TEATRO

TEATRO

sənət portalı

post-title

Minaxanım Qurbanova - Teatr və müasir texnologiyalar

İncəsənət hər zaman mövcud olduğu dövrün və ölkənin sosial-iqtisadi vəziyyətinin, texnoloji inkişafının təsir dairəsində olub və olacaq. İctimai-tarixi proseslər müxtəlif bədii problemlərə fərqli həll yolları göstərən sənətkarlar yetişdirib. İncəsənət tarix boyu çoxlu dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklər mövzu, konsepsiya və üslublarda, bəzi dövrlərdə isə texniki və texnoloji yeniliklərdə təzahür edir. 

Teatr tarixən ictimai dəyişikliklərə reaksiya verdiyi dərəcədə ya əhəmiyyət qazanıb, ya da aktuallığını itirib. Demokratik fikirlər meydana çıxdığı vaxtda insanların düşüncə tərzini dərindən araşdırmaq bacarığı ona ictimai əhəmiyyət verib, amma yaşadığımız texnologiya əsri, təəssüf ki, hələ də teatrın reflektiv formasını əsas istiqamətə çevirə bilməyib. Zamanla ayaqlaşa bilmək üçün teatr ya özü texnologiyanı istehsal etməli, ya da mövcud texnologiyaları öz varlığının bir parçasına çevirməlidir. Təbii ki, dünyada bu cür yanaşmalar mövcuddur və bu sənətkarların işini maraqlı edən odur ki, onlar yeni texnologiyalarla dəyişən insanlar və onların dəyişən qavrayışlarını nəzərə alaraq teatrın inkişaf yönünü müəyyənləşdirməyə çalışırlar.   



Günümüzdə teatr sənətinin əsas problemlərindən biri zamandan qopmasıdır. Tamaşaçı var olduğu dünyaya aid olan bir teatr istəyir, amma teatr öz potensialını lazımi şəkildə istifadə etməyən və bu insanların ehtiyaclarını qarşılamayan işlər görür. Bu gün sürətlə dəyişən dünyada teatrın əsas məqsədi cəmiyyət həyatında öz təsir gücünü bərpa etməkdirsə, o, mütləq cəmiyyətdə baş verən dəyişiklikləri izləməli və onlara adekvat olmağa çalışmalıdır.  

Çağımızda, demək olar ki, texnologiyanın cəlb olunmadığı sahə qalmayıb. Yeni texnologiyaların səhnəyə tətbiqi ilə ənənəvi teatrda bir sıra dəyişikliklər baş verir. Teatra səssiz-səmirsiz daxil olan texnologiyanın köməyi ilə maraqlı layihələr yaradılır. Məsələn, “Hamlet 360” adlı əsəri rəqəmsal dünyaya köçürən komanda layihəni “virtual reallığın bütün imkanlarından istifadə edilərək hazırlanmış xüsusi tamaşa” kimi təqdim edir.      

     
                                                                                                    
Müasir səhnə dizaynlarında texnologiyadan intensiv istifadə edən əhəmiyyətli simalardan biri kanadalı rejissor və aktyor Rober Lepajdır. O, qurduğu “Ex Machina” adlı teatr şirkətində yeni texnologiyalardan istifadə edərək ekstraordinar tamaşalarını nümayiş etdirir. “Needles and Opium” (“İynələr və Opium”) tamaşasında proyeksiya vasitəsilə Mayls Devisin həyatını göstərmək üçün boru parçaları, qol saatı, heroin paketi və şprisdən istifadə olunur. Beləliklə, tamaşaçı başqa heç nə görməsə belə, Mayls Devisin hansı həyatı yaşadığını və necə öldüyünü asanlıqla təsəvvür edə bilir. Rejissor, həmçinin “Eta çayının yeddi qolu” adlı tamaşada dekorasiya əvəzinə çoxlu ekranlardan istifadə edir.  


                                                                                                             
Tamaşaların tərtibatında texnologiyadan yararlanan digər sənətçi Esmeralda Es Devlindir. İngiltərəli səhnə dizayneri Devlin səhnə və dekorasiya dizaynları ilə şöhrətlənib. Esmeralda Es Devlin Netflixdə yayımlanan “Abstract” sənədli filmində deyir: “Mən işimin son 20 ilində kəşf etdim ki, obyektlər çox vaxt boşluqları doldurmaq üçün hazırlanır. Mənim üçün bu boşluğu sənətlə doldurmaq istəyi vacibdir”. Onun “Maqbet” tamaşasında səhnə çarpaz şəkildə yerləşdirilmiş güzgülərlə illüziya qutusu kimi tərtib olunub. Güzgünün bir tərəfi hadisələri real vaxtda göstərərkən, digər tərəfi Maqbetin beynində baş verənləri vizuallaşdırır. Bu texnika Viktoriya dövrü İngiltərə sehrbazlarının xəyallar yaratmaq üçün istifadə etdiyi mexanizmdir.                                                                                                                                    
İşində çağdaş texnologiyalardan intensiv şəkildə istifadə etməyi sevən “The Builders Association” tamaşaçılara teatr binasına daxil olarkən “Elements of Oz” tətbiqini öz smartfonlarına yükləmələrini tövsiyə edir ki, onlar tamaşada istifadə olunan bütün xüsusi fəndləri görə bilsinlər. 2015-ci ildə “Elements of Oz” adlı tamaşada smartfonlarını Dorotinin evinə çevirən tamaşaçılar ekranda tornado təsvirini görüblər. Səhnənin sərhədlərini aradan qaldıran bu təcrübədən Ceyms Qrehemin “Privacy” tamaşasında da istifadə olunub.


    
Digər rəqəmsal yenilikləri özündə ehtiva edən tamaşalardan biri 2016-cı ildə nümayiş etdirilmiş “The Encounter”dir. Tamaşa başlamazdan öncə seyrçilərə qulaqcıqlar paylanır. Beləliklə, səhnədən gələn və əvvəlcədən yazılmış səslər birbaşa tamaşaçılara ötürülür. Tamaşa Simon McBurney tərəfindən hazırlanıb və solo ifa edilir. O, bir fotoqrafın real həyat səyahətini tropik Amazon meşələrinə uyğunlaşdırıb. Fotoqraf itib və şüuruna meydan oxuduğu situasiyalarda insanlarla qarşılaşdıqca McBurney texnologiyanın qeyri-adi istifadəsi ilə tamaşaçını hekayənin içinə doğru çəkir. Bu, texnologiyanın o qədər incə istifadə edildiyi yüksək texnoloji məhsuldur ki, tamaşaçılar hekayəyə tamamilə fokuslandığı zaman istifadə olunan bu texnologiyanın fərqinə varmır. Şirkətin köməkçi prodüseri Poppy Keeling deyir: “Böyük bir tamaşaçı zalında teatr tamaşasına baxarkən belə, birbaşa tək aktyorla əlaqə saxlayırsınız. Düşünürəm ki, performansın texnoloji yeniliklər vasitəsi ilə yaradılması həm də o deməkdir ki, biz artıq daha effektiv rəqəmsal üsullardan istifadə yollarını düşünürük”.    
                                         
Simon McBurney, sadəcə, səhnədəki mikrofonun önündə çıxış edir. Səs fərdi qulaqcıqlar vasitəsilə tamaşaçılara ötürülür. Səhnədə oynanılan hekayədən əlavə, qulaqcıqlardan gələn,  hadisələrin baş verdiyi məkandan asılı olaraq dəyişən səslər vasitəsilə tamaşaçılara informasiya ötürülür. McBurney təkbaşına çıxış edir, amma daha sonra ünsiyyətdə olacağı insanların səsi öncədən qeydə alınaraq tamaşaçılara paylanmış qulaqcıqlarda səslənir.  



Londonda nümayiş olunan “Gecə vaxtı itin müəmmalı ölümü” tamaşası asperger sindromundan əziyyət çəkən 15 yaşlı Kristoferin itin müəmmalı qətlini araşdırmasından bəhs edir. Səhnə sanki sehrli bir qutudur. 3D animasiyalar, LED ekranlardan ibarət dekorasiyalar və xüsusi işıqlandırma sistemindən istifadə Kristoferin geniş təxəyyülünə və rəngarəng dünyasına fərqli prizmadan baxmağa imkan verir. Tamaşa üçün səhnənin qurulmasına 30 saata yaxın vaxt sərf olunub. Teatr tarixində böyük iz qoyan bu bənzərsiz tamaşa bir sıra mükafatlara layiq görülüb.



Həyatımızın ən vacib ehtiyaclarından birinə çevrilən sosial media qloballaşan dünyada inkişaf edən texnologiya ilə rəqəmsal dövrə keçidi yaradıb. Ənənəvi mediadan ən böyük fərqi onun düzgün auditoriyaya, hədəf kütləsinə tez çata bilməsidir. Bu gün təbliğat üçün ən güclü vasitə sosial mediadır. “Broadway”in “Be More Chill” tamaşası məhz sosial media vasitəsi ilə populyarlıq və uğur qazanıb. Tamaşa Nyu-Cersi ştatında kiçik bir regional teatrda hazırlanıb nümayiş edilsə də bir neçə il sonra sosial mediada populyarlaşması tamaşanın bu kiçik məkandan kənara çıxmasına imkan verib. Yeniyetmələrin həyatından bəhs edən müzikl sosial media vasitəsilə gənc kütləni teatra cəlb etməyi bacarıb. Bir sıra tənqidçilər qeyd etdiyi kimi, sosial media olmasaydı, yəqin ki, tamaşa Nyu-Cersinin bir küncündə qalacaqdı.



Sosial media təbliğat və PR üçün uğurlu vasitə hesab olunmaqla yanaşı, tamaşanın tərkib hissəsinə də çevrilə bilir. Sosial media üzrə marketoloq Tony Hovell deyir: “Mən səhnədə sosial medianı özündə ehtiva edən hekayələr görmək istərdim, çünki bu, hazırda yaşadığımız dünyanın bir hissəsidir”. Beynəlxalq Sosial Media Assosiasiyasının dəstəyi ilə 2017-ci ildə Türkiyədə sosial media asılılığı problemini diqqətə çəkmək üçün “Tvitter fenomeni Romeo Instagirl Cülyetta” adlı tamaşa hazırlanıb. Rejissor tamaşanın dünyada sosial media mövzusunda ilk peşəkar teatr tamaşası olduğunu bildirib. 

Çağdaş dövrün teatr sənətindən danışarkən Yaponiya teatrını xüsusilə vurğulamaq lazımdır. Dünyanın ən füsunkar ölkələrindən olan Yaponiya öz köklü ənənələrini müasir texnologiyalarla qüsursuz şəkildə birləşdirən unikal mədəniyyətə sahibdir. Bu mədəniyyət sürprizlərlə dolu, insanı heyran edən və mütləq kəşf etməli olduğumuz mədəniyyətlər sırasındadır. Bu gün Yapon həyat tərzi ənənəvi Asiya mədəniyyəti ilə Qərbdən təsirlənən müasir mədəniyyətin zəngin sintezidir. Yapon teatrı qədim ənənələrə söykənən formalist quruluşu ilə dünya teatrında mühüm yer tutur. Bu teatr yerli mədəniyyət materialını qlobal incəsənət materialı ilə kombinasiyada təqdim edən teatrın son dərəcə əhəmiyyətli bir nümunəsidir.          


                                                                                                     
Günümüzdə Yapon teatr səhnəsində kabuki, noh, bunrakudan ibarət ənənəvi tamaşalar, eyni zamanda opera, “Buto” rəqsi, musiqili tamaşalar, balet kimi müasir ifaçılıq sənətləri də ölkənin müxtəlif şəhərlərində səhnəyə qoyulur.                                     
Son illərdə Yaponiyada məşhur anime və manqa komiksləri əsasında 2.5D musiqili tamaşalar hazırlanır. 2.5D müzikllar orijinal əsərlərə əsaslanaraq kiçik dəyişikliklərlə ifa olunur. Həmçinin, orijinal əsərin quruluşunu yenidən yaradan xüsusi effektləri və nümayişləri özündə ehtiva edir. Müzikl rejissorları, adətən, mahnıların sözlərini yazan insanlar olur. Texnologiyanın inkişafı ilə bəzi müasir 2.5D müziklları səhnə və ekranlara fonların və xüsusi effektlərin proyeksiya edildiyi proyeksiya xəritəsindən istifadə edir.                                                                                    
2003-cü ildə "Tennis Şahzadəsi" müzikli sosial media vasitəsilə böyük populyarlıq qazanıb. Bu şou 2 milyondan çox tamaşaçı toplaya bilib.    
                                                                                                 
Texnologiya inkişaf etdikcə rəqəmsal texnologiyaları yaradıcı sənət sahələri ilə birləşdirmək meyli mütləq davam edəcək. Yeni təcrübələr və qabaqcıl texnologiyanın nümayişi ilə VR (virtual reallıq) kimi yeni texnologiyaların səhnəyə tətbiqi və səhnə tərtibatı ilə yanaşı, teatr marketinqi də inkişaf etmək potensialına malikdir. Əlbəttə ki, bunun da önündə auditoriyanı cəlb etmək üçün maraqlı kontentin olması dayanır. 

Bu gün həyatımızı asanlaşdıran texnologiyaların dərindən öyrənilməsi, düzgün istifadəsi və tətbiqi sayəsində teatr sənətinin daha çox inkişaf edəcəyinə inanıram.

Minaxanım Qurbanova
Tələbə-teatrşünas

Load Time (S) : 0.004664