TEATRO

TEATRO

sənət portalı

post-title

Nigar Pirimova - Azadlığa çıxan “mədəni məhbus”

Tam il yarımdır ki, həsrətindəyəm, təkcə mən yox, minlərlə sevənin. Bir günün içində qərar verildi, bir saatın içində reallaşdı, bir anın içində əlimizdən aldılar səni. Hər gün ümidlə qovuşacağımız günü gözlədik. Bir bəla kimi gələn xəstəlik necə bizləri evimizə qapadı, maskaladı, nəfəsimizi kəsdi, eləcə də səni nə az, nə çox düz il yarım susdurdu. Səsini eşitmək, qoxunu içimizə çəkmək istədik, qapında növbə çəkib həsrətlə içəri girəcəyimiz anı xatırladıq, bizi güldürməyini, bəzən kövrəldib ağlatmağını, bitdiyində əllərimizin içi gicişənə qədər dayanmadan alqış sədaları altında pərdələrinin enməsini özlədik. Amma bir an belə ümidimizi itirmədik, sənsiz olacağımızı, heç zaman qovuşmayacağımızı xəyalımıza gətirmədik. Səhnəndə hər gün addımlayan, tozunu ciyərlərinə çəkən aktyorlar, bizdən daha çox eşqinlə alışıb-yandılar, həsrətinlə qovruldular.

Bu günlərdə verilən qərar hamımızın böyük sevincinə səbəb oldu. Axır ki, bir sıra mədəniyyət ocaqları ilə yanaşı teatrlarımız da “mədəni məhbus” kimi azadlığa buraxıldı, sevdiklərinə qovuşdu. Amma və lakin, seyrçi salonunda şahmatvari oturmaq şərti ilə. Belə demək caizsə, səhnədə oyun, zalda oyun, elə oyun içində oyun. Nə deyək, beş yüz gündən çox həsrətində olduğumuz məbədə bu şəkildə qovuşmaq ağır olsa da, buna da min şükür. 

27 mart beynəlxalq teatr günü, 10 mart milli teatr günümüz olsa da, zənnimcə, 1 oktyabr bizimçün bundan sonra teatrlarımızın azadlığa qovuşduğu, yeniləndiyi gün kimi yaddaşımıza həkk olunacaq.

Ümid edək ki, il yarım ərzində ayrı qaldığımız teatrlarımız bundan sonra daha müasir, təsirli, yenilənmiş tamaşaları ilə köhnəlikdən, pafosdan yaxa qurtarıb yeni eraya qədəm qoyacaq.

Teatr ruhumuzun dinclik tapdığı məkandır. Eyni zamanda, Demət Evqarın diliylə desək: “Teatr, taxdığımız maskaları seyr etdiyimiz psixoloji bir məkandır”.

Aktyorların, rejissorların, teatrşünasların, ümumən, bütün teatrsevənlərin gözü aydın olsun. Teatrlarımıza bir daha “maskalanmamaq” ümidi  ilə həmişə azadlıqda deyirəm...

Load Time (S) : 0.005350