TEATRO

TEATRO

sənət portalı

post-title

Mir Qabil Əkbərov: “Bizim rejissorlarda bu yoxdur...”

Müstəqil Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərov ilə müsahibə:


-Mir Qabil Əkbərov daha çox kimdir, aktyordur, yoxsa rejissor?
-Beş il bundan əvvəl özümü aktyor kimi görürdüm. Amma sonra, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olundum və tələbəlik illərimdə özümü daha çox rejissor kimi görməyə başladım.

-Mir Qabil Əkbərovun kumiri varmı?
-Kumirim anamdır, Azərbaycanın Xalq artisti Yasəmən Ramazanova. Bu sənətə gəlməyimin ən böyük səbəbi də onun yaradıcılığını özüm üçün nümunə götürməyimdir. Hələ lap uşaq yaşlarımda anamı səhnədə görəndə mən də səhnəyə çıxmaq üçün əlimdən gələni edirdim. Nəhayət, dörd yaşımda televiziya tamaşasında səhnəyə çıxdım. Aktyorluq fəaliyyətim elə bu tamaşadan sonra başladı.

-Sizə görə, yaradıcı insanın hansı səhvi onun əsl faciəsinə çevrilə bilər?
-Hər şeydən öncə, öyrənməkdən imtina etmək. Sənətkarın özünü bir nöqtədən sonra əvəzolunmaz hesab etməsi və mənəm-mənəmlik iddiasında olması elə onun əsl faciəsinin başlanması deməkdir. Əslində, loru dildə desək, bütün bu anlayışların bir adı var. O da, yekəxanalıq! Əgər hər hansı bir sənətkarda bu əlamət varsa, təbii ki, bir nöqtədən sonra bu xarakter onun gələcəyində faciəvi bir mənzərə yaradacaq.

-Bəs, özünüzün belə insanlara qarşı münasibətiniz necə olub?
-Ümumiyyətlə, indi belə biri ilə rastlaşanda, mənim mövqeyim birmənalı şəkildə onunla yaradıcılıq münasibətlərimi kəsmək olur. Çünki öz təcrübəmdə dəfələrlə görmüşəm ki, elə insanlara nəyisə başa salmaq, ya da onlara kömək etmək qətiyyən mümkün deyil! Dediyim kimi, elələri ilə əvvəllər çox rastlaşırdım. Hətta iki-üç dəfə həmin insanla söhbətlər aparırdım ki, bəlkə nəyisə düzəldə biləm. Amma görmüşəm ki, yox, alınan deyil. Çünki bir insanda əgər yekəxanalıqla bağlı olan həmin o eqo varsa, o axıra qədər də elə gedəcək!

-“Şah Mat Teatrı” hansı ehtiyacdan yarandı?
-“Şah Mat Teatrı” üslub ehtiyacından yarandı. Çünki öz üslubu olan rejissor digər rejissorlarla müqayisədə asanlıqla seçilə bilir. Mən üçüncü kursda oxuyanda, Viktor Hüqonun “Gülən adam” əsəri əsasında eyniadlı bir tamaşa qurmuşdum. Amma gördüm ki, yox, mən bu sistemlə hansısa bir teatrda özümə yer tapa bilməyəcəm. Çünki hər bir teatrın öz üslubu var. Bütün bu prosesləri müşahidə edəndən sonra düşündüm ki, niyə də öz teatrımı yaratmayım? Və bundan sonra öz üslubumu yaratmaq arzusunda olduğum “Şah Mat Teatrı”na yönəltdim. Nəticədə də, hələ ki, fəaliyyət göstəririk...

-Çoxları deyirlər ki, əslində, yaradıcılıq proseslərinin kökündə özünü tanıtmaq, daha aydın desək, şöhrətpərəstlik istəyi yatır. Bəs, siz özünüzdə bu istəyi nə dərəcədə hiss edirsiniz?
-Yox, mən belə deməzdim. Bilirsiz, gəlin belə bir misal çəkim, Viktor Hüqo “Səfillər” və yaxud “Paris Notr-Dam kilsəsi” romanını şöhrət qazanmaq üçün yazmayıb. Onun əsərlərindəki mövzular cəmiyyətin problemləri ilə, yəni dövlət və xalq arasında olan problemlərlə bağlı olub. Nəticədə isə bu niyyəti, onu böyük bir şəxsiyyət kimi bütün dünyada tanıdıb.

- Şah Mat Teatrı öz tamaşalarında daha çox hansı problemlərə toxunur?
-Cəmiyyət və insanlıq. Doğrudur, ümumi olaraq nəzər yetirəndə hər bir səhnə əsəri, yəni hər bir incəsənət əsəri insanlara və cəmiyyətə yönəlir. Amma bizim teatr daha çox insanların düşüncələrini və onların daxili yaşantılarını ön plana çıxarır.

-Bəs, problemləri həll etməyin yolu, sizə görə hansı bədii üslublardan keçir və bu üslub nə dərəcədə effektivdir?
-Mənim yaratdığım teatr ekzistensialist, absurd, sürrealist və amansız teatr üslublarını birləşdirərək ərsəyə gətirdiyim “Ağ və Qara” üslubdur.  Elə götürək absurd üslubunu, bildiyiniz kimi, bu üslubun özü elə müharibədən sonrakı dövrdə yaranıb. Onun yaranması üçün əsas səbəb, ikinci dünya müharibəsi zamanı məruz qaldığı o dəhşətli situasiyaların yaratdığı travmatik əzablardan insanlığı uzaqlaşdırmaq və onları pessimizmdən xilas etmək istəyi ilə əlaqəli idi. O cümlədən bizim teatrımızın üslubu da, hal-hazırda cəmiyyətin indiki vəziyyəti üçün aktual olan problemləri qabardır. Nə dərəcədə effektiv olmasına gələndə isə, biz tamaşaçılara öz düşüncəmizi əsas götürərək, siz bunu edin deyə bilmərik. Gürcü rejissorunun gözəl bir sözü var. O deyir ki: “Teatr dünyanı mehriban etmək gücündə deyil. Sadəcə, olaraq o insanların yadına salır ki, siz mehriban ola bilərsiniz!”

-Onda, gəlin, sualı belə qoyaq, Şah Mat Teatrı digər teatrlarımızla müqayisədə hansı özəl keyfiyyətlərə malikdir?
-Mən ümumiyyətlə teatrları müqayisə etməyin tərəfdarı deyiləm. Çünki hər teatrın öz üslubu, öz keyfiyyəti var. Məsələn, Akademik Milli Dram Teatrı ilə Gənc Tamaşaçılar Teatrının tamaşaları tamamilə fərqlidir. Şah Mat Teatrı da həmçinin. Həm də ki, zirzəmi üslubunda yaranan bir teatrı, ənənəvi teatrlarla müqayisə etmək, mənə elə gəlir ki, düzgün olmaz. Təbii ki, hərəsinin öz yolu var.

-Şah Mat Teatrının truppası yaxın dostluq əlaqələriniz olan aktyorlardan ibarətdir. Bu, yaradıcılıq prosesinə mane olmur ki?
-Şah Mat Teatrı əvvəldən bizim ətrafımızda kimlər var idisə, elə onların köməyi ilə yaranıb. Məsələn, Anar Bulud, Fərid Vəliyev və Əminə Cəfərova ilk gündən mənim yanımda olublar. Yəni həmin dönəmlərdə mənim yanımda iki-üç nəfər ola bilərdi. Amma bunun səbəbi də elə mənim yaratdığım üslubla bağlı idi. Çünki onlar mənim yanımdaydı deyə bu üslub onlara daha çox təsir edirdi. Buna görə də onlarla tamaşa qurmaq daha asan idi. Əlbəttə ki, əgər teatr yaratmışamsa, onun repertuarında ən azı iki-üç tamaşa olmalıdır. Amma daha sonralar bu üslub özümüzə doğmalaşdıqdan sonra, kənardan tanımadığımız aktyorları da dəvət etdik. Məsələn bizdə Fərid Bağırov adında bir aktyor var. Haradasa, bir il olar ki, bizim teatra gəlib. Əvvəl bizim dostumuz olmasa da, indi aktyor heyətinin əsas üzvlərindən biridir. Yəni elə aktyorlar var ki, sonradan gəlsələr də, zamanla bizim üslubumuzu qavraya bilirlər.

-Şah Mat Teatrının ansambl yaradıcılığı sizi nə dərəcədə qane edir?
-Mənim üçün qaneedicidir! Söhbət əgər üslubu başa düşməkdən gedirsə, bizim teatrımızda elə bir sistem qurulub ki, aktyorlar az da olsa, o üsluba yönəliblər və o üsluba xidmət edirlər. Əgər mən görsəm ki, aktyorun düşüncəsi tam olaraq formalaşmayıb, onda ona əsas rolu verə bilmərəm. Çünki mən yeni aktyoru əvvəlcə epizodik rollarda zamanla öz üslubuma öyrəşdirməliyəm. Elə bununla da yavaş-yavaş o aktyor, bizim ansamblımızın ümumi iş prinsipinə yiyələnə bilir. Yəni dediyim kimi, məncə bizim ansambl qaneedicidir.

- Siz rol bölgüsünü hansı prinsiplə həll edirsiniz?
-Əslində, rejissorun gücü elə aktyora verdiyi rollardan bəlli olur. Məsələn, bizim tamaşalarımızda heç vaxt iki-üç dəfə eyni janrda olan tamaşa olmayıb. Mənim yaratdığım repertuar sistemi elə qurulub ki, aktyorlar əgər bu gün komediya janrında olan bir tamaşada çıxış edirlərsə, sabah mütləq faciə, ya da dram janrında olan hansısa bir səhnə əsərində iştirak etməlidirlər. Əgər biz aktyora iki-üç dəfə dalbadal komediya janrında tamaşa versək, onun yaradıcılıq potensialını öldürmüş olarıq. Belə olan halda gərək o aktyordan əlimizi üzək. Ona görə ki, o aktyor daha yaradıcı aktyor deyil, bildiyimiz sırf ənənəvi komediya aktyoru olacaq.

-Bu gün teatr sənəti kino, televiziya sənətləri ilə, həmçinin internetlə rəqabət aparmalı olur. Bu səbəbdən bir çox teatrlar tamaşaçıları cəlb etmək üçün, düzgün marketinq siyasətinin qurulmasına xüsusi diqqət yetirirlər. Şah Mat teatrı marketinq işini necə qurur?
-Etiraf edim ki, bizdə bu istiqamət bir az zəifdir. Çünki biz hələ üç ildir, fəaliyyət göstərdiyimiz üçün, öncəliklərimiz daha çox aktyor heyəti yaratmaq və tamaşalarımızı təşkil etmək idi. Elə buna görə də marketinqə yönəlmək üçün bizim əlverişli bir vaxtımız olmayıb. Bacardığımız qədər də bu işi Youtube kanalı, facebook və instagram sosial hesabları üzərindən idarə etməyə çalışmışıq. Amma bunun üzərində hələ çox işləməliyik.

-Şahmat teatrının aktyorları filmlərə çəkilir. Sizcə, kinematoqrafiya sahəsinə olan bu meyil teatrın estetikasına zərər vura bilərmi?
-Məncə zərərli deyil. Biz yenə də amplua məsələsinə qayıtmalıyıq. Çünki mənim zənnimcə, teatr və kino aktyoru ayrı olmamalıdır. Teatr - aktyorun baza yığdığı bir sistemdir. Məsələn, teatrda aktyorun psixologiya təlimini öyrənmək və bədən dili kimi praktiki məşqlərdə özü üçün baza yığmaq imkanı olur və teatr səhnəsinə çıxan aktyor bu bazanı bir qədər də genişləndirir. Amma çəkiliş meydançası o deyil. Çünki burada məşq prosesi teatrda olduğu kimi hərtərəfli aparılmır. Yəni aktyora cəmi beş dəqiqə, kameralar və işıq hazır olana qədər vaxt verilir. Aktyora bir həftə, ya da bir ay vaxt verilmir. Çox təəssüf ki, Azərbaycanda belədir. Elə buna görə də, məncə, aktyor hər hansı bir filmə çəkilməzdən əvvəl, gərək teatr prosesindən keçsin. 
Yəni filmə çəkilən aktyorun ona tapşırılan rolun öhdəsindən gələ bilməsi və həmin obrazın psixologiyasını dərk etməsi üçün daha əvvəl teatrda fəaliyyət göstərib, müəyyən bir baza yığması vacibdir. Bizim teatrın aktyorları da həmçinin kinodan əvvəl elə teatr səhnəsində çıxış ediblər. Sonra bir müddət keçdi və mən dedim ki, niyə də bu aktyorlar öz istedadlarını kamera qarşısında sınamamalıdır? Düzdür, biz kino sahəsində o qədər də professional deyilik. Amma düşünürəm ki, aktyorlarımızın öz bacarıqlarını kamera qarşısında nümayiş etdirməsi, onların yaradıcılıq qabiliyyətini və hərtərəfli inkişafını artırması üçün vacib proseslərdən biridir.

-Pandemiya şəraiti davam edərsə, Şah Mat Teatrının öz aktivliyini qorumaq üçün “B” planı varmı?
-“B” planımızı elə qısametrajlı filmlər çəkməklə həyata keçiririk. Çünki bizim üçün ən vacib olan məsələlərdən biri də tamaşaçı kütləmizi qorumaqdır. Bəlli səbəblərə görə teatrlar fəaliyyət göstərmir deyə biz də ən azından bu qısametrajlı fimlərin vasitə ilə öz tamaşaçılarımızı qorumaq niyyətindəyik. Əgər karantin şəraiti uzun müddət davam edərsə, məcburuq ki, “C” planına keçək. Bu plan isə tamaşaçılarımızla onlayn şəkildə görüşlər təşkil etməkdən ibarətdir.

-Azərbaycanın teatr mühitini necə dəyərləndirirsiniz?
-Azərbaycanın teatr mühiti... (Gülür) Əslində, gözəldir... Görün, nə qədər teatr var? Azərbaycana görə teatrların sayı yetərincədir... Amma hər teatr, öz üslubuna görə tamaşalar hazırlaya bilsəydi, daha gözəl olardı. Tutaq ki, Akademik Milli Dram Teatrı olsun, Gənc Tamaşaçılar Teatrı olsun, lap elə Şah Mat Teatrının özü olsun, hər bir teatrın öz üslubu olsa, məncə daha gözəl olardı. Amma biz hələ ki, o həddə gəlib çatmamışıq. Üslub özü cərəyandan başlayır. Hər bir teatrın üslubu və dəqiq bir sistemi olsa, məncə, bizim teatrlarımızda daha gözəl tamaşalar alınar.

-Bəs, sizə görə, Azərbaycan teatrının ən böyük problemi nədədir?
-Rejissura... Demirəm ki, Azərbaycanda rejissor yoxdur. Amma Azərbaycanda rejissorlar öz nöqtəsində durmur. Məsələn mənim hazırladığım repertuarda, adətən, bütün tamaşalar eyni xəttlə gedir. Mən, bu gün absurd tamaşa qurub, sabah isə naturalist tamaşa qurmuram. Amma rejissor var ki, tamaşaçı gəlib onun işini görəndə bilmir ki, bu tamaşanın müəllifi kimdir. Bizim müəlliməmiz, Mehriban Ələkbərzadənin gözəl bir sözü var. Deyir ki: “Mən rejissorun tamaşasına baxanda, səhnədə onun özünü görməliyəm...” Yəni misal üçün, mən Qabilin qurduğu bir tamaşaya baxıramsa, mən orada Qabili görməliyəm! Həmin tamaşada rejissorun öz dəsti-xətti boy atmalıdır. Yəni bizim rejissorlarda bu yoxdur! Əgər bu yoxdursa, rejissor aktyora heç nə deyə bilməz!

-Teatrınıza dəstək göstərənlər varmı? 
-Bizim üçün ən böyük dəstək elə tamaşaçıların özüdür. Tamaşaçı gəlirsə, deməli, bu teatra dəstəkdir. Yəni əslində, bizim kənardan nə maddi, nə də mənəvi dəstəyə ehtiyacımız yoxdur. Çünki sən özün tamaşanı aktyorla qurursan. Bunun rəssamı, musiqi tərtibatı və yaxud bəstəkarı var. Amma öz heyətindi. Yəni dəstək nə ola bilər? Buna dəstək ancaq tamaşaçı ola bilər! Yəni tamaşaçıların gəlişi, onların alqışı bizim üçün kifayətdir.

- Bəs, Şah Mat Teatrına olan tamaşaçı rəğbəti sizi nə dərəcədə qane edir?
-Bizim tamaşaçılarımız yaxşıdır. Çünki biz o vaxt tamaşaçıları formalaşdırmaq və onlara öz üslubumuzu izah etmək üçün bir-iki dəfə aktyorlarla tamaşaçıların fikir mübadiləsini təşkil etdik. Həm də ki, hər bir tamaşaçının qarşısına ağ kağız qoyub, tamaşa haqqında hansı fikirdə olduqlarını həmin o kağızlara yazmalarını istədik. Digər tərəfdən, öz instagram səhifəmizdə: “Siz bizim teatrda hansı tamaşaları görmək istəyirsiz?” adlı bir sorğu keçirdik. O cavablara baxanda da, gördüm ki, bizə müxtəlif müəlliflərin əsərləri haqqında təkliflər edilib. Məsələn onların arasında; Viktor Hüqo, Stefan Sveyq kimi yazıçılar var idi. Mən o zaman başa düşdüm ki, bizim tamaşaçılarımız, teatrımızın estetikasını və yaxud üslubunu anlamağa başlayıb. Yəni, bizim üçün tamaşaçı rəğbəti qaneedicidir.

-Sizcə Şah Mat Teatrı niyə yaşamalıdır?
- Məncə, bütün teatrlar yaşamalıdır. Çünki biz, əslində, cəmiyyətin qəhrəmanlarıyıq. İstəyir Şah Mat Teatı olsun, istəyir Pantomima teatrı... Biz tamaşaçılara nəyisə izah edirik və həmçinin onlar bizə baxıb, bizdən nələrisə götürə bilirlər. Elə buna görə hər bir teatr yaşamalıdır!

 

Load Time (S) : 0.004928