çəkdi və bu müddətdəLüdviq təzə pyesin mətninə ötəri də olsa, nəzər saldı. Sonra isə aydın məsələdir ki, qayğıkeş sorğular hədəfinə çevrildi...

Ancaq o, nə əlavə eləyə bilərdi ki? Yeznəsinin göndərdiyi teleqram özlüyündə kifayət deyildimi: “Anan ağır xəstədir, özünü yetir”.

Ernst Lüdviq teleqramın aşıladığı ağır təəssürat altında qalan işlərini də tələsik, başdansovdu görüb, fikri dağınıq halda yola düşdü. Bir neçə saatdan sonra qatar onu əyalət şəhərinə - doğma vətəninə yetirəcəkdi. Ernst yol uzunu anasına hansı bədbəxtliyin ürcah ola biləcəyi barədə düşünsə də, bir şey çıxmırıdı və dağınıq fikirləri təzədən öz adi, maraqsız günlərinə qayıdırdı: bu yeknəsəq günlərdən onu məhz bugünkü teleqram ayırmışdı. 

Ernst anasını çox istəyirdi. Atası erkən öldüyündən, onu anası böyütmüşdü və düz yeddi il idi ki, Ernst Lüdviq aktyorluqla məşğul olurdu; indi də bu yeddi ilin anasına yalnız qüssə və məyusluq gətirdiyini düşünüb əzəb çəkirdi. Şöhrət! Bu, yeganə məlhəm idi ki, anasının bütün həyəcanlarını biryolluq yox etsin,  di gəl ki, şöhrət onu yuxuda da tapmırdı. Düzdür, əyalət teatrında bur neçə il qabıq qoyandan sonra müqavilə ilə Vyana teatrında işə düzələ bilmişdi, ancaq Ernst burda yalnız xırda rollar oynayır, anasını öyündürə bilmirdi. Hər dəfə anası ilə görüşəndə, Ernst onu inandırmaq istəyirdi ki, aktyorluq sənəti başqa sənətlərdən heç də pis deyil və anası çox nahaq yerə bütün bunları ürəyinə salır; di gəl, arvad ipə-sapa yatmır, oğlunun sözlərini yarımçıq kəsib, keçmiş aktyorların taleyini misal çəkirdi. Ernst də and-aman eləyib anasını zorla inandırmağa çalışırdı ki, başqa sahələrdə ömürlük bədbəxt ola bilər. Və həqiqətən də ümidini itirmrdi: günlərin bir günü o nəinki anasına, həm də bütün dünyaya adi adam olmadığını sübut edəcək, nəyə qadir olduğunu göstərəcəkdi. Elə ona görə də verilən hər hansı rolu çılğın bir ümidlə, sonsuz bir həyəcanla qəbul edirdi. Bu gün də yola çıxmazdan qabaq təzəcə aldığı mətnə əlüstü göz yetirmişdi: “Romeo və Cülyetta”da qraf Parisin rolu. Əsəri oxumuşdu, anaq rolu bir o qədər əhəmiyyətli saymırdı.

Qatar doğma şəhərə çatanda hava artıq qaralmışdı. Əsl qorxunu da Ernst elə qatardan düşən kimi hiss elədi: bir-birinin əlini sıxandan sonra yeznəsi anasının öldüyünü ona dedi. Ernst qışqırdı. Yarıqaranlıq küçə ilə evə sarı addımlayarkən qulaqlarında hələ də öz çığırtısı səslənirdi: elə ötən məşqdəcə rejissor onu məhz səsinin bu cür bərk çıxması üzündən danlamamışdımı? Şlyapasını çıxarıb əli ilə alnının tərini sildi, daxilində nəsə xoşagəlməs bir hiss, bir heyrət duydu. Amma əlbəttə ki, bütün günahlar həmin repetitsiyanı xatırladan yarıqaranlıq küçədə idi...

Bu da ona uşaqlıqdan tanış olan doğma ev. Bura anasının qonaq otağı olsa da, Ernst həmişə bu otaqda işləyərdi. İçəri qorxa-qorxa keçdi, qorxu isə əslində bitmişdi. Ağlamaqdan gözləri şişib qızarmış bacısı isə onu görcək irəli yeridi, bir-birinə sarıldılar.

Çarpayı camaxatanda qoyulmuşdu. O, pərdəni çəkib anasının işığa qərq olmuş arıq əlinə baxdı. Sonra çarpayının qırağında diz çökərək, anasının əllərini qaldırıb öpdü. Alnını çarpayının taxtasına söykədi. O, nədənsə öz hərəkətlərinə nəzarət edir, kürəyində isə adamların həris baxışlarını duyurdu. Eyni zamanda, bu hissdən qurtulmaq, özünü büsbütün anasına həsr etmək istəyirdi. Ancaq oynadığı  saysız rolların təəssüratı – cənazə qarşısında, çarpayı önündə “səssiz ehtiramla”, “dərin sükutla” diz çökdüyü anlar onu rahat buraxmır, öz hökmündə saxlayırdı. Bəli, hansı pyesdəsə vəziyyət eynən bu cür idi: aktyor alnını çarpayının qırağına söykəyirdi...

          – Bu sənin anandır, – zorla eşidiləcək bir səslə pıçıldadı, – doğmaca anan...

Dəhşət içində ayağa qalxdı, dişlərini qıcayıb yumruqlarını düyünlədi, azacıq ümidlə də olsa, özünə sübut eləməyə çalışdı ki, guya həqiqətən əzab çəkir, sevdiyi əvəzsiz varlığın acısını bütün qəlbi ilə yaşayır. Alnına düşən bir çəngə teli geriyə atıb ağlamaq istədi. Ağlaya bilsəydi, gözündən bircə damcı yaş çıxsaydı, bu əsl sübut olardı. Ola bilməzdi ki, teatr onu duyğusuz bir marionetə çevirsin. Təzədən diz çökdü, di gəl, nə illah eləsə də ağlaya  bilmədi. Elə bu dəmdə rejissorun səsi qulaqlarında cingildədi: “Yaxşısı budur, göz yaşlarını biryolluq unudasız, uşaqlar, bu sizi pis vəziyyətdə qoyar. Səhnədə ağlamaq yalnız dahilərə müyəssər olan bir şeydir...”

Ayağa qalxdı...

Bütün gecəni yerində qurcalandı. Özünü tanıya bilmir, tamamilə gərəksiz, yararsız bir adam olduğunu düşünürdü. Çoxdan unutduğu uşaqlıq qayğılarını xatırladı. Xatırladıqca da özünü daha günahkar hiss edirdi. Axırda təskinliyi onda tapdı ki, bəs, günahın bir qismi də tamaşaçıların payına düşür...

Ana divarın o üzündə tək-tənha yatırdı. İndi Ernstə heç kəs mane ola bilməzdi. Bu gümanla yataqdan qalxıb xalatını çiyninə atdı və yan otağa keçdi. Dərhal da bütün ümidləri alt-üst oldu; ölüm yatağına keşik çəkən qarı Ernsti görcək saxta təbəssümlə ayağa qalxanda, eynən teatrda kostyumçu işləyən qırmızısifət arvadı xatırlatdı... 

Ernst tələsik geri qayıtdı, çarpayıda oturub bir xeyli düşündü, sonra da yerində uzanıb yuxuladı. 

Sübh tezdən ananı meyitxanya aparmışdılar və indi Ernst də ora tələsirdi. İstəyirdi anası ilə təkbətək qalsın, özü də anasını itirmiş bir övlad kimi. Odur ki, qəbiristana çatar-çatmaz xidmətçini tapıb onunla birlikdə meyitxanaya getdi. Qara örtüyün altında iki cənazə vardı: xidmətçi sağ cənazəni göstərib çıxdı. 

–  Ürəkli ol, ürəkli ol!  – deyə Ernst lap astadan pıçıldayır, eyni zamanda özünü Kapulettilərin sərdabəsinə enən əli qılınclı gənc kimi təsəvvür edirdi. Rolun sözləri isə qeyri-ixtiyari beynində səslənirdi: “Mən sənin toy yatağını bu çiçəklərlə bəzəyəcəyəm, ey çiçək! Səni ətirli sularla yuyacam, atəşin göz yaşlarımla yenidən göməcəyəm!..”

          Özünü bayıra atdı: buna dözmək mümkün deyildi.

Dəfn ertəsi günə təyin edilmişdi. O, anasının məzarı önündə dayanarkən daha heç nəyə ümid bəsləmirdi. Daha heç bir şübhəsi yoxdu ki, dəfnlə bağlı hər hansı mərasim ondan ötrü adicə bir roldur və o, həmin rolu da başqa rollar kimi oynamaq məcburiyyətindədir. Bu səbəbdən də camaatın nəzərləri altında məzara yaxınlaşdı, cənazəyə bir ovuc torpaq atıb kənara çəkildi və kiminsə “Oğludur” sözünü eşidib, acı kinayə ilə dodaqaltı mızıldandı:

  • Bəli oğludur, cənab Lüdviqdir. Rol üçün qiyamət tapılıb!..

Axşam qatarı ilə şəhərə qayıtmalı idi. Bacısı yola o qədər yemək hazırlamışdı ki, azından bir həftəyə çatardı. Ürək ağrısıyla bacısına baxdı: eynən anasıydı ki, durmuşdu! Ernst onu qucaqlayıb bağrına basdı, təşəkkür elədi. Bacısı ah çəkdi: “Axır ki, bir xoş sözünü eşitdik...”

Söz, bəli, söz gərəkdir! – Ernst sanki axtardığını tapmışdı; o, qəfldən düşündü ki, gərək hökmən anasıyla danışsın.

Qaş qaralırdı. Anasının qəbri üstünə qaranlıq çökmüşdü. Ernst məzara yaxınlaşıb durdu. Deməli belə: bu təzə qəbirdə, bu qara torpağın altında onun anası yatırdı, bir də heç zaman geri qayıtmayacaq doğmaca anası! Ola bilməzdi ki, doğmaca oğul doğmaca ananı oxşayıb çağıra bilməsin.

          – Anacan!

Səsi qulağını oxşadı. Bu səsdə həzin bir melodiya vardı və o, bir aktyor həssaslığı ilə bunu qiymətləndirdi.

–Anacan, ana...

Astadan, bacardıqca ürəkdən çağırdı. Bu sözlər roldakı sözlərdən bir balaca fərqlənirdi. Bu sözləri o, bir vaxtlar anasına söyləyərdi və indi də sözlərin saflığını, təmizliyini qaytarmağa, diriltməyə çalışırdı. Ancaq elə bu canfəşanlığın ucbatından səmimilik itib gedir, aktyor daha artıq maskalanmış olurdu. Bərk qəzəbləndi: aktyorluq peşəsi  onun daxlindəki insanı məhv etmiş, düşüncələrini damğalamış, hələ söylənməmiş ən məhrəm sözlərini belə rəngləmişdi. Qəlbindəki ağrı dörd tərəfdən buxovlanmış, göz yaşlarının çağlar bulağı ömürlük qurumuşdu.

Gecə yarısı artıq Vyanada idi. Masa üzərindəki kağız ona sabahkı məşq barədə xatırladırdı. Rolu gözdən keçirdi, ancaq yorğun olduğundan dəftəri qatlayıb masının üstünə, anasının portreti ilə yanaşı qoydu.

Bütün həfətəni teatrda oldu. Ancaq əslində teatrla az məşğul idi, “Romeo və Cülyetta”nın məşqləri onu çox da cəlb eləmirdi; bir kino şirkəti ilə müqavilə bağladığından məşqləri tez-tez buraxmalı olurdu.

Tamaşaya az qalmış istər-istəməz rol üzərində ciddi işə başladı: son yoxlama məşqində rejissorun məzəmmətini eşitməyə meyli yox idi. Bütün gecəni işlədi, yalnız ertəsi gün nahardan sonra dincəldi. Yuxu onu br qədər yüngülləşdirmişdi. Yorğunluqdan bənizi ağarsa da, belədə qraf Parisə daha çox oxşayırdı. Güzgü qarşısında ilk iki səhnəni təzəcə bitirmişdi ki, saat altını vurdu, son səhnəni – qəbirüstü ağlayış səhnəsini oynamağa vaxtı çatmadı. Birdən güzgüdə anasının şəklini gördü: qadının saçları dümağ idi, tutqun gözləri ciddi bir qüssə ilə oğluna zillənmişdi. 

“Bu çiçəklərlə sənin toy yatağnı bəzəyəcəyəm, ey çiçək...” 

Dəftər onun titrək barmaqları arasından sürüşüb yerə düşdü, gözləri yaşla doldu, özü ilə bacarmayıb geriyə sıçradı, portreti qapıb, bir xeyli baxdı və dodaqlarına yaxınlaşdırdı. Ancaq getmək vaxtı idi. Ürəyi daxilində çoxdan buxovlanıb qalmış və hər an kükrəməyə hazır olan ağrıdan çatlasa da, tələsirdi... 

Kapuletti və Culyetta ilə olan epizodlarda onun ifası izahedilməz kədər, dərin hüzünlə dolmuşdu. Hiss olunurdu ki, aktyor göz yaşlarını güclə saxlayır... Budur, o, Kapulettinin sərdabəsinə enib paja tələsik əmrlər verir, sanki ağı səhnəsini tez oynamağa can atırdı. Birdən ona elə gəldi ki, səhnədə yox meyitxanadadır – anasının cənazəsi önündədir. Və əlindəki solğun çiçəkləri cənazənin üstünə səpib, qıraf Parisin Cülyetta qarşısında ağı söylədiyi səhnəni ifa eləyəndə, artıq bütün qəlbi doğma anasının sonsuz qüssəsinə bələnmişdi; içindəki bu sonsuz kədər misraların çılğın kövrəkliyinə qarışıb getdikcə qatılaşır, qatılaşdıqca da içini sarmış həyəcan dalğası qabarıb hər şeyi üstələyirdi. Son sözləri söyləyərkən, aktyor ümidsiz bir sarsıntı içərisində yerə çöküb hönkürməyə başladı. Qəlbinin dərinliyində isə baxışları ona zillənmiş yüzlərlə adam gördü. Ansının qəbri üstündə ağlaya bilməyən aktyorun qəhətə çəkilmiş göz yaşları indi onun qrimlənmiş sifəti boyunca süzülüb səhnənin taxta döşəməsinə tökülürdü... 

Zal heyrət içində quruyub qalmışdı. Tamaşaçıların aramsız alqışlar ömüründə ilk dəfə baş rolun ifaçıları ilə birgə Ernst Lüdviqi də səhnəyə çağırdı. Ertəsi gün isə qələmindən çoxlarının zəncir çeynədiyi məşhur teatr tənqidçisi belə yazmışdı: “Cənab Lavin yenə öz gözəl Romeosunu nümayiş etdirdi, ancaq tamaşanın əsas uğuru bu dəfə o deyildi. Ernst Lüdviq öz gözlənilməz oyunu ilə hamını mat qoydu.  Məhz onun gerçək iztirabları, ürəkdən gələn təbii göz yaşları adətən kölgədə qalmağa vərdiş eləmiş qraf obrazına həyat bəxş elədi.  Hələ gənc olan bu aktyorun simasında şübhəsiz dahi bir sənətkar yetişməkdədir...” 

Başını itirmiş Lüdviq ertəsi gün evdən bayıra çıxmadı, bütün gün ərzində qəzetləri gözdən keçirə-keçirə telefon təbriklərinə cavan verməli oldu. Bir xeyli müddət anasının portreti önündə lal-dinməz durub qaldı. Şöhrətə doğru aparan yol indi öz ayağıylaca gəlib qarşısında müntəzir dayanmış, aktyorun ümidləri gerçəkləşməyə başlamışdı. Di gəl ki, axşam yaxınlaşdıqca bərk təlaş keçirir, səhnəyə çıxmağa ürək eləmirdi. Görəsən yenə dünənki kimi ağlayıb hönkürə biləcəkdimi? Çətin. Çətin ki, bu bir də mümkün olaydı və  Lüdviq bunu çox gözəl anlayırdı. Naəlac qalıb özünü xəstəliyə vurdu. İntəhası sonrakı günlərdə də qorxu yaxasından əl çəkmədi.

Teatrın direktoru da, rejissoru da yanına gedib Lüdviqi yola gətirməyə, inandırmağa çalışdılar. Ancaq əbəs yerə... 

Axırda həkim işə qarışası oldu və yalnız bundan sonra onu birtəhər dilə tuta bildilər. Amma axşamüstü həkim teatra aparmaq üçün aktyorun arxasınca gələndə Ernst Lüdviq hərəkətsiz oturub gözünü məchul bir nöqtəyə dikmişdi və əlində bərk-bərk tutduğu portretdən başqa heç nəyə əhəmiyyət vermirdi. Onun güclə eşidiləcək pıçıltısı inilti kimi səslənirdi: 

  • Mən ağlaya bilmirəm... mən bacarmıram... bacarmıram... 

... Aktyorun batıq çöhrəsi boyunca süzülən göz yaşları isə bir-birini qova-qova diyirlənib əlində tutduğu portretin üstünə düşürdü. 

Tərcümə edən: Mahir N.Qarayev 

Load Time (S) : 0.005974