Müsahibim Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımovdur.
- Nicat müəllim, ilk sualımı sizə bir aktyor kimi ünvanlamaq istəyirəm. Elə bir arzuladığınız obraz varmı ki, onu səhnədə reallaşdırmaq sizin üçün əlçatmaz olub?
- Bütün arzulanan və oynamaq istədiyin rollar ilk növbədə insana əlçatmaz görünür. Lakin onların bəziləri reallaşır, bəziləri isə vaxt məhdudiyyətinə görə, ya da hansısa səbəbdən reallaşmır. Mənim də səhnə həyatımda arzuladığım, amma oynaya bilmədiyim rollar var. Bunlardan birincisi U.Şekspirin “Romeo və Cülyetta” əsərində Romeo obrazı olub. Bu obrazı oynamağı çox istəyirdim. Təəssüf ki, illər sürətlə keçdi və yaşım da ötdüyü üçün oynaya bilmədim. Gələcəkdə bu əsərə quruluş vermək nəsibim olar, inşallah. Eyni zamanda, "Neron" və Dəli İbrahim" obrazlarını oynamağı arzu etmişəm. Bunlar arzuladığım, lakin səhnədə canlandıra bilmədiyim obrazlar olub. Onlar artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdı. Elə obrazlar var ki, gələcəkdə onları oynamaq istəyirəm. Bunlardan biri də U.Şekspirin "Kral Lir" əsərində Kral Lir obrazıdır. Ömür vəfa etsə, oynayacağıma inanıram.
- Oynadığınız hansısa obrazda öz taleyinizi görmüsünüz?
- Bəli, obrazlarımın əksəriyyətində mənim taleyimə bənzər nələrsə olur, onu mütləq tapıram, bənzətmə edirəm. Bu günə kimi oynadığım obrazlardan ən çox A.P.Çexovun “Qağayı” əsərində Triqorini bir çox cəhətlərdən özümə bənzədirəm. Repertuarda olan “Leyli və Məcnun”da isə Qeysin atasına bəzi tərəflərdən bənzərliyim var.
- Bu qədər arzularla niyə məhz aktyor deyil, rejissor oldunuz?
- Əslində mən, həmişə aktyor olmaq arzusu ilə alışıb-yanmışam. Mənim üçün rejissorluq alın yazısı olub, istəklə gəlib çatdığım yer olmayıb. Özümü hər zaman aktyor kimi görüb, qiymətləndirmişəm. Teatrda elə bir dövr oldu ki, rejissor qıtlığı yarandı. Mən də həmin zaman özümü sınadım. Milli Gənc Tamaşaçılar Teatrının o vaxtkı direktoru, rəhmətlik Kamal Əzizov mənə yeni tamaşa təklifləri etdi və mən ard-arda yeni tamaşalar hazırladım. Bu gün artıq hazırladığım tamaşaların sayı 50-ni adlayıb. Məndə rejissor sənəti artıq ön plana keçib. Əgər hər hansı bir rejissor maraqlı bir rol təklif etsə və məni inandıra bilsə, güman ki, aktyor kimi oynamağa razılaşaram. Amma dediyim kimi, bu gün rejissorluq mənim üçün ilk və öndə gedən peşəyə çevrilib. Düşünürəm və ümid edirəm ki, rejissorluqda yeniliklər edəcəyəm. Hələ də arzusunda olduğum və hələ ki, əlçatmaz görünən işlər var, amma inanıram ki, onlar reallaşacaq. Bəzən elə olur ki, işlədiyin teatrda hansısa rejissor sənin arzuladığın tamaşanı artıq hazırlayıb və əsər repertuardadır. Deməli, müəyyən bir vaxt gözləmək lazımdır ki, o əsər repertuardan çıxsın və sonra sən onu yenidən hazırlamaq üçün müraciət edə biləsən.
- Siz Romeonu oynamaq arzusunda olan, “Leyli və Məcnun”u səhnəyə qoyan bir insan kimi... əsl sevgiyə inanırsınız?
- Bəli, əsl sevgiyə inanıram. Düşünürəm ki, sevgi yoxdursa, həyat yoxdur, sevgi yoxdursa dünya öz oxu ətrafında fırlana bilməz. Dünyanı hərəkətə gətirən sevgidir. Çiçəkləri açmağa, quşları oxumağa vadar edən məhz sevgidir. İnsanı gözəl işlərlə məşğul olmağa vadar edən də sevgidir. Sevgi olmasa, həyat və insanlıq yoxdur. Dünyada hər şey sevgidən yaranır. Ən böyük sevgi isə Allahın insanlara olan sevgisidir.
- Çoxları deyir ki, Məcnunla Leyli qovuşsaydı, onların sevgisi adiləşərdi. Siz necə düşünürsüz?
- Yox, adiləşməzdi. “Leyli və Məcnun” əsəri ilə yaxından tanış olanlar, onu dərk etməyə çalışanlar bilirlər ki, burada söhbət qadın və kişi sevgisindən getmir. Burada Allaha olan sevgidən danışılır. Allahın yaratdığı hər şeyi sevmək lazımdır. Əsərin mövzusu və ideyası bundan ibarətdir. Onlar qovuşsaydılar da, Qeys, yəni Məcnun çox yüksək pillədə olacaqdı. O, özünü dərk etməyə çalışırdı. Onun davası da özü ilə idi. Düşünürəm ki, heç vaxt o sevgi bitməzdi və necə ki, bitmir. “Romeo və Cülyetta” əsərindən fərqli olaraq, “Leyli və Məcnun”da qadın və kişi məhəbbətindən yox, irfani sevgidən danışılır.
- Tanrı tərəfindən səsiniz tamamilə alınarsa ona fikrinizi necə çatdırardınız?
- Tanrıyla danışmaq üçün səsə ehtiyac yoxdur. Tanrı sevgisi insanın içində olmalıdır. Düşünürəm ki, əməli-saleh insanlar bu barədə qışqırmamalıdır, ona sevgisini car çəkməməlidir, səsə çevirməməlidir. O sevgi məhz insanın içindədir. Bizi Allah yaradıb və hər birimizin ruhunda ondan bir parça var. Mən elə səssiz olaraq da qəlbimdə Allahla, Tanrıyla danışıram. Yenə də belə edərdim. Düşünürəm ki, sevgi insanın içində olmalı, əməlləri, fikirləri və düşüncələri dürüst olmalıdır.
- Hər tamaşa bir oyundur, başlayır və bitir. Sizin üçün necə, dünyanın oyunu bitibmi?
- Dünyanın oyunu heç vaxt bitmir və bitməyəcək də. Mənə görə, insan hətta dünyasını dəyişdikdən sonra da dünyanın oyunu bitmir. Biz bilmirik ki, öldükdən sonra bizim haqqımızda nə danışacaqlar, biz yaddaşlardan silinəcəyik, yoxsa qalacayıq? Bizi böyük sənətkar kimi xatırlayacaqlar, yoxsa ümumiyyətlə xatırlamayıb, deyəcəklər ki, etdiyi işlərin heç bir dəyəri olmayıb. Mənim fikrimcə, dünya durduqca bu oyun davam edəcək.
- Çox sağ olun, müsahibəyə görə, Nicat müəllim. Sizə bu əbədi oyunda uğurlar arzulayıram.
- Mən də sənə təşəkkürümü bildirirəm. İkninci ildir ki, sənə dərs deyirəm. Çox çalışqan qızsan. Arzu edirəm ki, bundan sonra da, sənətin sirrlərinə yiyələnməyi davam edəsən. Harda olursansa ol, istər ədəbiyyatda, istərsə də səhnədə, uğurların bol olsun! Üzün həmişə gülsün.
- Var olun, müəllim! Zəhmətiniz danılmazdır. İnşallah, etimadızı doğrultmağı bacararam!

Söhbətləşdi: Səma Muğanna
ADMİU-nun aktyor sənəti ixtisası üzrə II kurs tələbəsi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı.
Müəllifin digər yazıları
Bir teatr tamaşası insanı susdurursa, deməli, danışmağına ehtiyac qalmamışdır. “Arqon” monotamaşası (müəllif: Şəbnəm Xeyrulla, quruluşçu rejissor və ifaçı: ADMİU-nun teatr və kino aktyoru ixtisası üzrə IV kurs tə...
“Pillə” 3 tələbə tamaşalar festivalının üçüncü günü, günorta vaxtı festivalın yeni hoqqası başlayır: “Yay gecəsində yuxu”.
Pərdələr açı...
Hər birinizi “Pillə 3 Respublika Tələbə Tamaşaları Festivalı”nın son günündən salamlayıram. Tələbələrə öz bilik və bacarıqlarını göstərmək imkanı yaradan festival bu gün başa çatdı. Festival bütün...
İyunun 2-də Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə həyata keçirilən PİLLƏ 3 Respubl...
Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə CHARACTERS Müasir Dramaturgiya Festivalı 10–12 iyun 2025-ci il tarixlərində Bakıda yerləşən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcək xüs...
ADMİU-nun rektoru professor Ceyran Mahmudovanın başçılığı ilə ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevil Kərimova, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, professor Validə Məmmədova, İctimaiyyətlə əlaqələr...
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) ev sahibliyi ilə keçiriləcək “Pillə” 3 Respublika Tələbə Tamaşaları Festivalının proqramı artıq məlumdur. 26 may – 2 iyun tarixlərini əhatə edən festivald...
“Füzuliyə münasibətdə çox böyük səhvini, bağışlanmaz günahını” (Zəkulla Bayramlı) Axundzadəyə bağışlamazdılar, əgər ortalıqda qaranlığa gömülmüş bir z...
Teatr - insan ruhunun, düşüncələrinin və hisslərinin canlı şəkildə səhnədə ifadə olunduğu sənət növüdür. O sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda cəmiyyətin güzgüsüdür. Teatr insanları düşün...
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublik...