TEATRO

TEATRO

sənət portalı

post-title

Nigar Pirimova - Pandemiya dövründə teatr əhlinin halı...

Ölkəmizi bürüyən koronavirus pandemiyası ilə əlaqədar olaraq respublikamızda artıq neçə vaxtdır, demək olar ki, bütün idarələr, təhsil, mədəniyyət və əyləncə obyektləri bağlıdır. Lakin buna baxmayaraq, bu sahədə çalışanlar yenə də iş başındadırlar. Teatrlar üç aydır, virtual repertuar tərtib edərək, tamaşaların videoyazılarını sosial şəbəkələrdə paylaşırlar. Bu, bizim istirahətimizi təmin etsə də, sənətə bağlı olan, teatrın səhnəsindəki tozu ciyərlərinə çəkən aktyorlar, rejissorlar üçün bəlkə də dərk edə bilməyəcəyimiz qədər ağır dönəmdir. Bir yandan xəstəlik təhlükəsi ilə üz-üzə ikən, digər yandan, teatr işçilərinin evlərindən artıq vaxt keçirdikləri teatrlardan uzaq düşməsi onlar üçün yuxularında görməyəcəkləri, xəyallarına gətirə bilməyəcəkləri “dəhşət”dir. 

Maraqlıdır, tamaşaları izləməyə müəyyən miqdarda məbləğ ödəyib baxmağa gedən seyrçilər pandemiya dönəmində evlərindən rahat çayını içə-içə istənilən tamaşanı onlayn rejimdə izlərkən bu çətinlikdə sənətçilərimiz nə ediblər? Sənətdən ayrı düşməmək, onu yadırğamamaq üçün neyləyiblər? Eyni zamanda, koronavirus vaxtı itgiləri və qazancları nə olub? Əlqərəz, bütün bunlardan hali olmaq üçün bəzi teatr xadimləri ilə əlaqə saxlayıb fikirlərini öyrəndik.

İlk həmsöhbətimiz A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Anar Məmmədov oldu. Kolleqalarının çoxu kimi o da mütaliyəyə üstünlük verənlərdəndir. “Sənətdən ayrı düşməmək üçün daha çox həm bədii kitabar, həm də pyeslər oxuyuram. Çalışdığım teatrın spesifikasına uyğun yenilikləri xarici teatrlardan öyrənməyə çalışıram. Və təbii ki, gələcəkdə quruluş verəcəyim nağılları Kukla Teatrı üçün səhnələşdirib pyes halına çevirirəm. Yeni kukla növləri, personajları və milli qəhrəmanlarımızı müasir uşaqlara, onların anlaya biləcək şəkildə təqdim etmək haqqında düşünürəm. İtki və qazanc məsələsinə gəlincə, itki, təbii ki, zaman itkisi olub. Çünki bu müddət ərzində, ən azı, bir tamaşa təhvil vermək imkanımız olardı. Qazandığım isə qalaq-qalaq qalmış kitabları oxuyub bitirdim, dünya teatrlarında gedən teatr proseslərini diqqətlə izləyə bildim və çalışdığım teatrın dəyərini bir daha anladım. Anladım ki, teatrsız qala bilmərəm.

Sorğumuza növbəti cavab Dövlət Yuğ Teatrının tanınmış rejissoru Günay Səttardan gəldi: “Zənnimcə, sənətlə məşğul olan birisi üçün karantin şəraitində keçən nəinki üç ay, hətta illər də sənəti yadırğatmaz, ondan ayrı salmaz. Çünki sənət elə bir şeydir ki, sənətçinin canına, qanına işləyir. Bu zaman içərisində evdə qaldığımız müddət düşünməyə imkan verdi, yeni qapıları açmağa kömək etdi. Onu da vurğulayım ki, hal-hazırda Yuğ Teatrında tamaşa texnoloji prinsiplərə uyğun olaraq, Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik əsəri əsasında “Toy dəstgahı” adlı musiqili-plastik tamaşa hazırlayıram. Vəziyyətlə əlaqədar olaraq “skype” proqramı vasitəsilə tamaşanın rəssamı ilə danışmışıq. Tamaşanın eskizlərini, kostyumlarını hazırlamışıq, musiqi tərtibatçıları ilə görüşmüşəm, hətta vatsapp-da tamaşanın adı ilə qrup yaratmışıq, aktyorlarla rol bölgüsü də etmişik. İşimiz açılan kimi təhvil verəcəyik. İtkiyə gəlincə zamanımı itirmişəmsə, digər tərəfdən düşünməyə zaman qazanmışam”.

Akademik Musiqili Teatrdan sorğumuza cavab verən gənc aktyor Əmrah Dadaşov bu çətinliyin tezliklə bitməsini arzulayaraq, daim öz üzərində çalışdığını bildirdi: “Əslində, müddətdən asılı olmayaraq mən daima öz üzərimdə çalışıram. Ona görə də yadırğamaq sözünü özümə uzaq sayıram, amma təbii ki, səhnədən ayrı düşmək səhnəni sevən aktyor üçün çox çətindir. İnşallah, tezliklə səhnəyə geri dönməyi ümid edirik. İtki və qazanca gəlincə isə, onu deyə bilərəm ki, qazanc nə ola bilər, axı, zənnimcə heç nə qazanmadım. İtki isə zamandır, səhnədən uzaq düşmək, teatrdan ayrı qalmaq çətindir, tamaşaçılar üçün darıxmışam”.

Akademik Musiqili Teatrın digər sevilən aktyoru Fərid Rzayev isə bu sorğuya cavab verərkən sənətindən bir gün belə ayrı qalmadığını vurğuladı: “Hamı kimi, mən də evdə oldum. Amma nə olur olsun, sənətdən bir gün belə ayrı qalmadım. Mənim ailəmdə hamı sənət adamıdır. Mahnılar ifa edib oxuduq, hətta öz xanımımla tamaşalardan, filmlərdən kiçik parçalar çəkib sosial şəbəkədə paylaşdıq. Digər məsələyə gəlincə, doğma teatrımdan, sənət dostlarımdan ayrı qalmaqdan başqa itirdiyim heç nə olmadı, qazandığımsa, bir daha vaxtın insan üçün nə qədər dəyərli, qiymətli olduğunu anlamaqdır. Odur ki, sağlamlığınızın və vaxtınızın dəyərini bilin”.

Uşaqların və gənclərin sevimli məkanı olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc rejissoru Ayla Bəhramqızı vaxtını daha çox mütaliəyə ayırdığını bildirdi: “Sənətdən heç bir vaxt ayrı düşmək və onu yadırğamaq mümkün deyil. Sadəcə olaraq, vaxtı mənalı ötürmək üçün dünya ədəbiyyatı var. Onları oxumaq, anlamaq, qavramaq imkan verir ki, daim nəsə yaratmaq ətrafında düşünə biləsən. Bəlkə də bu mütləq imiş ki, nəsə baş versin. Etdiklərimi anlamaq, düzgün nəticə çıxarmaq üçün fasilə lazım imiş. İnanıram ki, bu fasilədən düzgün nəticə çıxara bilmişəm və işimin başına qayıtdıqdan sonra yarımçıq qalan işlərimlə daha inamla və mükəmmməl məşğul olacağam, pandemiya dövründə düşünüb tapdığım yeni üslublu səhnə əsərlərinin məşqinə başlayacağam”. 

Uşaqların sevimli personajarını özünəməxsus incəliklə yaradan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktrisası Xəyalə Meydanova karantin dövründə asudə vaxtını, əsasən, kitablar oxumağa və filmlər izləməyə həsr edib. “Bu virus müddətində oxuya bilmədiyim bəzi kitabları oxudum, çoxdan izləmək istədiyim, amma vaxtım olmadığından baxa bilmədiyim filmlərə sevə-sevə baxmışam. Ancaq yeni ana olduğum üçün körpəmlə daha çox vaxt keçirirəm. Teatr üçün, oynadığım obrazlar, ən əsası sevimli tamaşaçılarım üçün hədsiz darıxmışam. Qazancımsa daha çox kitab oxumaq olub. Çünki ailə və sənət bir arada çox çətin olur. Arzu edirəm, bu koronavirus bəlası xalqımızın üstündən çəkilsin və hamımız normal həyatımıza, işimizə dönək”.

Səhnəmizin gənc Leylisi, Gövhərtacı, seriallardakı maraq doğuran obrazları ilə çoxlarının sevimlisinə çevrilmiş Gənc Tamaşaçılar Teatrının digər gənc aktrisası Səbinə Məmmədova kitablarla, filmlərlə yanaşı, gimnastika ilə məşğul olub: “Adətim üzrə, heç olmasa, ildə bir dəfə çalışıram, hansısa bir ölkədə aktyor treninqlərinə qatılım və qatılıram da. İmkan olmadıqda isə yay tətilində vaxt ayırıb Çexov sistemi ilə özüm treninqlər edirəm, sənətə aid kitabları nəzərdən keçirirəm. Qaçhaqaç həyat tərzində həftədə bircə gün tam olaraq özümə zaman ayırmaq imkanım olurdu, ya yox. Amma karantin müddətində buna xeyli zaman ayırdım. Gün ərzində 4 fərqli film izlədim, filmlərdən sitatları qeyd etdim, esseler yazdım, Berqmanın “Kino və teatr rejissoruluğu” kitabını oxuyub qeyd olunan treninqləri etdim. Unutduğum bədən vərdişlərimi bərpa etdim, bəyənmədiklərimi tərbiyələndirdim. Ev şəraitində gimnastika ilə məşğul oldum. Səhnə, həmkarlarım, tamaşaçılar üçün darıxıram. Zaman mənim üçün çox dəyərli nemətdir. Səhnəsiz zamanım itdi. Qazandıqlarım da çox oldu. Özümü qazandım, bərpa etdim, qaytardım. Fasilə lazımdır. İnsan özünə stop deməyi bacarmalıdır. Güc yığdım. Dayanmadan işləmək olar yenə”.

Bir çoxlarının yadında Məcnun kimi qalan Gənc Tamaşaçılar Teatrının sevilən aktyoru Bəhram Əliheydər isə öz obrazları üzərində evdə də çalışır: “Oynadığım rolları daim təkrar edirəm, xarakterlər tapır və onları özüm üçün bişirirəm, kitablar oxuyuram, filmlərə baxıram. Lakin itkim də var, çox kökəlmişəm, işlərimiz əvvəl yarımçıq qaldı. Bu isə həm maddi, həm də mənəvi baxımdan pis təsir etdi. Qazanca gəldikdə, o da az deyil, ən əsası, düşünməyə və analiz etməyə vaxtım oldu. Kino və teatr sahəsində nə var, nə yox -  onu özüm üçün çözdüm”.

Rebus teatrının rəhbəri Ceyhun Dadaşov da evdə qaldığı müddətdə yaradıcılıqla məşğul olub: “Mənim üçün sənətdən ayrı düşmək ifadəsi ümumiyyətlə yoxdur, koronavirus olsun, yaxud tətil olsun, xəstə olasan, xarici ölkədə olasan, fərq etməz. Sənət konkret ayaqüstə olanda olmur. Evdə olsam da, sənət həmişə mənimlədi, yeni ideyalar, fikirlər olur. İtki o olub ki, praktiki olaraq məşqlərimiz yarımçıq qalıb. Bəzi tapıntılarımız, fikirlərimiz gerçəkləşməyib hələ ki. Çünki yeni tamaşa üzərində işləməliydik, oxunuşu olmalıydı. Bu baxımdan geri düşdük. Qazanca gəlincə, bir neçə məqalə yazışam, bəzi kitablar oxumuşam, lazım olan təhlil proseslərini aparmışam. Lakin praktikasız çox da böyük işlər görmək olmur”.

Sorğumuza daha həssas yanaşan, xeyli gərgin günlər keçirən Lənkəran Dövlət Dram Teatrnın aktrisası Aynur Əhmədova isə həyatı boyunca belə çətin dönəm olacağını, sənətdən bu qədər ayrı qalacağını ağlına belə gətirmədiyini, böyük gərginliklər keçirdiyini və tezliklə sənətə, səhnəyə qayıtmaq istədiyini vurğuladı: “Əvvəla onu deyim ki, heç vaxt inanmazdım, elə bir vaxt olacaq ki, karantin olacaq və mən bunu yaşayacağam. Demək, qismətimdə var imiş. Bu müddət ərzində retro Azərbaycan filmləri və tamaşalarına baxıb, həmin ab-havada saxlamaq istəyirdim özümü. Lakin buna baxmayaraq, yayılan şayələr, sms icazəsi məni çox böyük çətinlik və gərginliklə üz-üzə qoydu. Çox təsirli bir zaman idi, yazın gəlişini, ağacların çiçəkləməsini görə bilməmək, hər gecə qorxuyla yatıb, səhəri qorxuyla açmaq. Sonda həkimə müraciət etdim, mənimlə psixoloji söhbət apardı, yüngülvari müalicə yazdı və şükürlər olsun ki, indi yaxşıyam. İşin açılmasını gözləyirəm. Yarımcıq qalmış tamaşamız var. “Oğru” əsəri üzərində çalışırıq və mənim də rolum Mişlidir. Tamaşanın rejissoru teatrımızın baş rejissoru Oruc Qurbanovdur. Umid edirəm ki, tezliklə bu virus səngiyəcək və hər birimiz işimizin başına dönəcəyik”.

Load Time (S) : 0.004269