TEATRO

TEATRO

sənət portalı

post-title

Minaxanım Qurbanova - “Psix”lik haqqında tvit

Günün müəyyən saatlarında sosial şəbəkələrdə vaxt keçirmək adi hala çevrilib, çünki bu platformalar bir çox üstünlükləri olmaqla yanaşı, bizə ən son xəbərləri, aktual, trend mövzusu olan hadisələri izləmək şansı verir.

Biz isə onların hamısını görür, lakin diqqətimizi çəkənlərə “klik” edib baxırıq.

İnstagramda nə qədər əyləncəli vaxt keçiririksə, tvitterdə bir o qədər bohem həyat tərzi yaşayırıq. İroniya, inkar, üsyan dolu xaotik hadisələr, bir sözlə, dünyada aktual olan hər şey.

Akademik Musiqili Teatrın “Psix” tamaşası daha çox tvitterdə qarşılaşdıqlarımızı göstərir.

“PSİX”

“Psix”lik ruh halıdır. Bu, insanın davranışına və dünyanı qavrayış tərzinə əhəmiyyətli dərəcədə təsir edən duyğuların birləşməsidir. Tamaşada xaotiklik, dağınıqlıq hiss olunur və bu nizamsızlıq tamaşaçını düşünməyə, öz qavrayışında assosiativ süjet qurmağa vadar edir. Tanqo rəqsi, qoyunlara hücüm çəkən Don Kixot,  TV ekranından tamaşaya qoşulan diktor, sonda Don Kixotun “azad bənnalar” tərəfindən əhatəyə alınması, İsa Məsihin çarmıxa çəkilməsinə bənzər sonluq - ilk baxışda bir-birinə uyğun gəlməyən hadisələr, bəlkə də, yaşadığımız dünyanın ruh halını göstərir. Və rejissor Ər Toğrul Kamalov bunu “psix”lik adlandırır.

Tamaşa ironiya ilə doludur. Dünyaya ironiya, cəmiyyətə ironiya, tamaşaçıya ironiya, özünə ironiya.

“Lamançlı Don Kixot” romanının motivləri əsasında hazırlanmış tamaşa şərti olaraq 5 hissədən ibarətdir: Yel dəyirmanları ilə döyüş, çobanlıq arzusu, qoyunlarla döyüş, tanqo, son monoloq və çarmıxa çəkilmə.

Müəyyən hissələr arasında, o cümlədən, tamaşa başlayarkən obrazlar ritual icra edir və tamaşanın sonrakı hadisələri məhz şaman ayininin nəticəsi kimi “oxunur”. Böyük mənada, səhnədə baş verənlər tamaşa boyu libasını və kimliyini dəyişməyən yeganə obraz - Şamanın (Zaur Əliyev) oyunudur. Təsadüfi deyil ki, birinci səhnədə hadisələr qəbiristanlıqda baş verir.

Hər halda ətrafa səpələnmiş skletlər bunu deməyə əsas verir. Şaman tamaşanın digər obrazlarını sanki bu sümük yığınından düzəldir, onlara ruh üfürür.

Tamaşa başlayır və səhnədə nitq mədəniyyəti formalaşmamış ibtidai insanlarla qarşılaşırıq. Onlar anlaya bilməyəcəyimiz dildə bir-birləri ilə ünsiyyət qurmağa, digər tərəfdən də geyinməyə çalışırlar. Şaman 3 insanın dünyadakı statusunu təyin edir və qarşımıza Servantesin yaratdığı obrazlar – Don Kixot, Sanço Pansa və Dulsineya çıxır.

Niyə məhz Şaman? Şamanizm xüsusi sosial statusu olan insanlar meydana çıxdıqda yaranmış ibtidai dini inancdır. Şaman isə tayfa, qəbilə üçün böyük əhəmiyyət kəsb edən məlumatların qoruyucusu olub, ruhlarla əlaqə saxlayır, onlardan göstəriş alır, rituallar icra edir.

Tamaşanın müəyyən hissələrində onun kiçik toxunuşlarını görməmək qeyri-mümkündür. O, sanki köməkçi rejissordur, lakin səhnədədir. Aktyorlara göstərişlər verir, hətta onları idarə edir, hadisələri yönəldir.  

Tamaşanın standartlardan bir qədər kənar olduğunu teatr binasına daxil olan zaman hiss etmək mümkündür. Girişdə yaşın 18+ olduğunu təsdiqləmək üçün şəxsiyyət vəsiqəsi yoxlanışı, fonda Qara Qarayevin “Don Kixot” simfonik qravürünün səslənməsi, telefonları səssizə almaq üçün bildirişin səsləndirilməməsi, pərdənin açıq olması və səhnədəki dumanın zala yayılması, xidmətçi geyimində birinin zalda gəzişməsi kimi detallar tamaşadan öncə atmosfer yaradır və nə izləyəcəyimizə dair ipucu verir.

BƏRABƏRLİK VƏ SOSİAL STATUS

Hələ tamaşanın başlanmasına bir neçə dəqiqə qalmış xidmətçi geyimində, qara yaylıqlı, əlində süpürgə olan bir qadın (Gültac Əlili) zalda gəzməyə başlayır. Bir tərəfdən təmizlik edir, digər tərəfdən insanlarla dialoqa girir. Maraqlısı budur ki, bəzi insanlar onu görmür və ya tamaşanın bir parçası olduğunun fərqinə varmır. O zamana qədər ki, qadın səsini yüksəldir və səhnənin qarşısına - mərkəzə keçib danışmağa başlayır.

Məlum olur ki, o, Dulsineyadır. Dulsineya Don Kixotun öz xanımı kimi təsəvvür etdiyi kəndli qadındır. O, mücərrəddir. Don Kixotun bütün macəralarını idarə edən görünməyən qüvvədir.

Dulsineya qarşımıza gah özünü ilk təqdim etdiyi “xidmətçi” kimi, gah qəfəsə bənzər kraliça görünüşü yaradan geyimə daxil olaraq yüksək status sahibi kimi, gah da körpə kimi çıxır. Tamaşa boyunca o, tez-tez ya kəndli, ya da şahzadə olur. Bu cür dəyişiklik yəqin ki, həyatda insanların sosial mənsubiyyətinin heç bir önəminin olmadığına işarədir.

Şərti olaraq, “Don Kixotun çobanlıq arzusu” adlandırdığım ikinci hissədə aktyorların rol dəyişməsinin şahidi oluruq. Qubernator olmaq istəyən Sanço Pansa Don Kixota xidmət etsə, ona qayğı göstərsə də, əlbəttə ki, yüksək pozisiyada olmaq onun da arzusudur. Hər kəs Don Kixot kimi azad düşüncəyə və həyata sahibdir. Və hər kəs onun dilədiyi həyatı arzulaya və reallaşdıra bilər, demək istəyən rejissor bu cür dəyişikliyə yol verir. Bu məqama qədər aktyor Nicat Əlini Don Kixota xidmət edən nökər kimi görməyə alışırıq, amma ani dəyişiklik onu yüksək mövqe tutmaq arzusunda olan Don Kixota çevirir.

Cinsindən, irqindən, dinindən, dilindən, əqidəsindən, milliyyətindən və sərvətindən asılı olmayaraq hər kəs insandır. Səhnənin sağ və sol kənarlarında insan skeletlərinin kiçik təpəcik şəklində yerləşdirilməsi də bu bölgü ilə ayırdığımız hər kəsin məhkum olduğu sonu simvollaşdırır.

MÜHARİBƏ

Don Kixotun qoyunlara hücum çəkməsi mənə günahsız insanların qurban getdiyi mənasız müharibələri xatırladır. Bu “müharibənin” təsviri və davamı bir qadın tərəfindən ekranda səsləndirilir. Səhnədəki televizoru publisistik haşiyə kimi də qəbul etmək olar. Rejissor əvvəlcə ekrandakı videotəsvirləri, sonra isə televizordakı “xəbərləri” tamaşanın mənalar müstəvisinə gətirməklə teatr binasından kənardakı həyatı səhnəyə “dartıb gətirmək” istəyir. TV-dəki sürətlə danışan xanım, bir növ, səhnə ilə həyat arasındakı mediatordur, gündəmi, həmin “müharibəni” çatdıran xəbər aparıcısıdır. Sürətli danışıq isə, yəqin ki, bitib-tükənməyən müharibələrin təcəssümüdür. Bir də bu müharibələr haqqında danışılanların mənasızlığının.

FASİLƏ

Tamaşa iki pərdədən ibarətdir, lakin keçid zamanı nə pərdələr enir, nə də fasilə olur. Hissələr arasındakı bu parça həm fasilədir, həm də, sanki oyunun bir hissəsidir. Aktyorlar obrazlarını soyunaraq, özləri olurlar, öz rutin həyatlarına qayıdırlar.   Servantesin obyektiv oyun şərtlərindən uzaqlaşıb, subyektivləşirlər. Bir-birilərinə öz adları ilə xitab edirlər. Bu zaman səhnədə Servantesin qəhrəmanlarını yox, növbəti mərhələyə keçid üçün hazırlaşan aktyorları görürük. Onlar yemək yeyir, su içir, hətta telefon zəngi qəbul edir. Bəlkə də, bu cür pauzanın səbəbkarı biz tamaşaçılarıq. Tələsik və sürətli olmaq istəyi həyatımızın hər sahəsinə hakim olmağa başlayıb. Texnologiyanın gətirdiyi sürət və komfort insanların səbrli olmaq qabiliyyətini məhv edib. İnsanların hər işi, hətta maraqla seyr etdiyi filmi, oxuduğu kitabı tez bitirmək istəyi var və bu, günü-gündən artır. Bəlkə də, rejissor izləyicilərin səbrsizliyini nəzərə alaraq, onları tamaşa ab-havasından ayırmaq, uzunmüddətli fasilə ilə gözlətmək istəmir.

TANQO

Diqqət mərkəzində Sanço Pansa və Dulsineyadır. İndi Sanço qadın, Dulsineya kişini təcəssüm etdirir. Təəccüblü deyil, hər gün “trend topic” və “explore page”də rastladığımız hadisələrdən biri - “mövqe” dəyişərək, cəmiyyətin əksəriyyətindən fərqli olan qrup  LGBT-ni təmsil edən iki gənc tanqo oynayır.

Tanqo sevgi rəqsidir. İki şəxsin bütün bədənini dinləyərək, duyaraq bir məkanda birləşməsidir. Niyə məhz tanqo? Rodolfo Dinzelin deyir ki, tanqo riyaziyyatı inkar edir. Tamaşada LGBT-ni təmsil edən gənclərin tanqosu isə onların dünyasını simvolizə edərək reallığı inkar edir. Xalq artisti Pərviz Məmmədrzayevin ifasında Don Kixot bizə bu gün azad düşüncəyə sahib olmağa can atan gənci göstərir. Etiraz etdiyi mövzu ilə “trend mövzu” bölməsinə düşməyə çalışan, hər kəsə səsini eşitdirməyə çalışan tvitter istifadəçisi kimi.

Sosial medianın adı sosial olsa da, insanları bir-birindən, reallıqdan yetəri qədər uzaqlaşdıran, fərdi düşüncələri ilə tənhalaşdıran məkandır. Don Kixot da orada yalnızlaşmış bir şəxsdir.

MİSTİK MONOLOQ VƏ SON

“Psix” istər siyasi, istər mədəni, istər maarifləndirici mesajlar verir:

Ayrı-seçkilik etməyin. Bütün canlılara qarşı humanist davranın. İnkar etsəniz belə, amansız rəftardan uzaq durun: “Tanrı, sən onları bağışla. Onlar nə etdiklərini bilmirlər”.

Söz və ifadə azadlığı demokratik ölkələrdə insanlara verilən əsas hüquqlardan biridir. Bu gün insanlar öz fərdi düşüncə və fikirlərini sosial şəbəkələr vasitəsilə çatdırırlar. Hər hansısa hadisəni paylaşmaq, rəy bildirmək imkanına sahibdirlər, lakin sayğı və mədəniyyət prinsipləri çərçivəsində. Hər gün yüzlərlə insan əsassız qınaq obyektinə çevrilir, linç olunur, təhqir və tənqid edilir. Don Kixot kimi azad fikir və düşüncə ifadə etmək istəyərkən, onu qınayan cəmiyyət tərəfindən öldürülür. Konflikt də budur. Don Kixotun sərbəst düşüncələri, həyatı və əsassız şəkildə onu qınayan kütlə.

Tamaşanın sonunda Don Kixotun etirazını duyuruq. Onun məhvinə səbəb məhz bu cəmiyyət və qınaqlar olur...

Minaxanım Qurbanova

Tələbə-teatrşünas

 

Load Time (S) : 0.004347