TEATRO

TEATRO

sənət portalı

post-title

Opera və  Balet Teatrı “Toska”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Toska” operasının tamaşası oynanılacaq. Teatrın mətbuat xidmətindən aldığımız məlumata görə, yeni quruluşda və yenilənmiş opera tamaşası fərqli dekorasiyalarla tamaşaçılara təqdim ediləcək. İtaliya və dünya opera sənətinin ən populyar əsərlərindən biri olan, ilk dəfə 1900-cu ildə səhnəyə qoyulan “Toska” 120 ildən artıqdır ki, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir.

“Toska” operasının əsas sujet xəttini imperator Napoleon dövründəki siyasi avantüralar və əsas qəhrəmanlar Kavaradossi, Tocka və Skarpia arasındakı sevgi intriqaları təşkil edir.

Martın 5-də baş tutacaq tamaşada Toska partiyasını Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Oksana Kramareva, onun sevgilisi Kavaradossi partiyasını İtaliyanın La-Skala Teatrı Akademiyasının məzunu, Azərbaycanın Əməkdar artisti Azər Rzazadə, baron Skarpia rolunu isə Belarus Akademik Opera və Balet Teatrının solisti, Belarusun Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov ifa edəcək. Tamaşada həmçinin Azərbaycanın Xalq artistləri Əli Əsgərov  (Həbsxana nəzarətçisi) və Əkrəm Poladov (Rizniçiy), Əməkdar artistlər Əliəhməd İbrahimov (Spoletta), Tural Ağasıyev (Şarrone) və Sankt-Peterburqun Marinski Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Məhərrəm Hüseynov (Anjelotti) iştirak edəcəklər.

Tamaşanın quruluşcu rejissoru Rusiyanın Xalq artisti, professor Aleksandr Petrov, quruluşçu rəssamı Rusiya Rəssamlıq Akademiyasının akademiki, Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun rənkkarlıq fakültəsi teatr səhnə sənəti emalatxanasının rəhbəri Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşanı Opera və Balet Teatrının baş dirijoru, Azərbaycanın Əməkdar artisti, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək. 

                                                                                          

Load Time (S) : 0.000253