TEATRO

TEATRO

sənət portalı

post-title

Milana Orucova - Cəfər Cabbarlı yaradıcılığında qadın yeni cəmiyyət ideyasının daşıyıcısı kimi

Dünya sivilizasiyası matriarxatdan başlamışdır. Qadın  hər zaman insan cəmiyyətində xüsusi mövqeyə malik olmuşdur. Həm dünya, həm də Azərbaycanın istər xalq ədəbiyyatı, istərsə də yazılı ədəbiyyatı qəhrəman qadın obrazları ilə zəngindir.

Çox sevdiyim şairlərdən olan Vaqif Səmədoğlu deyirdi ki, “həyatından razı olan heç bir kəs bir kəlmə belə nə yaza bilər, nə də yarada”. Bu mənada, Cəfər Cabbarlının qadın qəhrəmanları xüsusilə diqqəti cəlb edir. Məsələn, nə idi Sevili həyatından narazı edən, onun çadrasını atmasına səbəb? Və ya “Oqtay Eloğlu” əsərində Firəngizin səhnəyə çıxmaq istəməsinə səbəb? Və yaxud da Almazın kənddəki qadınların hüququnu müdafiə etməyə ehtiyac duymasına səbəb?

Cabbarlını narahat edən, onun həyat idealına çevrilən, uğrunda mübarizə apardığı mövzulardan biri də “yeni cəmiyyət qurmaq” ideyası idi. Azərbaycan qadını cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşmasında, tərəqqisində müstəsna rol oynayıb. Ədəbiyyatımıza adını qızıl hərflərlə həkk etdirən qadınların sayı kifayət qədərdir. C.Cabbarlının  pyeslərində də qadın yeni cəmiyyət ideyasının daşıyıcısıdır. Onun əsərlərində qadının cəmiyyətdəki rolundan, onların öz hüquqları uğrunda mübarizə apararkən qarşılaşdıqları çətinliklərdən və bu çətinliklər üzərindəki qələbəsindən bəhs edilir.

“Sevil” əsərinin baş qəhramanı Sevil olmasına baxmayaraq, Cabbarlının ideyalarının daşıyıcısı Gülüşdür. Elə Sevili mübarizəyə səsləyən də məhz odur. Onun nitqindəki hər sözdə biz bunu görürük.

“G ü l ü ş. Yox, ata, əsr maşın əsridir, ondan qaçmaq olmaz. Bir gün mədəniyyət zəlzələsi bu evi, bu taxçaları, bu boğçaları uçuracaqdır, sən çılpaq çölə düşəcək, dəhşətli maşınlar içində qalacaqsan; unutma ki... maşın “metralyoz” kimi bir şeydir, ardında olsan – qulundur, qabağında olsan – ölümündür...” (Səh.12. P.1) Gülüşün söz açdığı bu zəlzələ nə tez, nə gec, düz 10 ildən sonra baş verir. Vaxtı ilə təhsilsiz olduğu üçün öz hüquqlarını bilməyən, azadlığı əlindən alınan, Balaş tərəfindən heysiyyəti alçaldılan Sevil təhsil alıb geri qayıdır. Hətta özündən əvvəl onun yazdığı “Azərbaycan qadınının azadlıq yolu” adlı kitabı gəlir. Onun keçdiyi yol Azərbaycan qadınının dünəndən bugünə gəlişidir.

Pyes 1928-ci il oktyabr ayının 29-da Aleksandar Tuqanovun rejissorluğu ilə ilk dəfə uğurla tamaşaya qoyulub. Hətta deyilənə görə, tamaşaya baxmağa gələn qadınlar tamaşadan sonra çadralarını zalda qoyub çıxıblar. Bu səbəbdən “Sevil” əsərini “qadın azadlığının rəmzi” adlandırırdılar.

Qadın hüquqlarının müdafiəçisi, yeni quruluşun inkişafı üçün hər cür çətinliklərə dözən Almazın mübarizəsi də möhtəşəmdir. Onun bütün istəkləri yeni cəmiyyət ideyası üzərində qurulub. “Almaz” əsəri dönüb-dönüb oxunan, oxunub düşünülən fikirlərin, baxışların üstünlük təşkil etdiyi dərin mənalı pyesdir.

“Oqtay Eloğlu” əsərində isə Firəngiz yeni cəmiyyətin simvoluna çevrilir. Çünki, ondan öncə Azərbaycanlı qadınların səhnəyə çıxmasına yaxşı münasibət yox idi. Teatr səhnəsində qadın rollarını digər millətlərdən olan aktrisalar oynayırdı. Bu səbəbdən də Firəngizin  ilk Azərbaycanlı qadın olaraq səhnəyə çıxması, eyni zamanda, köhnə fikirli cəmiyyətin dağılması, yeni müasir, savadlı, istedadlı cəmiyyətin qurulması üçün təməl daşı rolunu oynayır. O, səhnəyə çıxmaqla mövcud qaydaları heçə sayması Azərbaycan qadını üçün çox böyük və əhəmiyyətli addım idi. Düzdür, sonda Firəngiz ölür, lakin, Azərbaycan qadının dirçəlməsi üçün şərait yaradır. Bununla da o, mənəvi zəfər əldə etmiş olur.

“Dönüş” əsərinin qəhrəmanı, Moskvada teatr məktəbi bitirib Azərbaycana qayıdan Gülsabah milli teatra böyük ümid bəsləyirdi. O, yeni teatr, yeni metod yaratmaq məqsədilə çıxdığı yolda maneələrlə rastlaşsa da, öz yolundan daşınmır. Qarşısındakı əsas əngəl isə yeniliyə açıq olmayan cəmiyyət idi. Cahilliyin hökm sürdüyü bu cəmiyyətə yenilikləri qəbul etdirməyin çətin olması Gülsabahın qarşısında böyük əngəllər yaradır.

Gülsabah bu vəziyyəti "Təzə parçadan köhnə bantik" adlandıran Gülərin təsviri ilə izah edirdi. Gülər inkişaf etməkdə olan bu axının bir parçası olmaq üçün mübarizə aparmaq istəyir. O, "hesablaşmaq, mübarizə aparmaq" adı altında, əslində, Gülsabaha qibtə edir. O, özünü Gülsabahın qarşısında təsdiqləmək üçün çox çalışır və buna nail olur. Gülər qısa müddət ərzində anasının köhnə düşüncələrinin təsirindən qurtularaq, yeni cəmiyyətin parlayan simasına çevrilir. Əsərdəki Turac obrazı isə, məncə, Sevilə bənzəyir. Başlanğıcda hər ikisi ərlərini əyləndirməkdən başqa bir işi olmayan qadınlar idisə, sonda güclü, iradəli qadın olaraq öz çevrilişlərini edirlər.

Cabbarlının əsərlərində, bir növ, cəhalətin hökm sürdüyü köhnə quruluşun iflası nəticəsində onu yeni quruluş, yeni cəmiyyət, yeni insan əvəz edir. Savadsız adlandırılan qadınlar heç nədən qorxmayaraq tərəqqi etmək, müstəqil olmaq uğrunda mübarizə aparırlar.

Bu gün Cəfər Cabbarlı cismən bizimlə olmasa da, onun yaratdığı Solmaz (“Od gəlini”), Sevil, Gülüş (“Sevil”), Firəngiz (“Oqtay Eloğlu”), Almaz (“Almaz”), Gülsabah (“Dönüş”) kimi mübariz, yeni ideyaların daşıyıcıları olan qadınlar bizimlə birgə, eyni cəmiyyətdə yaşayırlar. Və bu gün biz onların açdığı yollarla irəliləyirik.

Load Time (S) : 0.005957