TEATRO

TEATRO

sənət portalı

post-title

Müasir dövrdə Azərbaycan teatrının ən aktual problemləri hansılardır?

- Azərbaycan teatrında bu gün ən aktual problemlər hansılardır?

Azərbaycan teatrının problemləri kompleks xarakterli problemlərdir və onların arasından hər hansını fərqləndirmək olduqca çətindir. Bu gün Azərbaycan teatr sənətindən danışarkən bir sıra problemlər qrupunu qeyd edə bilərəm.

- yaradıcı problemlər

- menecment problemi

- kadr problemi

- PR və kommunikasiya problem

- Marketinq problemi

- Dramaturgiya və repertuar problemi

-  Teatr nəzəriyyəsi ilə bağlı problem

- Teatr təhsili ilə bağlı problem

- Maliyyə problemi

- Teatrın beynəlxalq əlaqələri ilə bağlı problem.

- Mütaliə problemi və s.

Sözsüz ki, yaradıcılıq problemi başlıca məsələ kimi diqqət çəkir. Amma unutmaq olmaz ki, teatrın sağlam yaradıcılıq həyatının formalaşması üçün sadalanan digər məsələlər də olduqca əhəmiyyətlidir. Mənə görə, Azərbaycan teatrının, bəlkə də bütövlükdə Azərbaycan cəmiyyətinin ən böyük problemlərindən biri alternartivlərin mövcud olmamasıdır. Ölkədə faktiki olaraq, yalnız bir teatr sistemi  - dövlət teatrları sistemi işləyir və yalnız dövlət teatrlarının qorunması və fəaliyyəti ilə bağlı tədbirlər həyata keçirilir. Müstəqil teatrlar şəbəkəsi isə, demək olar ki, diqqətdən kənarda qalır. Az sayda müstəqil teatr minimal resurslarla bacardıqları qədər maraqlı işlər görməyə çalışırlar və bəzi hallarda və bəzi istiqamətlərdə hətta dövlət teatrlarından daha uğurlu fəaliyyət həyata keçirsələr də, onların gördüyü işlər rentabelli deyil və ayrı-ayrı şəxslərin şəxsi təşəbbüsü, hətta deyərdim ki, fədakarlığı sayəsində mümkün olur.   

Teatrların maliyyələşmə strukturları və idarəetmə sistemi hələ də müasir tələblərə tam uyğunlaşmayıb. Bu isə yaradıcı risklərin alınmasını və innovativ layihələrin irəli çəkilməsini çətinləşdirir. Repertuar siyasətində klassika ilə müasir dramaturgiya arasında sağlam balans tam formalaşmayıb — yeni müəlliflərin, eksperimental formaların və müasir rejissor texnikalarının tətbiqi hələ istənilən səviyyədə deyil. Teatrların rəqəmsal kommunikasiya və marketinq strategiyaları zəif olduğundan, geniş auditoriya ilə əlaqə və brend quruculuğu zəifdir.

Teatrşünaslıq, teatr elminin inkişafı ilə bağlı durum isə, daha acınacaqlıdır. Mədəniyyət və İncəsənət Universitetində Teatrşünaslıq ixtisası üzrə hər il 15-20 tələbə məzun olsa da, onların işlə təmin olunması sanki heç kəsi düşündürmür. Bu gün ölkədə istisnasız heç bir teatrşünas sırf teatrşünas kimi fəaliyyət göstərdiyi üçün məvacib almır. Ölkədə teatr haqqında professional məqalələrin dərc olunduğu qonorar verən bir dənə də olsun, mətbu orqan yoxdur. Teatrşünaslıq teatr prosesinin diaqnostikasıdır. Təsəvvür edin ki, bu gün bizim teatr “tibbimiz” diaqnostikasız fəaliyyət göstərir. Buna baxmayaraq, son illərdə ölkədə bu sahəyə marağı, sevgisi olan istedadlı və savadlı gənclər yetişir, amma onlar da qeyd etdiyim problem ucbatından müxtəlif fəaliyyət sahələrinə yönəlirlər və biz Azərbaycan teatrını irəli apara biləcək çox perspektivli kadrları itirmiş oluruq. Bu gün əli qələm tutan 5-6 gənc və orta yaşlı teatrşünas var ki, onlar da vaxtilə dosent Vidadi Qafarovun redaktoru olduğu “Kaspi” qəzetinin “Teatr” əlavəsinin 8 illik fəaliyyəti sayəsində formalaşıblar. Teatr-tamaşa müəssisələrində də teatrşünasın çalışa biləcəyi potensial iş yerləri yox səviyyəsindədir. Bu problemin həlli üçün təcili tədbirlər görülməlidir. Nümunə kimi, Gürcüstan nümunəsini göstərə bilərəm. Gürcüstan Mədəniyyət Nazirliyi Theatrelife.ge saytına artıq 5 ildən artıq müddətdir ki, mütəmadi olaraq maliyyə ayırır və bu maliyyə qonorara fonduna və saytın saxlanılmasına sərf olunur. Azərbaycanda isə teatrşünasların şəxsi təşəbbüsü və vəsaiti hesabına 2018-ci ildə yaradılan və bu günədək min əziyyətlə fəaliyyətini davam etdirən Teatro.az saytı var ki, ölkədə yeganə teatr saytı olsa da indiyədək heç bir dəstək almayıb.

- Teatr sənətinin bu gün cəmiyyətdə rolu necə dəyişib? Müasir tamaşaçı artıq nədən ilham alır?

Əgər teatr prosesindən qlobal miqyasda danışırıqsa, qeyd etməliyəm ki, teatrın cəmiyyətdə rolu daha dinamik və interaktiv xarakter alıb. Əvvəllər teatr həm informasiya, həm də əyləncə mənbəyi idi, lakin indi tamaşaçı bu funksiyaları rəqəmsal mediadan, sosial şəbəkələrdən və platformalardan alır. Bu səbəbdən teatr daha çox düşüncəyə xitab edən, müzakirə açan və sosial mövzuları aktual edən bir məkana çevrilir. Müasir tamaşaçı vizual estetikanın gücləndiyi, hekayənin sürətli və emosional təqdim olunduğu tamaşalardan ilham alır. Onlar həmçinin real hekayələr, sənədli yanaşmalar, multimedia, performans sənəti və texnologiya ilə inteqrasiya olunmuş formaları sevirlər. Tamaşaçı artıq yalnız passiv izləyici olmaq istəmir. O, özünü hekayənin bir hissəsi kimi hiss etməyi tələb edir. Ümumiyyətlə, müasir insan dünyanın mərkəzində özünü görür.

Bu günün incəsənətinin necəliyini təyin edən məsələlərdən biri də müasir informasiya-kommunikasiya texnologiyalarının, sosial medianın, süni intellektin cəmiyyət həyatına təsiri ilə bağlıdır. Bu gün dünya teatrı müasir texnologiyalardan, multimediadan Sİ-nin imkanlarından gen-bol istifadə etdiyi halda, bizim teatr sənətimiz, bu mənada, yumşaq desək, bir qədər axsayır. Teatrlarımız müasir texnologiyalara təhlükəli düşmən kimi baxdığı, onun yaratdığı imkan və fürsətlərdən bixəbər qaldığı müddətcə, bu sahədə inkişafdan qalması labüddür.

- Sizcə, teatr hələ də “canlı sənət” olaraq öz təsir gücünü qoruyub saxlaya bilir?

Rəqəmsal platformalarda hər şey təkrarlana və kopyalana bilir, lakin teatrda hər tamaşa təkrarsızdır - aktyorun nəfəsi, zaldakı enerji, ani improvizasiya və emosional kontakt yalnız orada, həmin anda yaranır. Bu unikallıq - “burada və indi” prinsipi teatrı digər sənət növlərindən fərqləndirir və bu gün də tamaşaçıya daha dərin təsir bağışlayır. Teatr həmişə var olub, həmişə də var olacaq. Ola bilər ki, bu gün teatr dediyimiz sənət növü, əvvəlki dövrlərin teatrından köklü surətdə fərqlənsin. Düşünürəm ki, bu faktın özü də anlaşılandır və qanunamüvafiqdir.

- Sizcə, bu gün ölkəmizdə teatr izləyicilərinin sayı artıb, yoxsa azalıb?

4. Sevindirici haldır ki, pandemiyadan sonrakı dönəmdə teatrlarımızda tamaşaçı sayında artım müşahidə olunur. Görünür, pandemiya və qapanma (lokdaun) prosesləri cəmiyyətə ünsiyyətin nə qədər vacib nəsnə olduğunu göstərdi və insanlar canlı ünsiyyətin həyatımızdakı önəmini daha dərindən dərk etdilər. Tez-tez teatrlarda anşlaq yaşandığının, biletlərin satılıb qurtardığının şahidi oluruq və bu bizi çox sevindirir. Amma sözsüz ki, bu bütün teatrlara və bütün tamaşalara şamil oluna bilməz. Teatr biletləri, məsələn, Rusiyada, Gürcüstanda, Avropa ölkələrində olduğu kimi, nümayişə 1-2 ay qalmış satılıb qurtarmır və teatrların repertuarındakı cəmi bir neçə tamaşa tamaşaçılar tərəfindən tələb olunur. Digər tamaşalarda isə yenə də əvvəlki kimi boş zallar, tamaşaçı salonunun dəvətlilər, hansısa təşkilatların nümayəndələri hesabına doldurulmasının şahidi oluruq.

Bu gün ölkəmizdə teatr izləyicilərinin sayında nisbi dəyişiklik müşahidə olunur və bu dəyişiklik daha çox keyfiyyət üzərində özünü göstərir. Ənənəvi mənada, mütəmadi olaraq teatr izləyən insanların sayı müəyyən qədər azala bilər. Bu, rəqəmsal platformaların genişlənməsi, insanların həyat ritminin sürətlənməsi və əyləncə seçimlərinin çoxalması ilə bağlıdır. Lakin digər tərəfdən, teatrın müasir formalarına - eksperimental tamaşalara, alternativ məkanlarda keçirilən performanslara, multimedia və interaktiv yanaşmalara maraq artıb. Xüsusilə gənclər arasında teatr artıq yalnız klassik sənət kimi deyil, həm də müasir fikir mübadiləsi və sosial dialoq üçün bir platforma kimi qəbul olunur. Bu kontekstdə sayı azalan ənənəvi auditoriyanın yerini daha çox araşdıran və yenilik axtaran yeni bir tamaşaçı profili tutur. Sosial mediada teatrların daha aktiv olması, PR, rəqəmsal kontentin paylaşılması da tamaşaçı marağının stimullaşdırılmasına kömək edir. Yəni, riyazi olaraq ciddi artım olmasa da, teatrın cəlb etdiyi auditoriyanın profili dəyişir və bu dəyişiklik, əslində, teatrın inkişafı üçün daha perspektivlidir.