Gözlənilən tamaşa premyeradan sonra ilk dəfə
Xəbər verdiyimiz kimi 30 iyun tarixində Akademik Milli Dram Teatrının səhnəsində "Şükriyyə" tamaşasının premyerası keçirilib. İki aylıq məzuniyyətdən sonra tamaşa növbəti nümayişi ilə mövsüm...
Teatr sənətimiz ölkəmizdə ilk dəfə keçirilən I Müstəqil Teatrlar Festivalı ilə öz baharını yaşamaq üçün ikinci addımını atdı. Uzunmüddətli fasilədən sonra, ötən ilin noyabrında “4.4 Qısa Tamaşalar Festivalı”, bir neçə gün öncə isə növbəti festival olan “Teatr baharı” baş tutdu.
Sözügedən festival müstəqil teatrlar üçün fürsət idi. Bu teatrlar özəl deyil, müstəqildir. Elə sözügedən festivalla biz, həqiqətən də, bu kiçik, hətta əksəriyyətinin binası belə olmayan teatrların necə aktiv, sərbəst şəkildə işlədiklərinin, bir sözlə, MÜSTƏQİL olduqlarının şahidi olduq. Onlar həvəslə, dayanmadan işləyirlər.
“Dəmir maqnitə aşiqdir. Həmişə ona doğru qaçar, zəfər də səbrə aşiqdir və davamlı ona qaçar” (Sührəverdi). Bu adamlar da səbrlə, əzmlə öz işlərini görürlər. Teatr uğrunda! Çox istəyirik ki, bu teatrlar üçün daha münbit şərait yaradılsın. Yaradılsın ki, yaşayıb-yaratsınlar! Elə festivalın əsas məqsədi də belə teatrların nəyə qadir olduğunu göstərmək, “onlar inkişaf etdikcə, daha yaxşısını edəcəklər” – demək idi.
Bu festival məndə o qədər xoş təəssüratlar yaratdı ki! Festivalın keçirilməsi bizə çox şey qazandırdı. Festival boyunca tamaşaların nümayişi ilə yanaşı, müzakirələri də keçirildi, yeni tamaşalar gördük. Gənc istedadları - rejissorları, aktyorları tanımış olduq. Biz – tələbə-teatrşünaslar üçün müzakirələrdə iştirak etmək, tamaşaları təhlil etməyə çalışmaq və peşəkarlar arasında söz demək üçün ilk fürsət idi.
Sevincli, amma bir o qədər də həyəcanlı müzakirələrdə həm kiçik uğur, həm də mənəvi qazanc əldə etmiş olduq. Ümidvaram ki, bu və bu kimi başqa festivallar tez-tez keçirilər, biz də canla-başla daha yaxşı iştirak edərik. Təki həmişə baharı belə qarşılayaq!
“Arzular bağı”
Festivalın ilk günündə Pərviz Bəşərdüstün əsəri əsasında rejissor İmaməməddin Həsənovun quruluşunda hazırlanan “Arzular bağı” tamaşasını izlədik.
Tamaşa “Biz hardayıq? Bəlkə, bura evdir, bəlkə bir quyudur?” sualına cavab axtaran iki nəfərlə (Əməkdar artist İlqar Cahangirli və aktyor Rauf Şahsuvarov) başlayır. Onlar ayağa qalxır və düşünür: “İş axtaraq”.
“Ha-ha”, “Dəlixanadan qaçmış adama kim iş verər?”, “Qaçmışıq, qaçmışıq, qaçmışıq...”
Sonra artistlik etmək fikrinə düşürlər. Personajlardan biri “Bəs, necə artist olaq?” sualını verir və “Hər şey təssəvürdən başlayır” cavabını alır. “Arzular bağı” seyrçini düşünməyə vadar edən, həmçinin üzündə təbəssüm yaradan bir tamaşadır. Belə bir sual meydana gəlir. Onlar həqiqətənmi dəlidirlər? Bəlkə də heç deyillər. Ya dəlixanadan qaçıblar? Yoxsa bu da bir təsəvvürdür? Dəlixanada olduqlarını, qaçdıqlarını təsəvvür edirdilər? Yoxsa dəlixanada olaraq sadəcə oradan qaçışlarını xəyal edib bütöv bir “xəyali hekayə” yaradıblar? Ola bilər ki, onların “arzular bağı” elə dəlixanadır? Onlar təsəvvürə artistliklə başladılar. Dəlixanadan qaçanlar artistlərin maaşının az olduğunu da bilirdilər.
Sonra maşın gördülər (oxu: təsəvvür etdilər). Maşın arzusuna düşdülər. Nələri var idi ki, maşınları da ola? Onlar tək idilər, yoxsa dəli? Problem təklik ola bilərdi? Məncə, problem təklik yox, “xoşbəxtlik” məsələsi idi. Bəlkə də, dəlixanadan qaçıb, arzularını qurmağa başlayıblar? Çünki həyata necə başlayacaqlarını bilmirdilər. Təsəvvür, xəyal edərək özlərinə xoşbəxtlik “tapmaq” istəyirdilər...
Hər dəfə daha çoxunu, yaxşısını istəyərək. İnsan oğlu belədir. Hər dəfəsinda daha çoxunu, ən yaxşısını istəyir. İstəyinə çatanda bir müddətlik özünü xoşbəxt hiss edir, amma çox tez bezir. Həvəsi dəyişir. Yeni şeylərə qaçmağa can atır. Sonra yenidən və yenidən...
Onlar da özlərini xoşbəxt etmək, özlərini tapmaq istəyirdilər.
Maşından sonra ev, sevgili, evlilik, uşaqlar və s. Bütün həyatlarını təsəvvür edərək qurub yaşadılar. Tamaşa bütöv bir təxəyyülə söykənir. K.Stanislavskidən çıxış edərək deyirəm ki, teatr elə təxəyyül meydanıdır. “Təxəyyülsüz yaradıcılıq yoxdur”. Tərəf müqabili ilə işdə hər iki aktyorun istedadı göz qarşısında idi. Biz seyrçilər onların həqiqətinə inandıq. Onlar bizi inandırdılar. Təsəvvür edərək yaşayır, təsəvvürlərində canlandırdıqlarını tamaşaçıya da yaşadırdılar. Seyrçi də məhz həqiqətə inandığı üçün təsirlənə bilirdi.
Yeni teatrın yeni aktyorları
Festival boyu gördüyüm tamaşalarda özüm üçün çox maraqlı gənc aktyorlar kəşf etdim. Xüsusən, “RaskolnikOFF” və “Üstdəki dərinliklər” tamaşaları aktyor ifası baxımından diqqətimi çəkdi.
Rejissoru Mir Qabil Ələkbərov olan “Üstdəki dərinliklər” tamaşasının aktyor heyəti maraqlı ifa sərgilədilər. Anar Bulud, Fərid Vəliyev, Anar İbrahimov, Səid Abbasov. Tamaşada ən çox diqqətimi cəlb edən Səid Abbasovun aktyor ifası idi. Bir anlıq düşündüm ki, onun boğazına sarılan ip var, mənmi onu görə bilmirəm? Təklif edilmiş vəziyyətdə aktyorlar əşyasız əməl prinsipini çox dəqiq yerinə yetirirdilər.
Ayla Osmanovanın quruluşunda “RoskolnikOFF” tamaşasında cəmi iki ifaçı var. Rejissor o boyda romanı ikicə personajdan ibarət səhnələşdirməyə sığdıra bilib. Sonya obrazını canlandıran Xəyalə Meydanova və Roskolnikova həyat verən Nurlan Süleymanlı.
Bu tamaşada Nurlan Süleymanlının oyununa heyran qaldım. Elə oynayırdı ki, səhnənin kiçik, tamaşaçının çox olmasına baxmayaraq, obrazına elə köklənmişdi ki, tamaşaçı olaraq bir saniyə belə gözümü ayırmaq istəmirdim. Zamanın necə keçdiyini, ümumiyyətlə, hiss etmədim. Bəzən də gözümü ayırmamaq üçün öz-özümə danışırdım. Aktyor elə peşəkarlıqla oynayırdı ki, göz kontaktında içimə vahimə dolurdu. Aktyorun rol aldığı digər tamaşalarda da mütləq tamaşaçı olmaq istərdim...
Ancaq belə təşəbbüslərlə teatrlarımız inkişaf edə, arzu olunan məqama çata bilər. Belə festivallar ictimaiyyətə, teatr cameəsinə, teatrın özünə bir daha sübut edir ki, teatr təkcə dövlətin ayırdığı böyük bina və aylıq cüzi gəlir ilə “dolanan” dövlət teatrlarından ibarət deyil. İstedadlı gənclərimizin öz hesablarına ərsəyə gətirdikləri, sözün əsl mənasında, MÜSTƏQİL olan teatrlar da bu sahədə lazımınca sözünü deməyi bacarır. Yetər ki, onlara şans verək, şərait yaradaq, dəstək olaq. Dəstək olaq ki, teatr üçün hər zaman bahar olsun...
Nərminə Kamalova
Tələbə-teatrşünas