TEATRO

TEATRO

sənət portalı

post-title

Opera və Balet Teatrında ustad dərsləri

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının vokal kafedrasının dosenti Yekaterina Skusniçenko Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən ustad dərsləri keçmək üçün Bakıya dəvət olunub. Martın 3-dən 11-nə kimi teatrın solistlərinə ustad dərsləri keçəcək vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Y.Skusniçenko uzun illər boyu Rusiya Akademik Böyük Teatrının aparıcı solisti olub.

Vokalçı Böyük Teatrın səhnəsində Ç.Puççininin “Turandot” (Liu), “Bohema” (Mimi və Muzetta), “Madam Batterflyay” (Çio-Çio-San), Ç.Verdinin “Taleyin gücü” (Leonora), Otello (Dezdemona), P.Çaykovskinin “İolanta” (İolanta), “Qaratoxmaq  qadın” (Liza), H.Rimski-Korsakovun “Çar gəlini” (Marfa), və S.Raxmaninovun “Aleko” (Zemfira) kimi operalarında əsas partiyaları ifa edib.

Almaniya, Avstriya, İtaliya, Finlandiya, İsveç, Norveç, Hollandiya, Fransa, Böyük Britaniya, Çernoqoriya, Slovakiya, Yaponiya və Malayziya kimi ölkələrdə qastrol səfərlərində iştirak edib.

Moskva Dövlət Konservatoriyasındakı fəaliyyəti dövründə Y.Skusniçenkonun bir çox tələbələri müxtəlif beynəlxalq müsabiqələrin laureatı olub.

O, Beynəlxalq Musiqi Xadimləri ittifaqının üzvü, “Soprano ərazisi” adlı yaradıcıllıq layihəsinin bədii rəhbəridir. Bu layihə gənc və istedadlı müğənnilərlə təcrübəli vokalçıların, dünya sənət ulduzlarının qarşılıqlı birgə fəaliyyətinin istiqamətləndirilməsi məqsədini güdür.

Y.Skusniçenko həmçinin “Yeni musiqi ərazisi” Assosiasiyasının təsiscisi və baş direktoru kimi gənc musiqiçilərin tanınmış səhnə ustaları ilə təcrübə mübadiləsi və birgə fəaliyyəti nəticəsində klassik milli musiqi sənətinin populyarlaşmasını, onun Rusiyanın regionları və xaricdə yayılmasını hədəfləyir.

Load Time (S) : 0.035971