TEATRO

TEATRO

sənət portalı

post-title

Nigar Əsədova - “Albalı bağı” sakinlərinin xoşbəxtlik qayğıları

 “Albalı bağı” sakinlərinin xoşbəxtlik qayğıları
Anton Pavloviç Çexovun əsərləri 100 ildən çoxdur ki, teatr səhnəsini tərk etmir. Onun pyesləri 100-dən çox dilə tərcümə olunub. 117 ildir həyatda olmayan, 44 il ömür yaşayan dahi Çexovu bu gün bütün dünya tanıyır və sevir. Dahilərin ömrü çox vaxt qısa olsa da, yaratdıqları mənalı və əbədi olur.

Dramaturqun ən məşhur əsərlərindən biri də “Albalı bağı” pyesidir. Bu pyesi Çexov 1903-cü ilin əvvəllərində tamamlamışdır. İnsan və yaşam həqiqətinin göstərildiyi bu əsərdə bədbəxtliklə xoşbəxtlik, sevgiylə kədər, komediya ilə faciə iç-içə verilmişdir. Eynən həyat kimi... ziddiyyətlərin vəhdəti olaraq, son sözü həmişə zaman söyləyir. Buna görə də, bu pyes bütün dövrlərin əsəridir.
 
“Albalı bağı” avtobioqrafik əsərdir. Anton Çexov həyatında yaşadığı hadisəni qələmə almışdır. İxtisasca həkim olan Çexov bu pyesdə insan təbiətinin dərinliklərini, gündəlik hadisələrin gizli mənasını, komediya ilə faciə arasındakı incə xətti dəqiq ifadə etmişdir. Az güldürən və çox düşündürən bu əsəri müəllif komediya janrına aid etmişdir. Amma teatr mütəxəssisləri onu dərin bir dram kimi qəbul edirlər. 

5 qadın 10 kişi obrazının iştirak etdiyi pyes 4 pərdədən ibarətdir. Əsərdə müflisləşən və borclarını ödəmək üçün “Albalı bağı”larını satmağa məcbur olan bir ailədən söhbət gedir. Bu mülk Qayev ailəsinin yaşanmışlıqları, yəni həyatı idi və bir anda o həyat, yaşanmışlıqlar, ümidlər, arzular, xatirələr Albalı bağının satılması ilə sona çatır. Onsuz da həyatımız anlardan ibarətdir. O anda xoşbəxt də ola bilərik, bədbəxt də... nəyisə və ya kimisə bir anda itirə də bilərik, qazana da... yəni, həyatımızda olacaqlar bir anda olur və verəcəyimiz qərarlar da o ana bağlı olur. 

Pyesin başlanğıcı ağacların çiçək açdığı, yazın təravətinin, gözəlliyinin baş qaldırdığı vaxta – may ayına təsadüf edir. Ancaq sonra yavaş-yavaş mənzərə dəyişir, solğunlaşmağa başlayır. Bahar və canlanmış həyat... sonra baharda qışın çovğunu, rəngsiz, solmuş, bozarmış, həyatlar... iki paralel həyat.

Ranevskaya yurdundan ayrı keçirdiyi 5 ildən sonra qızı ilə birlikdə evinə, ölkəsinə geri dönür. Amma bu geri dönüş bədxərclikləri ucbatından sərvətlərini son qəpiyinə qədər xərcləyən, borclandıqca borclanan ailənin sonunun başlanğıcıdır. Onlar çətin vəziyyəti həll etməyə belə çalışmayan, çarəni yalnız qaçmaqda görən insanlardır. Köməkçilərinin pulunu belə ödəyəməzkən, əyləncələrindən geri qalmazlar, borclandıqca xərclərlər, xərclədikcə borclanarlar. Əllərində qalan təkcə Albalı bağıdır, amma onu belə qoruya bilməzlər.

Əsərin problemlərindən biri burada heç bir obrazın xoşbəxtlik tapa bilməməsidir. Yəni, davamlı səfalət içində olaraq xoşbəxt olmaq olmaz. Qara və ağ zolaqlar bir-birini əvəz etməlidir. Ancaq qara zolağa öyrəşsək, ağ zolağı fərq edə bilmərik. Bu əsərdə də qəhrəmanlar xoşbəxt olmaq üçün heç bir səy göstərmirlər. Heç olmasa, özlərini və gerçəklik anlayışlarını dəyişdirməyə belə çalışmırlar. Buna görə də, bütün bədbəxtlikləri sanki nəyəsə vərdiş edilmiş kimi qəbul edirlər. 

Xoşbəxtlik.... bu mübahisəli mövzudur. Ümumiyyətlə, xoşbəxtlik hər kəs üçün fərqli anlayışdır. Axınla getməklə, yəni palaza bürünüb ellə sürünməklə xoşbəxt olmaq olmaz. Xoşbəxtlik üçün mübarizə aparılmalıdır. Çexovun da əsərdə göstərməyə çalışdığı budur. Yəni, bütün həyatımız boyu xoşbəxtliyin bizi tapacağını gözləyərək xoşbəxt ola bilmərik. Nəyisə əldə etmək üçün girəcəyimiz o yolun təkcə sonunda deyil, qət etdiyimiz yolun özündə də xoşbəxtliyi tapa bilərik. Əgər yolculuğa başlaya bilsək...

Əsərdə, görünür ki, qəhrəmanlar bədbəxtliklərin haradan gəldiyini heç anlamırlar və vəziyyəti uğursuzluqla günahlandıraraq həyatda etməli olduqları vəzifələrdən boyun qaçırırlar. Sanki heç böyüməmiş, məsuliyyətləri, qayğıları olmayan balaca uşaqmış kimi. Biz insanların yaşamaq, öz ayaqlarımız üzərində kimsəyə ehtiyac duymadan durmaq üçün üzərimizə düşən məsuliyyətlər, vəzifələr vardır və bizim həyatımıza maraq qatan da bunlardır. Bir bağı-yaşananlardan ibarət bir albomu, hər küncündə bir xatirə olan məkanı itirməmək üçün nəsə etməyən insanlar ona layiq deyillər deyə düşünürəm. Tənbəl insanlar həyatda heç nə əldə edə bilməzlər. Buna görə də albalı bağının satılması Qayev ailəsində qalmasından daha yaxşıdır. 

Əsərdə xoşbəxtlik problemi bütün qəhrəmanların talelərində görünür. Bağ sahiblərinin xoşbəxt ola bilməmələrinin səbəbi isə həyat tərzlərinin kökündə gizlənir.  Nəyisə dəyişdirmək, gələcəyə ümidlə baxmaq və özləri üçün xoşbəxt bir həyat qurmaq istəmirlər. Hər bir obrazın öz problemi var, amma başlıca problem, yəni xoşbəxt ola bilməməklərinə əsas səbəb albalı bağının satılmasıdır, yəni yoxluğu. Hər halda, tam olaraq başlanğıcda ortaya çıxan təəssürat budur.  Bütün problem özlərindədir və nəyisə düzəltmək üçün heç nə etmirlər. İnsanın ən böyük düşməni yenə də özü deyilmidir? Bəli, biz özümüzün əlindən tutmasaq, nəyisə bacarmaq üçün addım atmasaq, elə olduğumuz yerdə də qalmış olarıq. Qayev ailəsi də bunu etmədi. İradəsi ilə mübarizə belə aparmadan geri çəkildi və uduzdu. Bu qədərmi zəif idi Qayev ailəsi? Niyə onlara aid belə dəyərli bağı Lopaxin almalı idi? Niyə bir bağı qoruya bilmədilər? Düşünürəm ki, insanın çalışmamasına, nəyisə əldə edə bilməməsinə səbəb yalnız fiziki əlilliyi ola bilər. Lakin fiziki əlilliyi olan insan belə çalışa bilirsə, həyatdan bərk-bərk tutunub xoşbəxt olmağa dünya qədər səbəbi varsa, Qayev ailəsinin xoşbəxt olmamalarını, yəni albalı bağını hədər yerə itirməklərini heç bir bəhanə ört-basdır edə bilməz. 

Çexov əsərlərində həmişə olduğu kimi, gizli ismarıclar var və nəyi göstərmək istədiyini başa düşmək üçün əsəri dəfələrlə oxumaq lazım gəlir. Onun pyeslərində təkcə obrazlar deyil, zaman və məkan da əsərin personajları kimi çıxış edir. “Albalı bağı”nda da zaman və məkan əsərin alt qatında olan obrazlardır. Pyesin baş qəhrəmanı isə sözsüz ki, bütün personajları, maddiyyatı, vəziyyəti, bir sözlə hər şeyi əhatə edən Albalı bağıdır. Lakin albalı bağı sahibləri üçün yalnızca keçmişin xatirəsidir. Bu bağ personajların bütün çatışmazlıqlarını eyni vaxtda üzə çıxarır. Çexovun qərarını xatırlayaq: “Cəllad olmaqdansa, qurban olmaq daha yaxşıdır”. Burada da göründüyü kimi, qurban olan və yeganə müsbət qəhrəman Albalı bağıdır. Şirin keçmişin, keçən ömrün simvolu... 

Əslində, albalı bağını hər şeyi kənardan sakitcə izləyən ailənin müdrik ağbirçəyi kimi təsəvvür edirəm. O, çıxıb getdi və hər şey dəyişdi. Necə ki, ailəmizdə nənəmizin və ya babamızın yeri daim görünür və onların yoxluğunu heç nə ilə əvəzləyə bilmirik. Amma onların həyatdan getməsi bizim əlimizdə olmasa da, bizdə olan izlərini qorumaq əlimizdədir. Qayev ailəsi isə nəinki bağı, heç izləri belə qoruya bilmədi.

Mülkün sahibi Ranevskaya sanki Albalı bağının ruh halıdır. O gəlməzdən əvvəlki qış soyuqluğu və o gəldikdən sonrakı canlanma... bir də Albalı bağı satıldıqda o soyuqluğu yenidən görürük. Ranevskaya bu bağda nə qədər bədbəxtliklər yaşasa da, yenidən buraya qayıtmasından şaddır. Öz istiliyi ilə evi doldurur, doğma yerləri yada salır, xiffət çəkir. Lakin borclar, malikanənin satışı, qızının mirası onu maraqlandırmır, yalnızca təəssüratlarla xoşbəxtdir. O, çatışmazlıqlarının tam fərqində olduğu halda özündə heç bir şeyi dəyişdirmək istəmir. Bağ satılır və o, bağın satılmaması üçün heç nə etmir. Biri üçün xoşbəxtlik gətirən şey başqasının bədbəxtliyinə çevrilir. 

İradənin olmaması, yararsızlıq, romantik həvəs, psixikanın qeyri-sabitliyi Ranevskayanın xarakterizə edən cəhətlərdir. Bu qadının şəxsi həyatı da uğursuz olmuşdur. Əri və oğlunu itirdikdən sonra xaricə köçmüş və onu aldadan, soyan bir adama pul xərcləmişdir. Bir sözlə, həyatdan heç vaxt dərs çıxarmamışdır. İlk baxışdan Ranevskaya obrazının müsbət xüsusiyyətlərini görsək də, əslində o, eqoist və insanlara biganə biridir. Həyatda heç bir məqsədi yoxdur. O, insanlara albalı bağına olan məhəbbətindən çox danışır. Lakin məhəbbətini dildə yox, əməldə göstərməyi bacarmır. Qardaşı Qayev də eyni ilə bacısı Ranevskaya kimi zəif iradəli bir insandır. Qayev ömür boyu heç bir faydası olmadan mülkdə yaşamış və sərvətini sanki konfet yeyirmiş kimi talan eləmişdir. Onun yeganə “məşğuliyyəti” bilyarddır. “...sarı şarı ortaya... dupleti küncə!”

Əgər Albalı bağı satılmasaydı, bu qədər qayğı göstərənlərin həyatında nə dəyişərdi? Parisdən dəvət teleqramları alan Ranevskayanı bağ saxlaya bilərdimi, və ya bağdan əldə etdiyi qazanc Lopaxinə həyatın mənasını qazandıracaqdımı? Əlbəttə ki, xeyr. Albalı bağının taleyi yalnız bağın özü üçün vacib idi. Onsuz da Qayev ailəsinin nə bağ, nə də borcları vecinə deyil. Heç ölməyəcəkmiş kimi yaşayan vecsiz, biganə insanlar... 

Demək olar ki, əsərdəki bütün obrazlar həyatın mənasının nə olduğunu anlamır. Kimisi xoşbəxtliyi pulda, kimisi xatirələrlə yaşamaqda, kimisi isə bilyardda görür. Bəs, əsl xoşbəxtlik onlar üçün nədədir?! Ümumiyyətlə, həyatda bir dəfə də olsun xoşbəxtliyi dadmışdılarmı? 

Düşünürəm ki, xeyr. Xoşbəxt olmaq nədir, nədədir bilmirdilər. Dadını bilmədiyimiz şeyi necə istəyə bilərik? İnsanlar heç vaxt istəmədikləri şeyin yoxluğundan əziyyət çəkməzlər. Eyni ilə Qayev ailəsi kimi. Onlar xoşbəxtliyin dadını bilmirdilər. Əgər xoşbəxtliyin onlar üçün, həqiqətən, nə olduğunu, nədə olduğunu bilsəydilər, yəni dadsaydılar, bir daha xoşbəxt olmaq üçün çalışardılar.

Obrazları müqayisə etsək, hər biri ziddiyyətli, fikirləri qarmaqarışıq, həyatdan nəsiblərini almış personajlardır. Qayevlərin iradəsiz, pulun dəyərini bilməyən, necə gəldi, hara gəldi, xərcləyən insan olmaqlarına baxmayaraq, onlara tam zidd olan Lopaxin tutumlu, qazandığının dəyərini bilən, zəhmətkeş obrazdır.

 Lopaxinin həyatı mənə daha maraqlı gəldi, nəinki digərlərinin. Çünki təşəbbüskardır, əzmlidir. Çalışqanlığı və fədakarlığı ilə həyatda çox şey qazana bilmişdir. Çexov, əslində, Lopaxin surəti ilə Rusiyanın gələcəyini təsvir etməyə çalışmışdır. Lopaxin albalı bağı sahiblərini düşdükləri vəziyyətdən qurtarmaq üçün hər şeyi edir. Lakin qurtulmaq istəməyənləri xilas etmək mümkün deyil və olmadı da.. Nəticədə, yeməyənin payını yedilər və kəndli Lopaxin bağın yeni sahibi, sahibkar oldu. Çexov onu müsbət cəhətləri çox olan obraz kimi göstərir. Əsas mənfi cəhəti pulun köləsi olmasıdır. Lakin o, məhz pulun sayəsində Albalı bağını ala bilir. Amma Albalı bağı onun üçün gözəl ətir saçan, bar verən  bağ-baxça deyil, sadəcə ehtiyac duyduğu, gəlir əldə etmək üçün aldığı ərazidir. Bağı qırma səbəbi isə keçmişindən qurtulmaq istəməsidir. O, sadə kəndli olduğunu unutmaq üçün keçmişi ilə, yəni albalı bağı ilə vidalaşır. 

Lopaxin gəlir və Ranevskayanın acı fəryadı altında onun sözləri eşidilir: “Satın aldım!.. Hər şeyin əvəzini ödəyə bilərəm!..”. Sadə bir kəndli dərhal var-dövləti ilə öyünən sahibkara çevrilir. 

Nəticə
Beləliklə, albalı bağının həyatı “qırılan və kədərlənmiş bir telin səsi” altında sona çatır və böyük rus dramaturqunun “kədərli komediyası”nın ölməzliyi başlayır. Anladım ki, məkan dəyişmir. Dəyişən zaman və insanlardır. Biz insanların isə “Xoşbəxtkən görməməzlikdən gəldiyimiz şeylər, bədbəxtkən qəlbimizi qırar. Çünki insan səhvlərini xoşbəxtkən yox, bədbəxtkən anlayar.”-Anton Çexov. 

Nigar Əsədova
Tələbə-teatrşünas 

Load Time (S) : 0.000083